Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-501/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu Dəymədağlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İT də saxlanılan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,840 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ- nin 23-cü PB-nin əməkdaşları tərəfindən 20 aprel 2023-cü il tarixdə saat 19:40 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0.840 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ay müddətdir ki, heroini ineksiya yolu ilə qəbul edir. 20 aprel 2023-cü il tarixdə saat 19:40-də Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək və onu polis bölməsinə dəvət etmişlər. O, sonunculara etiraz etmədən onlarla birlikdə 23-cü PB-nə gəlmişdir. O, 23-cü polis bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələri izah etdikdən sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş edərək üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub- olmamasını soruşduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir büküm olan şəffaf selofana bükülmüş heroin kimi bildiyi narkotik maddəni təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nizami RPİ-nin 23-cü PŞnin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2023cü il tarixdə iş yoldaşları ilə birlikdə xidməti ərazidə gəzintidə olan zaman saat 19:40-da radələrində ünvan 4 ünvanın qarşısında əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra həmin şəxsin qeyri adekvat cavablarından narkotik vasitənin istifadəçisi və daşınmasında şübhələr yarandığından həmin şəxsi Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olmasını dəqiqləşdirmiş və bu barədə PB-nin rəhbərliyi adına raportla raport tərtib etmişlər. PB-də təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəsi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Elnur Əvəzli tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan bükümdə içərisində qəhvəyi rəngli maddəni, təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin heroin olduğunu, şəxsi istifadəsi üçün 15 manata Binəqədi rayonu tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru X5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 aprel 2023-cü il tarixli, 6/2357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,790 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli, 4008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan və Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 1(021)- 42/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü ilin aprel ayında törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 1(021)-42/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən ibtidai istintaq dövründə həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 1(021)-42/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,790 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-501/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-501/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver