Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-501/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,408 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 20 avqust 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 6 yaşayış binasının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,408 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. O, 2000-ci ildə Naxçıvan şəhəri, 1-ci mikrorayonda yerləşən 11 nömrəli orta məktəbi Azərbaycan dilində bitirmiş, 2001-ci ildə Bakı Biznes Universitetinin Gömrük işinin təşkili fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 2001-2002-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 2006-cı ildə Bakı Biznes Universitetinin Gömrük işinin təşkili fakültəsinin Azərbaycan dilində bitirmiş, 2008-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Biznesin idarəedilməsi fakultəsini qiyabi olaraq Azərbaycan dilində bitirmiş və bundan sonra fərdi qaydada işləyib çörək pulu qazanmışdır. 2017-ci ildən o, narkotik vasitə heroini həm iynə vasitəsi ilə əzələyə vurma, həm də falqada yandırıb çəkmək yolu ilə qəbul edir. 20 avqust 2022-ci ildə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan yerə getmiş və tanımadığı şəxsdən 30 manata bir büküm narkotik vasitə heroini alıb əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün, saat 17 radələrində o, yaşadığı ünvan 6 yaşayış binasının qarşısı ilə piyada gedərək yaşadığı mənzilə getmək istəmişdir. Bu zaman üç nəfər ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt o, sahə inspektoru Şahid1 tanımış və Şahid1 ona demişdir ki, “sənin narkotik vasitənin qəbulu etməyinlə bağlı məlumatlar daxil olur”. O, özünü itirib qorxaraq qaçmaq istəyən zaman polis əməkdaşları onu saxlayan zaman yerə yıxılmışdır. Bundan sonra polis əməkdaşları onu saxlayaraq 24-cü Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə getmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim elmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, 20 avqust 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır. Bir ədəd büküm polis əməkdaşları tərəfində açılmış və həmin bükümün içində qəhvəyi rəngli maddə aşkarlanmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, o, narkotik vasitə heroin aldığı şəxsi tanımır və anket məlumatlarını da bilmir. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə heroini öz istifadəsi üçün alıb özündə saxlamış, narkotik vasitə heroinin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroini əldə etdiyi şəxsin anket məlumatlarını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Yəhya oğlu ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir və polis mayoru xüsusi rütbəsi daşıyır. 20 avqust 2022ci ildə, saat 17 radələrində həmin Polis şöbəsinin sahə inspetoru polis kapitanı Rauf Müseyibov və həmin Polis şöbəsinin Cinayət-axtarış üzrə kiçik inspektoru polis serjantı Şahid3 ilə ünvan 6 ünvanda xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qaçmağa cəhd etdikdə onu tutub saxlamışlar və Təqsirləndirilən şəxs qaçmağının səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək onlardan yayınmağa çalışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nəsə gizlətməsi ilə əlaqədar şübhələr yaranmış və üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin əldə edilməsi, saxlanılması və daşınmasına dair şübhələr yarandığı üçün onu 24-cü Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin xidməti otaqların birində 24-cü Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Ramil Mehdiyev tərəfindən Anar Mudarova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 06 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Şahid3 tərəfindən “Sony” markalı videokamera ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin vardır. Bundan sonra baş təhqiqatçı Ramil Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs və iştirakçıların yanında bir ədəd büküm açılmış və bir ədəd bükümün içindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitədir, özünə məxsusdur, 20 avqust 2022-ci ildə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən istifadə etmək üçün 30 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında Şahid1 Yəhya oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etməsi zamanı videoçəkiliş aparılmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 21 avqust 2022-ci il tarixli, 6/4436 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm...Təqsirləndirilən şəxs imza, iki imza, tərtib etdi: B/təhqiqatçı: R.Mehdiyevimza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 1,408 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.358 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 oktyabr 2022-ci il tarixli, 5811 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1.358 qram qalıq hissəsi maddi sübut kimi tanınmış və Nizami RPİ-nin MSSK-na təhvil verilmiş, cinayət işi üzrə axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci il tarixdə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzadan 14 dekabr 2021-ci il tarixdə yuxarıda istinad olunan Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə onun əməlində cinayətlərin residivi yaranmır və həmin hökmə münasibətdə məhkumluğu ödənilmiş hesab olunur. Bununla belə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 sentyabr 2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, sonuncu dəfə Təqsirləndirilən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmünə münasibətdə məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən həmin cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 noyabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.358 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk isə cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq və məhkəmə istintaqında iştirak etdiyi müddət 9 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 54 (əlli dörd) manat (9x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.358 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 9 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 54 (əlli dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-501/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-501/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver