Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-51/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 1,030 qram psixitrop maddə metamfetamin və ümumi təmiz çəkisi 20,271 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib müvəqqəti istifadə üçün ona verilmiş qonşusu X4 məxsus VAZ-21214 markalı, **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixə saat 01 radələrində ünvan 3 ünvanının qarşısında qeyd edilən avtomobildə olarkən, Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb həmin tarixdə saat 01:15 radələrində qeyd olunan ünvana çağırılmış, Nizami RPİ-nin 25-ci PŞnin əməkdaşları tərəfindən VAZ-21214 markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön tərəfdən sərnişin oturacağının üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,028 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 01 ədəd şəffaf selofon bükümdə təmiz çəkisi 1,030 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüş, həmin tarixdə saat 06 radələrində ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının həyətində saxlanılan VAZ-21214 markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə yenidən keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən 03 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,853 qram, 5,825 qram, 4,565 qram, tərkiblərinə görə eynilik təşkil edən, ümumi təmiz çəkisi 15,243 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitəni yalnız şəxsi istadəsi üçün əldə etmişdir. Uzun müddətdir ki, qurudulmuş marixuana istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində o, Arzu adlı tanışının “Niva” markalı, **-LE-*** dövlət nişanlı avtomobili ilə yaşadığı məhəllədən çıxıb avtomobili parklamaq üçün qonşu məhəllədə fərdi evlərin qarşısında saxlayan zaman, sağ tərəfində PPX avtomobili dayanmışdır. Polis əməkdaşı ondan həmin yerdə avtomobili saxlamağının səbəbini soruşanda o, avtomoibili parklayıb evə getmək istədiyini bildirmişdir. Polis əməkdaşı fərdi evin sahibinin narazılıq eliyəcəyi üçün orada avtomobil saxlamamağını bildirmiş, həmin vaxt başqa polis əməkdaşı avtomobildən düşüb ona yaxınlaşaraq əlindəki fanarla avtomobilin salonuna baxmış və bir qədər əvvəl qarşı oturacağın arxasında şübhəli nə isə gördüyünü, lakin indi həmin əşyanın orada olmadığını söyləmiş və həmin əşyanı hara tulladığını soruşmuşdur. Daha sonra polis əməkdaşları şübhələnib onun şəxsiyyəti ilə maraqlanmış, o da avtomobilin arxa oturacağının üzərində saxladığı gödəkçənin cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edən zaman 5-6 gün əvvəl əmisi oğlu Nicatdan aldığı, açardan asmaq üçün olan breloku polis əməkdaşları görmüşlər. Polis əməkdaşları həmin brelokun elektron tərəzi olduğunu hesab edib, rabitə vasitəsi ilə Nizami RPİ-nin 25-ci PŞ-nə məlumat vermişlər. Az sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sorğu-sual olunduqdan sonra, onun iştirakı ilə təhqiqatçı tərəfindən avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin sərnişin tərəfindən oturacağın üzərində həmin 01 ədəd elektron tərəzi-brelok, içərisində metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, içərisində qurudulmuş marixuana olan sarı rəngli sellofana bükülmüş 01 ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən götürülmüş metamfetamin və marixuana qablaşdırıldıqdan sonra bu barədə tərtib edilmiş protokol onun və baxışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmiş və sonra onlar 25-ci PŞ-nə qayıtmışlar. Polis şöbəsində avtomobilin arxasındakı yük yerinə baxış keçirilərkən, sağ tərəfindəki kiçik saxlanc yerində, 03 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O, məhkəmə iclasında çıxış edərək avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında aparılan sorğu-sual zamanı “çox vacibdi sabax sene yaxshi tema verecem”, “Гагаш кола лазымдыр”, “Dayi 2 sin yari 1 rin ptov eyle xаhiw edirem taksidiyem 5 deyqiye” məzmunlu mesajların ona məxsus nömrədən göndərilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində polis nəfərləri Şahid3 və Şahid1 ilə bir yerdə xidmətdə olan zaman ünvan 8 ünvanında, küçənin qaranlıq bir yerində ağ rəngli “Niva” xalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, içərisində bir nəfər şəxs olduğunu görüb ona yaxınlaşan zaman “Niva” markalı avtomobilin sürücüsü, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs onları görüb avtomobili işə salmağa çalışmış, lakin avtomobil sönmüşdür. Onlar həmin avtomobilin sərnişin tərəfindən şüşəsinin açıq olduğunu görüb yaxınlaşaraq Təqsirləndirilən şəxs hər hansı bir çətinliyinin olub-olmadığını soruşan zaman sonuncu həyəcanlı halda hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt onlar sərnişin oturacağının üzərində 02 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzini görüb bükümlərdə olanların nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həyəcanlanmış və suala cavab verməkdən yayınmışdır. Onlar qeyd edilən bükümlərin narkotik vasitə olacağına şübhə edib, aşkar edilən fakt barədə rabitə vasitəsi ilə Nizami RPİ-nin 25-ci PŞ-nə məlumat verib əməliyyat qrupunu çağırmışlar. Tezliklə 25-ci PŞ-dən təhqiqatçı gəlib Təqsirləndirilən şəxs, onun, polis nəfərləri Şahid3 və Şahid1 işttirakları ilə avtomobilin acağının üzərində aşkar edilmiş həmin bükümlərə və elktron tərəziyə baxış keçirərərək götürmüş və baxış videoçəkilişlə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində şöbədə xidmətdə olan zaman təhqiqatçı tərəfindən narkotik vastələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobilə baxış keçirilən zaman o və 25ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 orada iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin arxa saxlanc yerinin sağ hissəsində olan kiçik saxlanc yerindən sellofan torbada 03 ədəd sarı rəngli sellofana bükülmüş kibrit qutularını götürüb təqdim etmişdir. Təhqiqatçı tərəfindən kibrit qutularının içərisinə baxış keçirilən zaman orada marixuanaya oxşar kütlə müəyyən edilmiş və onların yanında təhqiqatçı tərəfindən həmin kibrit qutuları qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Baxış və götürmə videoçəkilişlə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “Niva” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, Son 2-3 ay ərzində səhhəti ilə bağlı tez-tez müalicələrdə olduğundan, avtomobilin açarını qonşusu Eşqinə verib tapşırmışdır ki, aradabir avtomobildən istifadə etsin ki, akkumlyatoru zəifləməsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı düzgün ifadə verməmişdir, belə ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4000 № saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN zərflər üçün N165 dairəvi möhür əksi olan vət. Təqsirləndirilən şəxs idarə etdiyi... » sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd şəffaf selofan bükümdə, təmiz çəkisi 1,030 qram olan ağ kristallik maddə kustar üsullla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı və maddə nümunəsi ilə müqayisəli tədqiqat aparılmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/810 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi və əyləşdiyi “NOVA” markalı ** LF *** d/n/n/b avtomobildən aşkar olunmuş 01 ədəd kibrit qututsunda olan narkotik vasitə ...” yazılar və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,028 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/814 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı a/m-dan aşkar olunmuş 03 ədəd kibrit qutusunda olan maddə” yazılar və imzalar olan zərfdə 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,853 qram; 5,825 qram; 4,565 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuananın ümumi çəkisi 15,243 qramdır. Tədqiqata təqdim olunmuş 3 ədəd kibrit qutusunda olan marixuanalarla 1 ədəd kibrit qutusundakı marixuana tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 4448 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış 19 avqust 2022-ci il tarixli, 15544 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1) xx/xx/2022,18:47:33,**********17,**********94, ”Cox vacibdi sabax sene yaxshi tema verecem”; 2) xx/xx/2022, 11:02:59, **********07, **********17, “Гагаш кола лазымдыр”; 3) xx/xx/2022,23:21:27,**********17,**********70,Görürsen caan mal verebilmirem nisyeviq; 4) xx/xx/2022, 07:02:42, **********17, **********94, “Torpax istiyirsen pulu -rezini gÄTftu ge”; 5) xx/xx/2022, 14:54:53, **********17, **********90, “Torpax istiyirsen nagdiya”; 6) xx/xx/2022,16:31:45,**********36,**********17,Dayi 2 sin yari 1 rin ptov eyle xаhiw edirem taksidiyem 5 deyqiye c; 7)xx/xx/2022,03:45:19,**********17,**********36, Hara gelirsen mende 1 ptov var - məzmunda mesajlar müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 660 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəriməni tam ödəmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. X7 xx.xx.2022-ci il tarixdə, saat 02:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-419/2022 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik və psixotropik vasitələrin qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman çəkilmiş videogörüntülərin olduğu 02 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 15544 saylı məktubu ilə təqdim edilmiş, ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc, ümumilikdə 209 manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 23 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 209 manat (iki yüz doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,030 qram metamfetamin, üzərində metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd kibrit qutusunda 5,028 qram, 03 ədəd kibrit qutularında 4,833 qram, 5,805 qram və 4,545 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman çəkilmiş videogörüntülərin olduğu 02 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 15544 saylı məktubu ilə təqdim edilmiş, ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-51/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-51/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver