Məhkəmə qərarları › İş №1(007)-508/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-508/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-508/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 55/57, mənzil 105-də qeydiyyatda olmaqla yaşamış, 10 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 22 may 2023-cü il tarixdə ittiham elan edilməsi üçün tutulmuş, 24 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamış, bundan başqa, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,925 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 11 may 2023-cü il tarixdə saat 13:10 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,925 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 13 may 2023-ci il tarixdə saat 18:35 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55 ünvanında yerləşən köşkün qarşısında dayanan zaman həmin yol ilə hərəkət edən “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona avtomobilin hərəkət yolundan kənara çəkilməməsinə haqlı olaraq irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədib üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istitadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol qolundan vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazu oynağının 01 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirmiş, daha sonra Zərərçəkmiş şəxs onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə onu yerə yıxıb əlində olan bıçağı almaq istəyən zaman qəsdən yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə və təpiklə bədəninə vuraraq sonuncuya dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan sağ üst göz qapağının qançırı, sağ diz oynağının ön səthinin sıyrığından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən başlayaraq psixotrop maddədən, “patı”dan istifadə etmişdir. 2022-ci ildə 5 ay müalicə olunsa da sonradan psixotrop maddə qəbul etməyə davam etmişdir. 09 may 2023-cü il tarixdə saat 16 radələrində “Kubinka” adlanan ərazidə tanımadığı bir şəxsdən 30 manat müqabilində 01 bükümdə “patı” adlanan psixotrop maddə almışdır. Həmin “patı”nın az bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə əynində olan gödəkçənin cibində saxlamışdır. 10 may 2023-cü il tarixdə saat 13 radələrində ünvan 1 ünvanın qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini bildirərək onu 24-cü polis şöbsinə dəvət etmişlər. O, etiraz etməyib polislərlə polis şöbəsinə getmişdir. Orada ona hüquq və vəzifələrini izah etmiş, vəkil dəvət etmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində “patı” adlanan psixotrop maddə olduğunu demişdir. Təqdim etdiyi bükümə baxış keçirilmiş, bükümün içərisində “patı” adlanan metamfetamin aşkar olunmuşdur. Həmin maddə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, həmin metamfetamini “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Barəsində cinayət işi qaldırılmış, lakin istintaq müddətində azadlıqda saxlanılmışdır. Bir neçə gün sonra, 13 may 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55 ünvanında yerləşən köşkün qarşısında Vaqif adlı şəxslə söhbət etmişdir. Bu zaman yoldan keçən “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yoldan kənara çəkilməyi üçün siqnal vermişdir. Onlar kənara çəkilmişlər, lakin avtomobilin sürücüsü, sonradan tanıdığı Zərərçəkmiş şəxs avtomobilin içərisindən ona nalayiq formada söyüş söymüşdür. O, söydüyü söyüşə görə Elçinə iradını bildirmişdir. Elçin isə avtomobildən düşərək onun üzərinə gəlmişdir. O, Elçindən nə səbəbə söyüş söyməsini soruşduqda, o, yolun ortasında söhbət etdiyinə görə onu söydüyünü bildirmişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elçin onun qarın nahiyəsinə təpiklə vurmuş və onu əli ilə itələmişdir. O, yerə yıxıldıqdan sonra isə onun böyrəklərinə və qarnına 2-3 dəfə təpik vurmuşdur. Daha sonra Elçin yerdə onu boğmağa başlamışdır. O, birtəhər ayağa durmuş, Elçin onun ünvanına ana-bacı söyüşü söydüyünə görə şalvarının kəmərində saxladığı cib bıçağını çıxardaraq Elçinin sol qoluna bir dəfə vuraraq onun qolunu kəsmişdir. Bundan sonra Elçin yenidən onun üzərinə cummuş və onu yerə yıxmışdır. O, birtəhər Elçindən xilas olaraq oradan çıxıb getmişdir. Daha sonra isə əlində olan cib bıçağını xatırlamadığı yerə tullamışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs hadisə zamanı ətrafda Vaqifdən başqa tanımadığı şəxslərin olduğunu, hadisənin təxminən 5 dəqiqəyə yaxın çəkdiyini, hazırda Zərərçəkmiş şəxs onunla barışdığını, törətdiyi əməllərdən səmimi peşman olduğunu göstərmiş, qeyd olunanları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olur. 13 may 2023-cü il tarixdə saat 18:35 radələrində o, idarə etdiyi həmin avtomobillə Nizami rayonu, B.Nuriyev küçəsi 55 ünvanında yerləşən binaya qonaq aparmışdır. Qonağı düşürdüb digər bir qonağı aparmaq üçün həmin məhəllədən çıxmışdır. Bu zaman qeyd olunan ünvanda yerləşən köşkün qarşısında 2 nəfər şəxsin yolun ortasında söhbət etməsini görmüşdür. Həmin yerə çatmamış, “AL” marketin qarşısından həmin şəxslərə yoldan kənara çəkilmələri üçün siqnal vermişdir. Sonradan adını Elşən kimi bildiyi hazırkı təqsirləndirilən şəxs siqnal verməyinə irad bildirərək ona qarşı nalayiq ifadə işlətmişdir. O da avtomobildən düşərək Elşənə tərəf getmişdir. Bu zaman Elşən yenidən ona qarşı nalayiq ifadələrini davam etdirəndə o, əli ilə Elşənin sifətinə bir dəfə sillə vuraraq onu kənara itələmişdir. Kənara itələyəndən sonra Elşən arxası istiqamətində yolun kənarında olan köşkün yanına qoyulmuş soyuducuya dəymiş və soyuducuda olan şirələr onun üzərinə tökülmüşdür. O da həmin şirələri soyuducuya yığanda Elşən şalvarının kəmərinin arxa hissəsindən bıçaq çıxardaraq onun üzərinə gəlmişdir. O, dərhal avtomobilə tərəf qaçmışdır. Geri çevriləndə isə bıçaq onun sol qolunun bazu nahiyəsinə dəymişdir. O, Elşəni yerə yıxmış və bıçaq onun əlindən yerə düşmüşdür. Elşəni yerə yıxanda onlar yaxalaşmışlar, həmin vaxt Elşən altdan yuxarıya onun sağ gözaltı nahiyəsinə yumruq vurmuşdur. Sonra asfalt üzərində mübahisə edən zaman Elşən ayağı ilə onun sağ dizinə təpik vurmuş, nəticədə o, xəsarət almışdır. Bundan sonra onlar aralaşmışlar, Elşən çıxıb getmiş, ona isə ətrafda olan şəxslər yardım göstərmişlər. Qeyd olunan hadisə təxminən 5 dəqiqəyə yaxın müddətdə davam etmiş, ətrafa tanımadığı şəxslər yığışmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə Elşən adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də Elşən adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 10 may 2023-cü il tarixdə saat 13:10 radələrində o və 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 Elşən adlı şəxsin ünvan 4 ünvanının qarşısında dayandığını görüb ona yaxınlaşmışlar və Elşənə özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Elşəni tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami RPİ-nin 24-cü PŞ-nə getməsini Elşənə təklif etmişlər. Elşən etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Elşən adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 14 radələrində 24-cü PŞ-nin təhqiqatçısı xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunsuz hər hansı əşya olduğu təqdirdə təqdim etməsi barədə təklif əsasında Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim olunan bağlamaya keçirilən baxış zamanı 01 ədəd şəffaf sellofan bağlamanın içərisində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı maddə olduğunu, onu tanımadığı şəxsdən 30 manat müqabilində “Kubinka” adlanan ərazidən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Qeyd etdiyi tədbirlərin həyata keçirildiyi müddətdə Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55 ünvanında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə orada yerləşən köşkün qarşısı ilə söhbət edərək yol getmişdir. Elşən özü həmin yerdə yerləşən avtodayanacaqda avtomobillərin gediş-gəlişinə nəzarət etmiş, o isə həmin yerin yaxınlığında yerləşən gözəllik salonunda bərbər işləmişdir. Onlar həmin vaxt söhbət edərkən arxadan “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal səsini eşitmişdir. O, Elşənə kənara çəkilməsini bildirdiyi vaxt sonradan adının Elçin kimi bildiyi sürücü maşını saxlamış və avtomobilin sağ yan şüşəsini aşağı salaraq Elşənə yolun ortası ilə getməsinə irad bildirərək ona qarşı nalayiq söyüş söymüşdür. Elşən də sürücüyə söyüşlə cavab qaytaranda sonradan adını bildiyi Elçin maşının qapısını açaraq yerə düşmüş və Elşənin üzərinə gəlmişdir. Həmin vaxt o, Elşənlə Elçini bir-birindən aralaşdırmağa çalışanda Elçin onu əli ilə kənara itələmiş, daha sonra isə Elşəni sillə və yumruqla vurmuşdur. Elşən müvazinətini itirib yolun kənarında olan köşkün qarşısına qoyulmuş soyuducuya dəyərək yerə yıxılmışdır. Həmin vaxt soyuducuda olan şirələr yerə tökülmüşdür. Elşən də ayağa qalxmış və Elçinin üzərinə cumaraq onu vurmaq istəmişdir. Elçin təkrar Elşəni yumruqla vurmuş və onu yerə yıxaraq boğmağa başlamışdır. Elşən onun əlindən çıxaraq dərhal ayağa qalxmış və şalvarının arxa cibindən cib bıçağı çıxardaraq Elçinin üzərinə cumaraq onun sol qolundan vurub xəsarət yetirmişdir. Bundan sonra Elçin də Elşənin üzərinə cummuş və onun əlindəki bıçağı almaq üçün yerə yıxaraq bıçağı onun əlindən alınması üçün kömək çağırmışdır. Elşən isə ayağa qalxmış və onların hər iksi aralaşaraq çıxıb getmişlər. Elşənin əlindəki cib bıçağını isə hara tullamasını görməmişdir. O da bir qədər gözlədikdən sonra çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55 ünvanında yerləşən köşklərdən birində satıcı işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şəxsi münasibət olaraq tanımamışdır. Elşəni bəzən o işə gedib-gələndə yolda görmüşdür, onu “Yapon” ləqəbi ilə çağırmışlar. 13 may 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində o, köşkdə mobil telefonunda internet vasitəsi ilə xəbərlər oxuyan zaman kənarda səs-küy eşitmiş, lakin əhəmiyyət verməyərək çölə çıxmamışdır. Təxminən 30 saniyə sonra köşkün qarşısına qoyulmuş və içərisinə şirələr yığılmış soyuducunun yerindən tərpənməsini hiss etmişdir. Buna görə köşkdən çölə çıxanda soyuducuda olan şirələrin yerə dağılmasını, soyuducunun küncündə Elşənin yerə oturmuş vəziyyətdə qalmasını, onun qarşısında isə sonradan Elçin kimi tanıdığı şəxsin dayanmasını görmüşdür. Həmin vaxt onlar söz ilə mübahisə etmişlər. O, hər iki şəxsə soyuducuda olan şirələrin yerə dağılmasına görə iradını bildirmişdir. Bundan sonra həmin şəxslər bir-birinə yumruq vuraraq mübahisəni kənarda davam etdirmişlər. Həmin vaxt köşkün qarşısına müştərilər gəldiyinə görə o, köşkə qayıtmalı olmuş və təxminən 2-3 dəqiqə köşkdə olmuşdur. Daha sonra isə köşkdən çıxanda hər iki şəxsin aralaşdığını, lakin Elçinin çiynindən qan gəldiyini görmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 may 2023-cü il və 11 may 2023-cü il tarixli protokollardan görünür ki, 10 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 55/57 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş, müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf süllofana bükülü halda bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adı ilə tanıdığı narkotik vasitə olduğunu, Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Təqdim olunan şəffaf sellofan bağlamaya baxış zamanı onun içərisində ağ kristal şəkilli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Həmin bükümdəki maddə sübut əhəmiyyətinə malik olduğundan götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video çəkilişin köçürüldüyü diskə 11 mart 2023-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (32-33, 58) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli 6/2706 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.925 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,925 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,875 qram qalıq qalmışdır. (i.v. 42- 45) - 11 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 10 may 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 49) - 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə bağlı 24-cü polis şöbəsində toplanmaqla daxil olmuş HK/1-1398 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilməklə ibtidai istintaq davam etdirilmişdir. (i.v. 93) - 13 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 99-100) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 18 may 2023-cü il tarixli 448 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol bazu oynağının 01 ədəd deşilmiş-kəsilmiş yarası; sağ üst göz qapağının qançırı; sağ diz oynağının ön səthinin sıyrığı – deşilmiş-kəsilmiş yara şiş uca və kəsici kənar malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə deşilmiş-kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xarakterlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də, yıxılması zamanı alınması inandırıcı deyildir. (i.v. 109-111) - 23 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərib hadisənin hansı qaydada baş verdiyini ifadəsində göstərdiyi qaydada izah etmişdir. (i.v. 145-147) - 23 may 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd CD diskdə olan video görüntüyə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı hadisənin ittihamda göstərilən qaydada baş verdiyi müşahidə olunmuşdur. (i.v. 149) - 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən 234.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 150-151) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 23 may 2023-cü il tarixli 474 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2023-cü il tarixə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. (i.v. 217-218) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 13 iyun 2023-cü il tarixli 3723 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 222-223) - 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra 01 ədəd bükümdə təmiz çəkisi 0,925 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metetamfetamin və içərisində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə metetamfetamin Nizami RPİ-nin MSSK-na saxlanca verilmiş, disk iş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli video görüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilməklə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 234-247) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində də izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 221.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 23) - 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 74-76) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) - 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün həmin tarixdə o, tutulmuşdur. (i.v. 131-132) - 24 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna, 11 avqust 2023-cü il traixədək müəyyən edilmişdir. (i.v. 183-186) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 174) -Bakı şəhəri 121 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 221) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə ittiham elan edilmək üçün tutulduğu 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi məhv olunmalı, 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətin həcminə və ödənilməli olan məbləğə dair hesabat arayışı təqdim etmədiyindən bununla bağlı qərar qəbul olunmamalı, vəkilin təqdim edəcəyi hesabat əsasında hər iş saatı üçün Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda əmək haqqının müvafiq ərazi qurumu vasitəsilə ödənilməsi ilə bağlı məsələ ayrıca akt əsasında həll edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,875 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD disk və 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Məhkəmə məsrəfi olan 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar