Məhkəmə qərarları › İş №1(007)-495/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-495/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-495/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Muxtariyyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə vaqon təkərləri almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs Sumqayıt Texnologiya Parkının anbar rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verib guya həmin zavodun anbarında olan qatarların alt hissəsindəki 22 ədəd vaqon təkər komplektlərinin bir ədədinin Zərərçəkmiş şəxs həmin dövrün rəsmi məzənnəsi ilə 10540 manat təşkil edən 6200 ABŞ dollarına satılmasını təşkil edəcəyinə və bunun üçün ilkin olaraq beh qismində 22.000 manat pul verilməsinin lazım olmasına sonuncunu inandırıb aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34-67 ünvanda yerləşən “Moon Sun” adlı kafedə 22.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəlində ona Rəfail adlı şəxs zəng edərək Sumqayıt STP-da qatar təkərləri olmasını, onları almaq istədiklərini, həmin vaqon altı təkərləri almağa kömək etməsini xahiş etmişdir. Səhəri gün Sumqayıtda görüşmüşlər. Rəfail Tahir və Müşviqlə gəlmiş və təkərləri alan şəxsin Tahir olmasını demişdir. O, da onları STP-da satış meneceri olan Elnurun köməkliyi ilə STP-a aparmış və Tahir təkərlər olan hissədə təkərlərə baxıb video ilə çəkiliş apararaq onları almaq istədiyini demişdir. Elnur onlara həmin təkərləri 7000 manata almaq istəməkləri ilə bağlı STP-na sorğu təklifi göndərmələrini, həmin təkərlərin satılmağı ilə bağlı tender keçiriləcəyini, ona görə də həmin təkərlərin qiymətini dəqiq deyə bilməyəcəyini bildirmişdir. Tahirin dostu Müşviq də bu söhbətlər olarkən onların yanlarında olmuşdur. Tahir isə bu malın ən yuxarı qiymətinin elə 7 və 8 min manat olacağını və Rusiyada onun tanışının olmasını, komplekt təkərləri ən yuxarı 10000 manata həmin tanışının ala biləcəyini demişdir. Tahir həmin 22 ədəd təkərin bir ədəd komplektinə rus tanışının 6200 ABŞ dolları pul verə biləcəyini dediyi üçün təkər komlektinin birini elə 6200 ABŞ dollarına almaq istədiyini və real alıcı olmasını bildirmişdir. O, razılaşmış, Tahirlə görüşmüş və Müşviqin də iştirakı ilə Tahirin həmin təkərləri almaq istədiyi təklifini yazıb, Tahirin şirkətinin möhürünü özü vurub həmin sorğu təkliflərini STP-a göndərmişlər. Daha sonra isə həmin təkərlərin STP-da satışının başlamağını gözləmişlər. 17 noyabr 2022-ci il tarixdə Elnur onunla danışan zaman təkərləri alan şəxsin həqiqətən də 22 ədəd təkəri almağa pulunun olub-olmamasını dəqiqləşdirməyini istəmişdir. O, da Tahirlə danışan zaman sonuncu rus tanışının pul göndərməsini və narahat olmamağını bildirmişdir. O, isə bu zaman hər bir komplekt təkər üçün 1000 manat olmaqla 22.000 manat pulu ona beh kimi verməsini istəmişdir. Tahir bununla razılaşmış və 19 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığındakı “Moon Sun” adlı kafedə görüşərək Məhəmmədin yanında 22.000 manat pulu ABŞ dolları şəklində (12,941 ABŞ dolları) Tahirin videoçəkilişi ilə beh kimi almışdır. Bundan sonra həmçinin vərəqə həmin pulu almağı ilə bağlı yazı da yazmışdır. Daha sonra o, Elnurla danışan zaman alıcı Tahirin dəqiq pulunun olmasını və satış olanda, yəni tender olanda alıcı Tahirin heç şübhəsiz pulunun olmasını bildirib, onu əmin etmişdir. O, satışın olacağına əmin olaraq aldığı həmin 22.000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Lakin sonrakı günlərdə və aylarda bu satış və ya tender STP-nin rəhbərinin dəyişməsi və ya başqa səbəbdən keçirilməmiş və buna görə də o, Tahirdən aldığı 22.000 manat pulu ona geri qaytara bilməmişdir. Halhazırda zərərçəkmiş şəxsə dəymiş 22.000 manat ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən dörd uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının sonlarında tanışı hazırda vəfat etmiş mərhum Bəhruz və tanışı Rəfail söhbət əsasında Sumqayıtda “Sumqayıt Texnologiyalar Parkında” vaqon təkər komplektlərinin (telyaşqaların) satılmasını və Təqsirləndirilən şəxs adlı şəxsin orada olmasını, əgər maraqlanırsa həmin Allahverdinin adı çəkilən təkər komplektlərini satmasını bildirib, sonuncunun nömrəsini ona vermişdir. O, da Allahverdi ilə telefonda danışmış və 1-2 gün sonra, yəni 02 noyabr 2022-ci il tarixdə günorta saatlarında dostu Şahid1 ilə STP-na getmişdir. Orada STP- nın əsas girişinin qarşısında Təqsirləndirilən şəxs öz avtomobilində dayanmışdır. Onlar avtomobildən enib Allahverdi ilə görüşmüşlər və qapıda Allahverdi girişdəki mühafizəçiyə onların telyaşqalar almağa gəldiklərini demiş və mühafizəçi də onların adını yazıb Allahverdinin adını yazmadan hamısı STP-nin anbarına daxil olmuşlar. Orada Allahverdi STP-nin nəzdində olan, hazırkı olduğu anbarla üzbəüz yolun digər tərəfindəki anbarında anbar müdiri olmasını bildirib, onlara telyaşqaları göstərmişdir. O, telyaşqaların videosunu çəkib Rusiyada olan alıcı dostuna göndərəcəyini demiş və videoçəkiliş aparmışdır. Bundan sonra Allahverdidən telyaşqanın bir ədədinin qiymətini soruşmuş, sonuncu hələ telyaşqaya qiymət qoyulmamasını dediyi üçün onlar da artıq çıxıb getmişlər. 1-2 gün sonra Allahverdi özü ona zəng edib telyaşqanın bir ədədinin 10.000 ABŞ dolları olmasını bildirmişdir. O, onların həmin malları ala bilməyəcəklərini, rus tanışının həmin telyaşqanın bir ədədinə ən yuxarı 6200 ABŞ dolları verə biləcəyini demişdir. Allahverdi sonra danışacaqlarını demiş və bir gün sonra ona zəng edib STP-dən həmin telyaşqaların satışının ona tapşırılmasını və STP rəhbərliyi ilə danışmasının sonunda həmin 22 ədəd telyaşqaların bir ədədinin 6200 ABŞ dollarına satışına icazə verilməsini bildirmişdir. Bundan sonra satışla bağlı söhbətləri olarkən Allahverdi yaxın zamanda sənədləri hazırlayacağını və satışın dəqiq tarixini ona bildirəcəyini demişdir. Bundan sonra 17 noyabr 2022-ci il tarixdə Allahverdi ona zəng edib, pulu hazır etmələrini bildirmişdir. O, isə elə həmin gün rus tanışı ilə danışmış və sonuncu onun hesabına 143.000 ABŞ dolları pul göndərmişdir. Həmin pulla o, telyaşqaları alıb həmin rus tanışına göndərəcəkdi. Səhəri gün, yəni 18 noyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Allahverdi ilə Q.Qarayev metrosunun yanında, Q.Qarayev prospekti 34-67 ünvandakı “Moon Sun” adlı kafedə dostları Müşviq və Məhəmmədlə görüşmüş və sonuncu artıq satışın mümkün olacağını və STP rəhbərinin onun həqiqətən də pulunun olub-olmamasını bilmək üçün 22.000 manat beh lazım olmasını bildirmişdir. O, isə Allahverdiyə “nə üçün sənə əlbəəl pul verməliyəm? Elə həmin 22,000 manat pulu STPnin hesabına köçürüm” deyərkən Allahverdi işlərin belə getmədiyini və sonuncuya 22.000 manat beh verməli olduğunu bildirmişdir. O, da STP anbarına bir neçə dəfə gedərkən Allahverdinin heç kimə demədən, sənəd yazılmadan içəri çox rahat daxil olmasını, onlara özünün STP-da anbar müdiri olmasını, orada olan malların satışının ona tapşırılmasını deməsinə və həmçinin STP-də olarkən orada Allahverdinin özünün deməsinə görə oranın rəsmi işçisi olan “Elnur” adlı şəxslə görüşməsini və s. bu kimi halları görüb həqiqətən də Allahverdinin adı çəkilən vaqon təkərlərini ona satmağına inanmış və xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 34-67 ünvandakı “Moon Sun” adlı kafedə dostu Məhəmməd Həsənov ilə birlikdə Allahverdi ilə görüşmüşlər. Orada Allahverdiyə 22000 manat pulu, yəni 12,941 ABŞ dollarını videogörüntü ilə vermişdir. Daha sonra bu barədə kağıza Allahverdiyə 22 ədəd telyaşqaların ona satılmasına görə beh kimi 22.000 manat pulun verilməsini bildirən yazı yazıb, imza etmişlər. Bundan sonra hər dəfə o, Allahverdidən satışın nə zaman olmasını soruşan zaman Allahverdi müxtəlif bəhanələr ilə onu aldatmış və 22000 manat pulu ələ keçirərək dələduzluq etmişdir. Ona dəymiş ziyan hal-hazırda tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Texnologiyalar Parkında satış mütəxəssisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs STP-dan 1-2 dəfə işlənmiş yağları almışdır. STP-da müəyyən malların satışı barədə və ya satılmasına hazırlıq üçün rəhbərlikdən göstəriş gəlir və özü də mallara qiymət qoyulması üçün alıcıların mallara baxmasını və s. bu kimi işləri görüb alıcıların həmin mallara hansı qiymət verə biləcəklərini müəyyən edir. Bu barədə rəhbərliyə məruzə olunur və satılmasına icazə verilərsə adi qaydada STP rəhbərliyi mallara müəyyən qiymət qoyur və satışını həyata keçirir. Təqsirləndirilən şəxs da təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində STP-nın inzibati ərazisinin girişinə gəlmiş və yanında da təxminən 2 nəfər tanımadığı şəxs olmuş, o, onunla görüşüb, anbara getmək istədiyini, qatar altlıqlarına baxmaq və onları almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs STP-nın ərazisinə daxil olmuş və metal anbarına gedib orada qatar altlıqlarına tanışları ilə baxmışdır. Daha sonra onlar işlərini bitirib çıxıb getmişlər. Həmin vaxt STP rəhbərliyi qatar altlıqlarının qiymətinin müəyyən olunması üçün alıcıların fikirlərini, təkliflərini öyrənməyini və məlumat verməyini bildirmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edib, həmin 22 ədəd qatar altlıqlarının hamısını almaq istədiyini, bir ədədinə 7000 manat pul verə biləcəyini, satışa icazə verilərsə ona məlumat verib alqı-satqı edə biləcəyini bildirmişdir. Allahverdi həmin şəxslərlə 2 dəfə də STP-nə gəlmiş və prosedur üzrə onun və yanındakıların STP-na daxil olub mallara baxmalarına və s. icazə verilmişdir. Həmin vaxtlar Allahverdi ondan xəbər gözləmiş və özü də ona məlumat verəcəyini, lakin həmin malların satışına hələ icazə verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 22000 manat beh almasından məlumatı olmamış, Sumqayıt Texnologiyalar Parkında satış bank hesabına köçürmə yolu ilə həyata keçirilir, nağd qaydada satış olmur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-186/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22000 manat pulun verilməsini özündə əks etdirən 1 ədəd “CD” disk və bu barədə əl yazısı yazılmış bir ədəd sənəd maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 22000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, evli olmasını, himayəsində dörd uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4 (dörd ) ay 20 (iyirmi) gün həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk və əl yazısı yazılmış bir ədəd sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 29 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 174 (bir yüz yetmiş dörd) manat (29x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4 (dörd ) ay 20 (iyirmi) gün həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 5000 (beş min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk və əl yazısı yazılmış bir ədəd sənəd cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 29 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 174 (bir yüz yetmiş dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar