Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-48/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 145.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1 və 310-cu maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, M.Hüseyn küçəsi, 13 saylı evin 6 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75A saylı evin 76 saylı mənzilində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə edib üzərində qanunsuz saxlayıb, gəzdirməklə ünvan 1 A saylı ünvanın yaxınlığına daşımış, onun odlu silah saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da həmin ünvanda etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 20:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd 118333-A nömrəli, Avstriya dövlətində, “Desterr.Waffenfabriks-Ges.” zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, STEYR 1909-cu il modelli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu silah hesab edilən tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, STEYR 1909-cu il modelli tapançaların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, istifadə üçün yararlı, içərisinə 06 ədəd 6,35 mm kalibrli patronlar yerləşdirilməsi üçün nəzərdə tutulmuş daraq və 05 (beş) ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 6,35 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatları- patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuşdur. Hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir əsəb ruhi dispanserdə qeydiyyatda deyil. Subaydır, hazırda heç yerdə işləmir. Tutulmamışdan təxminən 10 gün əvvəl yaşadığı ünvan 5 A yaxınlığında piyada gəzən zaman yerdə kiçik həcmli tapançaya bənzər əşya olması nəzərini cəlb etmiş, yerdən həmin əşyanı götürdükdə üzərində sandıqçası olan tapança olduğunu görmüş, bundan sonra tapançanın içindəki sandıqçanı açıb baxarkən içərisində 5 (beş) ədəd patronun olduğunu görüb həmin tapançanı özü ilə götürməyə qərar vermiş, belə olan halda tapançanı sandıqça və patronlarla birlikdə götürüb üstündə saxlamış və yaşadığı evə getmişdir. Lakin ailə üzvlərinə bu barədə məlumat verməmiş, əvvəldən odlu silaha həvəsi olsa da, heç vaxt silahı olmamışdır. Ona görə də, tapança və patronu özündə saxlamağa qərar vermişdir. Keçən müddət ərzində hər dəfə evə gedən zaman ailə üzvləri görməsinlər deyə, tapançanı cibində gizlətmiş, evdən çıxan zaman isə tapançanı özü ilə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evdən çıxarkən həmişə olduğu kimi tapançanı patronlarla birlikdə öz üstündə götürüb əynində olan şalvarının sağ cibinə qoymuş, həmin gün saat 19 radələrində yaşadığı ünvan 2 saylı ünvanın yaxınlığında idarə etdiyi “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, sonra ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu demişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində odlu silah hesab edilən bir ədəd tapança və tapançanın içində isə 05 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının cibində bir ədəd tapança olduğunu bildirmiş və əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd tapançanı, şalvarının sol yan cibindən idarə etdiyi “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus bir ədəd açarı və bir ədəd “Samsung A10” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, onun təqdim etdiyi tapançaya baxış keçirilmiş və tapançanın sandıqçasının içindən 05 ədəd patron aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş tapançanı içində olan 05 ədəd patronu ilə birlikdə təxminən 10 gün əvvəl yaşadığı evin həyətindən təsadüfən tapdığını və həmin gündən üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət xarakterli digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş tapança və patronlar polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri tərəfindən imzalanmışdır. Bundan başqa aşkar edilmiş avtomobil açarı onun özünə qaytarılmış, üzərindən aşkar edilmiş bir ədəd “Samsung A10” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış qurtardığından videoçəkiliş dayandırılmışdır. Daha sonra bütün qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, şəxsi axtarışda iştirak edən digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Daha sonra Baş İdarənin həyətində saxlanılmış idarə etdiyi “Hyundai Sonata” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz əşya və predmetlər aşkar olunmamış, idarə etdiyi avtomobilə baxış keçirildikdən sonra bununla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “xxxx” MMC-dən günlük 40 manat olmaqla 1 ay müddətində icarəyə götürmüş, həmin avtomobil “xxxx” MMC-yə məxsus olmuşdur. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə onun razılıq ərizəsi ilə və müdafiəçisinin iştirakı ilə yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi ev 75 A mənzil 76 ünvanında polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, axtarış zamanı yaşadığı mənzildən qanunsuz əşya və predmetlər aşkar olunmamış, bundan sonra yaşadığı mənzildə axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyat müvəkkili Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq xx xxxxxx 2020-ci il tarixdə o, işlədiyi şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Sübhanın yaşadığı Nizami rayonuna getmiş və saat 19:00-da onu ünvan 5 A saylı ünvanın yaxınlığında idarə etdiyi “Hyundai Sonata” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş, barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da, etiraz etmədən onlarla Baş İdarəyə gəlmiş, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Sübhana təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibində bir ədəd tapança gizlədib saxladığını bildirib, şalvarının sağ yan cibində olan bir ədəd tapançaya oxşar dəmirdən hazırlanmış predmeti, şalvarının sol yan cibindən idarə etdiyi “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd açarı və bir ədəd “Samsung A10” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar dəmir predmet yoxlanılan zaman həmin predmetin üzərində olan sandıqçanın içindən 05 ədəd patron aşkar olunmuş, baxış zamanı həmin predmetin üzərində “118333A” rəqəmlər və hərfin, “Made in Austria”, “Steyr” sözlərinin yazıldığı müəyyən edilmiş, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı təxminən 10 gün əvvəl yaşadığı ünvanın həyətindən təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet və 05 ədəd patron özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmiş, eyni zamanda aşkar edilmiş avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, aşkar olunmuş “Samsung A10” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, 10- TS-110 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin əşyaları və maddələri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobildə odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC-dən icarəyə götürdüyünü qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salon hissəsindən aşkar edilmiş “xxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, baxış zamanı “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmiş, bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Bundan əlavə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin iştirakı ilə yaşadığı ünvan 6 saylı ünvanda axtarış keçirilmiş, axtarış zamanı mənzildən qanunsuz əşya və predmetlər aşkar olunmamış, bundan sonra mənzildə axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasında Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da ünvan 7 A saylı ünvanın yaxınlığında “Hyundai Sonata” markalı ** TS *** qeydiyyat nişanlı avtomobil yanında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış zamanı ondan 05 ədəd patron və 01 ədəd sandıqçası olan 01 ədəd tapanaça aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məһkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/397R saylı rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 118333-A №-li silah Avstriya dövlətində, “Desterr. Waffenfabriks-Ges.” zavodunda istehsal olunmuş 6,35 mm Kalibrli, STEYR 1909-cu il modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş STEYR 1909-cu il modelli tapançaların komplekt hissəsidir-darağıdır, içərisinə 06 ədəd 6,35 mm kalibrli patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 6,35 mm Kalibrli olmaqla, həmin Kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 05 ədəd 6,35 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 011-8186-1220 saylı məktubundan görünür ki, təqdim edilmiş, 01 ədəd 6,35 mm kalibrli, 118333-A №-li, STEYR 1909-cu il modelli tapançadan ekspremental qaydada atılmış güllə-giliz nümunələri idarənin “gülləgiliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş 01 ədəd 118333-A nömrəli, Avstriya dövlətində, “Desterr.Waffenfabriks-Ges.” zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, STEYR 1909-cu il modelli tapança, 01 ədəd daraq və 02 ədəd 6,35 mm kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, habelə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, sonuncu dəfə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 145.2.4, 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1 və 310-cu maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 2 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi məhkəmə baxışına verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd 118333-A nömrəli, Avstriya dövlətində, “Desterr.Waffenfabriks-Ges.” zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, STEYR 1909-cu il modelli tapança, 01 ədəd daraq və 02 ədəd 6,35 mm kalibrli patronlar törədilmiş cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd 118333-A nömrəli, Avstriya dövlətində, “Desterr.Waffenfabriks-Ges.” zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, STEYR 1909-cu il modelli tapança, 01 ədəd daraq və 02 ədəd 6,35 mm kalibrli patronlar dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-48/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-48/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver