Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-487/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Qusar rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərindən fahişəliklə məşğul olmağa şərait yaradılması üçün ona müraciət etmiş Şahid1, Şahid2, Şahid3, X1 və Şahid4 ayrı-ayrılıqda mütəmadi olaraq müştərilərin cinsi əlaqəyə girmə müqabilində ödədikləri puldan 12-15 manat məbləğlərində pul almaqla sonuncuları fahişəliklə məşğul olmaları üçün istifadə etmək məqsədilə icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Kəpəz” kafesinin ikinci mərtəbəsində olan otaqlarla təmin edib, orada əxlaqsız yuva təşkil edərək saxlamış, onun əxlaqsız yuva təşkil edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami Rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 may 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 4 ünvanında yerləşən “Kəpəz” kafesində baxış keçirilən zaman həmin kafenin ikinci mərtəbəsində yerləşən 7 nömrəli otaqda Şahid1 gəlir əldə etmək müqabilində Şahid6 ilə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi iş yeri olmadığı üçün ailəsinin maddi ehtiyaclarını təmin etmək məqsədilə 2021-ci ilin avqust ayında Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Kəpəz» kafesini sahibi Vahid adlı şəxsdən aylıq 700 manata icarəyə götürmüş, aralarında 3 illik icarə müqaviləsi bağlanmış, daha sonra Vahid rəhmətə getdiyi üçün o, aylıq icarə haqqını oğlu Nadirə vermiş, lakin Nadir özü kafeyə heç vaxt gəlməmiş, o, kənarda görüşüb onun pulunu vermişdir. Həmin obyekti o, kafe kimi icarəyə götürmüş və artıq bir il yarımdan artıqdır ki, obyekt kafe kimi fəaliyyət göstərir. Həmin obyekt iki mərtəbəli olmaqla kafe onun birinci mərtəbəsində yerləşir, ikinci mərtəbədə də ayrı kabinetlər var ki, əvvəllər onlardan bir neçəsi təmirli olmuş və kafeyə gəlib kabinetdə əyləşmək istəyən müştərilərə verilmiş, motel kimi istifadə edilmişdir. 2023-cü ilin əvvəllərində o, nisbətən daha artıq pul qazanmaq üçün kafenin ikinci mərtəbəsini motel kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə də kafenin ikinci mərtəbəsində olan otaqlardan 7-sini səliqəyə salıb oraya çarpayı və digər zəruri əşyalar qoymuş, həmin vaxtdan etibarən motelə az-az müştərilər gəlmişlər. Kafe qəsəbədə yaşayış evlərindən kənar bir ərazidə yerləşdiyi üçün kafeyə axşamlar yüngül həyat tərzi keçirən qızlar müştəri qismində gəlməyə başlamış, kafeyə gələn kişi müştərilər həmin qızlarla tanış olmuş, həmin qızlar da kafeyə gələn və ya kənarda hansısa oğlanla tanış olub pul qarşılığında cinsi əlaqədə olmaq istəyəndə ikinci mərtəbədə olan otaqdan istifadə etmək istədiklərini ona demiş, o da qızlardan hər otaq üçün 15 manat pul alıb otağı onlara vermişdir. Qızlar da onun qoyduğu qiymətlə razılaşmış, bundan sonra o, bu qaydada işləməyə başlamışdır. Fahişəliklə məşğul olan qızlar kafeyə gələn hansısa müştəri ilə və ya kənardan gələn hansısa oğlanla pul qarşılığında cinsi əlaqədə olmaq istəyəndə ona 15 manat verib ikinci mərtəbədə olan otaqlardan birinə qalxmış, o, özü obyektdə olanda otaqların açarı onda olmuş, özü olmayanda isə otaqların açarını moteldə gizli bir yerə qoyaraq qızlara demiş, qızlar həmin yerdən açarı götürüb otağa qalxmış, sonra o, gələndə 15 manatı onun özünə vermişdir. İkinci mərtəbəyə yalnız o, özü nəzarət etmiş, pulu özü almış və özü də otaqları qızlara vermişdir. Başqa heç kimi motelin işinə qarışmağa qoymamışdır. Lakin kafeyə isə daimi müştərilər gəldiyindən oranın işinə Azər adlı administrator, barmen kimi Aynur və ya Şəfa nəzarət etmiş, həmçinin ofisiantlar da işləmiş, təmizlik işlərinə isə Xuraman adlı xadimə baxmışdır. 07 may 2023-cü il tarixə keçən gecə o, obyektdə olmamış, kənarda olmuş və ona Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının obyektə gələrək orada olan qızları və müştəriləri apardıqları məlum olmuşdur. Hazırda isə obyekt fəaliyyət göstərmir. Həmin günü o, Təbəssüm adlı qıza müştərisi ilə otağa qalxıb istifadə etməyə icazə vermiş, o, obyektə gələndə Təbəssüm otaq üçün ona 15 manatı verəcəkmiş. Fahişəliklə məşğul olmaq üçün motelə gələn qızlar tez-tez dəyişir, amma son günlərdə ora gələn qızlardan Təbəssüm, Tahirə və Nərgizi tanımışdır. Kafenin işçiləri ikinci mərtəbənin motel kimi fəaliyyət göstərməsini bilmiş, lakin onlar motelin fəaliyyət göstərməsində ona heç bir köməklik göstərməmiş, onları ikinci mərtəbəyə buraxmamış, ikinci mərtəbənin açarı onda olmuş, zəruri hallarda yalnız xadimə çıxıb otaqları təmizləyib düşmüşdür. Kafenin işçiləri həmin motelə kənardan adi qaydada müştərilərin gəlməsini bilmiş, yalnız o, bilmişdir ki, motelə gələn qızlar fahişəliklə məşğul olan eyni qızlardır və tanış olduqları kişi müştərilərlə pul müqabilində moteldə cinsi əlaqədə olmuş və müştəridən aldıqları pulun 15 manatını da ona otaq üçün vermişlər. Obyekt sahibi Vahidin oğlu Nadirin həmin obyektin ikinci mərtəbəsinin qızların fahişəliklə məşğul olması üçün motel kimi fəaliyyət göstərməsi barədə heç bir məlumatı olmamış, çünki dediyi kimi o, obyekti Vahiddən icarəyə götürmüş və uzun müddət obyekt kafe kimi fəaliyyət göstərmişdir. Vahid rəhmətə gedəndən sonra Nadir ümumiyyətlə kafeyə gəlməmiş, o, aylıq icarə haqqını kənar bir yerdə görüşüb ona vermişdir. Nadirin də obyektə gəlmədiyini görüb o, özü obyektin ikinci mərtəbəsini motel kimi işlətməyə başlamış, bu barədə Nadirə heç bir məlumat verməmiş və Nadir də obyektə gəlmədiyi üçün bundan xəbər tutmamışdır. O, heç vaxt kafeyə gələn yüngül həyat tərzi keçirən hər hansı qıza kişi müştərilərlə tanış olub cinsi əlaqədə olmaq üçün motelin otağından istifadə etməsini təklif etməmiş, qızlar özləri kişilərlə tanış olub ondan otaq istəyirmişlər, o da otaq pulu alıb otağı qızlara verirmiş, o, otaq verməsəymiş onlar başqa motellərə gedəcəkmişlər. Onun qızlara fahişəliklə məşğul olmaları ilə bağlı hər hansı təklif və təhriki olmayıb. Əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində 6 uşaq olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün maddi ehtiyaclarını qarşılamaq üçün pul müqabilində müxtəlif şəxslərlə intim əlaqədə olub fahişəliklə məşğul olur. O, əsasən özü telefonuna zəng edən müştəriləri ilə müxtəlif otellərdə görüşmüş, daimi müştərilərindən əlaqə saxlayan olmayanda isə müştəri tapmaq üçün Keşlə qəsəbəsində yerləşən «Kəpəz» motelin kafesinə getmiş, həmin kafeyə son bir neçə ay ərzində təxminən 8-10 dəfə getmişdir. Həmin kafenin ikinci mərtəbəsi motel kimi fəaliyyət göstərmiş, orada intim əlaqədə olmaq üçün bir neçə otaq və otaqlarda zəruri şərait - iki nəfərlik çarpayı, hamam və lazımi gigiyenik ləvazimatlar olmuşdur. Həmin kafeni və moteli işlədən Şəfiqə ilə danışıb otaq üçün 15 manata razılaşmış, müştəridən nə qədər pul alması ilə bağlı isə Şəfiqə bunun onun öz işinin olmasını bildirmişdir. O da Şəfiqənin şərti ilə razılaşmış, Şəfiqə özü bəzi hallarda kafedə olmayanda isə o, otaqdan istifadə edəndə sonradan Şəfiqəyə çatası 15 manatı onun özünə vermişdir. Şəfiqə kafedə müştəri gözləyib fahişəliklə məşğul olan başqa qızlara da bu şərt əsasında otaq vermişdir. 06 may 2023-cü il tarixdə axşam saatlarında o, yenə «Kəpəz» motelin kafesinə gedərək orada əyləşib müştəri gözləməyə başlamış, kafedə ondan başqa da fahişəliklə məşğul olan qızlar olmuş, saat təxminən 23:45 radələrində əvvəllər tanımadığı, adının Novruz olduğunu orada bildiyi şəxs ona yaxınlaşıb intim əlaqədə olmaq istədiyini bildirmiş, onunla otaq pulu ilə birlikdə 40 manata razılaşaraq ikinci mərtəbədə olan otaqlardan birinə qalxmışlar. Həmin zaman Şəfiqə kafedə olmamış, o, otağın pulunu ona sonra gələndə verməyi düşünmüş, otaqda Novruzla bir dəfə cinsi əlaqədə olmuş və bu zaman dəhlizdə səs-küy eşidib paltarlarını geyinib bayıra çıxanda polis əməkdaşlarını gəldiyini görmüş, polis əməkdaşları onları Nizami Rayon Polis idarəsinə gətirmişlər. Moteldə otaq götürəndə otağın pulunu ancaq Şəfiqəyə vermiş, motel hissəyə ancaq Şəfiqə özü nəzarət etmişdir. Şəfiqə özü də ona otağın pulunu ancaq ona verməsini tapşırmışdır. Onun otaq pulu ilə bağlı danışığı alnız Şəfiqə ilə olmuş, başqa heç kimlə bu barədə danışığı olmamışdır. Həmçinin başqa qızlar da pulu ancaq Şəfiqəyə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün maddi ehtiyaclarını qarşılamaq üçün pul müqabilində müxtəlif şəxslərlə intim əlaqədə olub fahişəliklə məşğul olur. Daimi müştərilərindən əlaqə saxlayan olmayanda isə müştəri tapmaq üçün Keşlə qəsəbəsində yerləşən «Kəpəz» motelə son bir neçə ay ərzində təxminən 7-8 dəfə olmaqla getmışdir. Motelin birinci mərtəbəsi kafe kimi, ikinci mərtəbə isə motel kimi fəaliyyət göstərmiş, orada intim əlaqədə olmaq üçün bir neçə otaq və otaqlarda zəruri şərait - iki nəfərlik çarpayı, hamam və lazımi gigiyenik ləvazimatlar olmşdur. Həmin kafeni və moteli işlədən Şəfiqə ilə danışıb razılaşmış, Şəfiqə ona əgər kafedə əyləşib oradan müştəri tapsa və ikinci mərtəbəyə motelə qalxsa, otaq üçün ona 12-15 manat arası pul verməli olmasını, müştəridən nə qədər pul alacağı isə onun öz işinin olmasını bildirmişdir. O da Şəfiqənin şərti ilə razılaşmış, Şəfiqə kafedə müştəri gözləyib fahişəliklə məşğul olan başqa qızlara da bu şərt əsasında otaq vermişdir. 06 may 2023-cü il tarixdə axşam saatlarında o, yenə «Kəpəz» motelin kafesinə getmiş, həmin günü bir müştərisi olmuş və otaqdan istifadə etmiş, Şəfiqəni görəndə ona çatası 15 manatı onun özünə verməyi düşünmüşdür. Həmin gecə polis əməkdaşları obyektə gəlmiş və onları Nizami Rayon Polis idarəsinə gətirmişlər. O, moteldə otaq götürəndə otağın pulunu hər zaman Şəfiqəyə vermiş, Şəfiqə özü bəzi hallarda kafedə olmayanda isə o, otaqdan istifadə edəndə sonradan Şəfiqəyə çatası 15 manatı onun özünə vermişdir. Çünki moteli Şəfiqə özü işlədib nəzarət etmiş və pulu da özü yığmış, Şəfiqə özü də ona otağın pulunu ancaq ona verməsini tapşırmışdır. Onun otaq pulu ilə bağlı danışığı yalnız Şəfiqə ilə olmuş, başqa heç kimlə bu barədə danışığı olmamış, həmçinin başqa qızlar da pulu ancaq Şəfiqəyə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, iş yeri olmadığı üçün övladının və özünün maddi ehtiyaclarını ödəmək məqsədilə pul qarşılığında müxtəlif şəxslərlə intim əlaqədə olub fahişəliklə məşğul olur. Keşlə qəsəbəsində yerləşən «Kəpəz» motelə təxminən 1 ay olar ki, gedirmiş və bu müddət ərzində 7-8 dəfə ora getmişdir. Motelin birinci mərtəbəsi kafe kimi, ikinci mərtəbə isə motel kimi fəaliyyət göstərmiş, orada intim əlaqədə olmaq üçün bir neçə otaq, otaqlarda zəruri şərait - iki nəfərlik çarpayı və sanitar qovşağı olmuşdur. Həmin kafeni və moteli işlədən Şəfiqə ilə danışıb razılaşaraq moteldəki otaqdan istifadə etmək üçün ona 15 manat pul vermiş, müştəridən nə qədər pul almasına isə Şəfiqə qarışmamışdır. O, obyektin birinci mərtəbəsində olan kafedə oturanda oraya gələn müştərilərdən onunla tanış olanda ikinci məntəbəyə qalxıb otaqdan istifadə etmişdir. Şəfiqə digər fahişəliklə məşğul olan qızlara da bu şərt əsasında otaq vermişdir. 06 may 2023-cü il tarixdə axşam saatlarında o, yenə «Kəpəz» motelin kafesinə getmiş, həmin günü iki müştərisi olmuş və otaqdan istifadə etmişdir. Şəfiqəni görəndə ona çatası 30 manatı onun özünə verməyi düşünmüş, lakin həmin gecə polis əməkdaşları obyektə gələrək onları Nizami Rayon Polis İdarəsinə gətirmişlər. O, otağın pulunu ancaq Şəfiqəyə vermiş, başqa heç kimə verməmişdir, çünki moteli Şəfiqə yalnız özü işlədir və pulu da qızlardan özü yığır. Şəfiqə özü də ona tapşırıb ki, otağın pulunu ancaq onun özünə versin. Onun otaq pulu ilə bağlı danışığı yalnız Şəfiqə ilə olub, başqa heç kimlə bu barədə söhbəti və razılaşması olmayıb. Həmçinin başqa qızlar da pulu ancaq Şəfiqəyə vermişlər. Şəfiqə özü bəzi hallarda kafedə olmayanda isə o, otaqdan istifadə edəndə sonradan Şəfiqəyə çatası 15 manatı onun özünə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Ramana qəsəbəsində yerləşən alüminium əridilən sexdə fəhlə işləyir. Bir müddət əvvəl dost-tanışlarından Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Kəpəz” oteldə intim əlaqə üçün qızlar olduğunu və müştəri qismində yaxınlaşıb heç bir problem və narahatçılıq olmadan xoşuna gələn qıza pul verərək onunla elə həmin oteldə intim əlaqədə olmağın mümkün olduğunu, moteli Şəfiqə adlı qadının işlətdiyini, həmin motelin birinci mərtəbəsinin kafe kimi fəaliyyət göstərdiyini, ikinci mərtəbəsində isə yataq otaqlarının olduğunu, kafedə yüngül həyat tərzi keçirən qızlar özləri yaxınlaşıb intim xidmətlərini təklif etdiklərini eşitmişdir. Bu məqsədlə də o, 07 may 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində təklikdə həmin “Kəpəz” otelə getmiş, kafedə başqa müştərilər də olmuşdur. Bu zaman əvvəllər tanımadığı, adını həmin zaman bildiyi Təbəssüm adlı xanım ona yaxınlaşıb intim xidmətini təklif etmiş, Təbəssüm xoşuna gəldiyi üçün onunla cinsi əlaqədə olmaqla bağlı razılığa gəlmiş, Təbəssüm onunla cinsi əlaqədə olmaq üçün otaq pulu ilə birlikdə 50 manat istəsə də, sonda 40 manata razılaşmış və o, 40 manat pulu elə orada Təbəssümə vermişdir. Daha sonra Təbəssüm kafedə başqa bir otağa keçib yataq otağının qapısının açarını götürmüş, onlar pilləkanla ikinci mərtəbəyə otaqlar olan hissəyə qalxmış, Təbəssüm otaqlardan birinin qapısını açmışdır. Otaq bir otaqlı olmaqla içərisində hamam-tualet, bir ədəd iki nəfərlik çarpayı, paltar şkafı, çəkələklər və dəsmallar, hamam otağında gigeyinik vasitələr olmuşdur. Təbəssümlə həmin otaqda o, cinsi əlaqədə olmuş və bir müddət sonra bayırdan səs-küy gəldiyini eşidərək paltarlarını geyinib otaqdan dəhlizə çıxdıqda polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onları polis idarəsinə gətirmişlər. “Kəpəz” oteldə olduğunuz müddətdə onunla yalnız Təbəssüm adlı qız danışmış, orada başqa heç kimlə, o cümlədən Şəfiqə adlı qadınla bilavasitə danışığı olmamış, yalnız Təbəssümün özü ilə danışaraq cinsi əlaqədə olmaqla razılığa gəlmiş və Təbəssüm özü də onu yataq otağına aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iş yeri olmadığı üçün maddi ehtiyaclarını ödəmək məqsədilə pul qarşılığında müxtəlif şəxslərlə intim əlaqədə olub fahişəliklə məşğul olur. O, əsasən daimi müştəriləri ilə görüşüb Keşlə qəsəbəsində yerləşən «Kəpəz» motelə gedir. O, həmin motelə son bir neçə ay ərzində təxminən 8-9 dəfə getmişdir. Motelin birinci mərtəbəsi kafe kimi, ikinci mərtəbə isə motel kimi fəaliyyət göstərir, yəni orada intim əlaqədə olmaq üçün bir neçə otaq var və otaqlarda zəruri şərait yaradılmışdır. Belə ki, həmin otaqlarda iki nəfərlik çarpayı, hamam və lazımi gigiyenik ləvazimatlar var. Həmin kafeni və moteli Şəfiqə adlı qadın işlədir. O, birinci dəfə həmin kafeyə gedəndə Şəfiqə ilə danışıb razılaşmış, Şəfiqə moteldəki otaqdan istifadə etmək üçün ona 12-15 manat arası pul verməli olmasını, müştəridən nə qədər pul alacağı isə onun öz işinin olmasını demişdir. O, da Şəfiqənin şərti ilə razılaşmışdır. Şəfiqə özü bəzi hallarda kafedə olmayanda isə o, otaqdan istifadə edəndə sonradan Şəfiqəyə çatası 15 manatı onun özünə vermişdir. Bildirir ki, bəzi hallarda o, obyektin birinci mərtəbəsində olan kafedə də oturanda oraya gələn müştərilərdən də onunla tanış olan olmuş və o, ikinci məntəbəyə qalxıb otaqdan istifadə etmişdir. Bildiyinə görə Şəfiqə kafedə müştəri gözləyib fahişəliklə məşğul olan başqa qızlara da bu şərt əsasında otaq vermişdir. 06 may 2023-cü il tarixdə axşam saatlarında o, yenə «Kəpəz» motelin kafesinə getmiş, həmin günü bir müştərisi olmuş və otaqdan istifadə etmişdir. Şəfiqəni görəndə ona çatası 15 manatı onun özünə verəcəkmiş. Həmin gecə polis əməkdaşları obyektə gəlmiş və onları Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Verilən suala cavab olaraq bildirmişdir ki, o, moteldə otaq götürəndə otağın pulunu Şəfiqəyə deyil, başqa şəxsə verdiyi hal olmamış, çünki moteli Şəfiqə yalnız özü işlədib nəzarət etmiş və pulu da qızlardan özü yığır. Şəfiqə özü də ona otağın pulunu ancaq ona verməsini tapşırmışdır. Onun otaq pulu ilə bağlı danışığı yalnız Şəfiqə ilə olmuş, başqa heç kimlə bu barədə danışığı olmamış, həmçinin başqa qızlar da pulu ancaq Şəfiqəyə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Şəfiqə adlı şəxsin Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən «Kəpəz Motel» adı ilə fəaliyyət göstərən obyektdə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvası təşkil edib saxlaması barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün əməkdaşlarla birlikdə 07 may 2023-cü il tarixə keçən gecə saat 01:00 radələrində qeyd olunan obyektə getmişlər. Obyektə daxil olduqda məlum olmuşdur ki, obyektin birinci mərtəbəsi kafe kimi, ikinci mərtəbə isə motel kimi fəaliyyət göstərir. Həqiqətən də birinci mərtəbədə yüngül həyat tərzi keçirib fahişəliklə məşğul olan bir neçə qadın müəyyən edilmiş və onlar sorğu zamanı təsdiq etmişlər ki, fahişəliklə məşğuldurlar və müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmaq üçün ikinci mərtəbədə olan otaqlardan istifadə edirlər və otaqdan istifadə edəndə bunun qarşılığınd obyekti işlədən Şəfiqə adlı qadına pul verirlər. İkinci mərtəbədə otaqlardan birində oğlan və qız aşkar edilmiş, oğlan adının Novruz olduğunu demiş və bildirmişdir ki, onunla birlikdə otaqda olan qıza verdiyi 40 manat qarşılığında sonuncu ilə cinsi əlaqədə olmuşdur. Qız isə adının Təbəssüm olduğunu demiş və təsdiq etmişdir ki, fahişəliklə məşğuldur, Novruzdan cinsi əlaqədə olmaq üçün 40 manat pul almışdır və otaqdan istifadə etdiyi üçün həmin 40 manatın 15 manatını Şəfiqəyə verəcəkdir, həmçinin başqa vaxtı da kişi müştərilərindən aldığı pulun 15 manatını otaqdan istifadə üçün obyekti işlədən Şəfiqəyə verir. Təhqiqatçı tərəfindən obyektə baxış protokolu yazılmış, fotoşəkillər çəkilmişdir. Daha sonra isə kafedə olan müştərilər, fahişəliklə məşğul olan qızlar və işçilər araşdırma zərurəti ilə əlaqədar Nizami Rayon Polis idarəsinə gətirilmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək 2 il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan AA0327274 və AA3279537 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 və X8 adında uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində ikisi özünün, dördü bacısının olmaqla altı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 19:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 01 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından hər ay dövlət nəfinə 10 (on) faizi məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 01 gün müddət (01 gün həbsdə olma müddəti 04 gün islah işləri cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq qazancından hər ay dövlət nəfinə 10 (on) faizi məbləğində pul tutulmaqla 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-487/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-487/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver