Məhkəmə qərarları › İş №1(007)-494/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-494/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-494/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda təmiz çəkisi 0,493 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 mart 2025-ci il tarixdə, saat 19:40 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,493 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, üzərindən aşkar olunmuş “kakos” kimi tanıdığı narkotik maddəni 10 mart 2025-ci il tarixdə, günorta radələrində Sumqayıt şəhərində 10 manat müqabilində şəxsi istifadəsi üçün almış, axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan dostunun yanına gəlmiş, saat 19:40 radələrində ünvan 3 ünvanının yaxınlığında dörd nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılmışdır. Ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz daşınmasında və dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilmiş, ona üzərində olan qanunsuz əşya və ya maddələri könüllü şəkildə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, şalvarının sol yan cibində olan 01 ədəd bükümü təqdim etmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində xx.xx.1984-cü il təvəllüdlü X2 narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Nurlan Məmmədli və onun yanında Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmışlar. Təqsirləndirilən şəxs da Nurlan Məmmədli ilə birlikdə narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğunu, bu səbəbdən də üstlərini yoxlamalı olduqlarını bildirmişlər. Sirac və Nurlan etiraz etmədən onlarla razılaşmış, daha sonra videoçəkiliş vasitəsilə Sirac və Nurlanın üstü yoxlanılmış, onlara üzərində olan qanunsuz əşya, maddə və ya predmetləri könüllü şəkildə təqdim etmələri təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bükümü təqdim etmişdir. Daha sonra hava şəraiti uyğun olmadığından Sirac və Nurlanı Nizami RPİ-nin 23-cü PB-yə gətirilmiş və protokol tərtib edərək təhqiqatçıya təhvil verilmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini Sumqayıt şəhərindən şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 məhkəməyə, ifadəsi elan edilmiş şahidlər Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1042 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,493 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 1472 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər də məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də cinayət əməli törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Lakin buna baxmayaraq onun yenidən cinayət əməli törətməsi onun islah olunmadığını, təyin olunmuş cəzadan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmanı qeyri-mümkün etmiş olacaqdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 228.4, 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-494/2025 nömrəli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 12 sentyabr 2025-ci il tarixli, 3-16-17/42/2-5313/2025 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına göndərilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 28 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 308 manat (28x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 07 ay 28 gün (bir il yeddi ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 manat (səksən manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,393 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 308 (üç yüz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar