Məhkəmə qərarları › İş №1(007)-507/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-507/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-507/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib sonuncuya özünü İlqar kimi təqdim edərək Zərərçəkmiş şəxs1 “TikTok” sosial şəbəkəsində reklam etdiyi 2410 manat dəyərində 585 əyarlı, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq komplektini bəyəndiyini və almaq istədiyini bildirərək, həmin qızıl-zinət əşyalarını kuryer vasitəsi ilə göndərməsini sifariş verdikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən binanın beşinci mərtəbəsində, liftin qarşısında Zərərçəkmiş şəxs1 məxsus, ümumi dəyəri 2410 manat olan 01 ədəd 18,08 qram çəkidə 585 əyarlı qızıl boyunbağı və 01 ədəd 7,26 qram çəkidə 585 əyarlı qızıl qolbaq komplektini onun sifarişi əsasında gətirən kuryer Zərərçəkmiş şəxs2 əlindən dartıb almaqla açıq talayaraq Zərərçəkmiş şəxs1 2410 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “TikTok” sosial şəbəkəsində adını xatırlamadığı profil hesabında dəyəri 2410 manat olan içərisində 585 əyarlıq 01 ədəd qızıl zəncir, 01 ədəd qızıl qolbaq olan komplektin satıldığını görmüşdür. Həmin gün səhifədəki mobil nömrə ilə əlaqə saxlayıb həmin qızıl komplekti almaq istədiyini bildirmişdir. xx.xx.2024-cü ildə Fuad adlı şəxslə əlaqə saxlayıb qızılı kuryer vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanına gətirməsini, pulunu isə həmin ünvanda nağd şəkildə verəcəyini söyləmişdir. Tanışı və taksi fəaliyyəti ilə məşğul olan Şahidla əlaqə saxlayıb ona onu “Şamaxinka” adlanan əraziyə aparmasını söyləmişdir. Elmar qara rəngli “Chevrolet Cobalt” markalı avtomobillə onu götürüb qeyd etdiyi ünvana aparmışdır. Həmin ünvana çatdıqda Fuadın ona verdiyi kuryerin mobil nömrəsi ilə əlaqə saxlamışdır. Kuryerə qeyd etdiyi binanın 5-ci mərtəbəsinə qalxmasını söyləmişdir. Avtomobildən düşüb aralıda dayanmışdır. Kuryer gəldikdən sonra onun arxasınca qalxmışdır. Həmin vaxt kuryerlə görüşən zaman üstündə pulu olmadığı üçün kuryerə orada gözləməsini, pulu götürüb qayıdacağını bildirmişdir. Həmin şəxsi aldadıb əlindən qızılı almaq istəmişdir. Bu məqsədlə əvvəlcə qızılı əlinə alıb baxmışdır. Daha sonra ona qutunun alt qapağını özündə saxlayıb yarısını qaytarmışdır. Kuryeri aldatmaq üçün həmin qızılı onun əlindən almaq məqsədilə yalandan ona qızılı verməsini, evdəkilərə göstərib qaytaracağını bildirmişdir. Lakin kuryer qızılı ona verməmişdir. Qızılın qutusunun yarı qapağı ilə birlikdə pulu gətirmək adı ilə liftə minib oradan Elmarın avtomobilinə minib uzaqlaşmışdır. Zərərçəkmiş şəxs2 əlindən qızıl almamışdır. Onu aldadıb qızılı almaq istəmiş, lakin ala bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Laçın” Ticarət Məkəzində qızıl mağazası işlədir və qızıl alqı-satqısı ilə məşğul olur. Mağazanın həmçinin “İnstagram” və “TikTok” sosial şəbəkələrində də profil hesabları var, orada satdıqları qızılların reklamı vardır. xx.xx.2024-cü ildə adını İlqar kimi təqdim edən şəxs ona zəng vuraraq “TikTok” sosial şəbəkəsində onların mağazasının profil hesabına daxil olub dəyəri 2410 manat olan içərisində 585 əyarlıq 01 ədəd qızıl zəncir, 01 ədəd qızıl qolbaq olan komplektin satıldığını gördüyünü, həmin qızılı bacısı üçün almaq istədiyini bildirmişdir. Onu mağazaya dəvət etmişdir. O, gələ bilməyəcəyini, kuryer vasitəsilə çatdırmağını istəmiş, o da bu gün çatdıra bilməyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenidən həmin şəxs ona zəng vurub qızılı almaq istədiyini, kuryer vasitəsilə göndərməsini, ödənişi nağd şəkildə edəcəyini bildirmişdir. Bundan sonra həmin sifariş verilən qızılı onların mağazasında kuryer işləyən Zərərçəkmiş şəxs2 vermiş, həmin şəxsin nömrəsini də Elxana verib demişdir ki, həmin qızılı sifariş verən adama çatdırsın. Elxan da aparmış və bir müddət sonra Elxana zəng vurub qızılı çatdırmasını soruşmuşdur. Elxan da qızılı sifariş verən şəxsin qızılı binanın blokunda onun əlindən dartıb alıb liftə minib qaçdığını bildirmişdir. Ondan hadisənin necə baş verdiyini soruşanda Elxan ona bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanına çatdıqdan sonra ona verdiyi ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə əlaqə saxlamış, telefondakı şəxs ona binanın qarşısında dayanmış **-PZ-*** nömrə nişanlı qara rəngli “Chevrolet Cobalt” markalı avtomobilə yaxınlaşmasını bildirmiş, Elxan da ona yaxınlaşan zaman həmin avtomobilin sürücüsü Elxana əli ilə 5-ci mərtəbəni göstərib qalxmağını söyləmişdir. Elxan 5-ci mərtəbəyə qalxdıqdan 1-2 dəqiqə sonra adını sonradan bildikləri Təqsirləndirilən şəxs ora gəlmiş, ödənişi kartla etmək istədiyini bildirdikdə Seyrana onunla əlaqə saxlamasını demiş, daha sonra Seyran pulunun aşağıda olduğunu, birlikdə düşüb orada verə biləcəyini bildirmiş, aşağı düşmək üçün Elxan onunla birlikdə liftə mindikdə Seyran Elxana onunla düşməyə ehtiyac olmadığını, blokda gözləməyini bildirmişdir. Onlar birlikdə liftlə aşağı düşmədən liftdən çölə çıxmış, daha sonra Seyran liftin düyməsini basaraq liftin qapısını açaraq liftə daxil olmuş, liftin qapısında dayanıb qapı açıq vəziyyətdə olan zaman Elxana qızıla baxmaq istədiyini, telefonla qızılın şəklini çəkmək istədiyini bildirmiş, Elxan da qızılın qutusunun üst qapağını açıb qızılı göstərən zaman Seyran mobil telefonu ilə qızılın şəklini çəkib cəld şəkildə qızılı Elxanın əlindən dartıb alaraq liftin qapısını bağlamış və aşağı düşmüşdür. Elxan da dərhal pilləkənlə onun arxasınca qaçaraq düşsə də, həmin şəxsin orada olmadığını görmüş, ətrafda olan şəxslərdən başında kepka olan bir nəfər şəxsin binanın blokundan çıxıb hara qaçdığını soruşduqda, onlar Elxana həmin şəxsin qaçaraq qara rəngli “Chevrolet Cobalt” markalı avtomobilə əyləşib oradan uzaqlaşdığını bildirimişlər. Elxan ona bunları danışandan sonra dərhal DİN-in “102” xidmətinə bu barədə məlumat vermiş və daha sonra Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gedərək baş verənlər barədə orada danışıb izahat vermişlər. Seyranın Elxanın əlindən dartıb aldığı qızıl-zinət əşyaları ona məxsus olmuş, içərisində 18,08 qram çəkidə 585 əyarlıq 01 ədəd qızıl zəncir, 7,26 qram çəkidə 01 ədəd qızıl qolbaq olan komplektin dəyəri isə 2410 manat olmuş, ona 2410 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının kuryerliyi ilə məşğul olur. xx.xx.2024-cü ildə qızıl satan Zərərçəkmiş şəxs1 ona dəyəri 2410 manat olan içərisində 585 əyarlıq 01 ədəd qızıl zəncir, 01 ədəd qızıl qolbaq olan komplekti verib, ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə əlaqə saxlamağını bildirmişdir. Həmin şəxsin qeyd etdiyi ünvana çatdıqda həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona binanın qarşısında **-PZ-*** nömrə nişanlı, qara rəngli “Chevrolet Cobalt” markalı avtomobilin dayandığını, həmin avtomobilin kapotuna baxan sürücüyə yaxınlaşaraq ondan bacısının ad günü olan evin və qızıl sifariş verən şəxsin hansı mərtəbədə olduğunu soruşmağını bildirmişdir. **-PZ-*** nömrə nişanlı, qara rəngli “Chevrolet Cobalt” markalı avtomobilin kapotuna baxan oğlana yaxınlaşıb həmin sualı verdikdə, o, əli ilə 5-ci mərtəbəni göstərib qalxmağını söyləmişdir. Daha sonra 5-ci mərtəbəyə qalxdıqdan 1-2 dəqiqə sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs ora gəlmişdir. Təqsirləndirilən şəxs ona ödənişi kartla etmək istədiyini bildirdikdə Fuadla əlaqə saxlamasını söyləmişdir. Daha sonra ona pulunun aşağıda olduğunu, birlikdə düşüb orada verə biləcəyini söyləmişdir. Onunla birlikdə liftə mindikdə Təqsirləndirilən şəxs ona onunla düşməyə ehtiyac olmadığını, blokda gözləməsini bildirmişdir. Daha sonra Seyran liftin düyməsini basaraq liftin qapısını açmış və içəri daxil olmuşdur. Liftin qapısı açıq vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs ona qızıla baxmaq istədiyini, telefonla qızılın şəklini çəkmək istədiyini bildirmişdir. Qızılın qutusunun üst qapağını açıb əlində ona baxmaq üçün göstərən zaman Seyran mobil telefonu ilə qızılın şəklini çəkib cəld şəkildə qızılı əlindən dartaraq alıb liftin qapısını bağlamış və aşağı düşmüşdür. Blokda dayandığı üçün qızılı ondan ala bilməmişdir. Seyran liftdə olan zaman qışqıraraq ona demişdir ki, “ay bədbəxt, ay bədbəxt”. Dərhal pilləkənlə onun arxasınca qaçaraq düşmüşdür. Lakin həmin şəxsin orada olmadığını görmüşdür. Ətrafda olan şəxslərdən başında kepka olan bir nəfər şəxsin binanın blokundan çıxıb hara qaçdığını soruşduqda onlar ona həmin şəxsin qaçaraq qara rəngli “Chevrolet Cobalt” markalı avtomobilə əyləşib oradan uzaqlaşdığını bildirmişlər. Dərhal Fuada zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra ona Nizami RPİ-nin 24-cü PŞ-dən zəng gəlmiş və baş verənlər barədə orada danışıb izahat vermişdir. Təqsirləndirilən şəxs əlindən qızılı dartıb alarkən ona heç bir xəsarət yetirməmişdir, heç bir xəsarəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “Azərmaş” şirkətinə aid olan etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ilə münasibəti yaranmışdır. Seyranı əvvəllər bir neçə dəfə ödənişli şəkildə dediyi yerlərə avtomobili ilə aparmışdır. xx.xx.2024-cü ildə Seyran ona zəng vuraraq qızıl almaq üçün getmək lazım olduğunu, onu “Şamaxinka” adlanan ərazidən götürməsini bildirmişdir. Həmin gün Seyranı götürdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanına gətirmişdir. Ora çatanda Seyran ona binanın blokunun qapısının açıq olub-olmaması üçün düşüb yoxlamağını demişdir. Blokun qapısını yoxladıqdan sonra qapının açıq olduğunu Seyrana bildirmişdir. Seyran ona avtomobildə gözləməsini, qızılı götürüb gələcəyini söyləyərək avtomobildən düşüb getmiş və qeyd etdiyi binaya daxil olmuşdur. Təxminən 1 dəqiqə keçdikdən sonra qaçaraq gəlib avtomobilə minmiş və ona avtomobili sürməsini demişdir. Avtomobili sürərək oradan uzaqlaşmışdır. Seyran aldığı qızılı satmaq üçün “Tarqovı” adlanan əraziyə sürməsini tələb etmişdir. Seyranı “Tarqovı”ya, daha sonra şəhərin müxtəlif qızıl alqı-satqı yerlərinə gətirsə də, qızıl mağazaları bağlı olduğu üçün o, əlindəki qızılı sata bilməmişdir. Daha sonra Seyranı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində yerləşən 6-cı binaya aparmışdır. Seyran ona bu işi görmək üçün qabaqcadan 50 manat verəcəyini demişdir. Lakin Seyran qızılı sata bilmədiyi üçün 50 manatı verməmiş, ertəsi gün verəcəyini bildirmişdir. Bundan sonra, o, avtomobildən düşüb getmişdir. Seyranın əlində qızıl görməmişdir. Seyranın qızılı Zərərçəkmiş şəxs2 əlindan dartıb alaraq qaçdığını bilməmişdir, bunu Nizami RPİ-nin 24-cü PŞ-də olan zaman bilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - ünvan 5 ünvanında quraşdırılmış müşahidə kameralarından götürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin binada qanuna zidd əməli törətməkdə şübhəli bilinən şəxsin binanın blokundan qaçaraq çıxıb qara rəngli, “Chevrolet Cobalt” markalı, **-PZ-*** nömrə nişanlı avtomobilə sol arxa tərəfdən minməsi, avtomobilin isə sürətli şəkildə oradan uzaqlaşması müşahidə edilmişdir. Həmin şəxsin orta yaşlı, orta boylu, orta bədən quruluşlu, başında şapka olan kişi cinsli şəxsin olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin şəxsin qızılı əlindən alaraq qaçan şəxsin olduğunu bildirmişdir. - şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-147/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanını tərk etməsini özündə əks etdirən videogörüntünün olduğu “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs binanın blokundan qaçaraq çıxıb qara rəngli, “Chevrolet Cobalt” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sol arxa tərəfdən minir və avtomobil sürətlə hərəkət edərək uzaqlaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...

7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin, cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 (bir yüz altmış iki) manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 162 (bir yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar