Məhkəmə qərarları › İş №1(007)-51/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-51/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-51/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1978-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 199C-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Mıtı” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarının həyətinə açıq qapıdan qanunsuz olaraq daxil olub həyətyanı torpaq sahəsində saxlanılan, hər bir metri 85 manat olan, ümumilikdə 22.950 manat dəyərində 270 metr “X240-İX120_RK 1KV TS SİY DLCG” markalı elektrik kabellərini hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb həmin kabelləri satıb əldə olunan gəliri aralarında bölməklə, ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 22.950 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Mıtı” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarının həyətinə açıq qapıdan qanunsuz olaraq daxil olub həyətyanı torpaq sahəsində saxlanılan, hər bir metri 85 manat olan, ümumilikdə 22.950 manat dəyərində 270 metr “X240-İX120_RK 1KV TS SİY DLCG” markalı elektrik kabellərini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb həmin kabelləri salıb əldə olunan gəliri aralarında bölməklə, ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 22.950 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rövşən və “Mıtı” adlı şəxslərlə Zərərçəkmiş şəxs MMC-dən oğurluq etməmiş və ya oğurlanmış malların pulundan ona verilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 02 avqust 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, elan edilmişdir. Həmin təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, yaşadığı ünvanın yaxınlığında yaşayan Rövşən və “Mıtı” kimi tanıdığı şəxslərlə “Avaşnoy baza” kimi adlanan yerə gedib orada fəhlə kimi müxtəlif işlərdə, əsasən taxta işlərində işləmişlər. Bundan əlavə o, orada olan ət kəsimi yerindən heyvan dırnaqları və saxladığı it üçün tullantı ət almışdır. O, həmin yerə gedib gələrkən mis naqilləri görmüş, son zamanlarda da işi olmadığı üçün maddi durumu pis olmuş, yadına düşmüşdür ki, “Avaşnoy baza”da mis naqillər var, bu səbəbdən də həmin naqilləri oğurlamaq qərarına gəlmişdir. Daha sonra iyul ayının əvvəlləri mis naqillər olan yerə gedib baxdıqda orada həm polis mühafizə, həm də kamera nəzarəti olmasını görmüşdür. Həmin vaxt o, oğurluq etməkdən çəkinmişdir. Təxminən iyul ayının 11-12 arası ona məlumat çatmışdır ki, həmin ərazidə olan polis mühafizəsi daha orda yoxdur və o, qərara gəlmişdir ki, təzədən ora gedib baxsın. O, həmin yerə gedib baxdıqda orada polis mühafizəsi olmadığını görmüşdür. Təxminən 15 iyul 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında tanışları Rövşən və “Mıtı” ilə görüşüb “Avaşnoy baza”ya oğurluq etməyə getmişlər. Həmin gün onlar oradan təxminən uzunluğu 2-3 metr arası olan 3 ədəd üzəri qara rəngli materialla örtülmüş mis naqilləri dəmir kəsən alətlə kəsib oğurlamışlar. Bundan sonra “Mıtı” ilə birlikdə həmin naqilləri mis alan şəxslərə sataraq əldə etdiyi pulu Mıtı və Rövşənlə birlikdə aralarında bölmüşlər. Bundan sonra o, Rövşən və “Mıtı” ilə birlikdə təxminən 3-4 dəfə, sonuncu dəfə iyul ayının 25-26-sı olmaqla həmin yerə gedib eyni qaydada mis naqilləri oğurlayıb kəsib sataraq pul qazanmışlar. O, Təqsirləndirilən şəxs2 və “Mıtı” adlı şəxslə birlikdə həmin anbara ilk dəfə 15 iyul 2021-ci il tarixdə, sonradan da təxminən 3-4 dəfə olmaqla sonuncu dəfə 25-26 iyul 2021-ci il tarixdə oğurluq etmək məqsədilə getmiş, həmin vaxtlarda bir dəfə 2-3 metr, ümumilikdə isə 12-13 metr mis naqilləri oğurlamış və həmin naqillərin satşından ümumilikdə 350 manat pul qazanmışlar. O, oğurladığı naqillərin bir hissəsini yaşadığı məhəlləyə gələn mis alanlara satmış, qalan hissəsini isə “Mıtı” ilə birlikdə taksi ilə gedərək Nərimanov rayonu, 10 saylı CÇM-nin yaxınlığında olan əlvan metal qəbulu məntəqəsinə “Mıtı” tərəfindən verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 onların həmin yerə oğurluq etmək üçün getdiklərini bilmiş və əvvəlcədən aralarında olan razılığa əsasən onlar birlikdə “Avaşnoy baza”da kabelləri oğurlayaraq kəsib satıb pulu da aralarında da böləcəkmişlər. Təqsirləndirilən şəxs2 kabelləri oğurlayıb kəsməkdə onlara kömək etmiş, lakin həmin kabelləri o və “Mıtı” satmış, əldə etdikləri puldan Rövşənə də vermişlər. Təqsirləndirilən şəxs1 elan olunmuş ifadəsini inkar etmək üçün hər hansı dəlil irəli sürə bilməsə də, məhkəmədə son sözü zamanı maddi ziyanın məbləği ilə razılaşmadığını, qalan hissədə əməlindən peşman olduğunu bildirməklə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində saat 23 radələrində yaşadığı ünvanın yaxınlığında yaşayan Əhliman və “Mıtı” kimi tanıdığı şəxslər ona yaxınlaşıb “Avaşnoy baza” kimi adlanan yerdə onlara aid elektrik kabelləri olmasını bildirərək birlikdə həmin yerə gedib kabelləri soymağa onlara kömək etməsini təklif etmişlər. O, Əhliman və “Mıtı” ilə razılaşmış, birlikdə həmin yerə getmişlər. Həmin vaxt təxminən 15 iyul 2021-ci il tarixi olmuşdur. Onlar “Avaşnoy baza”ya Z.Məmmədov küçəsində olan qapısı tərəfdən girmişlər, həmin vaxt qapı açıq olmuşdur. Onlar qapıdan girib təxminən 100 metr getdikdən sonra yerdə təxminən uzunluğu 3 metr olan 2 ədəd, qalınlığı isə insan qolu yoğunluğunda üzəri qara rəngli materialla örtülmüş mis naqillər görmüşlər. Onlar həmin naqilləri soymağa başlamışlar, soyub qurtardıqdan sonra o, yaşadığı evə getmişdir. Bundan sonra o, təxminən 3-4 dəfə, sonuncu dəfə təxminən 25-26 iyul 2021-ci il tarixlərində Əhliman və “Mıtı” ilə birlikdə həmin yerə naqil soymağa getmiş, hər dəfə də təxminən uzunluğu 2-3 metr olan 2 və 3 ədəd, qalınlığı isə insan qolu yoğunluğunda üzəri qara rəngli olan materialla örtülmüş naqilləri soymuşlar. Əhliman hər dəfə onlara naqilləri soymaqda kömək etdikdən sonra səhəri gün ona müxtəlif vaxtlarda 30, 40 və 50 manat pul vermişdir. Lakin o, naqillərin oğurluq olduğunu bilməmişdir, Əhliman və “Mıtı”dan naqillər barədə soruşduqda, onlar həmin naqillərin özlərinə məxsus olmasını, naqilləri soyduqdan sonra satacaqlarını bildirmişlər. O, naqillərin satılmasında iştirak elməmiş, naqillərin hara satılmasını bilməmişdir. Əhliman kəsdikləri kabelləri satdıqdan sonra ona ümumilikdə 200 manata yaxın pul vermişdir. O, oğurluq etməmiş, MMC-nin sahəsinə qanunsuz olaraq daxil olmamışdır, habelə soyduqları naqillərin dəyəri kimi müəyyən edilmiş məbləğ çox hesablanmışdır, həmin məbləğlə razı deyildir. Təqsirləndirilən şəxs2 istər məhkəməyədək icraat, istərsə də məhkəmə icraatı zamanı özünü təqsirli bilməsə də, o da məhkəmədə son sözü zamanı əməlindən peşman olduğunu göstərmiş, iki oğlunun Vətən müharibəsinin iştirakçısı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X6 göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC Türkiyə Respublikasından müxtəlif elektrik malları alıb Azərbaycan Respublikasında satır, şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 130 ünvanında yerləşir. 29 iyul 2021-ci il tarixdə saat təxminən 19 radələrində şirkətdə olduğu vaxt anbardar Şahid1 gəlib ona anbardan kabel oğurlanmasını bildirmişdir. O, sonuncu ilə birlikdə anbara gəlmiş və baxış keçirərkən 1 metrinin dəyəri 85 manat olmaqla ümumilikdə 270 metr kabelin oğurlanmasını müəyyən edib bu barədə polisə şikayət etmişlər. Bundan sonra təhlükəsizlik kamerasına baxış keçirərkən 3 nəfər tanımadığı şəxsin 3-4 gün ardıcıllıqla kabelləri hissə-hissə kəsərək oğurladıqlarını aşkar etmişlər. Hadisə nəticəsində şirkətə ümumilikdə 22.950 manat dəyərində maddi ziyan dəymişdir. Polislər tərəfindən aparılan araşdırma zamanı qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən şəxslərdən ikisi, hazırkı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rəvəkkül oğlu tutulmuşlar. Videogörüntülərlə də müəyyən edilmişdir ki, oğurluq edən şəxslərdən iki nəfəri eyni həmin şəxslərdirlər, onlar 15 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin anbarının həyətinə qanunsuz daxil olub həyətyanı torpaq sahəsində saxlanılan elektrik kabellərini hissə-hissə oğurlayıb aparmışlar. Ekspertizanın rəyində kabelin bir metrinin qiymətinin 75 manat müəyyən edilməsi üçün əsas olmamışdır, həmin kabellər “X240-İX120_RK 1KV TS SİY DLCG” markalı elektrik kabelləri olmuşdur, hər bir metri 85 manat olmaqla ümumilikdə 22.950 manat dəyərində 270 metr uzunluğunda hissəsi oğurlanmışdır. Hal-hazıradək dəymiş maddi ziyanın hər hansı hissəsi ödənilməmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayətçidirlər, maddi ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anbardar vəzifəsində işlədiyi "xxxx" MMC Türkiyə Respublikasından müxtəlif elektirik malları alıb Azərbaycan Respublikasında satır. Həmin şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 130 ünvanda yerləşir. 29 iyul 2021-ci il tarixdə saat təxminən 19 radələrində anbara baxış keçirən zaman 1 metri 85 manat təşkil edən 270 metr kabelin naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. O, ərazidə quraşdırılan təhlükəsizlik kameralarına baxış keçirərkən 3 nəfər şəxsin 3-4 gün ardıcıl olaraq anbara qanunsuz daxil olub hissə-hissə kəsərək həmin kabelləri oğurladığını müəyyən etmişlər. Baş vermiş cinayət hadisəsi zamanı şirkətə 22.950 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəllər heç bir münasibəti olmamışdır. Sonuncuların hər ikisini ümumilikdə Nizami rayonu 23-cü polis bölməsinin inzibati ərazisində yaşayan şəxslər kimi tanımış və məlumatlara əsasən həmin şəxslərin oğurluqla məşğul olmaları, buna görə də müxtəlif vaxtlarda məsuliyyətə cəlb edilmələrini ümumilikdə bilmişdir. 30 iyul 2021-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı X13 ərizə ilə polis bölməsinə müraciət edərək Bakı şəhəri, Nizamı rayonu, Heydər Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbardan xeyli miqdarda miss naqillərin kəsilərək oğurlanmasını bildirdiyindən, araşdırma zərurəti ilə əlaqədar hadisə yerinə baxış keçirilərkən həmin hadisə yerini əhatə edən təhlükəsizlik kameralarının olması müəyyən edilmiş, kamera görüntülərinə baxış keçirilərkən əvvəllər Rövşən və Əhliman kimi tanıdığı şəxslərin yanlarında tanımadığı bir nəfər şəxslə bir neçə dəfə anbarın həyətinə gələrək anbarın qarşısında qoyulmuş elektrik naqillərini hissə-hissə kəsərək oradan oğurladıqları naqillərin soyulmuş halda misləri ilə birlikdə getmələrini aşkar etmişlər. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən “qara zavod” adlanan ərazidə saxlanılaraq 23-cü polis bölməsinə gətirilməklə bu barədə raport tərtib edilmiş, daha sonra həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanının qarşısında saxlanılaraq 23-cü polis bölməsinə gətirilməklə bu barədə raport tərtib edilmişdir. Hər iki şəxslə söhbət zamanı həqiqətən də Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbardan tanışları “Mıtı” kimi tanınan şəxslə birlikdə qalın elektrik naqillərini bir neçə dəfəyə hissə-hissə kəsməklə soyaraq aparıb satmalarını bildirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq “Mıtı” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Hər iki təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışlar, bu zaman onlara qarşı qanunsuz hərəkətə, təsir və ya təzyiqə yol verilməmişdir, həmin şəxslər özləri də videogörüntülərə baxaraq qeydə alınan görüntülərin düzgün olduğunu, orada oğurluq zamanı qeydə alınmış şəxslərin özləri və “Mıtı” adlı şəxs olduğunu etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 30 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin maliyyə müdiri X10, ekspert-kriminlaistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı oğurluq etmiş şəxslərin naqilləri kəsmək üçün özləri ilə gətirdikləri 2 ədəd dəmirkəsən aləti hadisə yerində aşkar olunaraq götürülmüşdür. (i.v. 8-9) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 30 iyul 2021-ci il tarixli birgə raportlarından görünür ki, saat 21:30 radələrində inzibati ərazidə xidmət zamanı 30 iyul 2021-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-də baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında təəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. (i.v. 11) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 30 iyul 2021-ci il tarixli birgə raportlarından görünür ki, saat 20:30 radələrində inzibati ərazidə xidmət zamanı 30 iyul 2021-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-də baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında təəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. (i.v. 12) - 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı Şahid1 Rafut oğlu tərəfindən təqdim edilmiş təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd CD diskə baxış zamanı görüntülərin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 130 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarın ərazisini əhatə etdiyi, üç nəfər şəxsin naqilləri oğurlayaraq ərazidən aparmaları müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin görüntüdə olan şəxslərdən ikisinin özlərinin olmalarını və həqiqətən də həmin görüntünün anbardan elektrik naqillərini oğurlamaları zamanı çəkilmiş videogörüntülər olmasını bildirmişlər. (i.v. 35) -Həmin videogörüntüləri özündə əks etdirən 1 ədəd CD diskə eyni zamanda məhkəmə iclası zamanı cinayət prosesi iştirakçıları ilə birlikdə baxış keçirilmiş, istinad olunan hər iki protokolda qeyd olunan hallar öz təsdiqini tapmaqla yanaşı müdafiə tərəfi qeydə alınan görüntüləri inkar etmək üçün hər hansı dəlil irəli sürməmişlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 6/3947-9/6460 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 4,80 kq kütləli, qeyri-metal, rezinəoxşar izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı metal məftillərdən ibarət, ümumi diametri təxminən 64,0 mm, damardan 3 ədədinin diametri təxminən 24,0 mm, bir ədədinin diametri təxminən 16,0 mm olan, təxminən 44,8 sm uzunluqlu 1 ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Nümunə əsasında təqdim edilmiş qeyrimetal, rezinəoşar izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı mis əsaslı ərintidən hazırlanmış metal məftillərdən ibarət, ümumi diametri təxminən 64,0 mm, damardan 3 ədədinin diametri təxminən 24,00 mm, bir ədədinin diametri təxminən 16,0 mm olan bir ədəd kabelin, 2021-ci ilin iyul ayının əvvəllərinə, orta bazar pərakəndə satış qiyməti təxminən 75,00 manat müəyyən edilir. (i.v. 172-175) - 11 oktyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barələrində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işinin materiallarından “Mıtı” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni, ********* nömrəli cinayət işi ayrılmış, iş üzrə oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 179-184, 185-186) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamla razılaşmadıqlarının əsası kimi irəli sürdükləri dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onlarla razılaşmaq olmaz, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, müvafiq iş materialları, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri onların hüquqlarıdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, həmin təqsirləndirilən şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Mıtı” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2021-ci il tarixdən 26 iyul 2021ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin anbarının həyətinə açıq qapıdan qanunsuz olaraq daxil olub həyətyanı torpaq sahəsində saxlanılan, hər bir metri 85 manat olan, ümumilikdə 22.950 manat dəyərində 270 metr “X240-İX120_RK 1KV TS SİY DLCG” markalı elektrik kabellərini hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb həmin kabelləri satıb əldə olunan gəliri aralarında bölməklə, ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 22.950 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin ifadələrində özlərini təqsirli bilməsələr də, son sözlərində əməllərindən peşman olduqlarını bildirərək, onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxslərin müdafiəçilərinin, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 57) - 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 72) - 02 avqust 2021-ci il tarixli 4(007)-210/2021 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 118-119) - 02 avqust 2021-ci il tarixli 4(007)-211/2021 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 120-121) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddəti nəzərə alınaraq üzərində qəti 04 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuş, 06 avqust 2014-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən həmin cəzadan azad edilmiş, üzərindən məhkumluq götürülmüş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 128-131) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 aprel 2014-cü il tarixdə Salyan Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəinə əsasən 07 ay 27 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 07 dekabr 2014-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 132-134) -Məhkəməyə təqdim edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1999-cu il təvəllüdlü X2 müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -Məhkəməyə təqdim edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, 2000-ci il təvəllüdlü X1 müharibəsi zamanı 06 oktyabr 2020-ci il tarixdə N saylı hərbi hissənin tərkibində 2-ci Ordu Korpusu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əvvəlki hökmlərə münasibətdə məhkumluğu olmayan şəxslər hesab edilirlər, yalnız sonuncu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)- 20/2022 nömrəli hökmünə münasibətdə təqsirləndirilən şəxslərin həmin hökm çıxarılmazdan əvvəl törədilmiş hazırkı cinayətdə də təqsirli olduqları müəyyən edilmişdir, ona görə cəza təyini zamanı həmin hal CM-nin 66.5-ci maddəsinin təsiri altına düşdüyündən nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə, həmin təqsirləndirilən şəxsin iki oğlunun Vətən müharibəsinin iştirakçısı olmaqla erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmələrini, onlardan birinin medalla təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla təqsirləndirilən şəxslərə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 31 iyul 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş hüquqi şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, onu təmsil edən şəxsə bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatı üçün nümunə qismində götürülmüş kabelin qalıq hissəsi Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirsələr də, müstəntiq müdafiəçilərin hüquqi xidmətlərə görə iştirak etdikləri müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçilərə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Məhkəmənin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri işdə iştirak edərək təqsirləndirilən şəxslərə (vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2) hüquqi yardım göstərmişlər, Müdafiəçi1 vəkil kimi fəaliyyətinə xitam verildiyindən məhkəmə icraatının sonrakı mərhələsində həmin vəkil Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(007)-20/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatı üçün nümunə qismində götürülmüş kabelin qalıq hissəsi Zərərçəkmiş şəxs MMC-yə təhvil verilsin. Məhkəmə məsrəfi olan 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun sabiq vəkili Müdafiəçi1 məhkəmə icraatının müvafiq mərhələsində Təqsirləndirilən şəxs2 göstərdiyi pulsuz hüquqi yardıma görə 36 iş saatı üçün 216 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatının müvafiq mərhələsində Təqsirləndirilən şəxs2 göstərdiyi pulsuz hüquqi yardıma görə 17 iş saatı üçün 102 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi pulsuz hüquqi yardıma görə 60 iş saatı üçün 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş hüquqi şəxsə (qanuni təmsilçisinə) mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar