Məhkəmə qərarları › İş №1(007)-475/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-475/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-475/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1994-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 41-də qeydiyyatda olan, Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırkı işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 58 ünvanında yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında olan “Bakcell” mağazasının qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb telefonu olmadığını bildirib sonuncudan hər biri 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə işləyən, üzərində 15 manat dəyərində kabura olan 1600 manat dəyərində **********66527 və **********88584 İmei kodlu “İphone 11” markalı mobil telefonunu danışmaq adı ilə istəyib danışığını bitirdikdən sonra geri qaytaracağına dair yalan vəd verərək etibarından sui-istifadə edib aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümimilikdə 1635 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında Muraddan “İphone 11” markalı mobil telefonunu danışmaq üçün almamış, eləcə də onun anası Gülnaza zəng edib 200 manat pul istəməmişdir. Bu barədə Muradın və anasının dedikləri yalandır. Ola bilsin ki, Murad onu kiməsə oxşatmış, kimləsə səhv salmışdır. “Neftçilər” metrostansiyasının yaxınlığında mütəmadi olsa da, məhz 18 oktabr 2023-cü il tarixdə saat 21 radələrində həmin yerdə olub-olmamasını xatırlamır. Qonşusu Amil ilə 20 oktyabr 2024-cü il tarixdə səhər saatlarında “Neftçilər”də görüşmüş, lakin onun tapşırığı ilə Amilin orada köşkdə işləyən satıcıdan bank kartını əldə etməsini, sonra Amilin həmin kartın nömrəsini ona, onun isə kiməsə bildirməsi, daha sonra həmin karta 200 manat pulun köçürülməsini, Amilin kartdan həmin məbləği çıxardaraq kartı satıcıya, pulu isə ona verməsini, onun da həmin puldan 60 manatı Amilə borcunun əvəzinə ödəməsini, qalıq qalan 140 manatı özündə saxlamasını xatırlamır. Bir daha qeyd edir ki, o, Muradı aldadıb onun mobil telefonunu ələ keçirməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında özünü təqsirli bilmədiyini bir daha qeyd etmiş, lakin məhkəmənin humanistlik göstərməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində o, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında “Bakcell” mağazasının qarşısında dayanıb evə getmək üçün taksi gözləyən zaman bir nəfər təxminən 35 yaşlarında, 180 sm boyunda, orta bədən quruluşlu, özünü “Eşqin” kimi təqdim edən sarı rəngli gödəkcədə olan şəxs ona yaxınlaşıb mobil telefonla danışmaq istədiyini, telefonu olmadığını bildirib ondan telefonunu istəmişdir. Həmin vaxt o da üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan özünə məxsus “İphone 11” markalı, **********66527 və **********88584 İmei kodlu mobil telefonunu çıxarıb həmin şəxsin dediyi nömrəni yığıb telefonu vermiş və həmin şəxs telefonla danışa-danışa ondan bir qədər kənara çəkilib telefonla danışıb qayıdacağını bildirdikdə o, etiraz etməmişdir. Bu zaman həmin şəxs həmin vaxt orada olan insan sıxlığından istifadə edib bir qədər ondan aralaşıb gözdən itmiş və geri qayıtmamışdır. O isə digər tərəfə, yəni taksi gələn tərəfə baxırmışdır. Buna görə ətrafda olan şəxslərdən danışmaq üçün telefon istəyib öz nömrəsinə zəng etdikdə həmin şəxs cavab verərək gəldiyini demiş, daha sonra telefonu söndürmüşdir. Həmin gündən etibarən o, öz telefonunu şəhərdə və “Neftçilər” metrostansiyasının yaxınlığındaki mağazalarda axtarmağa başlamışdır. 20 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində onun işlətdiyi ***-***-**-** mobil nömrəsindən anasının mobil nömrəsinə zəng gəlmiş və telefonda danışan şəxs telefonu tapdığını, şirinlik kimi 200 manat pul göndərməyini deyib telefonu qaytaracağını bildirmişdir. O, həmin vaxt yatmış olduğu üçün həmin məsələdən xəbəri olmamış, anası da ondan xəbərsiz həmin şəxsin göndərdiyi 4169 73** ***** 8938 saylı karta özünə məxsus 4098 5844 5073 8701 saylı kartından 200 manat pulu göndərmişdir. Bundan sonra həmin mobil telefona yenə də zəng çatmadığı üçün o, şikayət etmək qərarına gəlmişdir. Telefonunun üzərində olan nömrələrin hər birinin dəyəri 10 manat, kaburanın dəyəri isə 15 manat olmuş, ona ümumilikdə 1635 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda da ona dəymiş maddi ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şiyaz oğlu onun doğma oğludur. Hadisə vaxtı Murad Binəqədidə yerləşən zavodda istehsal olunan sellofan paketlərin Bakı şəhəri üzrə mağazalara paylanması ilə məşğul olmaqla dolanmışdır. 18 oktyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində Murad işini bitirib evə qayıtmaq üçün Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyanının yaxınlığında olan “Bakcell” mağazasının qarşısında dayanıb sifariş etdiyi taksini gözləmişdir. Həmin vaxt Murada bir kişi yaxınlaşmış və ev ilə danışmaq istədiyini, lakin telefonunun enerjisi bitdiyindən zəng edə bilmədiyini demiş, Muraddan ev ilə danışmaq məqsədi ilə telefonunu istəmişdir. Buna görə Murad özünə məxsus, üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan “İphone 11” markalı mobil telefonunu həmin şəxsə vermişdir. Həmin vaxt Murad taksi gözləmiş və taksi gələn tərəfə baxmış, lakin taksi səhv yerdə dayanmış, buna görə də taksiyə əl etmiş, diqqəti taksidə olmuşdur. Bu zaman həmin şəxs vəziyyətdən istifadə edib telefonu götürüb getmiş, Murad onu görməmişdir. Evə qayıdandan sonra Murad ona hadisəni danışmış, polisə şikayət etmək qərarına gəlmişlər. Lakin Murad əvvəl telefon mağazalarında telefonu axtarmaq qərarına gəlmiş, növbəti gün “28 May” və “Neftçilər” ərazisində telefon mağazalarında soraqlasa da telefonunu tapa bilməmişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə səhər saat 07 radələrində Muradın ***-***-**-** nömrəsindən naməlum şəxs ona zəng edərək, Muradın telefonunu tapdığını demiş və şirinlik kimi 200 manat pul istəmiş, o da həmin şəxsin tapılmasına köməklik edilməsi üçün ondan kart şəkilini göndərilməsini istəmişdir. Həmin naməlum şəxs ona 200 manat pulu danışıq vaxtı 4169 73** **** 8938 nömrəli karta göndərilməsini istəmişdir. O da həmin şəxsin tapılmasına köməklik edilməsi üçün 200 manat pulu həmin karta göndərmiş, daha sonra Muradın nömrəsinə zəng çatmadığı üçün Murad 102 xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin təxminən iyun ayından başlayaraq, 2023-cü ilin dekabr ayınadək Bakı şəhərində “Uber” taksisində işləmişdir. Təqsirləndirilən şəxs onun qonşusudur, uşaqlıq dostudur, birlikdə böyümüşlər. 2023-cü ilin təxminən sentyabr ayında o, Elçibəyi avtovağzalda qarşılamış və hərbi hospitalın yanında düşürtmüşdir. Həmin vaxt Elçibəy ondan 120 manat borc pul almış, cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı 15- 20 günə ona ödəniləcək müavinəti alıb borcunu qaytaracağına söz vermişdir. Bundan soznra Elçibəy ona 60 manat pulu qaytarmış, qalan pulu da yaxın günlərdə qaytaracağını demişdir. 20 oktyabr 2023-cü il tarixdə səhər tezdən o, Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan zaman Elçibəy ona zəng etmiş və harada olduğunu soruşmuş, o da olduğu yerini bildirmişdir. Həmin vaxt Elçibəy olduğu yerdə onu gözləməyini, gəlib borcunu qytaracağını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Elçibəy yanına gəlmiş və bir azdan ona pul göndəriləcəyini demiş, bank kartı tapmağını tapşırmışdır. Buna görə o, orada olan bir köşkə yaxınlaşmış, köçkdə satıcı işləyən təxminən 20 yaşlarında bir cavan oğlandan kartını verməyini xahiş etmiş, həmin karta pul göndəriləcəyini, pulu çıxardıb qaytaracağını demişdir. Satıcı cavan oğlan ona "xxxx" ASC tərəfindən verilmiş, nömrəsini xatılamadığı birbank debit kartını vermiş, o da həmin kartın kodunu Elçibəyə vermişdir. Təxminən 10 dəqiqə sonra kartı orada olan bankomata salıb yoxlamışdır. Elçibəy ona, karta 200 manat pul gələcəyini, hamısını çıxartmağını, onun 60 manatını götürməyini, qalanı isə özünə verməyini demişdir. Buna görə o, kartda olan 200 manat pulu çıxartmış, 60 manatı özündə saxlamış, qalan 140 manatı isə Elçibəyə qaytarmışdır. İbtida istintaq zamanı "xxxx" ASC-dən daxil olmuş diskdə olan bankomatdan pul çıxarılma görüntüləri təqdim edilmiş, həmin görüntülərdəki şəxsin özü olduğunu tanımışdır. Həmin görüntülər məhz Elçibəy üçün 200 manat pul çıxartdığı gün, yəni 20 oktyabr 2023-cü il tarixdə çəkildiyi görüntülər olmuşdur. Məhkəmə qeyd edir ki, Şahid3 ifadəsində ilkin olaraq Təqsirləndirilən şəxs bildirdiyinə görə onun 200 manat pulu qumarda udduğunu qeyd etsə də, yaranmış ziddiyyətli halla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra yuxarıda göstərilən qaydada, işin faktiki hallarına uyğun ifadə vermiş və Təqsirləndirilən şəxs pulu qumarda udduğu barədə əslində ona məlum olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 həqiqi hərbi xidmətdə olması ilə əlaqədar və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə dəfələrlə rəsmi müraciət edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayından noyabr ayınadək Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Kiosk Press” köşkündə satıcı işləmişdir. Həmin yerdə işləyən zaman dəqiq xatırlamadığı vaxt ona əvvəllər tanımadığı bir cavan oğlan yaxınlaşmış, kartının olmadığını, ona pul göndəriləcəyini demiş və kartını verməsini xahiş etmişdir. Həmin vaxt o, razılıq vermiş və "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 8938 nömrəli birbank debit kartını vermiş, həmin şəxs təxminən 8-10 dəqiqə sonra kartını gətirib ona qaytarmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-10) - 31 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs müstəntiq tərəfindən tanınmaya təqdim edilmiş fotoşəkillərə baxış zamanı ona qarşı dələduzluq cinayət əməlinə yol vermiş şəxsi üz cizgilərindən, gözlərinin formasından tanımışdır, həmin fotoşəkil isə ümumilikdə 04 ədəd fotoşəkil sırasında 3-cü yerə qoyulmuş Təqsirləndirilən şəxs aid olmuşdur. (i.v. 55-57) - 12 may 2024-cü il tarixli protokoldan görünür ki, 20 oktyabr 2023-cü il tarixdə Şahid2 məxsus bank kartından 200 manat pulun nağdlaşdırılması faktının araşdırılması ilə əlaqədar "xxxx" ASC-dən daxil olmuş 01 ədəd diskə Zərərçəkmiş şəxs iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilən zaman təxminən 30-35 yaşlarında kişi cinsinə məxsus, hündür boylu bir şəxsin kartdan pul nağdlaşdırdığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmin şəxsi tanımadığını, 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında onun telefonunu ələ keçirən şəxsin görüntüdə olan şəxs olmadığını bildirmişdir. (i.v. 74) - 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, “Kapitalbank ASC”-dən daxil olmuş 20 oktyabr 2023-cü il tarixdə Şahid2 məxsus bank kartından 200 manat pulun nağdlaşdırılmasına dair fotogörüntülərə Şahid3 iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, təxminən 30-35 yaşlarında kişi cinsinə məxsus, hündür boylu bir şəxs kartdan pul nağdlaşdırır. Baxış zamanı iştirak edən Şahid3 görüntülərdə olan şəxsin onun özünün olduğunu, 20 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan zaman qonşusu Təqsirləndirilən şəxs onun yanına gəldiyini, qeyd olunan kartı həmin vaxt sonuncunun xahişi ilə orada olan köşkdə işləyən bir oğlandan götürdüyünü, həmin kartın nömrəsini Təqsirləndirilən şəxs dediyini, sonuncunun da telefon vasitəsi ilə həmin nömrəni kiməsə şifahi dediyini, daha sonra həmin karta 200 manat pul köçürüldüyünü, bundan sonra onun həmin kartdan 200 manat pulu həmin yerdə bankomatdan nağdlaşdıraraq kartı sahibinə, 200 manat pulu isə Təqsirləndirilən şəxs qaytardığını, sonuncu da həmin puldan ona borclu qaldığı 60 manat pulu ödədiyini bildirmişdir. (i.v. 97) - 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə Şahid1 aldadaraq 200 manat pulu ələ keçirməsi xüsusatı üzrə onun barəsində cinayət təqibi başlanılmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Binəqədi rayon polis idarəsinə göndərilmiş, "xxxx" ASC-dən 06 may 2024-cü il tarixli 2024/111/12197 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. i.v. 107-111) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak sahibi olan Zərərçəkmiş şəxs öz əmlakını bunun nəticəsində könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (mobil telefonu) ələ keçirərkən zərərçəkmiş şəxsin həmin əmlakının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin baş vermiş cinayət hadisəsi, onun səbəbləri, xarakteri, mexanizmi və ya inkişafı üzrə verdikləri ifadələri mötəbər sübut qismində qəbul edir, qeyd edir ki, bu sübutlar biri digərini tamamlayır, həmin sübutların şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə müdafiəçinin, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması, iş üzrə bəraət hökmü çıxarılması barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməklə, təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Goranboy Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 28 avqust 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış; Goranboy Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 43-53, 89-91) - 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 107-111) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də və Goranboy Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmünə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilsə də, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal baxılan işə münasibətdə cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla həmin maddəyə əsasən Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Hökmün icrasını təmin etmək məqsədi ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə əsaslar yoxdur, onun Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməsə də, digər hökmlə müəyyən edilmiş qaydada o, cinayətlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli isə 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır, "xxxx" ASC-dən 06 may 2024-cü il tarixli 2024/111/12197 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınsın. "xxxx" ASC-dən 06 may 2024-cü il tarixli 2024/111/12197 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar