Məhkəmə qərarları › İş №1(007)-490/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-490/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-490/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi – Qanuni nümayəndə, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1992-ci ildə Tovuz rayonunun Koxanəbi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Koxanəbi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində sürücülük hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı Az **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 55/1 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında ikinci hərəkət zolağı ilə 10-20 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələbləri pozub piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncunun sol qamış sümüyünün aşağı 1/3-nin cüzi yerdəyişmiş sınığı, sol pəncənin ll-lll-İV-V daraq sümüklərinin boynun yerdəyişmiş sınıqları, baldırın sıyrılmış yarasından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 31 oktyabr 2023-cü il saat 17 radələrində idarə etdiyi “Toyota-Prius” markalı Az **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10-20 km/saat sürətlə “Babək” körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətinə doğru yolun ikinci hərəkət zolağı ilə hərəkət edərkən yolun “Lotos” ticarət mərkəzinin qarşısından keçən hissəsində yolu soldan sağa adi addımlarla əl-ələ tutaraq keçən uşaqla qadın piyadanı qəflətən görüb avtomobili saxlamaq istəsə də avtomobili saxlaya bilməyib avtomobilin qabaq sol hissəsi ilə uşağı vurmuşdur. O dərhal avtomobili saxlayıb avtomobildən yerə düşmüş və həmin piyadalara yaxınlaşmışdır. Uşağın anasından uşağın hal-əhvalını soruşmuş, qadın uşağının xəsarətinin ciddi olmadığını bildirmişdir. Avtomobil yolun hərəkət hissəsini kəsdiyindən o yenidən avtomobilinə qayıdıb avtomobili yolun kənarına çəkərək saxlayıb qadına yaxınlaşmış və uşağı xəstəxanaya aparmağını təklif etmişdir. Lakin qadın onun təklifini qəbul etməmişdir. Buna görə də o, avtomobili idarə edib oradan getmişdir. O sonradan öyrənmişdir ki, piyada Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinin sınığı diaqnozu ilə Travmatologiya İnstitutuna müraciət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş 850 manat ziyanı tam ödəmiş və onunla barışmışdır. Evlidir, himayəsində azyaşlı uşağı var, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə işdə olan zaman həyat yoldaşı Turanə ona zəng edərək azyaşlı qızı Nazpəri ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzi istiqamətində yolu keçərkən “Toyota Prius” markalı avtomobilin sürücüsünün qızı Nazpərini avtomobilin qabaq sol hissəsi ilə vurduğunu bildirmişdir. Həmin avtomobilin sürücüsü avtomobilini saxlayıb Turanəyə yaxınlaşmış, uşağı xəstəxanaya aparmağı təklif etmiş, lakin həyat yoldaşı razılaşmadığı üçün sürücü çıxıb getmişdir. Evdə Nazpərinin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı ağrıları şiddətləndiyi üçün səhəri gün onlar Nazpərini xəstəxanaya aparıb müayinə etdirmişlər. Onlara dəymiş 850 manat ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızı, Qanuni nümayəndə isə əridir. O, 31 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində azyaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzi ilə üzbəüz marşrut avtobusundan düşüb əl-ələ tutaraq yolun digər tərəfinə, yəni “Lotos” ticarət mərkəzi istiqamətində keçməyə başlamışdır. Onlar yolu keçdikdə Nazpəri onun sağında yolu keçərək hərəkət axımını iki hissəyə ayıran daş bardura çatıb həmin bardurun üstündə dayanmışlar. Bu vaxt sağdan, yəni B.Nuriyev küçəsi istiqamətindən birinci zolaqla hərəkət edən nəqliyyat vasitəsi dayanmışdır ki, onları buraxsın. O həmin yerdən asta addımlarla övladının əlindən tutub yolu keçməyə davam etmiş, yolun ikinci zolağına çatdıqda sağdan, yəni B.Nuriyev küçəsindən hərəkət edən rəngini dəqiq görə bilmədiyi “Toyota Prius” markalı avtomobil onun sağı ilə yolu keçən qızı Nazpəriyə qabaq sol hissəsi ilə dəymişdir. O bunu görüb dərhal uşağı geriyə çəkmişdir. Həmin avtomobilin sürücüsü avtomobilini saxlayıb ona yaxınlaşmışdır. Bu zaman o düşünmüşdür ki, uşağın ciddi xəsarəti yoxdur. Buna görə də o, sürücünün getməsini tələb etmişdir. Sürücü uşağı xəstəxanaya aparmağı təklif etsə də o, razı olmadığı üçün sürücü çıxıb getmişdir. O, övladı ilə birlikdə yaşadığı evə gəlib, baş verənlər barədə ərinə danışmışdır. Evdə Nazpərinin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı ağrıları şiddətləndiyi üçün səhəri gün onlar Nazpərini xəstəxanaya aparıb müayinə etdirmişlər. Həmin sürücü anket məlumatlarını və mobil telefon nömrəsini vermədiyi üçün ona məlum olmamışdır. O yalnız onu bildirmişdir ki, sürücü 25-30 yaşlarında olmaqla, orta boylu, arıq bədən quruluşlu, qarayanız olmuşdur. Həmin vaxt avtomobil ona dəymədiyi üçün o heç bir xəsarət almamışdır. Buna görə də o, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Onlar hərəkət axımını ayıran daş bardurdan 4 metr məsafə asta addımlarla yol qət etmişlər. Avtomobil onun qızı Nazpərini yolun ikinci zolağında, hərəkət axımını iki hissəyə ayıran daş bardurdan 4 metr digər tərəfinə doğru məsafədə vurmuşdur. Sürücünün spirtli içki qəbul etməsi onda şübhə yaratmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 17 noyabr 2023-cü il tarixli 8/3308 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Toyota Prius” markalı Az **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 03 noyabr 2023-cü il tarixli 1093 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş – sol qamış sümüyünün aşağı 1/3-nin cüzi yerdəyişmiş sınığı, sol pəncənin İİ-İİİ-İV-V daraq sümüklərinin boynun yerdəyişmiş sınıqları, baldırın sıyrılmış yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 31 oktyabr 2023-cü il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 3-13-16/2-155445/2023 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə (07 iyun 2032-ci il tarixədək etibarlı olan) BD 306891 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - videogörüntüyə baxış keçirilməsi haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in X1 Xidmətinin təqdim etdiyi Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-154 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının 31 oktyabr 2023-cü il tarixdə saat 16:58-dən 17:03-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntünün 0:02:17-ci saniyəsində xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində əynində qara rəngli jaket və qara rəngli şalvar, sol çiyin nahiyəsində çəhrayı rəngli məktəbli çantası olan bir nəfər piyada qadın və sağında əynində boz rəngli paltar olan bir nəfər qız uşağının əlindən tutaraq hərəkət edən müxtəlif avtomobillərin qarşısından ötüb keçərək hərəkət axımını iki hissəyə ayıran daş bardurun üzərində dayandıqdan sonra həmin yerdən asta addımlarla hərəkətini davam etdirib, “Lotos” ticarət mərkəzinin qarşısından keçən hissəsində yolu soldan sağa keçmək istədikdə, həmin yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olan açıq yaşıl metallik rəngli “Toyota Prius” markalı avtomobil həmin bir nəfər qadının əlindən tutduğu piyada azyaşlı qızı qabaq sol hissəsi ilə vurur, sonra sükan arxasında olan sürücü avtomobili saxlayıb yerə düşür, qayıdıb sükan arxasına əyləşərək avtomobili yolun hərəkət hissəsindən yolun sağ kənarına çəkib, “Lotos” ticarət mərkəzinin qarşısında saxlayır, 0:00:59-cu saniyəsində sürücü yenidən sükan arxasından yerə düşərək müxtəlif şəxslərin aralığından keçərək həmin qadının və yanındakı uşağın arxasınca gedir, 0:00:59-cu saniyəsində isə sürücü geri qayıdır və avtomobilə əyləşib, avtomobili idarə edərək gəldiyi istiqamətdə yoluna davam edir. Kompakt diskə baxışın keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi istiqamətindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətinə doğru ikinci hərəkət zolağı ilə hərəkət edən açıq yaşıl rəngli metallik “Toyota Prius” markalı Az **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşərək avtomobili idarə edən sürücünün özü olduğunu və onun avtomobillə hərəkət etdiyi istiqamətdə asta addımlarla yolu soldan sağa keçən bir nəfər piyada qadınla bir nəfər qız uşağının əl-ələ tutub keçərkən avtomobillə ehtiyyatsızlıqdan həmin qız uşağını vurduğunu, sonradan həmin qadının Şahid və yanındakı qız uşağının isə Zərərçəkmiş şəxs olduğunu bildiyini qeyd etmişdir. - maddi sübut kimi tanıma barədə 25 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Toyota Prius” markalı Az **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi X3 təhvil verilmişdir. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Qasımov Xan adlı bir azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08 noyabr 2023-cü il tarixli tələbnamədən və Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayədəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, onunla barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini, onunla barışdığını bildirmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “Toyota Prius” markalı Az **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 14 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 84 manat (14x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Toyota Prius” markalı Az **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 84 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar