Məhkəmə qərarları › İş №1(007)-478/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-478/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-478/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rüstəmov Orxan Namiq oğlunun, müdafiəçi- Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2000-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 71.5 və 67.1-ci maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 3 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədi ilə 05 avqust 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında saxladığı “Vaz 2107” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidinin açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub və kilid üzərində olan açarla avtomobilin mühərrikini işə salaraq talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında “20 Yanvar” metrostansiyasının qarşısında taksiyə əyləşmiş və “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişdir. Oradan piyada “8-ci Kilometr” bazarı istiqamətinə getmiş və oradan Babək prospektinə doğru gedən zaman xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında binaların qarşısında qara rəngli **-KP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilin dayandığını görmüşdür. Avtomobilə yaxınlaşan zaman qapılarının açıq halda olduğunu gördükdə avtomobilin ön sol qapısını açıb avtomobilə əyləşmişdir. Avtomobilin açarının üzərində olduğunu görüb avtomobili sürmək qərarına gəlmişdir. Avtomobili hərəkətə gətirərək yaşadığı ünvana doğru getmişdir. Təxminən yarım saat sonra “İdrak liseyinin” yaxınlığında olan zaman yolu səhv döndüyündən avtomobili arxa-arxaya hərəkət etdirərkən bir nəfər qadın tərəfindən idarə edilən “Hyundai” markalı avtomobil arxa sağ hissədən idarə etdiyi avtomobili vurmuşdur. O, avtomobili saxlamış və günah həmin avtomobili idarə edən qadında olsa da getməsini bildimiş və o, çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində o, avtomobili idarə edərək “Şamaxinka” kimi tanınan əraziyə gəlmiş, avtomobili “İmperial” şadlıq sarayının yaxınlığında saxlamışdır. Avtomobilin monitorunu sökmüş və həmin monitoru götürərək oradan uzaqlaşıb piyada yaşadığı ünvana getmişdir. Həmin monitoru yaşadığı evdə otağında dolabda saxlamışdır. O, spirtli içki qəbul etdiyindən özündən asılı olmadan monitoru oğurlamış, lakin daha sonra valideyni tərəfindən həmin monitor zərərçəkmişə təqdim edilmişdir. Avtomobilin arxa hissəsində köynək görməmiş, avtomobili saxladığı yerdə avtomobilin qapısı və pəncərələri açıq vəziyyətdə olmuş, həmin köynəyi görməmiş, lakin avtomobili orada saxladıqdan sonra avtomobildən həmin köynək oğurlana bilər. O, həmin köynəyi götürməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı atası danışıqlar aparmış, müəyyən hissəsini ödəmişdir. Lakin zərərçəkmiş şəxs məhkəməyə gəlib ərizə vermir. Məhkəmədən işin yekunlaşdırılmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Refresh” kişi salonunda bərbər işləyir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında ona məxsus olan **-KP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobili saxlayaraq işə getmişdir. Həmin gün saat 23:30 radələrində dostları ilə birlikdə yemək məqsədilə işlədiyi salondan çıxan zaman avtomobilin saxladığı yerdə olduğunu görmüşdür. O, ona məxsus olan avtomobilin bütün qapılarını açıq halda və açarı mühərrikin üzərində unutmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində avtomobili saxladığı yerə gələn zaman avtomobilin olmadığını aşkarlamışdır. DİN-nin 102-Xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra saat 07 radələrində işlətdiyi mobil nömrəsinə “sms radar” tətbiqi vasitəsilə avtomobilinə 40 manat 2 bal cərimə yazıldığı və avtomobilinin Bakı şəhəri, Yasamal rayonu, Bakı-Moskva prospekti 75 A ünvanında olması barədə mesaj gəlmişdir. O, dərhal həmin yerə getmiş və ona məxsus olan avtomobilinin Bakı şəhəri, Yasamal rayonu, Bakı-Moskva prospekti 75 A ünvanında yolun kənarında saxlanmasını aşkarlamışdır. Avtomobilə baxış keçirən zaman avtomobilinin arxa sağ krılosunun, sağ arxa qapısının əzildiyini, sağ ön qapının isə sürtüldüyünü, həmçinin, dəyəri 450 manat olan “TS 18 4-64” markalı monitorun və 150 manat olan köynəyinin yerində olmadığını, həmçinin, avtomobilinin əl əyləcinin sındığını aşkarlamışdır. Bu barədə polisə məlumat vermiş və avtomobili 24-cü Polis Şöbəsinin yerləşdiyi inzibati binanın həyətinə gətirmişdir. Ona 3200 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsin atası ilə danışmışlar, məbləğ tam ödənildikdə ərizə verəcəkdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7143 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində markalanma göstəricisi olmayan avtomobillər üçün nəzərdə tutulmuş monitorun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir. - axtarışda olan şəxsin tutulması haqqında və şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində tutulmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024cü il tarixli, 3-13-11/7-12787/2024 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, tədqiq edilmiş 01 ədəd diş çöpünün üzərində olan bioloji mənşəli materiallar X1 (xx.xx.2000-ci il) (Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli 082-32999-1219 nömrəli məktubu ilə) məxsusdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd TS18-4755 markalı qara rəngli monitor və “VAZ 2107” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 71.5 və 67.1-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş dövrü ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 21 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Abşeron Rayon Məhkəməsinin 1(012)-770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)- 770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd TS18-4755 markalı qara rəngli monitorun və “VAZ 2107” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 50 iş saatı müddətinə bərabər olmaqla, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11(on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla, cəmi 550 (beş yüz əlli) manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 3 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 4(dörd) il 11(on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 4(dörd) il 10(on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, Abşeron Rayon Məhkəməsinin 1(012)-770/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd TS18-4755 markalı qara rəngli monitorun və “VAZ 2107” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 550 (beş yüz əlli) manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar