Məhkəmə qərarları › İş №1(007)-499/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-499/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-499/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmış, barəsində axtarış verilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 birgə ət ticarəti ilə məşğul olacaqlarına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla 02 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında ondan 5000 manat, bir həftə sonra, yəni 2023-cü ilin mart ayının ortalarında ünvan 3 ünvanında yerləşən mağazada mobil tətbiq vasitəsilə ona məxsus, istintaqa məlum olmayan koda və banka məxsus karta köçürülmüş 300 manat, ünvan 4 ünvanında yerləşən “Bazarstore” supermarketdə olan “Milliön” terminalından ona məxsus həmin karta köçürülmüş 200 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 5500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 126 ünvanda yerləşən heyvan kəsim məntəqəsində Zərərçəkmiş şəxs1 məxsus 5.600 manat dəyərində 502 kiloqram çəkidə camış ətinin pulunu növbəti gün, yəni 29 yanvar 2024-cü il tarixdə ödəyəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq, etibarından sui-istifadə etməklə sonuncudan 28 yanvar 2024-cü il tarixdə qeyd edilən ünvanda 5.600 manat dəyərində 502 kiloqram camış ətini qəbul edib ələ keçirərək, sonradan dəyərindən ucuz qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında, tanışı Anarla birlikdə Xətai rayonu, Telnov küçəsində yerləşən “Legenda" kafesində çay içərkən söhbət əsnasında ona birgə ət alveri etməyi təklif etmiş, o da tanıdığı şəxs kimi buna razılıq vermişdir. 02 mart 2023- cü il tarixdə saat 23 radələrində Anarla Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasının qarşısında görüşərkən 5.000 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra 1 həftə ərzində işə başlayacağını və əldə etdiyi gəliri bərabər böləcəklərini demişdir. O, İmişli rayonundan 3 ədəd iri buynuzlu heyvan alaraq Bakı şəhərinə gətirib kəsməklə Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”da ət satışı məntəqələrinə vermişdir. Borcu olduğu üçün Anara pul verə bilməmişdir. Bundan sonra Anar ondan şübhələnərək pulunu geri istəmiş, o isə maddi imkanı olmadığı üçün Anardan almış olduğu 5.000 manat pulu qaytara bilməmişdir. Borclarını ödəmək üçün ət alıb satmaq qərarına gəlmişdir. Təxminən 2 il əvvəl Maştağa qəsəbəsində yerləşən mal bazarında iribuynuzlu heyvanlar satdığından Bəxtiyar adlı şəxsi tanımış, onunla alver etməsə də onu üzdən tanımışdır. 26 yanvar 2024-cü il tarixdə o, Bəxtiyara zəng edərək nisyə şəkildə ət lazım olduğunu bildirmişdir. Lakin o, ona nisyə ətinin olmadığını demişdir. Daha sonra Bəxtiyar ona zəng edərək satmağa əti olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə Bəxtiyarın işlətdiyi qəssabxanaya getmişdir. Bəxtiyar ona 03 baş camışının olduğunu və kəsilmiş formada ətin kilosunu 11 manat 50 qəpikdən satacağını demişdir. O, onunla razılaşmış və qəssabxanada olan şəxsin iştirakı ilə əlyazma formasında pulu xx.xx.2024-cü il tarixdə ödəyəcəyini öhdəsinə götürməsi barədə kağıza qeydlər etmişdir. Qəssabxanadan çıxdıqdan sonra Ramana qəsəbəsində yerləşən fermaya getmişlər və camışlara baxmışlar. Həmin heyvanları Bəxtiyarın gətirdiyi avtomobilə yükləyərək Bəxtiyarla birlikdə Heydər Əliyev prospektində yerləşən kəsim sexinə gətirmişlər. Heyvanları kəsdikdən sonra ətlərinin çəkisinin 502 kiloqram olduğunu görmüşlər, 5.600 manata onunla razılaşmışlar. Tanışı Anar adlı şəxsə zəng edərək satmaq üçün ət olduğunu bildirmişdir. Anar kəsim məntəqəsinə “Hyundai” markalı yük avtomobili göndərmişdir, əti avtomobilə yükləmişlər. O, yük avtomobilinin sərnişin oturacağına əyləşmişdir. Dəqiq ünvanını xatırlamadığı əraziyə getmişlər. Orada Anarla görüşmüşlər. Anarla birlikdə əti alacağını bildirdiyi ət satışı məntəqəsinə getmişlər, lakin ora bağlı olduğundan Anarın dediyi başqa yerə getmişlər. Anar və həmin şəxs əti boşaltmışlar. Daha sonra Anar ətin camış əti olduğunu və 7 manatdan hesablayaraq ona ödəniş edəcəyini bildirmişdir. O, onunla razılaşmış və Anar ona 2.400 manat pul vermişdir. Lakin onun Anara 200 manat borcu olduğundan həmin pulu ona vermiş, 200 manat pulu isə əti daşıyan avtomobilin sürücüsünə yol xərci olaraq ödəməsi üçün Anara vermişdir. Anar qalıq pulun 2-3 gün ərzində ona veriləcəyini bildirmişdir. O, 2.000 manat pulu borclarını ödəmək üçün müxtəlif şəxslərə vermişdir. Daha sonra Anar onunla əlaqə yaradaraq ətin piylərini və lazımsız olan hissələrini çıxdığını və 418 kiloqram ət qaldığını bildirmişdir. O, ona narazılığını bildirsə də onunla razılaşmışdır. Təxminən 3 gün sonra Anar ona zəng etmiş və Maştağa qəsəbəsi ərazisində onunla görüşmüşlər və ona 100 manat pul vermişdir. Daha sonra onun ona “Whatsapp” ani mesajlaşma vasitəsilə “Kapital Banka” məxsus plastik karta müxtəlif vaxtlarda dəqiq miqdarını xatırlamadığı məbləğlərdə pullar göndərmiş və ona sonuncu dəfə 2024-cü ilin fevral ayında 170 manat pul vermişdir. Ümumilikdə ona təxminən 3.000 manat ödəniş etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən iki övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayından etibarən Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə icarə əsasında götürdüyü qəssabxanada ət alveri edir. 26 yanvar 2024-cü il tarixdə ona tanımadığı nömrədən zəng gəlmiş və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona satmaq üçün heyvan olub-olmadığını soruşmuşdur. O, 3 ədəd camışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona görüşərək heyvanları almaq istədiyini bildirmiş, onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə işlətdiyi qəssabxanaya dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs qəssabxanaya gəlmiş, heyvanları almaq istədiyini bildirmişdir. Orada onunla ətin kəsilmiş halda kilosunu 11 manat 50 qəpiyə razılaşmışlar. Qəssabxanada olan zaman tanışı X1 iştirakı ilə kağıza əlyazma ilə yazaraq xx.xx.2024-cü il tarixdə pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Daha sonra heyvanları görmək istədiyini bildirmişdir. O, onu heyvanları saxladığı Ramana qəsəbəsində yerləşən fermaya aparmışdır. Orada saxladığı 3 ədəd 2 yaşları olan 03 baş camışa baxmışdır. Daha sonra onun çağırdığı “Qazel” markalı avtomobilə 03 baş camışları yükləmişlər. Həmin camışları Heydər Əliyev prospektində fəaliyyət göstərən kəsim məntəqəsinə apararaq kəsdirmişlər. Çəkisi 502 kiloqram olan ətə görə 5.600 manat pul verməsinə razılaşmışlar. Onun iştirakı ilə Ruslan həmin ətləri çağırdığı avtomobilə yükləmiş və harasa aparmışdır. xx.xx.2024-cü il tarixdə o, onun vəd verdiyi vaxtda saat 10-da Təqsirləndirilən şəxs zəng etdikdə telefona cavab verməmişdir. O, 23-cü Polis Bölməsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan hal-hazırda tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Ruslanı 2023-cü ilin yanvar ayının əvvəllərindən dostu Eminin vasitəsilə tanımış, onun ət satışı ilə məşğul olduğunu bilmişdir. 2023-cü ilin fevral ayının sonlarında o, Ruslanla birlikdə Xətai rayonu, Telnov küçəsində yerləşən “Legenda” kafesində çay içərkən söhbət əsnasında ona birgə ət alveri etməyi təklif edərək bu işdə yaxşı gəlirlərinin olacağını demişdir. O da bu barədə düşünəcəyini bildirmişdir. Bundan sonra Ruslan bir neçə gün ərzində onunla tez-tez telefon əlaqəsi saxlayaraq həmin işə yatırım etməyi üçün pul verməyini demişdir. O da Ruslanın onun xeyrinə iş görmək istədiyinə inanaraq birgə alver etməyə razılaşmış və hansı məbləğdə pul qoyacağını soruşmuşdur. Ruslan ilkin olaraq 5.000 manat pul verməyini və ucuz qiymətə xırda və iri buynuzlu diri heyvan alacağını demişdir. 02 mart 2023-cü il tarixdə, Ruslan ona zəng edərək görüşmələrini və gələrkən isə 5.000 manat pulu gətirməyini demişdir. O da həmin gün saat 23 radələrində Ruslanla “Əhmədli” metrostansiyasının qarşısında görüşərkən 5.000 manat pulu ona vermişdir. Ruslan pulu aldıqdan sonra dərhal işə başlayacağını demişdir. Bundan 1 həftə sonra isə ona əlavə olaraq 500 manat pul lazım olduğunu demişdir. O, həmin pulu isə Qaraçuxur qəsəbəsində yerləşən və işlədiyi mağazada olarkən öz kartından 300 manat, 200 manatı isə yaxınlıqda yerləşən “Bazarstore”dən “milliön” vasitəsilə Ruslanın ona göndərmiş olduğu kart hesabına göndərmişdir. Pulu göndərdikdən təxminən bir ay sonra o, ondan işin nə yerdə olduğunu soruşduqda Ruslan ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. O, Ruslana vermiş olduğu 5.500 manat pulu geri qaytarmasını tələb etsə də pulunu qaytarmadığı üçün onun barəsində şikayət etmək qərarına gəlmiş və bu barədə şikayət etmişdir. Ona dəymiş ziyan hal-hazırda tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, “Azmeat” şirkətində sürücü kimi işləyir. xx.xx.2024-cü il tarixdə o, həmin şirkətə məxsus olan “Hyundai H78” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Həmin gün iş gec bitdiyindən o, həmin idarə etdiyi avtomobili şirkətə məlumat verərək yaşadığı ünvana aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində ona əvvəlcədən tanımadığı bir nəfər şəxs zəng edərək özünü Ruslan kimi təqdim etmiş və Heydər Əliyev prospektində yerləşən kəsimxanada olduğunu, orada iki baş malının kəsildiyini və həmin ətləri daşımaq lazım olduğunu bildirmişdir. O, onunla razılaşmış və təxminən yarım saata Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən kəsimxanaya gəlmişdir. Orada mobil telefonda danışdığı Ruslan adlı şəxslə görüşmüşdür. O, ona bir ədəd heyvanın kəsilməsi prosesinin qaldığını, həmin heyvan kəsildikdən sonra ona Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedəcəklərini bildirmişdir. O, orada təxminən yarım saat gözləmiş, heyvanlar kəsilib qurtardıqdan sonra ətlər onun idarə etdiyi “Hyundai H78” markalı, 90- PK-370 dövlət nömrə nişanlı avtomobilə yüklənmişdir. Ruslan avtomobilin qabaq oturacağına əyləşmiş, yola çıxdıqdan sonra Sabunçu rayonu ərazisində yerləşən Sabunçu keçidinə çatan zaman Ruslan avtomobili saxlamağını bildirmişdir. Avtomobildən düşmüş və ona işarə edən zaman arxasınca gəlməyini bildirərək orada dayanan ağ rəngli “Hyundai” markalı avtomobilə əyləşmişdir. O, həmin avtomobilin arxasınca hərəkət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən vağzalın arxa hissəsində olan həyətin qarşısına gəlmişdir və avtomobildən ətləri həmin həyətə aparmışlar. Ətlər boşaldıldıqdan sonra Anar ona yaxınlaşaraq 100 manat pul vermiş və o, avtomobili sürərək oradan uzaqlaşıb getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Fərmail İmanovun vəsatəti təmin edilməmiş və Zərərçəkmiş şəxs1 həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində axtarış elan edilmişdir. - təqsirləndirilən şəxsin tutulması haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış verilmiş Zərərçəkmiş şəxs1 14 iyun 2024-cü il tarixdə saat 21:30-da tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-183/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmışdır. - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - əməlin tövsif edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - cinayət işlərinin birləşdirilməsi haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi üzərində “Mən, Təqsirləndirilən şəxs xxxxxxx nömr. vəsiqənin sahibi AA*******. 3 ədəd Mal.Kəlcə Bəxtiyardan götürürəm. Şahid X2. Malın pulun 29.01.24. saat 10-dək verəcəm” sözləri və imza olan kağız və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul almasına dair səs yazısının olduğu “DVD” disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddəlırlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5 (beş) ay 15 (on beş) gün həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk və üzərində Təqsirləndirilən şəxs əlyazması olan bir ədəd kağız vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5 (beş) ay 15 (on beş) gün həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk və üzərində Təqsirləndirilən şəxs əlyazması olan bir ədəd kağız vərəq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar