Məhkəmə qərarları › İş №1(007)-487/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-487/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-487/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağdaş rayonu, Əmirxan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərvaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək məqəsdilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq 19 mart 2025-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla ünvan 4 ünvanında saxladığı “Tufan” markalı, M50 modelli, 99F290 dövlət qeydiyyat nişanlı motosiklın mühərrikinin kilidlənməməsindən istifadə edərək birlikdə motosikli itələyərək saxlandığı yerdən uzaqlaşdırdıqdan sonra mühərriki işə salmaq üçün nəzərdə tutulan mexanizmi sındıraraq naqillərini birləşdirmək üsulu ilə mühərriki işə salıb motosikli talama məqsədi olmadan qanunsuz ələ keçirmişlər (qaçırmışlar). Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 19 mart 2025-ci il tarixdə çərşənbə günü dostu Təqsirləndirilən şəxs2lə birlikdə olan zaman birlikdə spirtli içki qəbul etmiş, həmin vaxt Niyaziyə zəng gəlmiş, o, telefonla danışdıqdan sonra şəhərə getmək istədiyini bildirmiş, piyada şəkildə Nərimanov rayonu istiqamətində bir qədər getdikdən sonra yaşadıqları məhəllədən bir qədər aralıda, ünvan 4 ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında qırmızı rəngli “Tufan M50” markalı mopedin dayandığını görmüşlər. O və Niyazi həmin mopedlə Nərimanov rayonuna getmək qərarına gəlmiş, Niyazi mopedi yerindən tərpətmiş və əli ilə aparmağa başlamış, o da ona kömək etmiş, daha sonra Niyazi burğacla mopedin zamokunu sökmüş və naqillərini bir-birinə birləşdirərək mopedi işə salmışdır. Onlar mopedlə Nərimanov rayonu istiqamətində getmişlər. Təxminən bir saat gəzdikdən sonra onun yaşadığı binanın qarşısına gəlib motosikli saxlayaraq düşmüşlər. Motosikli qaçırmaqda məqsədləri oğurlamaq yox, sadəcə onu idarə etmək olmuşdur. Tutulmaqdan qorxduqlarından mopedi götürdükləri yerə qoymamışlar, belə ki, həmin yerə qayıtdıqda orada polis əməkdaşlarının olduğunu görmüşlər, bu səbəbdən motosikli orada yox, öz binlarının qarşısında saxlamışlar. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını , maddi imkanının ağır olduğu nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 19 mart 2025-ci il tarixdə Elvingilin məhəlləsində son çərşənbə ilə əlaqədar bayramı qeyd etmək üçün orada birlikdə spirtli içki qəbul etmişlər. O və Elvin 19 mart 2025-ci il tarixdə, saat 00:30 radələrində ünvan 4 ünvanının qarşısında avtomobilləri saxlamaq üçün təyin olunmuş yerdə dayanmış qırmızı rəngli motosiklı görərək onu sürmək istəmiş, o, motosikli itələmiş, Elvin də ona kömək etmişdir. O və Elvin motosiklı itələyərək onun yaşadığı binanın yaxınlığında saxlamış, orada burğacla mopedin zamokunu söküb naqilləri birləşdirərək mopedi işə salmışlar. O, motosiklı idarə edərək “Koroğlu” metrostansiyası istiqamətinə sürmüş, daha sonra “Koroğlu” metrostansiyasında olanda Elvin motosiklı idarə etmişdir. Motosiklı qaçırmaqda məqsədləri oğurlamaq yox, idarə etmək olmuşdur. Tutulmaqdan qorxduqları üçün motosiklı götürdükləri yerə yox, başqa yerə qoymuşlar. Belə ki, motosikli götürdükləri yerə qayıtdıqda həmin yerdə polis əməkdaşlarını gördükləri üçün motosikli ora qoymamışlar. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, hazırda zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 18 mart 2025-ci il tarixdə işdən gəldikdən sonra motosikleti yaşadığı ünvan 4 ünvanında binanın qarşısında saxlamış, motosikletin rolunda nasazlıq olduğundan kilidləmədən mühərrikini söndürərək yaşadığı ünvana getmişdir. 19 mart 2025-ci il tarixdə saat 01 radələrində siqaret çəkmək üçün çölə çıxanda motosikletinin yerində olmadığını aşkar etmiş, Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. 21 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən ona zəng edilərək motosikletinin tapılması barədə məlumat verilmişdir. Hazırda motosikl ona geri qaytarılmış, həmçinin ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuşdur, onlardan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Elvin Təqsirləndirilən şəxs1 onun əkiz qardaşıdır, Təqsirləndirilən şəxs2 isə yaxın məhəllədə yaşadıqlarından tanıyır. 18 mart 2025-ci il tarixdə çərşənbə ilə əlaqədar bayramı qeyd etmək üçün qardaşı Şahidla birlikdə məhəllədə yandırdıqları tonqalın ətrafında dayanmış, o və Niyazi tonqalın ətrafında spirtli içki qəbul etmiş, daha sonra Niyazi oradan uzaqlaşıb evinə getmiş, 19 mart 2025-ci il tarixdə, saat 00 radələrində yenidən onların məhəlləsinə gəlmişdir. Onlar birlikdə Niyazinin dostugilə getmək istəmiş, lakin pulları olmadığı üçün piyada getmək qərarına gəlmişlər. Piyada bir qədər getdikdən sonra yaşadıqları məhəllədən bir qədər aralıda yerləşən beşmərtəbəli binanın qarşısında qırmızı rəngli motosiklin dayandığını görmüş, qardaşı Elvin və Niyazi həmin motosiklla Nərimanov rayonuna getmək barədə danışarkən, o, bununla razılaşmamış, onlara motosikli götürməmələrini demiş, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Təxminən bir saat sonra Niyazi və qardaşı yaşadığı binanın qarşısına gəlib motosikli orada saxlamışlar. Onun motosiklın qaçırılmasında heç bir iştirakı olmamışdır. İş materiallarında olan 21 mart 2025-ci il tarixdə tərtib edilmiş “könüllü təqdim etmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Şahid və Təqsirləndirilən şəxs1 qaçırılmış “Tufan” markalı, “M50” modelli, “R55PCBL89MHL53964” ban nömrəli motosiklı könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi kimi tanınmış X2 iş üzrə qanuni nümayəndə statusuna xitam verilmişdir. Həmçinin “Tufan” markalı, “M50” modelli motosikl cinayət işi üzrə maddi sübut qismində tanınmış, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə tərəfindən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onların islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. CM-nin 185.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. CM-nin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər üçün azadlığın məhdudlaşdırılması növündə cəzanın həddi 2 aydan 2 ilədək müəyyən edilmişdir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları da nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. CM-nin 86.2 maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini və cinayət törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tufan” markalı, M50 modelli motosiklın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 26 gün (on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Tufan” markalı, M50 modelli motosiklın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2n məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar