Məhkəmə qərarları › İş №1(007)-484/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-484/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-484/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi:X2 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Kürdlər ərazi dairəsi, Porsava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Kürdlər ərazi dairəsi, Porsava kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 avqust 2022-ci il tarixdə gecə saat 04 radələrində, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanında yerləşən "NZS" kafesinin plastik materialdan olan qapısını vintaçanla açaraq, həmin kafeyə qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 100 manat dəyərində bir ədəd üzərində "KİP" yazısı olan pivə süzən krantı, 100 manat dəyərində bir ədəd təxminən diametri 40 sm, hündürlüyü 37 sm olan, üzərində "PİEDBOEUF-B-017181 1984' yazıları olan boş pivə çəlləyini və 100 manat dəyərində bir ədəd təxminən diametri 40 sm, hündürlüyü 37 sm olan, üzərində markalanma yazıları olmayan istifadədə olmuş boş pivə çəlləyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək qeyd etdi ki, 17 avqust 2022-ci il tarixdə, təxminən gecə saat 04 radələrində Nizami rayonu "Xalqlar Dostluğu” metrostansiyası ətrafinda "NZS” adlanan kafeyə yaxınlaşmış və içəridə əşyalar olduğunu görmüşdür. Daha sonra qapını vintaçanla açmış, içəri daxil olmuş və orada olan 2 ədəd pivə çəlləyini və 1 ədəd pivə süzən aparatı götürmüşdür. 17 avqust 2022-ci il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı, “NZS” pivə zavodunda işləmiş Elçin adlı şəxsə oğurladığı pivə çəlləklərini və pivə süzən aparatını, hər birini 30 manata satmışdır. Elçindən cəmi 90 manat pul almış, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 ilə yaxın müddətdir ki, Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanında yerləşən “NZS” kafesini icarə əsasında işlədir. 17 avqust 2022-ci il tarixdə saat 07:05 radələrində kafeyə gəldikdə, kafenin qapısının yerindən çıxarıldığını aşkar etmiş, içərisinə daxil olub baxış keçirən zaman 02 ədəd pivə çəlləyinin və 01 ədəd pivə süzənin oğurlandığını aşkar etmişdir. Oğurluq zamanı ona ümumilikdə ona 300 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 avqust saat 17 radələrində, “Əhmədli” metrostansiyası yaxınlığında, köhnə tanışı olan Təqsirləndirilən şəxslə rastlaşmışdır. Rəşad, ona, pula ehtiyacı olduğundan özünə məxsus 02 ədəd pivə çəlləyi və 01 ədəd pivə süzəni satmaq istədiyini bildirmişdir. O da öz növbəsində bu barədə tanışı, “NZS” pivə zavodunda işləyən Gündüz adlı şəxsə bildirmişdir. Təxminən üç gün sonra, 2 ədəd pivə çəlləyini və 1 ədəd pivə süzəni 90 manat müqabilində Rəşaddan almış, elə həmin gün tanışı Gündüz adlı şəxsə 120 manata satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Ford-Tranzit” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “NZS” pivə zavodunun pivələrinin paylanması ilə məşğuldur. Təxminən 20 avqust 2022-ci il tarixdə köhnə tanışı Elçin adlı şəxs ona zəng edərək, 02 ədəd pivə çəlləyini və 01 ədəd pivə süzəni satmaq istədiyini bildirmişdir. Həmin gün metronun “Əhmədli” stansiyası yaxınlığında görüşüb, 2 ədəd pivə çəlləyi və 1 ədəd pivə süzəni Elçindən 120 manat müqabilində almışdır. Aldığı 2 ədəd pivə çəlləyinin və 1 ədəd pivə süzənin cinayət yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən bəlli olur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs AR-sı CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci l tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarın 4-cü bəndinə əsasən 6 ay azaldılmışdır. AR-sı ƏN PX-in X1 daxil olmuş xx.xx.2022-ci il tarixli 17/34 3202 saylı cavab məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəassisəsindən cəzanın sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Nizami RPİ-nin saxlanc yerində saxlanılan 02 ədəd pivə çəlləyi və 01 ədəd pivə süzən Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 24 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış Nizami RPİ-nin saxlanc yerində saxlanılan 02 ədəd pivə çəlləyi və 01 ədəd pivə süzən Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar