Məhkəmə qərarları › İş №1(007)-50/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-50/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-50/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xx.xx.2024-cü il tarixli 22/k nömrəli əmri ilə satıcı vəzifəsinə qəbul edilib işləyərkən, eyni tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında nümunəvi müqaviləyə əsasən ona etibar edilmiş QSC-nə məxsus maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetirilməsi, maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotu barədə hesabat tərtib edib tələb olunan yerə təqdim edilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Neftçilər” metrostansiyasının yeraltı keçidində fəaliyyət göstərən həmin cəmiyyətin satış məntəqəsindən 15 mart 2024-cü il tarixli 000170 və 000171 nömrəli təhvil-təslim aktları əsasında maddi-məsul şəxs kimi satış üçün qəbul edərək ona etibar edilmiş özgə əmlakı olan 305 manat məbləğində “5 W/X", 190 manat məbləğində “Zümrüd", 205 manat məbləğində “Göz muncuğu", 215 manat məbləğində “Dan ulduzu", 290 manat məbləğində “10 m/X", 770 manat məbləğində “Şans yağışı", 24 manat məbləğində “Pul", 530 manat məbləğində “Qızıl", 220 manat məbləğində “Tap qazan", 154 manat məbləğində “Ani 50m", 414 manat məbləğində “Uğurlu 7", 492 manat məbləğində “Bombardir", 246 manat məbləğində “Qızıl Ekstra", 645 manat məbləğində “Papaq at" adlı, ümumilikdə 4700 manat dəyərində cəmiyyətə məxsus lotereya biletlərini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıb 17 mart 2024-cü il tarixdə kirayədə yaşadığı ünvan 2 ünvanında həmin biletləri istifadə edib pozmaqla uduş əldə edərək “İntegral Express" QSC-yə 4700 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “İntegral Express" QSC-də satıcı işləmişdir. Bir gün onda olan satılmamış qalan 4700 manat dəyərində olan lotereya biletlərini pozub əldə etdiyi məbləği “Mostbet”də oyun oynamış və uduzmuşdur. Şirkətə ümumilikdə 4700 manat ziyan vurmuşdur. Həmin ziyandan 2500 manat ödənilmiş, əlavə olaraq 100 manat ödəmək istəmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 100 manatı qəbul etməmişdir. Qalan borcunu da ödəyəcəkdir. Əməlindən peşmandır, səhv etmişdir. Məhkəmədən himayəsində xəstə anasının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs “İntegral Express" QSC-də satıcı işləmişdir. xx.xx.2024-cü il tarixdə işə qəbul edilərkən Təqsirləndirilən şəxs pula ehtiyacının olduğu təqdirdə ona bildirməsini xahiş etmişdir. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şirkətə məxsus 4700 manat dəyərində lotereya biletlərini mənimsəmişdir. Dəymiş ziyandan 2500 manat ödənilmişdir. Qalan məbləğin ödənilməsini tələb edirlər. Əgər ödəməsə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində işləyən Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərmişdir ki, vəzifəsi işçilərin işə gediş-gəlişinə, ekspeditorların fəaliyyətinə, ekspeditorlara verilmiş lotereya biletlərinin satışının həyata keçirilməsinə və satılmış lotereyaların müqabilində əldə edilmiş pul vəsaitlərinin cəmiyyətin hesabına köçürülməsinə nəzarət etməkdən ibarətdir. “İntegral Express" QSC "xxxx" ASC-nin rəsmi nümayəndəsi olmaqla həmin cəmiyyətin lotereyalarının pərakəndə satışını təşkil edir. Cəmiyyətin hüquqi ünvanı ünvan 3ndə 14 satış məntəqəsi vardır, həmin satış məntəqələrindən biri də Nizami rayonu, Q.Qarayev prospekti, “Neftçilər" metrostansiyasının keçidində fəaliyyət göstərir. Mahiyyəti üzrə bildirir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla narazılığı və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə işə qəbulla əlaqədar “İntegral Express" QSC-yə müraciət etmiş, o bir neçə gün ərzində lotereya satışı ilə məşğul olan əməkdaşların yanında təcrübə keçərək lotereyanın satış qaydalarını öyrənmişdir. Bundan sonra 13 mart 2024-cü ildə “İntegral Express" QSC-nin direktoru X1 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun həmin cəmiyyətdə səyyar satıcı qismində götürülməsinə dair əmək müqaviləsi, həmçinin “tam maddi məsuliyyət haqqında nümunəvi fərdi" müqavilə bağlanmışdır. Həmin müqavilə ilə Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işi layiqincə yerinə yetirmək, təşkilata heç bir səbəbdən ziyan vurmamaq, maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, görüləcək işlərin dəqiq uçotunu çıxarmaq və hesabat tərtib edib tələb olunan yerə təqdim etmə vəzifəsini öz üzərinə götürmüşdür. Bağlanmış müqavilələrin tələblərinə uyğun olaraq cəmiyyətin pərakəndə satış müdiri vəzifəsində işləyən Nümayəndə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, "Neftçilər" metrostansiyasının keçidində yerləşən satış məntəqəsində satıcı Təqsirləndirilən şəxs satış üçün 305 manat dəyərində 61 ədəd “5 m/x”, 190 manat dəyərində 38 ədəd “zümrüd”, 205 manat dəyərində 41 ədəd “göz muncuğu”, 215 manat dəyərində 43 ədəd “dan ulduzu”, 290 manat dəyərində 29 ədəd “10 m/x”, 700 manat dəyərində 77 ədəd “şans yağışı”, 24 manat məbləğində “pul”, 530 manat dəyərində 530 ədəd “qızıl”, 220 manat dəyərində 220 ədəd “tap qazan”, 154 manat dəyərində 77 ədəd “Ani 50 m”, 414 manat dəyərində 207 ədəd “uğurlu 7”, 492 manat dəyərində 246 ədəd “bombardier”, 246 manat dəyərində 82 ədəd “qızıl ekstra” və 645 manat dəyərində 215 ədəd “papaq at”, ümumilikdə 4700 manat dəyərində olan poz qazan lotereya biletləri təhvil vermişdir. Təqsirləndirilən şəxs həmin biletləri təhvil-təslim aktına imza etməklə Nümayəndə almışdır. O, həmin lotereya biletlərinin satışını Bakı şəhəri, Yasamal rayonu ərazisində “Elmlər Akademiyası" metrostansiyasının çıxışında həyata keçirməli, günün sonunda isə nə qədər satış həyata keçirməsi və hesabında nə qədər satılmayan biletlərin olması barədə satış məntəqəsinə məlumat verməli olmuşdur. Lakin növbəti günlərdə Təqsirləndirilən şəxs işə çıxmamış və ona etibar edilmiş lotereya biletlərinin satışı barədə heç bir məlumat verməmişdir. Odur ki, cəmiyyətin işçisi Şahid2 xx.xx.2024-cü il tarixdə ona zəng edib hansı səbəbdən işə çıxmadığını soruşanda Göydəniz xəstə olmasına görə işə gəlmədiyini və növbəti gün işə çıxacağını demişdir. Lakin xx.xx.2024-cü il tarixdə yenə də işə çıxmadığından Şahid2 Təqsirləndirilən şəxslə əlaqə saxlayıb hansı səbəbdən işə çıxmamasını soruşmuş, o isə müxtəlif bəhanələr gətirib işə çıxmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə o Göydənizlə görüşəndə sonuncu hesabında satılmamış qalan 4700 manat lotereya biletlərini pozub uduş əldə edərək özünə götürdüyünü etiraf etmişdir. Bununla bağlı onun tərəfindən üzləşmə aktı tərtib edilmiş və Göydəniz həmin aktı imzası ilə təsdiq etmişdir. Eyni zamanda həmin gün iştirakı ilə cəmiyyətin daxili auditi Şahid4 tərəfindən daxili audit keçirilmiş, Göydənizin hesabında 4700 manat çatışmazlıq olması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Göydəniz xx.xx.2024-cü il tarixdə öz ərizəsinə əsasən işdən çıxarılmışdır. Göydənizə cəmiyyətə dəymiş ziyanı ödəməsi təklif edilmiş, lakin o müxtəlif bəhanələr gətirib bundan imtina etmişdir. Odur ki, cəmiyyətin rəhbərliyi tərəfindən Göydənizin barəsində hüquqmühafizə orqanlarına şikayət edilmiş, qaydalara uyğun olaraq cəmiyyətin direktorunun müvafiq əmri ilə Göydənizin fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyası yaradılmış, həmin məsələ ilə əlaqədar audit yoxlaması təşkil edilmiş və xx.xx.2024-cü il tarixli audit rəyinə əsasən Təqsirləndirilən şəxs satış üçün verilmiş 4700 manat dəyərində lotereya biletlərinin çatışmadığı bir daha təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hərəkəti nəticəsində cəmiyyətə vurduğu 4700 manat ziyanı ödəyəcəyinə söz verməsinə baxmayaraq bu günə kimi heç bir ödəniş etməmişdir. İş üzrə şahidlər Zərərçəkmiş şəxs QSC-nin operatoru Şahid2 və Zərərçəkmiş şəxs QSC-nin baş mühasibi Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini, heç bir əlavələrinin olmadığını bildirmişlər, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid2 və Şahid3 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İş üzrə şahid Zərərçəkmiş şəxs QSC-nin daxili audit meneceri Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, “İntegral Express" QSC "xxxx" ASC-nin rəsmi nümayəndəsi olmaqla həmin cəmiyyətin lotereyalarının pərakəndə satışını təşkil edir. Cəmiyyətin Bakı şəhəri ərazisində 14 satış məntəqəsi vardır, həmin satış məntəqələrindən biri də Nizami rayonu, Q.Qarayev prospekti, “Neftçilər" metrostansiyasının keçidində fəaliyyət göstərir. Təqsirləndirilən şəxs öz müraciətinə əsasən 13 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs QSC-nin direktoru X1 tərəfindən həmin cəmiyyətə satıcı qismində işə götürülmüş, onunla həmin tarixdə əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında nümunəvi fərdi" müqavilə bağlanmışdır. Müqavilə ilə Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işi layiqincə yerinə yetirmək, təşkilata heç bir səbəbdən ziyan vurmamaq, maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, görüləcək işlərin dəqiq uçotunu çıxarmaq və hesabat tərtib edib tələb olunan yerə təqdim etmə vəzifəsini öz üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, "Neftçilər" metrostansiyasının keçidində yerləşən satış məntəqəsindən satış üçün 305 manat dəyərində 61 ədəd “5 m/x”, 190 manat dəyərində 38 ədəd “zümrüd”, 205 manat dəyərində 41 ədəd “göz muncuğu”, 215 manat dəyərində 43 ədəd “dan ulduzu”, 290 manat dəyərində 29 ədəd “10 m/x”, 700 manat dəyərində 77 ədəd “şans yağışı”, 24 manat məbləğində “pul”, 530 manat dəyərində 530 ədəd “qızıl”, 220 manat dəyərində 220 ədəd “tap qazan”, 154 manat dəyərində 77 ədəd “Ani 50 m”, 414 manat dəyərində 207 ədəd “uğurlu 7”, 492 manat dəyərində 246 ədəd “bombardir”, 246 manat dəyərində 82 ədəd “qızıl ekstra” və 645 manat dəyərində 215 ədəd “papaq at”, ümumilikdə 4700 manat dəyərində olan poz qazan lotereya biletləri almış, həmin biletləri satıb pulunu cəmiyyətə qaytarmalı olduğu halda bunu etməmiş, müxtəlif bəhanələr gətirib işə çıxmaqdan imtina etmiş, hesabında qalmış 4700 manat lotereya biletlərini pozub uduş əldə edərək özünə götürdüyünü cəmiyyətin əməkdaşlarına etiraf etmişdir. Qeyd edilənlərə əsasən ilkin olaraq onun da iştirakı ilə cəmiyyətin satış təmsilçisi Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə daxili audit yoxlaması aparılmışdır. Təqsirləndirilən şəxs hesabında 4700 manat çatışmazlıq olması müəyyən edilmiş, bu barədə akt tərtib edilməklə hər ikisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs cəmiyyətə dəymiş ziyanı ödəməsi təklif edilmiş, lakin o müxtəlif bəhanələr gətirib bundan imtina etmişdir. Odur ki, cəmiyyətin rəhbərliyi tərəfindən Göydənizin barəsində hüquq-mühafizə orqanlarına şikayət edilmiş, qaydalara uyğun olaraq cəmiyyətin direktorunun müvafiq əmri ilə Göydənizin fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyası yaradılmış, həmin məsələ ilə əlaqədar audit yoxlaması təşkil edilmiş və xx.xx.2024-cü il tarixli audit rəyinə əsasən Təqsirləndirilən şəxs satış üçün verilmiş 4700 manat dəyərində lotereya biletlərinin çatışmadığı bir daha təsdiq edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 22/K nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdən satıcı qismində işə qəbul edilmişdir. - Zərərçəkmiş şəxs QSC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024cü il tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə məxsus maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi, maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotu barədə hesabat tərtib edib tələb olunan yerə təqdim etməyi maddi-məsul şəxs kimi öhdəsinə götürmüşdür. - 15 mart 2024-cü il tarixli, 000170 və 000171 nömrəli malların təhvil-təslim aktlarından görünür ki, həmin tarixdə cəmiyyətin pərakəndə satış şöbəsinin müdiri Nümayəndə tərəfindən cəmiyyətə məxsus 305 manat dəyərində 61 ədəd “5 m/x”, 190 manat dəyərində 38 ədəd “zümrüd”, 205 manat dəyərində 41 ədəd “göz muncuğu”, 215 manat dəyərində 43 ədəd “dan ulduzu”, 290 manat dəyərində 29 ədəd “10 m/x”, 700 manat dəyərində 77 ədəd “şans yağışı”, 24 manat “pul”, 530 manat dəyərində 530 ədəd “qızıl”, 220 manat dəyərində 220 ədəd “tap qazan”, 154 manat dəyərində 77 ədəd “Ani 50 m”, 414 manat dəyərində 207 ədəd “uğurlu 7”, 492 manat dəyərində 246 ədəd “bombardir”, 246 manat dəyərində 82 ədəd “qızıl ekstra” və 645 manat dəyərində 215 ədəd “papaq at”, ümumilikdə 4700 manat dəyərində olan poz-qazan lotereya biletləri Təqsirləndirilən şəxs təhvil verilmişdir. - 18 mart 2024-cü il tarixli üzləşmə və daxili audit aktlarından görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 4700 manat çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 23/K saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2 a” bəndinə əsasən xitam verilmişdir - 15 may 2024-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, Zərərçəkmiş şəxs QSC-də satıcı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində 4700 manat çatışmazlıq qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/987-9/4981 nömrəli rəyinin məhkəməxətşünaslıq ekspertizası üzrə nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş 15 mart 2024-cü il tarixli, 000170 və 000171 nömrəli malların təhvil-təslim aktlarında “Təhvil aldım” qrafasında “Təqsirləndirilən şəxs" yazısının qarşısındakı imzalar və 18 mart 2024-cü il tarixli üzləşmə aktında “Təqsirləndirilən şəxs" yazısının qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin rəyin məhkəmə-mühasibat ekspertizası üzrə nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 4700 manat məbləğində müəyyən edilmişdir. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs QSC zərərçəkmiş kimi, Nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-dən satış üçün poz-qazan lotereya biletlərini götürməsi ilə bağlı təhvil-təslim aktları, habelə onun öhdəsində çatışmazlıq olmasını özündə əks etdirən üzləşdirmə aktı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs QSC-yə məxsus 4700 manat məbləğində əmlakı mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəkində tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan təhvil-təslim aktları və üzləşdirmə aktı cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 112 (bir yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, məhkəmədə iştirak etdiyi müddət 51 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 306 (üç yüz altı) manat (51x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan təhvil-təslim aktları və üzləşdirmə aktı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 112 (bir yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 306 (üç yüz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar