Məhkəmə qərarları › İş №1(007)-494/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-494/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-494/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olmayan Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 3, mənzil 20-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya guya özünə məxsus bank kartının üzərində olmadığını və hesabından pul çıxara bilmədiyini bildirib öz hesabından Zərərçəkmiş şəxs məxsus kartın hesabına 50 manat pul köçürüb, həmin kartdan istifadə etməklə qeyd edilən məbləğdə pul vəsaitini çıxardıqdan sonra sonuncuya 5 manat pul verəcəyini təklif edib, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid elektron kartın üzərində olan 41697413 0244 5232 hesab nömrəsini öyrənmiş, daha sonra telefonunun üzərində olmamasını bildirib Zərərçəkmiş şəxs tanışı və onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 istifadəsində olan mobil telefonu alıb həmin telefondan istifadə etməklə, internet üzərindən "Mpay online" ödəniş portalinda istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi özünə məxsus hesabına daxil olaraq Zərərçəkmiş şəxs kartının nömrəsini sistemə daxil etməklə qeydiyyatdan keçdikdən sonra onun istifadəsində olan mobil telefona əməliyyatın təsdiqi üçün gələn 6710 kodunu öyrəndikdən sonra Şahid1 məxsus mobil telefonu geri qaytararaq əməliyyatın uğursuz olmasını bildirmiş, Zərərçəkmiş şəxs və Şahid1 həmin yerdən uzaqlaşmalarından istifadə edərək orada piyada hərəkətdə olan, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə yaxınlaşıb danışmaq adı ilə mobil telefon alıb istifadə edərək internet üzərindən "Mpay online” ödəniş portalındakı hesabında Zərərçəkmiş şəxs mobil telefonuna göndərilmiş 6710 kodunu daxil etməklə sonuncuya məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən xx.xx.2022-ci il tarixdə saat 18:36:02-də 200 manat, 18:36:17-də 500 manat, 18:36:30-da 300 manat, 18:56:07-də 20 manat, 18:56:20-də 15 manat, 18:56:31-də 10 manat pul vəsaitlərini, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında, öz istifadəsində olan mobil telefondan istifadə etməklə Zərərçəkmiş şəxs məxsus qeyd edilən hesabdan ümumilikdə Zərərçəkmiş şəxs məxsus “Kapital Bank" ASC-yə aid kartından 1046 manat 50 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təsadüfən qarşısına çıxan şəxsi aldatma yolu ilə elektron kartının şifrələrini gizlin öyrənib həmin hesabdan özünün Mpay online odəniş portalinda olan hesabına pul köçürmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" aid terminalın yanında olan zaman orada dayanmış tanımadığı bir oğlana yaxınlaşıb söyləmişdir ki, özünə məxsus olan elektron kartını evində unudub, xahiş etmişdir ki, telefon ilə öz hesabından həmin şəxsin kartına pul köçürsün və sonuncu terminaldan çıxarıb ona versin. O həmin əməliyyatın əvəzində oğlana 5 manat da verəcəyinə söz vermişdir. Oğlan ona söyləmişdir ki. üzərində elektron kartı yoxdur, lakin yanındakı qohumunun kartı üzərindədir. O bir qədər kənarda dayanan iki qadının həmin oğlan ilə bir yerdə olduqlarını bilmişdir. Qadınlardan biri, sonradan istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs onunla razılaşıb üzərində olan "xxxx" aid elektron kartının üzərindəki 16 rəqəmli şifrəni ona söyləmişdir. O mobil telefonu olmadığı üçün həmin oğlandan xahiş etmişdir ki, əməliyyatı sonuncunun telefonu ilə etsin və qabaqcadan xəbərdar etmişdir ki, həmn əməliyyata görə kartdan bir qəpik vəsait çıxacaqdır. Həmin şəxslər razılıq verdikdən sonra o oğlandan mobil telefonu alıb özünün Mpay online odeniş portalinda olan hesabına girib, qadının kartının hesabından 01 qəpik öz hesabına keçirmək üçün müvafiq əməliyyat aparmış və təsdiq şifrəsi Zərərçəkmiş şəxs telefonuna göndərilmişdir. O əməliyyatın uğurlu olmasını bilmək bəhanəsi ilə Zərərçəkmiş şəxs telefonu alıb şifrəni görüb yadında saxlamışdır. Sonra Zərərçəkmiş şəxs və yanındakılara əməliyyatın uğursuz olması barədə yalan söyləyib onlardan uzaqlaşmışdır. Az keçmiş həmin yerə gəlib görmüşdür ki, kimsə yoxdur, orada yol ilə piyada gedən tanımadığı bir nəfərdən danışmaq bəhanəsi ilə mobil telefon alıb özünün “Mpay” online odeniş portalinda ödənişin təsdiqi barədə Zərərçəkmiş şəxs telefonunda gördüyü şifrəni daxil edib sonuncunun hesabında 1046,53 manat pulun olduğunu görmüşdür. Qısa müddətdə Zərərçəkmiş şəxs kart hesabından hissə-hissə 200, 500, 300, 20, 15 və 10 manat pul vəsaitlərini özünün “Mpay” online odənis portalinda olan hesabına keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus “Kapital Bank" ASC-yə aid kartından 1046 manat 50 qəpik pul vəsaitini talayıb oğurluq etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o qonşuları Şahid2 və Şahid1 ilə bir yerdə ünvan 1 ünvanında yerləşən terminaldan özünə məxsus “Kapital Bank'a aid elektron kartı ilə pul çıxartmışdır. Həmin vaxt əvvəllər tanımadığı bir oğlan ona yaxınlaşıb söyləmişdir ki, kartının hesabından 50 manat çıxarmaq istəyir, lakin kartı üzərində olmadığı üçün bunu edə bilmir. Ondan xahiş etmişdir ki, öz kartının şifrəsini həmin şəxsə versin və sonuncu onun kartın hesabına 50 manat köçürüb ondan alsın. Həmin şəxs dediyi əməliyyatın müqabilində ona 5 manat pul verəcəyini də demişdir. O əvvəl şübhələnib razılıq verməmiş, lakin həmin oğlan qonşusu Yasinə yaxınlaşıb telefonu evində unutduğunu bildirərək Yasindən bir dəqiqəlik mobil telefonu istəmişdir. Yasin həmin oğlana inanıb kömək etmək üçün öz telefonunu həmin oğlana verərək ondan xahiş etmişdi ki, kartının şifrəsini həmin şəxsə desin, pulunu çıxartmasına kömək etsinlər. O etiraz etməyib özünə məxsus 'Kapital Bank a aid elektron kartının üzərindəki şifrəni həmin oğlana, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs göstərmişdir. Təxminən 5-10 saniyə sonra onun telefonuna mesaj gəlmişdir. O hesab etmişdir ki, yəqin mesaj Təqsirləndirilən şəxs göndərdiyi pul ilə əlaqədardır Təqsirləndirilən şəxs telefona gələn mesaja baxnaq istəmişdir. O telefonunun ekranına gələn mesajı Vilada göstərən zaman sonuncu ekrandakı məlumatı oxuyub demişdir ki, əməliyyat alınmayıb. Sonra onlardan üzr istəyib uzaqlaşmışdır. Təxminən 30 dəqiqədən sonra o ərzaq almaq üçün metronun “Neftçilər” satansiyası yaxınlığındakı marketə daxil olmuş, marketdə olan zaman kartının hesabında olan pulun hissə-hissə başqa bir hesaba köçürülməsi barədə telefonuna mesajlar gəlmişdir. O həmin an başa düşmüşdür ki, bir qədər əvvəl kartının şifrəsini ondan soruşan oğlan onun hesabından pulunu ələ keçirmişdir. O müalicəsi ilə bağlı kart hesabında saxladığı pulun ələ keçirildiyini, nəticədə ona ümumilkdə 1046,50 manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər oğlu Yasin ilə bir yerdə Xətai rayonu, NZS qəsəbəsində kirayədə yaşamışdır. Həmin vaxtlar Rəna Şahnəzərərova adlı bir qadın da onlar ilə qonşuluqda yaşamışdır. Rəna həm də onkoloji xəstə olduğu üçün dövlətdən təqaüd almışdır. Aralarında yaxın münasibət olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o Rənaya demişdir ki, bir nəfər ona pul göndərmək istəyir, özündə elektron kart olmadığı üçün Rənadan xahiş etmişdir ki, pulu Rənanın kartına göndərsinlər, Rəna terminaldan çıxarıb ona versin. Rəna razılaşmış və pul sonuncunun kartına keçdikdən sonra xx.xx.2022-ci il tarxdə saat 18 radələrində o oğlu Yasinin idarə etdiyi taksi ilə Rənanı yaşadığı evdən götürüb metronun “Neftçilər" stansiyasının yanına gəlmişlər. Orada Rəna yaxınlıqda yerləşən "xxxx"-ın terminaldan ona göndərilmiş 200 manat pulu çıxarıb vermişdir. Həmin vaxt əvvəllər tanımadığı bir oğlan Yasinə yaxınlaşıb söyləmişdir ki, kartını və mobil telefonunu unudub evində qoyub, xahiş etmişdir ki, onların kartına 50 manat köçürsün və onlar pulu terminaldan alıb olan versinlər. Onda və oğlu Yasində elektron kart olmadığı üçün həmin məsələni Rənaya demişlər. Rəna əvvəl etiraz edib razılaşmamış, lakin oğlan təcili pul lazım olduğunu, həmin əməliyyatın müqabilndə 5 manat da verəcəyini deyən zaman Rəna razılaşmışdır. Sonra oğlan Yasindən telefonu alıb hansısa bir əməliyyat aparmış və Rənadan kartının nömrəsini soruşmuşdur. Rəna kartın üzərindəki nömrəni dedikdən sonra Rənanın telefonuna mesaj gəlmişdir. Oğlan söyləmişdir ki, əməliyyatı aparmaq mümkün olmadı və onlardan üzr istəyib getmişdir. Həmin hadisədən təxminən yarım saat sonra Rəna ona zəng edib söyləmişdir ki, kartında olan 1046 manat pulunu kömək etdikləri oğlan bank kartından çıxarıb. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, 01 ədəd “Kapital bankdan” çıxarış, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefonundan çıxarış cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 günə 2 gün hesabı ilə onun 04 ay 16 gün həbsdə saxlanıldığı müddət 09 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün (iki il iki ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, 01 ədəd “Kapital bankdan” çıxarış, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefonundan çıxarış cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar