Məhkəmə qərarları › İş №1(007)-480/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-480/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-480/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, Qazax şəhəri, Azadlıq küçəsi ev 106-da qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivi, ev 7, mənzil 179-da yaşayan, Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1-1, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 aya endirilmiş, 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 7,29 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2024-cü il tarixdə saat 18:30-da Bakı şəhəri ünvan 3 nömrəli binanın, “F” blokunun 6-cı mərtəbəsindəki 340 nömrəli mənzilin qarşısında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümün içərisində, xeyli miqdarda təmiz çəkisi 7,29 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Bakı şəhəri Nizami rayon polis idarəsinin yaxınlığında saxlayıb idarəyə aparmışlar. Daha sonra onunla birlikdə Osmangilə getmişlər. Onun üzərinə baxış keçirmişlər, lakin onun üzərində heç nə olmamışdır. Üzərində ilk baxış keçirilən zaman vəkil olmamışdır. Sonrakı baxış 2 saat sonra vəkilin iştirakı ilə olmuşdur. İlk baxışda onun üzərindən açar çıxmışdır. Daha sonra ona demişlər ki, ilkin baxışda açar yazılmamışdır. Açarı götürüb yenidən çəkiliş etmişlər. Sonrakı çəkiliş zamanı polis əməkdaşları nə demişsə onu təkrarlamışdır. Polis əməkdaşlarından Hikmət onu döymüş, Orxan isə döyməmişdir. Narkotik vasitəni onun üzərinə Hikmət qoymuşdur. Onu 2 nəfər polis əməkdaşı saxlamışdır. Çəkiliş zamanı 3 polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 08 mart 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 mart 2024-cü il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi ev 137A ,“F” blokunda yaşayan dayısı oğlu Osmanın yanına getmişdir. O, demək olar ki, hər gün Osmanın evinə getmiş, bir yerdə çox vaxt keçirmişdir. Həmin zaman o, bloka girmiş və 6-cı mərtəbəyə qalxmış, Osmanın yaşadığı mənzilin qapısını döymüşdür. Bu zaman Osman qapını açmış və onlar yenicə söhbət edən zaman arxadan onlara mülki geyimdə polis əməkdaşları yaxılaşmış, onları narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Nizami RPİ-nə dəvət etmişlər. Orada yaranmış səsə Osmanın mənzilində qonaq olan dostları Asif və Çingiz də bloka çıxmış, onlar polis idarəsinə aparılmalarını istəməmişlər. Buna görə polis əməkdaşları onların dördünü də birlikdə Nizami RPİ-nə aparmışlar. Nizami RPİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmüş və hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və ona üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə tünd yaşıl rəngli bitki formasında narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** sim kart nömrəli “Samsung A51” markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdir. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Həmin zaman o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamamış, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni “Neftçilər” metrostansiyasının yaxınlığında tutulmamışdan bir gün əvvəl tanımadığı şəxdən 10 manata almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, narkotik vasitə onun üzərində olmamış, idarədə cibinə qoyulmuşdur. Polis əməkdaşı ona təzyiq göstərərək döymüşdür. Amma bununla bağlı şikayət etməmiş, rəsmi şikayət yazmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş yoldaşı Mehman Həsənov “Osman” adlı adlı şəxsin Bakı şəhəri Nizami rayonunun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlaması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etmişdir. Mehman Həsənov bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə Mehman Həsənovdan, ondan və digər polis əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, “Osman” adlı şəxs “Navadalı” adlı şəxslə birlikdə narkotik vasitələri qəbul etmiş, hətta Osmanın yaşadığı mənzildə görüşüb narkotik vasitələri qəbul etmişlər. 06 mart 2024-cü il tarixdə saat təxminən 18 radələrində “Navadalı” adlı şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BY-*** taksi avtomobilində Nizami RPİ-nin yaxınlığında aşkar edilmiş, onun hara getdiyini müəyyən etmək üçün avtomobilinin arxasınca düşmüşlər. Həmin vaxt Navadalı ünvan 3 ünvanında yerləşən binanın həyətində dayanmış, avtombildən düşüb “F” blokuna daxil olmuş, 6-cı mərtəbəyə qalxmışdır. Buna görə onlar da Navadalının dalınca bolka daxil olmuş, 6-cı mərtəbəyə qalxan zaman Navadalının blokda Osmanın yaşadığı 340 nömrəli mənzilin qarşısında Osmanla birlikdə olmasını görüb sonuncuları saxlamışlar. Həmin vaxt onlar Osman və Navadalı ilə söhbət edərkən mənzildən Osmanın qonaqları Çingiz və Asif çıxmışlar. Həmin şəxslər Osmanla Navadalının onlarla getmələrinə etiraz etmişlər. Buna görə onların dördünü də Nizami RPİ-nə aparmışlar. RPİ-də həmin şəxslərin şəxsiyyətləri dəqiqləşdirilmiş, onların X5, Təqsirləndirilən şəxs, X8 və X6 olması müəyyən edilmişdir. RPİ-də təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülü təqdim etmiş, sorğu zaman Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 01 ədəd sellofan bükümdə el arasında “nəşə” kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra onun şalvarının sol yan cibindən “Samsung A51” markalı mobil telefon aşkar edilərək götürülmüşdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, həmçinin “SamsugA51” markalı mobil telefon da götürülərək materiala əlavə edilmiş, istintaq hərəkətinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin cinayət axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru vəzifəsində xidmət edir. İdarənin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Mehman Həsənov “Osman” adlı adlı şəxsin Bakı şəhəri Nizami rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlaması və daşıması barədə əməliyyat məlumatını əldə etmişdir. Daha sonra Mehman Həsənov bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə ondan, Mehman Həsənovdan, polis mayoru Şahid1 və polis leytenantı Kənan Qurbanovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, “Osman” adlı şəxs “Navadalı” adlı şəxslə birlikdə narkotik vasitələri qəbul etmiş, hətta Osmanın yaşadığı mənzildə görüşüb narkotik vasitələri qəbul etmişlər. 06 mart 2024-cü il tarixdə saat təxminən 18 radələrində Navadalı idarə etdiyi “Toyota Prius” markalı, **-BY-*** taksi avtomobilində Nizami RPİ-nin yaxınlığında aşkar edilmiş, buna görə Navadalının hara getdiyini müəyyən etmək üçün avtomobilinin arxasınca düşmüşlər. Həmin vaxt Navadalı ünvan 3 ünvanında yerləşən binanın həyətində dayanmış, avtomobildən düşüb “F” blokuna daxil olmuş, 6-cı mərtəbəyə qalxmışdır. Onlar da Navadalının dalınca bolka daxil olmuşlar, 6-cı mərtəbəyə qalxan zaman Navadalının blokda Osmanın yaşadığı 340 nömrəli mənzilin qarşısında Osmanla birlikdə olmasını görüb sonuncuları saxlamışlar. Onlar Osman və Navadalı ilə söhbət edərkən mənzildən Osmanın qonaqları Çingiz və Asif çıxmış, Osmanla Navadalının onlarla getmələrinə etiraz etmişlər. Buna görə onların dördünü də Nizami RPİ-nə dəvət etmişlər. RPİ-də həmin şəxslərin şəxsiyyətləri dəqiqləşdirilmiş, onların X5, Təqsirləndirilən şəxs, X8 və X6 olması müəyyən edilmişdir. RPİ-də təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülü təqdim etmiş, sorğu zaman Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 01 ədəd sellofan bükümdə el arasında “nəşə” kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra şalvarının sol yan cibindən “Samsung A51” markalı mobil telefon aşkar edilərək götürülmüşdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Buna görə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, həmçinin “Samsug A51” markalı mobil telefon da götürülərək materiala əlavə edilmiş, istintaq hərəkətinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X3 barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 6) - 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) - 06 mart 2024-cü il tarixli və 10 mart 2024-cü il tarixli protokollardan görünür ki, 06 mart 2024-cü il tarixdə saat 18:30-da Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısından şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmdə tünd yaşıl rəngli bitki formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** sim kart nömrəli “Samsung A51” markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni və ya psixotrop maddəni Osman adlı qohumundan pulsuz olaraq istifadə etmək məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Üzərində başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 10 mart 2024-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 35-36, 87) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 mart 2024-cü il tarixli 3-16-16/2- 7/380 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 7,29 qram, üzərində “vət. X1..” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 3,59 qram və üzərində “vət. X3 yaşadığı evdən..” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 3,74 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim eilmiş marixuanalar tərkibinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik maddələrin qalıqları yoxdur. Qeyd: marixuananın təmiz çəkisi 14,62 qram olmuş, tədqiqata cəmi 0,15 qram sərf edilmiş (hər obyektdən 0,05 qram), 14,47 qram qalıq qalmışdır. (i.v. 54-56) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 27 mart 2024-cü il tarixli 1907 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 131-132) - 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, X3 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə, X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananın X5 tərəfindən verilməsi faktının öz təsdiqinin tapmaması nəzərə alınmış, Azərbaycan Respublikası CMnin 234-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından və mənbəyə dair materialın ayrılması hazırki cinayət işinin ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılmasına maneə yaratmadığından naməlum mənbəyə dair materiallar ayrılmış və Nizami RPİ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 7,29 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, ondan ekspertizadan sonra qalıq qalmış 7,24 qram marixuana saxlanılması üçün Nizami RPİ-nə saxlanışa verilmiş, 06 mart 2024-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk sübut qismində cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd “Samsung A51” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və sahibinə qaytarılmış, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 7,29 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni cinayət işi ayrılmışdır. (i.v. 146- 158) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs “nəşə” kimi tanıdığı narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşı tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 08 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutmadan azad edilmişdir. (i.v. 78-79) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli tələbnamədən, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1-1, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2023cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 aya endirilmiş, 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 106-127, 143-144) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 13 may 2022-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı üzrə təyin edilmiş cəzadan 25 iyun 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilmədən 06 mart 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən, onun əməlində Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcinin müvafiq hissəsi (72/2=36) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, qeyd olunan ekspertiza tədqiqatı iki nəfər təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə ilə bağlı keçirilmişdir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 7,24 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 36 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar