Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-509/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İbrahimov Behruz Balakişi oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1784/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə əməli CM-nin 29.234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək cəzası 6 ilə endirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X1” ilə hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya sayılan - deşici xassəyə malik olan, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilməyən aləti kustar üsulla “biz” formasında hazırlamış, gəzdirmiş və 24 aprel 2025-ci il tarixdə, saat 12:45 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən müəssisənin 4-cü dəstəsinin 1 saylı yataqxanasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman onun yataq yerində olan döşəyinin altında gizlədərək saxladığı həmin deşici xassəyə malik alət aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin ərazisindən tapdığı böyük ölçülü mismardan və dəstək hissəsini isə taxtadan kustar üsulla hazırlayaraq yataq yerində olan döşəyinin altında gizlətmişdir. 24 aprel 2025-ci il tarixdə təxminən saat 12:45 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 4-cü dəstəsinin 1 saylı yataqxanasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerində olan döşəyinin altından qeyd edilən “biz” aşkar edilərək götürülmüşdür. Həmin “biz”i sadəcə olaraq məhkumluq həyatı yaşadığı üçün cəza çəkdiyi müddəti keçirməkdən ötrü məşğuliyyət kimi hazırlamış, həmin aləti hazırlayarkən yanında məhkum yoldaşlarından heç kim olmamış, hazırladığı əşya ilə bağlı heç bir məhkum yoldaşına bildirməmiş, həmin alətdən özü və məhkum yoldaşlarından heç kim istifadə etməmişdir. O, cəza çəkdiyi müəssisəyə gəldiyi gündən müəssisənin əməkdaşları tərəfindən cəza çəkən bütün məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısının elan edildiyini, cəza çəkən bütün məhkumların deşici-kəsici xassəyə malik olan alətlərin qadağan edilmiş əşyalardan olduğunu, həmin əşyaların hazırlanmasının, gəzdirilməsinin, daşınmasının, saxlanılmasının və istifadəsinin cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdar olduqlarını bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 24 aprel 2025-ci il tarixdə təxminən saat 12:45 radələrində qabaqcadan əldə olunmuş əməliyyat məlumatına əsasən müəssisənin 4-cü dəstəsinin 1 saylı yataqxanasında qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs üzərində və yataq yerində hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerində olan döşəyinin altından “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşya sayılan - 1 (bir) ədəd “biz” aşkar edilərək götürülmüşdür. İlkin sorğu zamanı məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “biz”in özünə məxsus olduğunu etiraf etmişdir. Sonradan həmin “biz”in aşkar olunması barədə məhkum Təqsirləndirilən şəxs, müəssisənin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş və həmin “biz” qablaşdıraraq protokola əlavə edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli şəxsi-axtarış və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin 4-cü dəstəsinin 1 saylı yataqxanasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(101 )-1784/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(103)-356/2024 saylı qərarı ilə cəzası 6 (altı) il müddətinə endirilmiş Təqsirləndirilən şəxs üzərində və yataq yerində hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerində olan döşəyinin altından bir ədəd kustar üsulla hazırlanmış “biz" aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/474 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş kustar üsulla “biz” formasında hazırlanmış deşici xassəyə malik, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilməyən alət cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X1 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1784/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə əməli CM-nin 29,234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək cəzası 6 ilə endirilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixə 3 il 6 ay 14 gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan 3 il 6 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq, təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalı; cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd biz formasında predmet- deşici alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 (bir yüz doxsan səkkiz) manat (18x11) məbləğində, əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi olan 3 il 6 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd biz formasında deşici xassəyə malik alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-509/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-509/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver