Məhkəmə qərarları › İş №1(007)-479/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-479/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-479/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Bağlar massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 18:03-də “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C220” markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə üzü şəhər istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə zidd olaraq 80 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq, yəni 85 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri Nizami rayonu Babək prospekti 54 ünvanının qarşısında yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəli olan baş beyin əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən sınığı, sağ ağciyərin zədələnməsi, sağ tərəfli İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yayılmış, yerdəyişən sınıqları, sol tərəfli İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, hər iki baldırın qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları və qançırlarından ibarət, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində sağ təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Asif Cəbrayılova məxsus “Mercedes Benz C220” markalı Az ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili günlük 20 manat olmaqla icarəyə götürərək etibarnamə əsasında idarə etmişdir. 03 aprel 2023-cü il tarixdə saat 17:40 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olmuşdur. Hərəkət istiqamətində 4 zolaqlı yolun soldan ikinci zolağı ilə hərəkətdə olarkən “Embawood” adlı mağazanın qarşısında yolu sağdan sola doğru keçən sonradan adını bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Piyadanı vurmamaq üçün avtomobili sola hərəkət etdirib əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməmiş və avtomobilin sağ farası ilə onu vurmuşdur. Piyada avtomobilin ön alın şüşəsinə dəymiş və o təxminən piyadanı vurduğu yerdən 50-60 metr irəlidə avtomobili saxlaya bilmişdir. Avtomobildən enib dərhal təcili tibbi yardım çağırmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Himayəsində 10 aylıq körpə uşağı vardır, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs övladıdır. Atasının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini özünü polis əməkdaşı kimi təqdim edən şəxsin onun istifadəsində olan mobil nömrəyə zəng edərək bu barədə məlumat verməsi ilə öyrənmişdir. Həmin məlumatı öyrəndikdən dərhal sonra xəstəxanaya getmiş və atasının meyidini təhvil almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 17:40 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti 54 ünvanının qarşısında yolu sağdan sola doğru keçən atası Zərərçəkmiş şəxs vurmuş və atası təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın əvəzi qismində ibtidai istintaq dövründə 2050 manat, məhkəmə baxışı dövründə 2000 manat pul ödənilmiş, təqsirləndirilən şəxsin maddi vəziyyətinin çətin olduğunu nəzərə alaraq verilən pulun miqdarı ilə qane olaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin himayəsində körpə uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 03 aprel 2023-cü il tarixli 2/7791 saylı aktdan görünür ki, 03 aprel 2023-cü il tarixdə saat 19:15-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 may 2023-cü il tarixli 8/1146 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz C220” markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq, yəni 85 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş meyitin ekspertizasına dair 03 aprel 2023-cü il tarixli 87 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən sınığı, sağ ağciyərin zədələnməsi, sağ tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yayılmış, yerdəyişən sınıqları, sol tərəfli İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, hər iki baldırın qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları və qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni 03 aprel 2023-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə başın küt travması nəticəsində sağ təpə-gicgah nahiyəsinin kəllə əsasına keçən sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-8 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatları aşkar edilməmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 3-13-52/2-13977/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına BB 502934 saylı “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunması barədə məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. - videogörüntüyə baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, DİN-in X2 Xidmətinin təqdim etdiyi “Qırmızı işıq” Sistemi kameralarının 03 aprel 2023-cü il tarixdə saat 17:35-dən 17:47-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, saat 18:03-də 50-ci saniyədə əlində velosipedlə yolu hərəkət istiqamətində sağdan sola doğru keçmək istəyən piyada 18:03-də 54-cü saniyədə yerişini itiləşdirməyə başlayır və 55-ci saniyədə iti yerişlə qarşı tərəfə çatmağa çalışsa da 18:03-də 56-cı saniyədə yolun soldan birinci və ikinci zolağını ayıran qırıq-qırıq xəttin demək olar ki, üzərində furqon tipli “Mercedes C220” minik markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ fara hissəsi ilə vurulur. Avtomobil piyadanın vurulduğu hadisə yerindən təxminən 55-60 metr məsafədə tam dayanır. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Mercedes Benz C220” minik markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ona qaytarılması nəzərə alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü İsayeva Aliyə adlı bir uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanı ödəməsini, evli olmasını, himayəsində körpə uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərdiyindən, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödədiyindən və barışdığından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz C220” minik markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz C220” minik markalı Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar