Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-498/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X10 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 oğlunun və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Həsən oğlunun iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X10 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə Bakı Məişət Kondisioner Zavodunda Bakkondisioner “EİB”-də, "xxxx" MM İtaliya- Azərbaycan Müştərək Müəssisəsində, X15 Su Cəmiyyəti Bakı şəhər Su Satışı İdarəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi-Tədqiqat İnstitunda işləmiş, müxtəlif dövrlərdə ayrı-ayrı rəhbər vəzifələrdə çalışmışdır. Texnika elmləri doktoru, professor elmi dərəcəsi vardır, 110dan artıq elmi əsərin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 3 metodiki göstərişin, 3 ixtiranın müəllifidir. Onun məqalələri həm ölkədə, həm də xarici ölkələrin ən aparıcı jurnallarında dərc edilmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə “Texnika elmləri namizədi” alimlik dərəcəsini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə dosent elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika Elmləri doktoru, “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Mineral xammal ehtiyatlarından istifadədə səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramı günü münasibəti ilə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan və X2 həqiqi üzvü, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komitəsinin “Yer elmləri” üzrə ekspert şurasının üzvüdür. O, həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmiş, dövlətin ictimai-siyasi fəaliyyətində həmişə aktiv şəkildə iştirak etmişdir. xx.xx.1992-ci ildən X9 üzvüdür. Həmçinin, YAP Xətai rayon R.Məmmədov Ərazi Təşkilatının sədridir. Rəhbərlik etdiyi kollektivlərdə həmişə peşəkar və səmərəli fəaliyyəti ilə rəğbət qazanmışdır. Bu vaxta rəhbərlik etdiyi kollektivlərdə işçilərlə onun arasında konfliktlər və narazılıqlar olmamışdır. 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı ilə təltif edilmişdir. Həmçinin, Yeni Azərbaycan Partiyasının çoxsaylı fərmanları ilə təltif edilmiş, partiyanın çoxsaylı tədbirlərində iştirak etmişdir. X7 rəhbərlik etdiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Elmi-tədqiqat İnstitutunun sabiq direktor müavinidir. O, xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri cənab Vüqar Mustafayevə müraciət edərək, Hüseyn Adıgözəlovdan 15.000 (on beş min) manat pul alaraq, onu pensiya vaxtında işində saxlamağa vəd verib aldatmaqda ittiham etmişdir. Bununla yanaşı Hüseyn Adıgözəlov onu institutun balansında olan nəqliyyat vasitələrinin yağ dəyişmələri və təmiri üçün 1200 (min iki yüz) manat, texniki baxış üçün 1300 (min üç yüz) manat, institutun təsərrüfat işləri və həyətinin təmiri üçün 2500 (iki min beş yüz) manat pul vəsaitini mənimsəməkdə, ayrı-ayrı işçilərdən 5000 (beş min) manat pul almaqda, öz şəxsi marağı üçün ondan ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pul vəsaitini almaqda ittiham etmişdir. Həmçinin, Hüseyn.Adıgözəlov onu həmkarlar adı altında qara kassa yaradıb çirkli pulların yuyulmasını mənimsəməklə cinayətlər törətməyi davam etdirməkdə ittiham etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən X4 xx.xx.2025-ci il tarixli şikayət ərizəsində qeyd edilən faktlar üzrə araşdırma aparılmış və Hüseyn Adıgözəlovun onun barəsində bildirdiyi faktlar öz təsdiqini tapmamışdır. Bu barədə nazirliyin aparat rəhbəri tərəfindən X6 xx.xx.2025-ci il tarixli, 3-26-09/2-A-xx-xx/2025 saylı məktub göndərilmişdir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs onun birbaşa rəhbərinə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirinə ünvanlanmış müraciətdə 15.000 (on beş min) manat məbləğində, yəni külli miqdarda rüşvət almaqda ittiham edir və qanunvericiliyin tələblərinə əsasən həmin əməl ağır cinayətlər kateqoriyasına daxildir. Qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Cinayət hüququna görə əməldə cinayət tərkibinin olması üçün 4 əsas şərt vacibdir: cinayətin subyekti, cinayətin obyekti, obyektiv cəhət və subyektiv cəhət. Həmin cinayətdə cinayətin subyekti-barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8, cinayətin obyekti xüsusi ittihamçı X10 alçaldılmış və təhqir olunmuş şərəf və ləyaqəti, işgüzar nüfuzu, cinayətin obyektiv cəhəti Hüseyn Adıgözəlovun onun barəsində birbaşa rəhbərinə yazdığı şikayət ərizəsi, yəni kütləvi çıxışda böhtan formasında ifadə olunan hərəkəti, subyektiv cəhəti isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Hüseyn Adıgözəlovun niyyətidir. Yəni, cinayətin subyektiv cəhəti -cinayətin bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyətidir. O, ictimai təhlükəli əməli etməyə qətiyyət yaradan dərk edilən tələbatı, əməlin obyektiv əlamətlərinin şüurda inikasını (ya da inikas imkanını) və bunlara münasibəti ifadə edir. Subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri qanunda göstərilir; təqsiri, motiv və məqsədi nəzərdə tutur. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxs X5 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi, Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan ən ağır cəzaya, yəni 3 il müddətə azadlıqdan məhrıım etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş X8 30 iyun 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı ərizədə göstərmişdir ki, X13 08 iyun 2025-ci il tarixdə onun barəsində xüsusi ittiham qaydasında yenidən şikayət edərək ona böhtan atdığını, buna görə də onun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittihamçının şikayətində göstərdiyi dəlillərə əsasən o, X10 barəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli şikayətində X10 ondan 15.000 (on beş min) manat pul alaraq, onu pensiya vaxtında işində saxlamağa vəd verib aldatmaqda, institutun balansında olan nəqliyyat vasitələrinin yağ dəyişmələri və təmiri üçün 1200 (min iki yüz) manat, texniki baxış üçün 1300 (min üç yüz) manat, institutun təsərrüfat işləri və həyətinin təmiri üçün 2500 (iki min beş yüz) manat pul vəsaitini mənimsəməkdə, ayrı-ayrı işçilərdən 5000 (beş min) manat pul almaqda, öz şəxsi marağı üçün ondan ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pul vəsaitini almaqda, həmkarlar adı altında qara kassa yaradıb çirkli pulların yuyulmasını mənimsəməklə cinayətlər törətməyi davam etdirməkdə ittiham etmişdir. Xüsusi ittihamçının dəlillərinə əsasən onun yuxarıda qeyd etdiyi xüsusatlar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmamış, bu barədə ona xx.xx.2025-ci il tarixdə məktub göndərilmişdir. X13 eyni xüsusatlarla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-458/2025 saylı qərarına əsasən xüsusi ittiham qaydasında şikayət vermiş X10 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin Azərbaycan Respublikası CPM-nin 39.1.6-cı maddəsinə əsasən icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X10 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, işin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinə ünvanladığı ərizədə xüsusi ittihamçını 15.000 manat məbləğində rüşvət almaqla onu işdə saxlamağa söz verməkdə, institutun balansında olan nəqliyyat vasitələrinin yağ dəyişmələri və təmiri üçün 1200 (min iki yüz) manat, texniki baxış üçün 1300 (min üç yüz) manat, institutun təsərrüfat işləri və həyətinin təmiri üçün 2500 (iki min beş yüz) manat pul vəsaitini mənimsəməkdə, ayrı-ayrı işçilərdən 5000 (beş min) manat pul almaqda, öz şəxsi marağı üçün ondan ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pul vəsaitini almaqda, həmkarlar adı altında qara kassa yaradıb çirkli pulların yuyulmasını mənimsəməklə cinayətlər törətməyi davam etdirməkdə ittiham etmiş və araşdırma nəticəsində bu hal öz təsdiqini tapmamışdır. Belə olduğu halda təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası CPM-in 302.2.2-ci maddəsinin imperativ şərtinə əsasən bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda (barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda) xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Odur ki, X5 Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün işin istintaq aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 etirazının dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə və Baş Prokurorluğa müraciətlər etmişdir, Mürsəl Əliyev onun pulunu almış və qaytarmamışdır, pulunu qaytarmaq əvəzinə şantaj və təhqirlərdən istifadə edir. O, Mürsəl Əliyev haqqında mətbuatda, həmçinin kollektivdə heç nə danışmamışdır. O, Xətai rayon prokurorluğuna da müraciət etmişdir, əgər lazım gələrsə oraya da sübutlarını təqdim edəcəkdir. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 vəkili Müdafiəçi bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarına əsasən “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” Göründüyü kimi X5 Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə müraciətində göstərdiyi məlumatlar həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin əsassız olduğuna görə icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası CPM-nin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Lakin hazırkı iş üzrə məhkəmənin müvafiq qərarı olmadığı halda, X13 öz şikayətində barəsində şikayət verilmiş X1 təqsirləndirilən şəxs qismində təqdim etmişdir. Hansı ki, prosessual hüquq normaları baxımından bu hala yol verilmir, məhkəmənin xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməsindən və məhkəmə baxışının təyin olunması barədə qərarının surətini aldıqdan sonra cinayət əməlini törətmiş şəxs təqsirləndirilən şəxs statusunu əldə edir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Cinayət qanunvericiliyinə görə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs böhtan xarakterli məlumatların şikayətdə əks olunduğunu qeyd etmişdir. Göründüyü kimi böhtan xarakterli məlumatların şikayətdə əks olunması həmin şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsini istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 saylı qərarına əsasən hər iş saatına 11 manat miqdarında əmək haqqı ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X10 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 hüquqlarının müdafiəsi üçün 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-498/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-498/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver