Məhkəmə qərarları › İş №1(007)-51/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-51/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-51/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məlik oğlunun iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ev 30da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ev 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirməyə cəhd etmişlər, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədi ilə, 04 may 2020-ci il tarixdə gecə saatlarında ünvan 3 evin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus VAZ-2106 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsindən əlini salmaqla qapısını açaraq sükanın alt hissəsində yerləşən naqillərin köməkliyi ilə mühərriki işə salmış, Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdikdən sonra avtomobili təxminən 20-22 metr məsafə sürmüş, lakin avtomaşının sükanının kilidli olması səbəbindən avtomobili idarə etməyin mümkün olmadığını görüb, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədi ilə 04 may 2020-ci il tarixdə gecə saatlarında ünvan 3 evin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus VAZ-2106 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsindən əlini salmaqla qapısını açaraq sükanın alt hissəsində yerləşən naqillərin köməkliyi ilə mühərriki işə salmış, Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdikdən sonra nəqliyyat vasitəsini ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2020-ci il tarixdə dostu Kamil ilə birlikdə sonuncunun yaşadığı Nizami rayonu ərazisində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında ünvanını tam dəqiq bilmədiyi evdə olmuş, evdə oturub birlikdə “araq” içdikdən sonra sərxoş vəziyyətdə evdən həyətə çıxmışlar. Həyətə çıxdıqda Kamilə maşın sürmək istədiyini demiş, sürücülük vəsiqəsi və maşını olmadığı üçün başqa adama məxsus avtomaşını sürmək istədiyindən küçədən kiməsə məxsus, qapısı açıq vəziyyətdə olan avtomaşın axtarmağa başlamışdır. Həmin vaxt gecə saat təxminən 02-03 radələri olmuşdur. Piyada Q.Qarayev prospekti ilə üzü “Ruslan 93” marketə tərəf getmişlər və ünvanı sonradan öyrəndiyi ünvan 2 məhəllənin içərisinə daxil olmuşlar. Orada ağ rəngli, **-UK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin olduğunu görmüş və həmin avtomobili bir qədər sürüb daha sonra yerinə qoyacağını düşünüb avtomaşını qaçırmaq qərarına gəlmişdir. Buna görə avtomaşına yaxınlaşaraq, pəncərəsinin qarşısında yerləşən kiçik pəncərənin qapısını açaraq əlini avtomaşının salon hissəsinə salıb qapını açmışdır. Həmin vaxt dostu Kamil, kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün kənarda dayanıb ətrafa baxmışdır. Avtomaşına oturduqda sükanın altındakı açar tərəfdə olan plasması aralayıb naqilləri çıxarıb bir-bir avtomaşını işə salan naqili axtarmağa başlamışdır. Avtomobilin mühərrikini işə salan naqili tapıb avtomobili işə salıb təxminən 20-22 metr sürmüş, lakin avtomobilin sükanı kiliddə olduğuna və sürmək mümkün olmadığından avtomobili orada qoyub başqa avtomobil axtarmağa başlamışlar. Həmin binanın axırına doğru getmişlər və orada yenidən ağ rəngli **-EO-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106" markalı avtomobil görmüşlər. Həmin avtomobili bir qədər sürüb daha sonra yerinə qoyacağını düşünüb avtomaşını qaçırmaq qərarına gəlmişdir. Avtomaşına yaxınlaşıb eyni qaydada kiçik pəncərəni açaraq əlini avtomaşının salonuna salıb qapını açmışdır. Həmin vaxt yenə dostu Kamil, kiminsə gələcəyi təqdirdə ona məlumat verəcəyi üçün kənarda dayanıb ətrafa baxmışdır. Avtomaşına oturduqdan sonra salonda sükanın altındaki açar tərəfdə olan plasması aralayıb naqilləri çıxarıb bir-bir avtomaşını işə salan naqili axtarmağa başlamış və bir qədər sonra həmin naqili tapdığı üçün avtomaşını işə salmışdır. Kamil avtomaşına oturmuş və onlar həmin yerdən “Ayla” şadlıq sarayının yanına getməyə başlamışlar. “Ayla” şadlıq sarayının yaxınlığında yerləşən “Lallar” məktəbinin qarşısına gəlmişlər. Bu zaman avtomobil naməlum səbəbdən sönmüş və buna görə avtomobili yerinə qoya bilmədiyi üçün həmin yerdə qoyub getmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ilə yaxın tanımış və sonuncu ilə qonşu olmuşlar. 04 may 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ruslan 93” marketdən çıxıb evə gedərkən, Sənan ilə yolda rastlaşmışdır. Həmin vaxt Sənan içkili olmuş onlar söhbət edə-edə evə tərəf getmişlər. Məhlədən keçən zaman Sənan orada dayanan VAZ 2106 markalı avtomobili göstərərək, qapısını açıb mühərriki işə sala biləcəyini demiş və onunla birlikdə həmin avtomobildə şəhəri gəzməyi təklif etmişdir. Sənanın təklifi ilə razılaşdıqdan sonra Sənan avtomobilə yaxınlaşmış və avtomobilin qapısında olan nəfəsliyi dirsəyi ilə vurub açmışdır. Nəfəsliyi acdıqdan sonra Sənan əlini avtomobilin salonuna salaraq avtomobilin qapısını açmış və avtomobilə əyləşərək avtomobilin sükanı altında olan plastmasları aralayıb oradakı naqillərin köməkliyi ilə avtomobili işə salmışdır. Sənan avtomobili işə saldıqdan sonra avtomobilə əyləşmiş və Sənan avtomobili idarə etməyə başlamışdır. Sənan avtomobili idarə edərək yaşadığı ev tərəfə getmiş və Nizami rayonu ərazisində yerləşən Lallar məktəbi kimi tanınan yerin yanında avtomobilin mühərriki sönmüşdür. Avtomobilin mühərriki söndükdən sonra onlar avtomobildən düşüb getmişlər. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2 digər avtomobili onun iştirakı olmadan qaçırmağa cəhd etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirini tam, Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsinə baxmayaraq onların törətmiş olduqları cinayət əməlləri aşağıda qeyd olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03.05.2020-ci il tarixdə saat 17:20-də ona məxsus “VAZ 2106" markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı evin qarşısına gəlmiş və avtomobili həmişə olduğu kimi yaşadığı mənzilin yerləşdiyi girişin qarşısında sağ tərəfi divara sıxılmış halda saxlayıb evə getmişdir. 04.05.2020-ci il tarixdə saat 04:55-də onunla eyni binada yaşayan Fərrux adlı qonşusu evə gələrək ona avtomaşınının qaçırıldığını demişdir. Küçəyə çıxdıqda ona məxsus ağ rəngli “VAZ 2106" markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşının naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu ərazisində 24 saat fəaliyyət göstərən köşk işlətdiyi üçün 04.05.2020-ci il tarixdə saat 03:20-də yaşadığı evə gəlmişdir. Yatmaq üçün uzansa da narahatçılıq keçirdiyi üçün yata bilməmiş və yaşadığı evin həyətindən ona məxsus avtomaşının mühərrikinin səsinə bənzər səs gəldiyini, avtomobili işə salamağa cəhd edildiyini eşitmiş, lakin ciddiyə almayıb yatmağa davam etmişdir. Bu səsin bir necə dəfə təkrarlandığını eşidib yaşadığı evin eyvanına çıxmış və etibarnamə ilə idarə etdiyi VAZ 2106” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxladığı yerdən təxminən 20-22 metr aralıda yaşadığı evin eyvanının bərabərində üzü binadan çıxış tərəfə atılmış vəziyyətdə olduğunu görüb küçəyə çıxmışdır. Avtomaşına yaxınlaşdıqda sol tərəf qabaq və arxa qapıların acıq olduğunu, sükanın alt hissəsində olan qoruyucu hissənin söküldüyünü, mühərriki işə salan naqillərin yerindən çıxarıldığını görmüşdür. Həmin vaxt ondan təxminən 40-45 metr aralı məsafədə dayanmış və qonşuluqda yaşayan Mehmana məxsus ağ rəngli “VAZ 2106” markalı **-FO- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürətlə idarə edilərək binanın həyətindən çıxdığını görmüş və həmin avtomaşını naməlum şəxs və ya şəxslərin qaçırdığını başa düşərək DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus avtomaşından heç bir əşya oğurlanmamış və avtomobilə heç bir maddi ziyan vurulmamışdır. İş materiallarında olan «Baxış keçirilməsi haqqında» 04 may 2020-ci il tarixli protokollardan görünür ki, hadisə yeri ünvan 3 ünvanın qarşısıdır. İş materiallarında olan «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 04 may 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus VAZ-2106 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdədir. İş materiallarında olan məhkəmə-doktiloskopik ekspertizasının 14 oktyabr 2020-ci il tarixli 20/524R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan 19.10.202-ci tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı ** EO *** dövlət qeydiyyat nömrə nişanlı və Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı ** UK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 dekabr 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2, 66.5 və 68.1.3-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan 27 sentyabr 2020-ci tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 29 sentyabr 2020-ci tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5, 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2700 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 11 (on bir) ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, 30.09.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən verilmiş 03 iyun 2021-ci tarixli 21-1/3-2453 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2700 (iki min yeddi yüz) manat cərimədən dövlət nəfinə heç bir ödəniş etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2000 (iki min) manat cərimədən dövlət nəfinə heç bir ödəniş etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 04.05.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs2 tərəfindən qaçırılmasında iştirak etməməsi barədə ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə onların təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli hökmünə (cərimənin ödənilməməsi hissədə) münasibətdə residiv nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əsasən, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda müstəqil icra olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinin tələbinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq cəzaya, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay hissəsi qismən, 2700 (iki min yeddi yüz) manat cərimə isə tam birləşdirilməklə qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 27 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq cəzaya, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə tam birləşdirilməklə qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 sentyabr 2020-ci i tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar - VAZ 2106 markalı ** EO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və VAZ 2106 markalı ** UK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 80 iş saatı, cəmi 120 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 720 (yeddi yüz iyirmi) manat (120x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Eyni zamanda, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 80 iş saatı, cəmi 120 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 720 (yeddi yüz iyirmi) manat (120x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 Məlik oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay hissəsi qismən, 2700 (iki min yeddi yüz) manat məbləğində cərimə cəzası isə tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2700 (iki min yeddi yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun və icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs1 təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun və icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar - VAZ 2106 markalı ** EO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və VAZ 2106 markalı ** UK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 720 (yeddi yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məlik oğluna VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 720 (yeddi yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar