Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-5/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1991-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə elmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 05 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanda yerləşən “Retard Buta” aptekinin qarşısında Zərərçəkmiş şəxs1 əynində olan qara rəngli şalvarın arxa cibindən 14 manat balansa sahib 8 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, üzərində 10 manat dəyərində qoruyucu üzlük olan 1000 manat dəyərində “İphone 11” markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 1032 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 04 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsində şəxsiyyəti istintaqa məlum olmayan Cavid adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,265 qram narkotik vasitə heroini əldə edib saxlamaqla daşımış va həmin gün, saat 17:10 radələrində Suraxanı RPİ-nin NMB-nın əməkdaşlarının keçirmiş olduğu əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Suraxanı RPİ-nə gətirilmiş və idarədə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı kağız bükümdə təmiz çəkisi 0.265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgə əmlakını ələ keçirmək məqsədi ilə 08 may 2021-ci il tarixdə qonaq getdiyi tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nizamı rayonu, Cəmşid Naxçıvanski küçəsi, 63 saylı evin 3 saylı mənzilində sonuncuya bir nəfər tanışına zəng etməli olduğunu, lakin özünə məxsus telefonda danışıq dəqiqələrinin (kontur) olmamasını bildirib Zərərçəkmiş şəxs2 10 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən “Samsung Galaxy A 51” markalı mobil telefonunu danışmaq adı ilə istəyib danışığını bitirdikdən sonra geri qaytaracağına yalan vəd verərək, etibarından suiistifadə edib aldatma yolu ilə alaraq ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs2 1010 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 1 ildən çox olar ki, narkotik maddə heroini mütəmadi olaraq istifadə etmişdir. Narkotik maddə heroini mütəmadi olaraq Suraxanı rayonu ərazisində kirayədə yaşadığı Cavid adlı şəxsdən almışdır. Lakin sonuncu Suraxanı RPİ tərəfindən həbs olunduqdan narkotik vasitəni müxtəlif vaxtlarda, müxtəlif yerlərdə, müxtəlif şəxslərdən almışdır. Narkotik vasitəni almaq üçün maddi vəziyyəti imkan vermədiyindən cinayət törədərək əldə etdiyi mobil telefonları sataraq əldə eldiyi pula narkotik vasitə almışdır. Belə ki, 05 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Talıblı küçəsində yerləşən “Hədəf” hazırlıq kursuna doğru gedən yolda tanımadığı bir nəfər oğlan uşağının əlində “İphone 11” markalı mobil telefon olmasını görüb, həmin uşağı aldadaraq mobil telefon aparatını ələ keçirmək istəmişdir. Əvvəlcə uşağa yaxınlaşaraq danışmaq adı ilə telefonu istəmiş, lakin uşaq danışıq üçün telefonunun hesabında pul olmamasını bildirdiyindən o, sonuncu ilə söhbətdə adının Nicat olmasını və Kürdəmir rayonundan olmasını öyrəndiyindən, özünü Kürdəmirli kimi təqdim edərək münasibət qurmuş və uşaq telefonunun hesabına pul vurduqdan sonra telefonu danışmaq adı ilə sonuncudan alaraq onun üçün aptekdən dərman almasını xahiş etmişdir. Uşaq aptekə girdikdən sonra o, telefonu götürüb oradan uzaqlaşmış və telefonu sataraq əldə etdiyi pula narkotik vasitə alıb istifadə etmişdir. Lakin, o, hazırkı iş üzrə narkotik vasitə saxlaması barədə ittihamı qəbul etmir, çünki polis əməkdaşları onu saxlayıb bölməyə gətirən zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Bununla belə polis əməkdaşları ona guya üzərində narkotik vasitə olmasını etiraf etməyi təklif etmişlər, etiraf etmədiyi təqdirdə isə onu daha ağır ittihamla məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitə saxladığını boynuna götürmüş və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokola və başqa bir neçə sənədə, onların məzmunu ilə tanış olmadan imza etmişdir. Bundan başqa, o, əvvəllər cəza çəkdiyi müddətdə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Həbsdən çıxdıqdan sonra Rafiqi bir neçə müddət görməmişdir. 2021-ci ilin may ayında təsadüfən Rafiq ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8 km bazarında qarşılaşmışdır. Bundan sonra yenidən münasibətləri yaranmışdır. 08 may 2021ci il tarixdə Rafiq onu yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 67 saylı evin 3 saylı mənzilinə dəvət etmişdir. O, Rafiqin evinə gedərək orada bir qədər oturub çay içdikdən sonra Rafiqin əlində “Samsung A51” markalı mobil telefon aparatını görərək həmin telefonu ələ keçirmək qərarına gəlmiş və buna görə də danışmaq adı ilə telefonu Rafiqdən istədikdə Rafiq etiraz etməyərək telefonu ona vermişdir. O, telefonu qulağına tutaraq özünü guya danışırmış kimi aparmış və evin dəhlizinə çıxaraq oradan getmişdir. Səhərisi günü mobil telefon aparatını sataraq əldə etdiyi pula özü üçün narkotik alaraq istifadə etmişdir. Bundan əlavə o, özünü sadəcə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilir, oğurluq əməlinə münasibətdə isə qeyd edir ki, o, zərərçəkmiş Qanuni nümayəndə mobil telefonunu onun cibindən götürməmiş, əksinə etibarından istifadə edib götürmüşdür. Narkotik maddəni isə ümumiyyətlə üzərində saxlamamışdır və bölmədə də üzərindən aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 01 mart 2022-ci ildə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, 08 may 2021-ci il tarixdə dostları ilə birlikdə çay içdikdən sonra oradan yıxaraq evə gedən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə aldığı Anarla qarşılaşmışdır. Bundan sonra o, Anarla birlikdə yaşadığı evə gəlmiş və evdə olan zaman Anar ondan üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A51” markalı mobil telefon aparatını danışmaq adı ilə istəmiş, o, telefon aparatını danışması üçün Anara vermişdir. Anar telefonla bir qədər danışdıqdan sonra ona qaytarmışdır. Lakin bir qədər sonra Anar telefonu yenidən ondan istəmiş və telefonu qulağına tutaraq evin dəhlizinə doğru danışa-danışa getmişdir. Lakin sonradan Anarın səsinin dəhlizdən gəlməməsini görüb dəhlizə çıxarkən Anarın mənzili tərk edib getməsini aşkar etmişdir. O, başa düşmüşdür ki, Anar onun etibarından sui-istifadə etməklə mobil telefon aparatını ələ keçirmişdir. Həmin hadisə zamanı, üzərində 10 manat dəyərində ***- ***-**-** mobil nömrə olan 1000 manat dəyərində “Samsung A51” markalı mobil telelon aparatının ələ keçirilməsi nəticəsində ümumilikdə ona 1010 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs2, dəymiş ziyanı ödəmədiyi üçün təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını bildirmişdir Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə onun növbəti məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, qərarın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsə də, həmin şəxsin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 10-cu sinif şagirdidir və “Hədəf” hazırlıq kursuna gedir. 05 noyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Əsəd Əhmədov küçəsi ilə “Hədəf” kurslarına tərəf getmişdir. Həmin küçədə “Akvarium” adlanan obyektin reklamının yerləşdiyi yerin qarşısında olan zaman tanımadığı bir nəfər şəxs yaxınlaşaraq adının Nicat olub-olmadığını soruşmuş, o isə həmin şəxsə Kürdəmirdən olduğunu bildirmişdir. Bu məzmunda danışa-danışa onlar “Hədəf” kursuna doğru getmiş, danışıqları zamanı həmin şəxs ona Kürdəmirdən tanıdığı bir neçə nəfərin adını çəksə də, o, həmin şəxslərdən yalnız Yaqub adlı şəxsi tanıdığını bildirmişdir. Həmin şəxs adının Cavidan olmasını, 1994-cü il təvəllüdlü olmasını bildirmişdir .Onlar “Günəş petrol” YDM-ni keçib, İşıq idarəsinin qarşısı ilə irəliləyən zaman adının Cavidan olduğunu deyən şəxs ondan telefonunun danışıq balansının olub-olmamasım soruşmuş, o, həmin şəxsi tanımadığı üçün telefonunu götürüb qaça biləcəyini düşünərək danışıq üçün balansının olmamasını bildirmişdir. Daha sonra onlar irəliləyən zaman həmin şəxs Bakı şəhərinə işləmək üçün gəldiyini, onu uşaqlıqdan tanıdığını, hətta onların evində belə olduğunu bildirmişdir. Yol boyu özünə məxsus “İphone 11” markalı mobil telefon aparatı öz əlində olmuşdur. “Topçubaşov adına X5” ilə üzbəüzdə olan aptekə çatan zaman orada əvvəldən tanıdığı əqli qüsuru olan bir şəxs ona yaxınlaşmış, bu zaman o, əlində olan telefonunu şalvarının sağ arxa cibinə qoymuşdur. Daha sonra həmin əqli qüsurlu şəxs onun qolundan dartmağa çalışarkən adının Cavidan olduğunu deyən şəxs sağ əli ilə onun belinin arxa tərəfindən qucaqlayaraq oradan bir qədər kənara çəkmişdir. O, həmin şəxsə aptekə girərək maska almalı olduğunu bildirmiş, həmin şəxs isə onu bayırda gözləyəcəyini bildirmişdir. O, aptekdə olan zaman mobil telefon aparatının cibində olmamasını aşkar etmiş və bu zaman Cavidan kimi özünü təqdim edən şəxsin onun belindən qucaqlayan zaman mobil telefon aparatını cibindən oğurladığını başa düşmüşdür. Bundan sonra o, bu barədə polisə şikayət etmişdir. Hadisə nəticəsində üzərində hesabında 14 manat dəyərində danışıq dəqiqəsi olan 8 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat dəyərində üzlük olan 1000 manat dəyərində “İphone 11” markalı mobil telefon aparatı oğurlanmışdır. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya qohumluğu olmamışdır. 04 yanvar 2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat idarə rəhbərliyinə məruzə olunaraq əməliyyatın keçirilməsi barədə razılıq əldə edildikdən sonra, bu barədə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün Təqsirləndirilən şəxs adlı şəxsin olduğu yer müəyyən edilərək birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsinə gəlmişlər. Həmin ünvanda 7 saylı evin qarşısında bir nəfər xarici əlamətlərinin Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra tərəflərindən həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Suraxanı RPİ-nə getməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşdıqdan sonra birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə gəlmiş və Suraxanı RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü təqdim edərək həmın bükümdəkinin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün qonşuluqda yaşayan “Cavid” adlı şəxsdən 12 manata aldığını bildirmişdir. Daha sonra təqdim edilmiş bükülüyə baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir, həmin büküm qablaşdırılmaqla keçirilmiş tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 05 noyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi küçəsində yerləşən “Hədəf” kursunun qarşısıdır. - 31 dekabr 2020-ci il tarixli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, ********* saylı cinayət işi 31 dekabr 2020-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilov tərəfindən Zərərçəkmiş şəxs1 əmlakının gizli olaraq talanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılmışdır. - 04 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və va sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olun tünd qara (göy) rəngli şalvarının sol yan cibindən siqaretin gümüşü kağızında olan bükülünü təqdim edərək həmin bükümdəkinin narkotik vasitə olan heroin olmasını bildirərək həmin narkotik vasitəni Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində Cavid adlı şəxsdən 12 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - 05 yanvar 2021-ci il tarixli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, həmin tarixdə, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən 0.265 qram narkotik vasitə olan heroin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 05 yanvar 2021-ci il tarixli 12 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ, MET, AMP müsbət aşkar edilmişdir. - Materialların məhkəmə ekspertizasının 05 yanvar 2021-ci il tarixli 6/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.265 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd olunan narkotik maddənin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 0.215 qram hissəsi tədqiqatdan sonra qalıq qalmışdır. - 20 aprel 2021-ci il tarixli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, 26 yanvar 2021-ci il tarixdə Bakı Dəmir Yolu X1 məxsus “Kia Optima” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşından 3100 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefon aparatının gizli olaraq talanması faktı üzrə 20 aprel 2021-ci il tarixdə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş müstəntiqi, polis mayoru Cəlal Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 63 saylı evin 3 saylı mənzilidir. - xx.xx.2021-ci il tarixli “təqdim edilmiş sənədin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “İphone 11” markalı mobil telefon aparatını satarkən surətini təqdim etdiyi və üzərində qeydlər aparılmış AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. - 03 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavid İskəndərov tərəfindən ********* saylı cinayət işi ********* saylı cinayət işı ilə bir icraatda birləşdirilmişdir. - 07 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş müstəntiqi, polis kapitanı Ayxan Ağalı tərəfindən ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir - Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2021-ci il tarixli 1820 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 01 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, 08 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 1000 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefon aparatının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə 01 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır; - 10 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - 23 sentyabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.5, 178.2.2 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələrdə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ilə X2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 178.2.1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi ********* saylı cinayət işinin materiallarından ayrılmış və ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə göndərilmiş, 12 may 2021-ci il tarixdə “Honor 8X” markalı mobil telefon aparatının ələ keçirilməsi faktı üzrə toplanmış material cinayət işi materiallarından ayrılaraq ********* saylı cinayət işinə əlavə edilmiş, ********* saylı cinayət işinin materiallarından X2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işi ayrılmış və ibtidai istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0.265 qram narkotik vasitə heroin, 04 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması”nın videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD disk, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yerləşən “Retard Buta” aptekinin qarşısında Zərərçəkmiş şəxs1 əynində olan qara rəngli şalvarın arxa cibindən mobil telefon aparatının oğurlanması hadisəsi zamanı təhlükəsizlik kamerasından götürülmüş 3 ədəd fotoşəkillər, 05 noyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 7 ünvanda yerləşən “Retard Buta” aptekinin qarşısında Zərərçəkmiş şəxs1 oğurlanmış mobil telefon aparatının satışına dair götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə aşkar edilməsi ilə bağlı, polis işçiləri tərəfindən ona psixi zor tətbiq edilməsi nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu sonuncunun cibindən götürməməsi, həmin telefonu ona zərərçəkmişin özünün etibar edib verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2022-ci il tarixli tələbnaməsindən və Ucar Rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ucar Rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2012-ci il tarixdən hesablanmışdır. Qeyd olunan cəzadan Təqsirləndirilən şəxs 05 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(006)-236/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə məhkəmə istintaqı aparıldığından, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(006)-236/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmiş, həmin müddətdə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, buna görə də həmin cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.5, 178.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə həbsdə saxlama müddəti müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərədək uzadılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2021-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə məhkəməyə verilməsi, işin məhkəmə baxışına təyin edilməsi və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.215 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk, 03 ədəd fotoşəkil və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 100 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 600 manat (100x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5, 178.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(006)-236/2021 saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.215 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk, 03 ədəd fotoşəkil və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 600 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-5/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-5/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver