Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-503/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs Elman oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6-cı korpusda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Nəzərov İqbal Elmar oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, ev 17D ünvanında yerləşən torpaq sahəsində ev tikintisi üçün icazə alacağına dair yalan vəd verib aldadaraq etibarından sui istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, ev 17D ünvanında 2.000 manat, sonuncu dəfə 02 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən velosiped təmiri sexinin qarşısında 3.000 manat, ümumilikdə 5000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən torpaq sahəsində ev tikintisi üçün icazə alacağına dair vəd verib 2021-ci ilin iyul ayının sonlarında ünvan 4 ünvanında 2.000 manat, 02 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən velosiped təmiri sexinin qarşısında 3.000 manat, cəmi 5000 manat nağd pul vəsaitini alaraq mənimsəmişdir. Zərərçəkmiş şəxsə 2000 manat pulu qaytarmışdır, qalan pulu ayda 300 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Elman oğlu ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildə özünə Sabunçu rayonu, Balaxanı qəsəbəsində torpaq sahəsi almışdır. Torpaq sahəsinin sənədləri bələdiyyə sənədləri olduğu üçün orada tikinti apara bilməmişdir. Qayınatası İlqar ona Fariz adlı şəxsin “Socar” şirkətində tanışları olduğunu və onun işində köməklik edə biləcəyini demişdir. 2021-ci ilin yay aylarında o, Fariz və İlqar ilə birlikdə görüşmüşlər. Fariz ondan 1 mərtəbəli evin tikintisinə icazə verilməsi üçün düzəldəcəyi sənədə görə 5.000 manat pul istəmişdir. O, da pulu hissə-hissə verə biləcəyini demiş, Fariz onunla razılaşmışdır. Aralarında olan söhbətin şahidi təkcə qayınatası İlqar olmuşdur. Bundan sonra 2021-ci ilin iyul ayının sonlarında Fariz ilə ona məxsus olan torpaq sahəsində görüşüb, 2.000 manat pulu Farizə vermişdir. xx.xx.2021-ci il tarixdə o, işlədiyi ünvan 3 ünvanında yerləşən velosiped təmiri sexinin qarşısında görüşüb qalan 3.000 manat pulu Farizə vermişdir. Həmin vaxt Farizin və onun yanında heç kim olmamışdır. Pulu aldıqdan sonra Fariz ən geci 1 aya bu işi həll edə biləcəyinə söz vermişdir. 1 ay keçməsinə baxmayaraq, Fariz işi həll etməmişdir. O, Farizdən pulunu geri tələb etməyə başlamışdır. Təxminən 3-4 ay sonra Fariz qayınatası İlqar vasitəsilə ona 2.000 manat pul qaytarmışdır. Fariz qalan 3.000 manatı geri qaytarmadığından polisə şikayət etmişdir. Farizə verdiyi pulu başqa şəxslərdən borc almışdır, həmin şəxslər pullarını tələb edirlər. Fariz hər dəfə yalan vədlər verərək 3000 manatı ödəmir. O, təqsirləndirilən şəxsdən pulunun ödənilməsini tələb edir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Elman oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri təqsirli bilinib CM-nin 66.2, 69.3 və 70-ci maddələrinə əsasən 2 il 6 ay sınaq müddəti müəyyən edilməklə 2 il 10 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 390 (üç yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-503/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-503/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver