Məhkəmə qərarları › İş №1(007)-487/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-487/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-487/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3 Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 18 avqust 1986-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi ev 20, mənzil 36-da qeydiyyatda olan, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,477 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə etməklə üzərində saxlamaqla daşımış və 31 iyul 2022-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,477 qram olan ağ rəngli kristallik formalı hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X12 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, o, dörd ilə yaxındır ki, narkotik vasitə olan heroin, psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olur. 31 iyul 2022ci il tarixdə səhər saatlarında Yasamal rayonu, ərazisində olarkən ünvanını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən özü üçün istifadə etməkdən ötrü 10 manata bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Aldığı metamfetamini özündə saxlamışdır ki, sonra qəbul etsin. xx.xx.2022-ci il tarixdə psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra ünvan 5 ünvanın yaxınlığında saat 10:20 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirmiş, onu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri- qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan boz rəngli idman şalvarının sağ cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə metamfetamindir, onu Yasamal rayonu ərazisində olarkən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən özü üçün istifadə etməkdən ötrü 10 manata almışdır. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində bildirmişdirr ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan «Qafar» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 31 iyul 2022-ci il tarixdə ondan, PB-nin sahə inspektoru, X2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 10:20 radələrində ünvan 6 ünvanın yaxınlığında zahiri əlamətləri «Qafar» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları X9 yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Qafar Əfqanimin üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Qafar Əfqanlı könüllü olaraq əynində olan boz rəngli idman şalvarının sağ cibində saxladığı 1 ( bir) ədəd şəffaf sellofan bükümündə olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Qafar Əfqanlı bildirmişdir ki, təqdim etdiyi kütlə metamfetamindir, Yasamal rayonu ərazisində ünvanını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində özü istifadə etməkdən ötrü almış və üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru X10 şahid qismində dindirilmiş X5 ilə eyni məzmunlu ifadə verərək bildrmişdir ki, 31 iyul 2022-ci il tarixdə saat 10:20 radələrində ünvan 6 ünvanın yaxınlığında X9 yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Qafar Əfqanimin üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Qafar Əfqanlı könüllü olaraq əynində olan boz rəngli idman şalvarının sağ cibində saxladığı 1 ( bir) ədəd şəffaf sellofan bükümündə olan kütlə - psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. X15 qeyd etmişdir ki, maddəni 10 manat müqabilində Yasamal rayonu ərazisində ünvanını və anket məlumatlarını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs X6 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4112 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş X6 üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 4826 saylı rəyindən görünür ki, müayinə zamanı X7 opioidlərin psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Q.Əfqanlı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına müvafiq olaraq Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən X12 AR-sı CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilib 3.600 manat məbləğində cərimə cəzasına, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, eyni Məcəllənin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən eyni Məcəllənin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunub. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və onun istifadəsində olan +**********26 və +**********48 mobil nömrələrinə daxil olan və çıxan mesajların əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 ay 28 gün (altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə bir ədəd kağız bükümdə 0,321 qram çəkidə psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan mesajların əks olunduğu 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. X9 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar