Məhkəmə qərarları › İş №1(007)-498/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-498/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-498/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1985-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə, saat 20 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən qarajların arasında xalası qızı X1 əri Zərərçəkmiş şəxs azyaşlı övladı X2 Aysel Ağayevaya geri qaytarmamasını bəhanə edib heç bir əsas və səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, orada olan şəxslərin dincliyini pozmaqla onların narahatçılığına səbəb olan qərəzli hərəkətlər edib yumruq və təpiklə uşağı verməmək üçün müqavimət göstərən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığına qısa müddətə pozulmasına səsəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ saidin arxa səthinin və döş qəfəsinin sağ yarısının sıyrıqları və qansızması ilə müşayiət olunan hematomaları, sağ baldırın arxa səthinin şişkinlik halında əzilməsi, hər iki körücükaltı və sol əlin arxa səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 onun xalası qızı, Zərərçəkmiş şəxs isə xalası qızı Ayselin keçmiş əridir. Bəhruz və Aysel boşanmış, birgə nikahlarından doğulmuş azyaşlı övladları Nurlan məhkəmənin qərarı ilə anası Ayselə saxlanılması üçün verilmişdir. Təxminən 2022-ci ilin iyun ayında ortalarında Aysel övladı Nurlanı müvvəqqəti olaraq Masallı rayonunda keçmiş əri Bəhruzun atasına bir həftəlik təhvil vermiş, Aysel Bakıda işlərini həll etdikdən sonra Bəhruzun atasına zəng etdikdə o, Ayselə uşağın hazırda Bakı şəhərində atasının yanında olduğunu bildirmişdir. Aysel bundan sonra Bəhruzə zəng vurararaq Nurlanı ona verməsini tələb etsə də, Bəhruz uşağı anasına təhvil verməkdən imtina etmişdir. 29 avqust 2022-ci il tarixdə o, Aysel, Oktay və Müzəffər birlikdə Bəhruzun yaşadığı ünvanı müəyyən edib, onun evə gəlməsini gözləyib Nurlanı Bəhruzdan alaraq Ayselə qaytarmaq barədə qərara gəlmişlər, bu məqsədlə onlar ona məxsus “BMW” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomaşına əyləşib birlikdə ünvan 3 ünvanına gedərək Bəhruzun gəlməsini gözləmişlər. Bir az keçmiş Bəhruz piyada gələrək binanın İİ blokuna daxil olmuş, 20-30 dəqiqə sonra Nurlanla birlikdə həmin blokdan çıxmışdır. Bəhruzla Nurlan binanın sağ tərəfində keçib bir neçə metr hərəkət etdikdə o, idarə etdiyi avtomaşının mühərrikini işə salmış və Bəhruzun arxasınca sürüb saxlamış, Bəhruz arxaya tərəf çevrilib baxdıqda o, maşından düşmüş, bu zaman Bəhruz Nurlanı bərk-bərk bağrına sıxıb saxlamışdır. Daha sonra Aysel də maşından düşmüş, Bəhruz onları gördükdə qaçmağa cəhd etmişdir. O, Bəhruzdan uşağı almaq istədikdə Bəhruz özünü yerə atmış, kürəyi üzərində yerə uzanmış və əlləri, ayaqları ilə Nurlanı özünə sıxaraq buraxmaq istəməmiş, bu zaman yerdə uzanıqlı vəziyyətdə o, Bəhruzun sağ qol dirsəyindən tutub yerə paralel vəziyyətdə açaraq özünü qolunun üzərinə yıxmışdır. Həmin vaxt bir anlıq yumruq və təpiklə Bəhruzun bədəninin müxtəlif nahiyyərinə vurmuşdur ki, Bəhruzun əlləri boşalsın və onlar uşağı alsınlar. Daha sonra Oktay və Müzəffər yaxınlaşaraq Bəhruzla onu aralaşdırıb maşına əyləşmişdir. Həmin an əsəbi olduğu üçün bu hərəkətlərə yol vermiş, hadisə sadəcə bir neçə dəqiqiə davam etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid3 onun xalası qızı, Zərərçəkmiş şəxs isə xalası qızı Ayselin keçmiş əridir. Bəhruz və Aysel boşanmış, birgə nikahlarından anadan olmuş azyaşlı övladları Nurlan məhkəmənin qərarı ilə anası Ayselə saxlanılması üçün verilmişdir. Təxminən 2022ci ilin iyun ayında Aysel övladı Nurlanı Bakı şəhərində məktəblərin birinə qeydiyyat etdirmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Nurlanı müvvəqqəti olaraq Masallı rayonunda keçmiş əri Bəhruzun atasına bir həftəlik təhvil vermişdir. Aysel Bakıda işlərini həll etdikdən sonra Nurlanı rayondan götürmək məqsədi ilə Bəhruzun atasına zəng etdikdə onlara Ayselə uşağın hazırda Bakı şəhərində atası Bəhruzun yanında olduğunu bildirmişlər. Aysel bundan sonra Bəhruzə zəng vurararaq Nurlanı ona verməsini tələb etsə də, Bəhruz uşağı anası Ayselə təhvil verməkdən imtina etmişdir. Aysel övladını görmək məqsədi ilə ağladığı üçün onlar Nurlanı Bəhruzdan alıb Ayselə qaytarmaq qərarına gəlmiş, 29 avqust 2022-ci il tarixdə, saat 19 radələrində xalasıoğlu Oqtayla birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında Bəhruzun gəlməsini gözləmişlər. Bir az keçmiş Bəhruz metrodan çıxıb yaxınlıqda olan Heydər Əliyev parkı istiqamətində hərəkət etməyə, o da Oqtayla birlikdə Bəhruzun arxasınca düşüb onu izləməyə başlamışdır. Bəhruzu ünvan 3 ünvanına qədər izləmiş, daha sonra Amidə zəng edib olduqları yeri bildirmiş, bir az keçmiş Amid və Aysel “BMW” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomaşınla həmin ünvanına gəlmişlər. Həmin vaxtı Amid və Aysel maşında əyləşmiş, o və Oktay isə binanın qarşısında gəzişmişlər. Beləliklə 20-30 dəqiqə sonra Bəhruz yanında Nurlanla birlikdə həmin binanın İİ blokundan çıxmış, Bəhruzgil binanın sağ tərəfindən keçib bir neçə metr hərəkət etdikdə Amid idarə etdiyi avtomaşının mühhərikini işə salmış və Bəhruzun arxasınca sürüb saxlamışdır. Bəhruz arxaya tərəf çevrilib baxdıqda Amid maşından düşmüş, Bəhruz onları gördükdə qaçmağa cəhd etmiş, bu vaxtı xalasıoğlu Bəhruzdan uşağı almaq istədikdə Bəhruz özünü yerə atmış, kürəyi üstdə yerə uzanmış, əlləri və ayaqları ilə Nurlanı özünə sıxaraq buraxmaq istəməmişdir. Amid Bəhruzun sağ qol dirsəyindən tutub yerə paralel vəziyyətdə açaraq özünü qolunun üzərinə yıxmış, bu zaman uşağın əzildiyini bildirmiş, lakin Bəhruz əhəmiyyət vermədiyi üçün Amid də yumruq və təpiklə Bəhruzun bədəninin müxtəlif nahiyyələrini vurduqdan sonra Bəhruzun qolları və ayaqları boşaldığı üçün Aysel uşağı Bəhruzun əlindən alıb maşına əyləşmiş, onunla X9 ayırdıqdan sonra Amidin maşınına əyləşmişlər. Amid isə Bəhruza nə səbəbə uşağı vermək istəmədiyini dedikdə Bəhruz da həmin vaxtı yerdən telefonunu axtarmışdır. Bundan sonra Amid maşına əyləşmiş birlikdə ona məxsus Nizami rayonu, “Xalqlar Dostluğu” metrosu yaxınlığında İ.Məmmədov küçəsi, ev 2\4, mənzil 3 ünvanına getmişlər. Hadisə baş verən zamna Bəhruzu Amiddən başqa heç kim vurmamışdır. Orada olan Aysel, Oktay və o, Bəhruzu vurmamışlar. Oktayla o, Amidlə Bəhruzu ayırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 3, mənzil 34 ünvanında kirayə yaşayır. 2021-ci ilin noyabr ayında “Avtodetal mağazalar" şəbəkəsində satış menecer işləyir. Şahid3 onun keçmiş arvadıdır. 30 sentyabr 2019-cu il tarixdə Masallı rayon məhkəməsinin qərarı ilə arvadı Ayseldən rəsmi boşanmışdır. Onların birgə nigahdan 10 yaşlı Nurlan adlı övladı olmuşdur. Məhkəmənin qərarı ilə Nurlan anası Ayselə saxlanılması üçün verilmişdir. Ona isə həftədə bir dəfədən az olmayaraq Nurlanı görmək üçün icazə verilmişdir. Belə ki, hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-a qədər olan müddət ərzində ona görüş üçün icazə verilmişdir. Təxminən 2022-ci ilin iyun ayında ortalarında məktəblərdə tətil olduğundan övladı Nurlan anası Aysel ilə birlikdə Masallı rayonuna getmişlər. Həmin vaxtı Ayselin şəxsi işləri olduğu üçün Nurlanı rayonda anası və atasına həvalə etmişdir. Nurlanla öz atası və anası evdə kobud rəftar etdiyindən uşaq ana babası və nənəsinin evində qalmaq istəməmişdir. Belə olan halda o, övladı Nurlan üçün darıxdığından 18 iyun 2022-ci il tarixdə Masallı rayonunda yaşayan anasının evinə getmişdir. Həmin gün Nurlanı özü ilə birlikdə götürüb ünvan 5 ünvanına gətirmişdir. O, Nurlana baxılması üçün evə dayə dəvət etmişdir. Nurlanın bütün xərclərini təkbaşına ödəmişdir. Gündəlik səhər işə gedəndə Nurlanı dayəsinə təhvil vermiş, axşam isə işdən qayıdanda ondan təhvil almışdır. Bunu dayəsi də təsdiq edə bilər. 2022-ci ilin avqust ayında Yasamal RPİ-dən ona zəng olunaraq polisə dəvət olunmuşdur. Polisdə olan zaman ona övladı Nurlanı oğurlamasını bildirmişlər. Həmin zaman Aysel və xalası oğlanları da polisdə olmuşlar. O, polisdə olan zaman öz izahatını yazmışdır. Bildirmişdir ki, “övladı Nurlanın 10 yaşı tamamdır. Nurlan onunla yaşamaq istəyir”. Polislər də “Whatsapp” sosial şəbəkəsi ilə Nurlana görüntülü zəng etmişlər və Nurlandan onu qaçırdıb-qaçırtmamasını soruşduqda Nurlan könüllü şəkildə onunla yaşamaq istədiyini bildirmişdir. Nurlan anası Ayseli sevmədiyini və Aysellə yaşamaq istəmədiyini qeyd etmişdir. Beləliklə 29 avqust 2022-ci il tarixdə o, işdən evə gəlmişdir. O, hər axşam oğlu Nurlanı geyindirib birlikdə parka əyləndirmək üçün hazırlaşdırmışdır. Onlar birlikdə həyətə düşmüşlər. Saat 20 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15 ünvanında Nurlanla binaların yanından piyada keçən zaman arxadan açıq mavi rəngli dövlət nömrə nişanını dəqiq xatırlamadığı "BMW E39” markalı avtomaşın gəlib yanında saxlamışdır. O, həmin maşına tərəf baxdıqda maşından Ayselin xalası övladları Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və keçmiş arvadı Şahid3 düşərək üzərinə hücum çəkmişlər. O, cəld Nurlanı qucaqlayıb arxaya çevrilərək qaçmaq istədikdə onlardan Oktay onun sol qolundan, Müzəffər isə sağ qolundan tutaraq qolunu arxadan boynuna keçirdib boğmağa başlamışdır. O, halsız vəziyyətdə kürəyi üzərində yerə yıxılmışdır. Müzəffər yerdə kürəyi üzərində uzanıqlı vəziyyətdə olan zaman təpiklə və yumruqla onu vurmağa davam etmişdir. Amid isə yerdə uzanıqlı vəziyyətdə olan zaman zərbə ilə sağ qolundan vurmuşdur. Bu vaxtı onda zob xəstəliyi olduğu üçün qışqırmaqdan boğulmağa başlamış və əli boşalmışdır. Bu vaxtı ətrafda çoxlu adamlar olmuşdur. O, həmin şəxslərdən bir neçəsini üzdən tanıyır. Onun qışqırtısına yan binanın da sakinləri başlarına toplaşmışmışlar. Həmin adamlar Oktay, Müzəffər və Amidin əlindən onu almağa çalışmışlar. Lakin hər üçü kim yaxın durarsa, onlar üçün də pis olacağını bildirmişlər. Aysel bu vaxtı Nurlanı qucağından alıb maşına əyləşdikdə Oktay, Amid və Müzəffər də maşına əyləşmişdir. O, ayağa qalxıb telefonunu götürmək istədikdə onların hər üçü, yəni Amid, Müzəffər və Oktay maşından düşüb təkrar onun üzərinə gəlmişlər. Oktay və Müzəffər onun yan tərəfindən təpiklə vurmağa başlamışlar. O, arxaya doğru getmiş və bir anda ayağı beton səkiyə dəyərək büdrəmişdir. Amidgil isə cəld avtomaşına əyləşib sürətlə oradan uzaqlaşmışlar. O, baş verən hadisə haqqında dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bir az keçmiş hadisə yerinə Nizami RPl-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 796 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin arxa səthinin və döş qəfəsinin sağ yarısının sıyrıqları və qansızması ilə müşayiət olunan hematomaları, sağ baldırın arxa səthinin şişkinlik halında əzilməsi, hər iki körücükaltı və sol əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematomalar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xarakterlərini nəzərə alaraq demək olar ki, qeyd ediləən xəsarətləri şəxdin özü tərəfində özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən və məhkəmənin hazırlıq iclası zamanı verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən qohumluq münasibətləri barədə məlumatlardan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü X7 və X6 adında 2 azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əvəllər məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də dindirilmiş, təqsirləndirilən şəxs qismində dindirilməsi xx.xx.2022-ci il tarixdə, 15:20-də başa çatmış, yalnız bundan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, o, faktiki olaraq 03 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay ( altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 03 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 24 gün (beş ay iyirmi dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 198 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar