Məhkəmə qərarları › İş №1(007)-486/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-486/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-486/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,012 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhəri, Xətai rayonu, Kamran Əfkari küçəsinin kəsişməsində “Rus qəbirstanlığı”nın dəmir barmaqlıqlarının oğurlanmasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bödməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə istifadəçisidir. 06 dekabr 2022-ci il tarixdə, təxminən saat 09:30 radələrində yaşadığı evdə olan zaman Emin adlı tanışı mobil telefonuna zəng edərək fəhlə işi olduğunu, 15 manat pul verəcəyini, dəmirləri avtomobilə yükləmək lazım olduğunu bildirdiyi üçün o, Babək prospektində yerləşən “Rus qəbiristanlığı”ının yaxınlığına gəlmiş, bu zaman Emin və İlqar adlı tanışları da qəbiristanlıqda zibil qutularının yanında olmuşlar. Orada yığılmış dəmir barmaqlıqların yanında gözləmiş, onlar isə dəmirləri yükləmək üçün avtomobil axtarmağa getmiş, yarım saat sonra avomobillə gəldikdə barmaqlıqları həmin avtomobilə yüklədikdən sonra avtomobildə yer olmadığından piyada yaşadığı ünvana qayıtmaq istəmiş, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq dəmir barmaqlıqların oğurluq olduğunu bildirib avomobildəki yüklə birlikdə onları Nizami rayonu 23-cü polis bölməsinə gətirmişlər. Həmin barmaqlıqların qəbirstanlıqdan söküldüyünü orada bilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət edilmiş, lakin o vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı ərzə vermiş, bunda sonra videoçəkilişlə üzərin şəxsi axtarış keçirilməyə başlanmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və predmetin olub-olmamasını, varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş, üzərində aşkar edilən kütlənin kokos kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra üzərində əlavə axtarış keçirilsə də, hər hansı digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1,012 qram heroini 06 dekabr 2022-ci il tarixdə, təxminən saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamış və satmaq niyyətində olmamışdır. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 öz ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə 16 saylı postda Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə xidmət aparan zaman saat 10 radələrində bir neçə şəxsin Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığın yanında qəbirstanlığa məxsus olan dəmir barmaqlıqları qara rəngli Qaz 24 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədiyini, avtomobilin içərisində sürücü və iki nəfərin, avtomobilin yanında isə bir nəfərin olduğunu görmüşlər. Avtomobilə artqı dəmir barmaqlıqlar yüklənmiş, avtomobildə olan şəxslərdən biri avtomobildən düşərək naməlum istiqamətdə qaçaraq gözdən itmişdir. Həmin şəxsi izləmək üçün zamanları olmadığından avtomobildəki qalan şəxsləri və sürücünü avtomobillə birlikdə Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirib təhvil vermişlər. Avtomobildəki şəxslərdən həmin qaçan şəxsin anket məlumatlarını soruşduqda adının Emin olduğunu bildirmişlər. Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs, X8 və avtomobilin sürücüsü X2 olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 öz ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 06 dekabr 2022ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhəri Xətai rayonu, Kamran Əfqani küçəsinin kəsişməsində “Rus qəbiristanlığı”-nın dəmir barmaqlıqlarının oğurlanmasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ- nin 23-cü PB-nin inzibatı binasına gətirilmişdir. Polis Bölməsində xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilən vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması güman edildiyindən o Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru Şəbnəm Ələkbərova tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra,saat 11:01 dəqiqədə Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən video çəkiliş aparılmaqla onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərar elan edilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə “kakos” kimi tanınan narkotik maddə olan heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya və ya perdmet aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik maddəyə bənzər kütlə qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı mobil telefondan istifadə edilməklə çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibtidai istintaqa şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6910 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,012 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli 115 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq münasibətləri barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X10 adlı azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə, saat 10:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,962 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçiba ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar