Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-488/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 1/3-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi ev 4-də yaşamış, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 aprel 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 06 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 29 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 may 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə və narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,414 qram psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 aprel 2024-cü il tarixdə saat 00:25 radələrində ünvan 1 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 23cü polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,414 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,555 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2024-cü il tarixdə saat 21:20 radələrində ünvan 5 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami PRİ-nin 23cü polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,555 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəl narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamışdır. O, 06 aprel 2024-cü il tarixdə saat 00:25 radələrində ünvan 1 ünvanının qarşısında dayanarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşı olduqlarını bildirib, ondan adını və soyadını soruşduqda polis əməkdaşlarına anket məlumatlarını demişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün özünü narahat hiss etdiyindən suallardan yayınıb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik maddə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya vardırsa təqdim etməyi bildirilərkən o, üzərində saxladığı “patı”nı gizlətməyin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, 02 ədəd alışqanı, şalvarının sol yan cibindən isə 01 ədəd siqaret qutusunu və 01 ədəd kibrit qutusunu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Təhqiqatçı əməkdaş ona bükümdə təqdim etdiyi maddənin nə olması sualına cavab olaraq bildirmişdir ki, həmin maddə “patı” kimi tanıdığı psixotrop maddədir, 4-5 gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Onun təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli maddə aşkarlanmışdır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərimdən narkotik maddədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Üzərindən aşkar edilən 02 ədəd alışqan, 01 ədəd içərisində kibrit və 01 ədəd içərisində siqaret dənələri olan qutu özünə qaytarılmışdır. Bundan başqa o, 29 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonunun ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti ona bəlli olmayan şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə alıb, üzərində saxlamışdır. 29 aprel 2024-cü il tarixdə saat 21:20 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi 4 ünvanının qarşısında dayanarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ondan kimliyini soruşduqda o da polis əməkdaşlarına anket məlumatlarını demişdir. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün narahatlıq hissi keçirmiş və polis əməkdaşlarının sualından yayınıb oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasının giriş hissəsində şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra o, xidməti otaqlardan birinə aparılmışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik maddə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya olduğu təqdirdə təqdim etməyi bildirilmişdir. Bu zaman o, üzərində saxladığı narkotik vasitənin gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Təhqiqatçının bükümdə təqdim etdiyi maddə kütləsinin nə olması sualına cavab olaraq o, bildirmişdir ki, həmin maddə kütləsi narkotik vasitə kimi tanıdığı heroindir, həmin gün, yəni 29 aprel 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Onun təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən narkotik vasitədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol doğru olduğu üçün onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitəni və ya psixotrop maddə metafetamini satan şəxs barəsində onun heç bir məlumatı olmamışdır. Ona narkotik vasitə və ya psixotrop maddə satan tanımadığı həmin şəxsə o, diqqət etmədiyi üçün şəxsin xarici görünüşü dəqiq yadında qalmamışdır. Əvvəllər də ona narkotik vasitə və ya psixotrop maddə satan şəxslərin barəsində onun məlumatı olmamışdır. Adətən o, narkotik vasitə və ya psixotrop maddəni alan zaman üzdən narkotik istifadəçisinə bənzəyən şəxslərə yaxınlaşıb üzərində ona satması üçün narkotika olub-olmamasını soruşmuş, olduğu təqdirdə istifadəsi üçün almışdır. Narkotik vasitə və ya psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmişdir. Psixotrop maddəni və ya narkotik vasitəni istifadəsi üçün 10 manat pul müqabilində almışdır. Mobil telefon işlətmədiyinə görə kiminləsə telefon əlaqəsi saxlamamışdır. Ona qarşı hər hansı polis əməkdaşı tərəfindən heç bir zorakılıq hərəkəti edilməmişdir. Təqsirləndirilən şəxs daha sonra, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 aprel 2024-cü il tarixdə təxminən saat 00:25 radələrində ünvan 1 ünvanında 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə xidmət apararkən bir nəfər piyada kişi cinsli şəxsin onları görən kimi özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olubolmamasını soruşmuş, olduğu təqdirdə sənədini onlara təqdim etməsini təklif etmişlər. Özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs nədənsə narahat olub, onların verdiyi suallara qeyri-adekvat cavablar verərək yayınmağa və tez bir zamanda yanlarından uzaqlaşmağa çalışmışdır. Buna görə onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib, onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib, onlarla birlikdə 23-cü polis bölməsinə gəlmişdir. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, şübhəli şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm, 02 ədəd alışqan, şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan 01 ədəd “Magna” markalı siqaret qutusu və 01 ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə ağ rəngli kristallik maddə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs bu maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, onu 4-5 gün əvvəl Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, aşkar olunmuş maddəni nə məqsədlə alması sualına cavab olaraq 4 ildir ki, istifadəçi olduğunu və şəxsi istifadəsi üçün həmin maddəni aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, həmin zərf onlar tərəfindən imzalanmışdır. Sonra axtarış aparılarkən şübhəli şəxsin üzərindən götürülmüş psixotrop maddədən başqa əhəmiyyət kəsb edən hər hansısa bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil şübhəli şəxsdən polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansısa psixi və ya fiziki zorkalığa məruz qalıb-qalmamasını soruşduqda şübhəli şəxs bu cür təsirlərə məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən videoçəkiliş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu doğru olduğu üçün imzaları ilə təsdiq etmişlər. Qeyd olunan bu prosedurlar zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 aprel 2024-cü il tarixdə saat 21:20 radələrində ünvan 7 ünvanında 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə xidmət apararkən bir nəfər piyada şəxsin onları görən kimi özünü şübhəli aparmasını görmüşlər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşub, olduğu təqdirdə sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs nədənsə narahat olub, onların verdiyi suallara qeyri-adekvat cavablar verib, yayınaraq tez bir zamanda uzaqlaşmağa çalışmışdır. Buna görə onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib, şəxsi Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib, onlarla birlikdə 23-cü polis bölməsinə gəlmişdir. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, şübhəli şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə qəhvəyi rəngli maddə kütləsi aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs bu maddənin narkotik vasitə olan heroin olduğunu, onu Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, aşkar olunmuş maddəni nə məqsədlə alması sualına cavab olaraq Təqsirləndirilən şəxs 4 ildir ki, istifadəçi olduğunu, şəxsi istifadə üçün həmin maddəni aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd selofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, həmin zərf onlar tərəfindən imzalanmışdır. Şübhəli şəxsin üzərində axtarış davam etdirilərkən götürülmüş narkotik vasitədən başqa əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil Müdafiəçi suallarına cavab olaraq şübhəli şəxs 4 ildir ki, istifadə etdiyini, polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki zorkalığa məruz qalmadığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. Qeyd olunan bu prosedurlar zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid4 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid3lə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 aprel 2024-cü il və 06 iyun 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında 29 aprel 2024-cü il tarixdə saat 21:20 radələrində saxlanılaraq 23-cü PB-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol cibindən qızılı rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddə olan bir ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki narkotik vasitəni 29 aprel 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 10 manata aldığını, həmin narkotik vasitəni əynindəki boz rəngli şalvarın sol cibində öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və şübhəli şəxsin iştirakı ilə qablaşdırılmış, möhürlə möhürlənmişdir. Bu zaman heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə 06 iyun 2024-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 25-26, 180) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 30 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/2366 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163”-li dairəvi möhür əksi, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,555 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,555 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,505 qram qalıq qalmışdır. (i.v. 33-36) - 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 59) - 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi həmin maddə ilə istintaq olunan digər ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaq davam etdirilmişdir. (i.v. 57-58) - 06 aprel 2024-cü il və 25 aprel 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında 06 aprel 2024-cü il tarixdə saat 00:25-də saxlanılaraq 23-cü PB-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü təqdim edərək həmin bükülünün narkotik maddə olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsdən götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman heç bir şikayət və vəsatət daxil olmamışdır. Şübhəli şəxsdən aşkar olunan 2 ədəd alışqan, bir qutu kibrit və bir qutu “Magna” siqareti iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 25 aprel 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 80-81, 125) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 06 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/1886 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0,414 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,414 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,364 qram qalıq qalmışdır. (i.v. 88-91) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 iyun 2024-cü il tarixli 4031 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 195- 196) - 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddələrin könüllü sürətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı videogörüntüləri əks etdirən 02 ədəd disk sübut qismində iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,414 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,555 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, tətqiqatdan sonra qalıq qalmış 0,364 qram psixotrop maddə metamfetamin və 0,505 qram narkotik vasitə heroin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün ********* nömrəli cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (i.v. 204-215) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarında əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 73) - 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 115-117) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) - 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 15-16) - 01 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 156-159) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 iyun 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş, 15 noyabr 2008-ci il ratixdə cəzasının sonu ilə azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 aprel 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. (i.v. 183-184, 185-188) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan 24 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, məhkumluğu ödənilmədən, 06 aprel 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcələnin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə saat 00:25-də şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2024-cü il tarixdə saat 12:00-dan saat 12:52-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə şübhəli şəxs qisində tutulduğu 29 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə və psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdən 07 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,505 qram narkotik vasitə heroin və 0,364 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 206 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 22 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 132 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-488/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-488/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver