Məhkəmə qərarları › İş №1(007)-501/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-501/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-501/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsinə əsasən 2 il əməyə mütləq cəlb olunmaqla, 2 il müddətinə şərti cəza təyin edilmiş, xx.xx.1999-cu ildə “Azərbaycan Respubliksı Milli Məclisinin” xx.xx.1998-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,329 qram narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış, 11 iyul 2024-cü ildə saat 14:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 14 ünvanının qarşısında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,329 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, 2024-cü ilin iyun ayından başlayaraq 2-3 dəfə narkotik vasitə istifadə etmişdir. O, 11 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunun ərazisində üzdən tanıdığı şəxsdən 10 manata 01 büküm “kakos” kimi tanıdığı narkotik vasitəni alıb üzərində saxlamışdır. Elə həmin gün, saat 14:10 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 14 ünvanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Nizami RPİ-nin X1 əməkdaşları kimi təqdim etmişlər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və birlikdə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25ci Polis Şöbəsinə gəlmişdir. 25-ci Polis Şöbəsinin xidməti otaqlarının birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən ona üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməyi bildirilmişdir. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos” kimi tanıdığı narkotik vasitədir, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Əməlindən cox peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Cinayət işi üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Bakı şəhəri Nizami RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2024-cü il tarixdə xidmətdə olarkən Vaqif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, habelə əldə etməsi, saxlaması və daşıması barədə Nizami rayon Polis İdarəsinə etibarlı və mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan dərhal Vaqif adlı həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və yaxalanması məqsədilə dərhal tərkibi ondan və Nizami RPİ-nin Cinayət-Axtarış bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən Vaqif adlı həmin şəxsin olduğu yer müəyyən edilərək keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyul 2024-cü il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 14 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vaqif adlı şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini Vaqif adlı şəxsə təqdim etmiş və hansı səbəbdən onlar tərəfindən saxlanılması bildirilərək Vaqif adlı həmin şəxs Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmişdir. İnzibati binada həmin şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək sonuncunun xx.xx.1960cı il təvəllüdlü, Bakı şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz olması, ünvan 8 ünvanında qeydiyyatda olması və ünvan 9 ünvanında yaşaması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, vəkil dəvət edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparılmışdır. Bu zaman xidməti otaqda RPİ-nin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 özünü təqdim etmiş, sonra ayrı-ayrılıqda onlar təqdim olunmuşdur. Təhqiqatçı, polis baş leytenantı Nurlan Talıbov şübhəli Təqsirləndirilən şəxs onların və 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi qismində dəvət edilmiş Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Münasibətini öyrəndikdən sonra təhqiqatçı, polis baş leytenantı Nurlan Talıbov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa bükümünü, şalvarının sol yan cibindən isə 01 ədəd qara rəngli “NOKİA” markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı Nurlan Talıbov tərəfindən açıldıqda bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkar edilmişdir. Bu maddənin nə olmasına, kimdən və harada əldə etməsinə dair təhqiqatçı Nurlan Talıbov tərəfindən sorğu-sual edilərkən şübhəli Təqsirləndirilən şəxs cavabında bu maddənin “kakos” olduğunu, Bakı şəhəri, Nəsimi rayonunun ərazisində özünü ona “Mamed” kimi təqdim edən şəxsdən 10 manat pul müqabilində ağrıkəsici kimi şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli falqa bükümü kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” nəzərdə tutulmuş 165 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf onlar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin Cinayət-Axtarışı Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Bakı şəhəri Nizami RPİ-nin Cinayət-Axtarışı Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 istintaqda şahid polis leytenantı Şahid1 verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2024-cü il saat 14:10-da tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümdə tünd qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim edərək həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə-heroin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonunun ərazisində özünü ona “Mamed” kimi təqdim edən şəxsdən aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3611 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 165” möhür əksləri olan, “Təqsirləndirilən şəxs-imza........” yazılar qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,329 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şəbnəm Ələkbərovanın vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 13. 06.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4771 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - maddi sübut qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,329 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 0,279 qram narkotik vasitəheroin saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsinə əsasən 2 il əməyə mütləq cəlb olunmaqla, 2 il müddətinə şərti cəza təyin edilmiş, xx.xx.1999-cu ildə “Azərbaycan Respubliksı Milli Məclisinin” xx.xx.1998-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,279 qram narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 89(səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4771 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,279 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 192 (bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar