Məhkəmə qərarları › İş №1(007)-503/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-503/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-503/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu ərazisində gündəlik evlərdə kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsində Təhlükəsiz Şəhər Xidmətinə mülki işçi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq; etibarından sui-istifadə etməklə, bu adla hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2024-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, «Ulduz» metrostansiyasının yaxınlığında nağd 800 manat, daha sonra Zərərçəkmiş şəxs1 tərəfindən telefonunda olan mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-nin **********905672 nömrəli kart hesabından ona çatdırılmasından ötrü tanışı Zərərçəkmiş şəxs2 "xxxx" Kommersiya Bankı ASC-nin «Leo Bank»ın **********122025 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 16:46-da yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, döngə 5, yeni tikili ünvandan göndərdiyi 60 manat, xx.xx.2024-cü il tarixdə saat 16:52-də eyni ünvandan göndərdiyi 120 manat, xx.xx.2024-cü il tarixdə saat 19:44-də eyni ünvandan göndərdiyi 50 manat, xx.xx.2024-cü il tarixdə saat 19:39-da eyni ünvandan göndərdiyi 20 manat, xx.xx.2024-cü il tarixdə saat 18:26-da eyni ünvandan göndərdiyi 30 manat, xx.xx.2024- cü il tarixdə saat 17:54-də eyni ünvandan göndərdiyi 170 manat, xx.xx.2024-cü il tarixdə saat 22:25-də eyni ünvandan göndərdiyi 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:27- də eyni ünvandan göndərdiyi 80 manat, xx.xx.2024-cü il tarixdə saat 18:00-da eyni ünvandan göndərdiyi 40 manat, xx.xx.2024-cü il tarixdə saat 22.40-da eyni ünvandan göndərdiyi 50 manat, xx.xx.2024-cü il tarixdə saat 16:00-da eyni ünvandan göndərdiyi 60 manat, xx.xx.2024-cü il tarixdə saat 19.25-də eyni ünvandan göndərdiyi 35 manat və xx.xx.2024-cü il tarixdə saat 22:30-da eyni ünvandan göndərdiyi 115 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs1 1730 (min yeddi yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 barəsində Şəmkir rayon polis şöbəsində aparılan araşdırma materialı üzrə sərhədkeçməsinə qoyulmuş məhdudiyyəti ləğv etdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə, bu adla hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 2024-cü ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti. 7 ünvanında yerləşən «Yaşıl bazar»ın qarşısında 1700 manat, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən «8-ci kilometr bazarı»nın yaxınlığında olan «Kafe №1» adlı kafedə 100 manat, ümumilikdə isə 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında metronun 28 May stansiyasının yaxınlığında yerləşən gündəlik evlərin birində qaldığı zaman orada qalan Zərərçəkmiş şəxs2 ilə təsadüfən tanış olmuş, Şəmkir rayonunda yerləşən hərbi hissədə xidmət etdiyini deyərək özünü Mahir Həşimov kimi təqdim etmiş, ətrafının geniş olduğunu və lazım olduğu halda istənilən şəxsi işə düzəldə biləcəyini, bunun qarşılığında isə şirinlik alacağını bildirmişdir. Bundan təxminən 1 ay sonra İskəndər tanışı Zərərçəkmiş şəxs1 İsgəndər oğlunu onunla tanış etmiş, Pərvizin iş axtardığına görə onu Daxili İşlər Nazirliyinə işə düzəldə biləcəyini demiş, Pərviz isə bunun qarşılığında 1000 manat verəcəyini bildirmiş, o isə 1000 manata alınmayacağını deyərək, iş danışıldıqdan sonra məbləği deyəcəyini qeyd etmiş, 2024-cü ilin sentyabr ayının əvvəlində Pərviz həmin işlə bağlı ona 800 manat vermiş, sentyabr-oktyabr aylarında hissə-hissə olmaqla isə ümumilikdə 930 manat pulu Zərərçəkmiş şəxs2 məxsus bank kartına göndərmiş, İskəndər də həmin pulları bankomatda nağlaşdıraraq ona vermişdir. Pərvizi aldadaraq onu Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsində Təhlükəsiz Şəhər Xidmətinə mülki işçi vəzifəsinə işə qəbul etdirəcəyini bildirib ondan ümumilikdə 1730 manat pul almışdır. Bundan başqa, 2024-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 da aldadaraq, onun barəsində Şəmkir Rayon Polis Şöbəsində aparılan araşdırma materialı üzrə ölkədən çıxışına qoyulmuş məhdudiyyəti aradan qaldırmaq üçün ondan 1700 manat, 24 oktyabr 2024-cü il tarixdə isə 100 manat pul alaraq, ümumilikdə 1800 manatını ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Həmin puldan Zərərçəkmiş şəxs1 900 manat ödəmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 noyabr 2023-cü il tarixdə iş yoldaşı «Qafar» adlı şəxsin toy məclisində olan vaxtı Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. 2024- cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, 200 manat borca pul istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 ilə görüşməli olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Nərimanov rayonu, «Ulduz metrostansiyası» yanında görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 yanında şəxsiyyəti ona sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs var imiş. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs göstərib dayısı olmasını, təqaüddə olan polkovnik olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə özünü «Mahir Həşimov» kimi təqdim etmişdir. Onlar birlikdə həmin ərazidə yerləşən çayxanada əyləşib söhbət etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs polisdə tanışının olub-olmamasını və onu işə düzəldə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs onu polisdə yaxşı bir işə düzəldə biləcəyini bildirmişdir. Səhəri günü Təqsirləndirilən şəxs ona zəng edərək, onu Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Təhlükəsiz Şəhər Xidmətində kameralara nəzarətçi vəzifəsinə düzəldə biləcəyini bildirmiş və buna görə onunla həmin günü görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sənədlərin düzəlməsi üçün 1.000 manat xərcinin çıxacağını bildirmiş və o da onunla razılaşmışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, «Ulduz metrostansiyası» yanında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə birlikdə çayxanada görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 yanında 800 manat nağd pulu Təqsirləndirilən şəxs onu Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Təhlükəsiz Şəhər Xidmətində kameralara nəzarətçi vəzifəsinə işə düzəltməsi üçün vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 930 manat pulu Təqsirləndirilən şəxs verilməsi üçün mobil tətbiq vasitəsi ilə Zərərçəkmiş şəxs2 «Leo Bank» kart hesabına göndərmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 16:46-da yaşadığı ünvanda 60 manat, xx.xx.2024-cü il tarixdə saat 16:52-də yaşadığı ünvanda 120 manat, xx.xx.2024-cü il tarixdə saat 19:44də yaşadığı ünvanda 50 manat, xx.xx.2024-cü il tarixdə saat 19:39-da yaşadığı ünvanda 20 manat, xx.xx.2024-cü il tarixdə saat 18:26-da yaşadığı ünvanda 30 manat, xx.xx.2024cü il tarixdə saat 17:54-də yaşadığı ünvanda 170 manat, xx.xx.2024-cü il tarixdə saat 22:25-də yaşadığı ünvanda 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:27- də yaşadığı ünvanda 80 manat, xx.xx.2024-cü il tarixdə saat 18:00-da yaşadığı ünvanda 40 manat, xx.xx.2024-cü il tarixdə saat 22.40-da yaşadığı ünvanda 50 manat, xx.xx.2024-cü il tarixdə saat 16:00-da yaşadığı ünvanda 60 manat, xx.xx.2024-cü il tarixdə saat 19.25-də yaşadığı ünvanda 35 manat və xx.xx.2024-cü il tarixdə saat 22:30- da yaşadığı ünvanda 115 manat pul göndərmişdir. Beləliklə, ümumilikdə Təqsirləndirilən şəxs 1.730 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun tərəfindən Zərərçəkmiş şəxs2 kart hesabına göndərilən pulun hamısının ona çatmasını bildirmişdir. Bundan sonra işin alınmadığını görüb və Təqsirləndirilən şəxs iş barədə soruşduqda, müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Bura görə də Təqsirləndirilən şəxs ona verdiyi pulu tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq, pulunu da qaytarmamış, hətta zənglərinə də cavab verməmişdir. Buna görə də məcbur olub şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 1.730 manat maddi ziyan dəymişdir. Ona dəymiş ümumi ziyandan 900 manat pulu Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs adından ona qaytarmışdır. Lakin qalan 830 manat pulu qaytarmamışdır. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs dayısı kimi təqdim etməsinə və ehtiyatda olan polkovnik olmasını bildirməsinə görə inanıb, onu işə düzəldəcəyinə görə Təqsirləndirilən şəxs pul vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 noyabr 2023-cü il tarixdə iş yoldaşı “Qafar" adlı şəxsin toy məclisində olan vaxt Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Həmçinin, sonradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsi tanıdığını və onunla Bakı şəhərində “Yaşıl Bazar" adlanan ərazidə hosteldə birlikdə qaldıqları üçün tanış olduqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs özünü “Mahir Həşimov" kimi və təqaüddə olan polkovnik kimi təqdim etmiş, lakin heç bir vəsiqə təqdim etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs guya atasını tanıdığını və onunla birlikdə İİ Qarabağ müharibəsində döyüşdə iştirak etdiyini bildirmişdir. Atası ilə münasibətləri olmadığına görə onunla birlikdə yaşamadığını bildirmişdir. Bir dəfə mobil telefonu ilə Təqsirləndirilən şəxs onun yanında atasına zəng vuraraq danışmış və buna görə də onun atasının yanında döyüşdüyünə inanmışdır. Beləliklə, aralarında münasibət yaranmış və ona bir böyük kimi “dayı” deyə müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobili olduğunu və sürücü axtardığını bildirdiyinə görə bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 zəng edərək borc məqsədilə 200 manat istəmişdir. Həmin vaxt Bakı şəhərində işlədiyi üçün Bakıda yaşadığını bildirmişdir. Pul istədiyinə görə Zərərçəkmiş şəxs1 ilə görüşməli olmuşdur. 2024-cü ilin oktyabr ayında, dəqiq tarixi yadında qalmamaqla, Pərviz Novruzlı ilə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyası yaxınlığında görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs də onun yanında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təqdim edərək, təqaüddə olan polkovnik olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə özünü “Mahir Həşimov” kimi təqdim etmişdir. Həmin vaxt da Təqsirləndirilən şəxs ad-soyadını bu formada bildiyini qeyd etmişdir. Birlikdə həmin ərazidə yerləşən çayxanada əyləşərək söhbət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs polisdə tanışının olub-olmamasını və onu işə düzəldə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs onu polisdə yaxşı işə düzəldə biləcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Təhlükəsiz Şəhər Xidmətində kameralara nəzarətçi vəzifəsinə düzəldə biləcəyini dediyinə görə birlikdə yenidən görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs sənədlərin düzəlməsi üçün Zərərçəkmiş şəxs1 1000 manat xərcin çıxacağını bildirmiş və Pərviz onunla razılaşmışdır. 2024-cü ilin sentyabr ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz" metrostansiyası yanında yerləşən çayxanada Təqsirləndirilən şəxs ilə birlikdə olan vaxt Zərərçəkmiş şəxs1 da çayxanaya gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun yanında 800 manat nağd pulu Təqsirləndirilən şəxs, onu yuxarıda qeyd edilən vəzifəyə düzəltməsi üçün vermişdir. Sonra Zərərçəkmiş şəxs1 oranı tərk etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 2024-cü ilin sentyabr ayınır ortalarından oktyabr ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 930 manat pulu Təqsirləndirilən şəxs verilməsi üçün 523915******5672 nömrəli "xxxx" kart hesabından ona məxsus **********122025 nömrəli “Leo Bank" kart hesabına göndərmiş və bütün pulların hamısını Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün ümumilikdə Təqsirləndirilən şəxs 1730 manat pul vermişdir. Həmin məbləğdən 930 manat kart vasitəsilə, 800 manat isə nağd şəkildə verilmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmış və heç bir işə düzəltməmişdir. Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs onun vasitəsilə tanıdığını bildirmiş və ona verdiyi pulu tələb etdiyinə görə, Zərərçəkmiş şəxs1 900 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən göndərilən pulu kartdan çıxararaq Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. “Yango’’ şirkətində kuryer işlədiyinə görə bəzən bank kartı Təqsirləndirilən şəxs qaldığından, pulu özü də çıxarmışdır. Bundan başqa, bildirmişdir ki, pul borcu olmasına görə onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs müraciət etmiş və o da məhdudiyyətin götürüləcəyini demişdir. 2024-cü ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl bazar"ın qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək adının məhdudiyyət siyahısından çıxarılması üçün ona 1700 manat, sonra isə 24 oktyabr 2024-cü il tarixdə Nizami rayonu ərazisindəki “Kafe №1" adlı kafedə 100 manat nağd pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs, barəsində Şəmkir RPŞ-də olan mülki araşdırma materialı ilə bağlı ölkədən çıxış məhdudiyyətinin tanışları vasitəsilə həll ediləcəyini bildirmiş, lakin heç bir iş görmədən pulu aldadaraq ələ keçirmişdir. Xarici pasport almaq üçün Şəmkirə səyyar ASAN xidmətə müraciət edən zaman məhdudiyyətin götürülmədiyi və bu barədə RPŞ-yə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də pulu tələb etmək üçün Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurmuş, lakin nömrənin ya sönülü, ya da əhatə xaricində olması göstərilmişdir. Bu barədə Zərərçəkmiş şəxs1 zəng etdikdə, onun da zənglərə cavab vermədiyini bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1800 manat maddi ziyan dəymişdir. Bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğ qaytarılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə ona CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il, saat 12:00-dan hesablanmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, həmin qərar ona xx.xx.2025-ci il tarixdə, saat 14:00-da elan olunmuş və yalnız bundan sonra MSY-dən azad edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində o, axtarışda olan şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmaqla MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 06 gün müddətinə tutulmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-503/2025 nömrəli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 18 dekabr 2025-ci il tarixli, 3-16-17/42/2-7331/2025 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına göndərilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs verilməsindən ötrü Zərərçəkmiş şəxs2 məxsus "UNİBANK” Kommersiya Bankı ASC-nin «Leo Bank»ın **********122025 nömrəli kart hesabına göndərilmiş pulların köçürülməsinə dair qəbzlər və hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 30 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 manat (30x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 24 gün (bir il on bir ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 dekabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs verilməsindən ötrü Zərərçəkmiş şəxs2 məxsus "UNİBANK” Kommersiya Bankı ASC-nin «Leo Bank»ın **********122025 nömrəli kart hesabına göndərilmiş pulların köçürülməsinə dair qəbzlər və hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar