Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-482/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X2 və müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Sabiq oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, natamam orta təhsilli, subay, Yevlax şəhəri, Şahid2 küçəsi ev 133-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 93 B-də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən “Ülvi” kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə, sonuncunun onun Yevlax rayon sakini olmasını bilib ondan «qaraçı» olub-olmamasını soruşmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada olan vətədaşların gözü qarşısında səs-küy salıb, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə sonuncuya fiziki zor tətbiq edib üzərində gəzdirdiyi mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ və sol qol nahiyyələrindən vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası və sol bazunun aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yaralarından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən «Ülvi» kafesinin qarşısında olduğu zaman, əvvəllər üzdən tanıdığı, sonradan adı ona Ülvi kimi məlum olan şəxs ondan haradan olduğunu maraqlandıqda, cavabında ona Yevlax rayonundan olduğunu bildirmişdir. Ülvi ona “qaraçısan” deyə bildirdikdə, onlar arasında mübahisə yaranmış, ətrafda olan Oqtay adlı şəxs onları aralamışdır. Daha sonra Ülvi ona qarşı nalayiq ifadələr işlətdiyindən, o da öz növbəsində təpiklə Ülvinin ayağına zərbələr endirmişdir. Ülvinin yenə üstünə gəldiyini görüb əvvəlcədən üzərində olan yerdən bir gün əvvəl tapdığı və şalvarının arxa sağ cibində saxladığı dəstəyi göy rəngli mətbəx bıçağını çıxardaraq bıçağı sağ əlinə alıb, Ülvinin sağ və sol qol nahiyyələrindən yüngülcə vurmuş, məqsədi isə onu qorxutmaq olmuşdur. Belə ki, o, Ülviyə bıçaqla xəsarətlər yetirərkən aralarında kifayət qədər yaxın məsafə olmuş, əlində olan bıçaqla onun ölümü ilə nəticələnə biləcək həyati təhlükəli bədən nahiyyələrindən xəsarət yetirə bilərdi, lakin bunu etməmiş, onu yalnız qorxutmaq istədiyindən qol nahiyyələrinə bıçaqla xəsarətlər yetirmişdir. Əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın qarşısında olarkən, əvvəllər tanıdığı Qabil adlı şəxsdən haralı olmağı barədə maraqlandıqda, Qabil Yevlax rayonundan olmasını bildirmiş, o isə, həmin rayondan olan şəxslərin qaraçı olduğunu bildirdikdə, Qabil onun ünvanına nalayiq ifadələr işlətmişdir. Belə olan halda onlar arasında mübahisə yaranmış, Qabil üzərində olan dəstəyi göy rəngli mətbəx bıçağını əynində olan şalvarının sağ arxa cibindən çıxararaq öncə sağ, sonra isə sol qolundan bıçaqla xəsarətlər yetirmişdir. Bıçaq zərbələri endirdikdən sonra Qabil həmin yerdən qaçaraq uzaqlaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Daha sonra zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, 01 iyun 2022-ci il tarixdən ünvan 1 ünvanda yerləşən “Ülvi" kafesində ofisiant işləmiş, 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində ofisiant işlədiyi kafenin qarşısında olduğu zaman, əvvəllər üzdən tanıdığı, sonradan adı ona Ülvi kimi məlum olan şəxslə, sonradan adı ona Qabil kimi məlum olan üzdən tanıdığı şəxs arasında, ona dəqiq məlum olmayan mövzuda mübahisənin yarandığını və bir-birinin yaxasından tutmaqla mübahisə etdiklərini görmüşdür. O, onları bir-birindən aralamaq istədikdə, qəflətən Qabilin əlində olan mətbəx bıçağı ilə Ülvinin hər iki qol nahiyyəsindən xəsarətlər yetirdiyini görmüşdür. Ətrafda olan şəxslər Ülviyə ilk tibbi yardım göstərmiş, Qabil isə hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 696 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ bazunun aşağı 1/3nin arxa səthinin kəsilmiş yarası; sol bazunun aşağı 1/3-nin bayır səthinin səthi kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər, kəsici kənara malik əşyanın ola bilsin ki, bıçağın təsirindən yaranmışdır. xx.xx.2022-ci il tarixdə yarana bilər və kəsilmiş yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, səthi kəsilmiş yaralar isə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 3/1199 nömrəl rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 86-cı maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs ilk dəfə cinayət törədib, yetkinlik yaşına çatmayan şəxsdir, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, CM-nin 221.3-cü maddəsi üzrə səhhətinə xəsarət yetirilmiş şəxs Zərərçəkmiş şəxs onun barəsində şikayəti və ya tələbi yoxdur. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli tərbiyə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan bir ədəd bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Nizami RPİ-nin saxlanc yerində saxlanılan soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il (iki il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilsin və Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən təhsil və yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nizami RPİ-nin saxlanc yerində saxlanılan soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 64 manat (altmış dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-482/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-482/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver