Məhkəmə qərarları › İş №1(007)-50/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-50/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-50/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.3.1, 177.3.1, 228.3, 232.3.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 11 ilə endirilmiş, CM-nin 95.0.3-cü maddəsinə əsasən cəza çəkdiyi dövrdə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tədbirlər təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2021ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsini özü ilə gətirdiyi şam qırıqları ilə vurub sındırmaqla avtomaşından 140 manat dəyərində 1 ədəd “SLAVMARŞ” markalı qaynaq ütüsünü gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 140 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Elantra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsini özü ilə gətirdiyi şam qırıqları ilə vurub sındırmaqla avtomaşından 160 manat nağd pulu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 160 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsini özü ilə gətirdiyi şam qırıqları ilə vurub sındırmaqla avtomaşından 130 manat dəyərində 1 ədəd qol saatı və 40 manat dəyərində cərəyan paylayıcısını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 170 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yadında qalmamışdır, polis əməkdaşları onu saxlayan zaman tək olmuş, əlində heç nə olmamışdır. O, heç bir avtomobilin şüşəsini sındırmamışdır. Üzərindən aşkar edilmiş pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, dəqiq ünvanları xatırlamır, lakin ümumi ünvanları xatırladıqda Nizami rayonu, Q.Qarayev prospekti və sonradan adını bildiyi Ə.Vəliyev küçələrində oğurluq hadisəsi və ya oğurluğa cəhd etmişdir. Onun niyyəti avtomaşınlardan tapdığı qədər, yəni 5-10 manat nə pul tapsa oğurlamaq olmuşdur. O, bilmişdir ki, insanlar avtomaşınlarında çox məbləğdə pul və ya bahalı bir əşya saxlamırlar. Sadəcə düşünmüşdür ki, 5-10 manat pul nə tapsa götürsün ki, heç bir yerdə işləmədiyi üçün öz ehtiyaclarını qarşılasın. Ona görə də ilk olaraq gecə saat təxminən 01 radələrində tanımadığı taksi avtomaşını ilə sonradan adını bildiyi Ə.Vəliyev küçəsindən keçərkən orada taksi avtomaşınını saxladıb avtomaşından düşmüş və bundan sonra həyətlər arasında avtomaşınlardan oğurluq etmək üçün bahalı görünən avtomaşınları seçməyə başlamışdır. Dəqiq hansı maşından ilk olaraq oğurluq etmək qərarına gəldiyini xatırlamır. Çünki həm hava qaranlıq olmuş, həm də ətrafdan kimsənin görməsindən ehtiyat etdiyi üçün o, avtomaşınların bahalı olmasını markasından görən kimi həmin avtomaşının sağ yan şüşələrini özündə olan “şam” qırıqları ilə vurub sındırmış və avtomaşınların qapılarını açaraq salonu axtarmağa başlamışdır. O, avtomaşınların sağ yan qapılarının şüşələrini ona görə sındırmışdır ki, avtomaşının saxlanc yerləri sağ tərəfə yaxındır və bununla vaxt itirməmişdir. O, orada dayanan avtomaşınlardan “X4 Prado” markalı avtomaşının sağ qapısının şüşəsini sındırmaqla həmin avtomaşından tapdığı qaynaq ütüsünü götürmüşdür. “Hyundai Elantra” markalı avtomaşının sağ yan şüşəsini sındırmaqla avtomaşının salonunu axtarmış və oradan tapdığı 160 manat pulu götürmüşdür. Daha sonra həmin binaların arasında saxlanılmış “Mitsubishi Pajero” markalı avtomaşının sağ yan şüşəsini sındırmaqla avtomaşının salonundan 100 manat pul taparaq onu götürmüşdür. Orada saxlanılmış “Hyundai Grandeur” markalı, “KİA MOHAVE” markalı, “KİA OPTİMA” markalı, “Hyundai Elantra” markalı, “Mazda CX5” markalı avtomaşınların sağ yan şüşələrini sındıraraq avtomaşınların salonlarını axtarsa da oradan heç bir pul və ya satılaraq pul əldə edilə biləcək əşya tapa bilmədiyindən oradan piyada metronun “Koroğlu” istiqamətində binaların arası ilə hərəkət etməyə başlamışdır. Başa düşmüşdür ki, əgər əsas yola çıxarsa onu kimsə görə bilər və ya polis saxlaya bilər. Q.Qarayev prospektində binaların qarşısında dayanmış “KİA SORENTO” markalı avtomaşının da sağ yan şüşəsini sındırsa da avtomaşının salonundan heç bir pul və ya bahalı əşya tapmadığından həmin avtomaşından bir qədər aralıda saxlanılmış digər “Kia Sorento” markalı avtomaşının sağ yan şüşəsini sındırmaqla avtomaşının salonundan tapdığı qol saatı və cərəyan paylayıcısını götürərək oradan uzaqlaşaraq qeyd etdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. “Piramida” çıxışı istiqamətində hərəkətdə olan zaman qəflətən post patrul avtomaşınının ona doğru gəlməsini görüb dərhal əlində və cibində olan əşya və pulları ataraq qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşlarından qurtulmaq üçün əşyaları və pulları atan zaman hava qaranlıq olduğundan həmin pul və əşyaları hansı istiqamətdə, hansı aralı məsafədə atdığına fikir verməmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə atdığı əşyalardan və pullardan yalnız 100 manat və bir ədəd qaynaq ütüsü aşkar olunaraq götürülmüş və polis əməkdaşları onu ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci PŞ-nə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Hyundai Elantra” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Ə.Vəliyev küçəsi 12 ünvanının qarşısında saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 05:40 radələrində avtomobilinin şüşəsinin sındırıldığını, içərisindən 160 manat pulun götürüldüyünü görmüşdür. O, 102 xidmətinə zəng edib məlumat vermişdir. Təxminən yarım saat sonra 25-ci PŞ-dən zəng edərək oğurluq edən şəxsi tutduqlarını bildirərək onu şöbəyə dəvət etmişlər. Elgün ona məxsus sənədləri bağçanın yanına ağaclığa atdığını demiş, o, oraya gedib axtarmış, lakin tapa bilməmişdir. Sonradan ona zəng edərək orada işləyən xadimənin sənədlərini tapdığını bildirmişlər. O, sənədlərini götürmüş, lakin 160 manat pul sənədlərinin içərisində olmamışdır. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia” markalı avtomobili çox vaxt Q.Qarayev prospekti, bina 2A ünvanının qarşısında saxlayır. İki dəfə avtomobilinin şüşəsi sındırılmışdır. Birinci dəfə avtomobilindən heç bir əmlak oğurlanmadığından bununla bağlı şikayət etməmişdir. İkinci dəfə avtomobilinin şüşəsi sındırılanda avtomobildən 130 manat dəyərində qol saatı və 40 manat dəyərində cərəyan paylayıcısı oğurlanmışdır. O, 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Qol saatı, cərəyan paylayıcısı və avtomobilin şüşəsinin sındırılmasını da nəzərə alaraq ona ümumilikdə 400 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, şikayətçi olmadığını bidirmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 30 may 2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus “X4 Prado” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 5 ünvanının qarşısında saxlayıb evə getmişdir. 31 may 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşdıqda avtomobilin qabaq sağ yan şüşəsinin sındırıldığını və avtomobilin sandıqçasının sındırılaraq yararsız hala salınmasını və avtomobildən 140 manat dəyərində “Slavmaş” markalı qaynaq ütüsünün naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 140 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olarkən naməlum şəxsin avtomobillərin şüşələrini sındıraraq oğurluq etməyi barədə məlumat daxil olmuşdur. Ərazidə gəzinti apararkən Təqsirləndirilən şəxs ilə rastlaşmışlar, o, “Koroğlu” metrostansiyasının “Piramida” çıxışı istiqamətində qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçarkən əlindəki qaynaq ütüsünü kolluğun içərisinə tullamışdır. Onlar Elgünü saxlayaraq özlərini təqdim etmişlər və onu Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-148/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5144 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 dəst istifadədə olmamış, dəmir qutuda, komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə olan “Славмаш” markalı qaynaq ütüsünün orta bazar qiyməti təxminən 35 manat müəyyən edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli, 1824 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs hazırda ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin qeyd edilməlidir ki, hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu” ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, iş üzrə 01 ədəd qaynaq ütüsü maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.3.1, 177.3.1, 228.3, 232.3.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 11 ilə endirilmiş, CM-nin 95.0.3-cü maddəsinə əsasən cəza çəkdiyi dövrdə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tədbirlər təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.1ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd qaynaq ütüsü Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd qaynaq ütüsü Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar