Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-511/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1971-ci ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz evdə kirayə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 18 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 09 may 2024-cü il tarixdə, saat 11:00 radələrində ünvan 1 ünvanda yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 190 manat pul, üzərində 05 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 250 manat dəyərində bir ədəd “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefon, 05 manat 40 qəpik dəyərində şəxsiyyət vəsiqəsi, X1 Müsəllimova məxsus 05 manat 40 qəpik dəyərində bir ədəd şəxsiyyət vəsiqəsi, dəyəri olmayan 01 ədəd “Azərbaycan Beynəlxalq Bankı"na aid plastik kart olan 05 manat dəyərində bir ədəd pul qabını çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 460 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 13 may 2024-cü il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanda yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs1 əynində olan gödəkcənin sol yan cibindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 05 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 300 manat dəyərində bir ədəd “Samsung” markalı, “Galaxy A22” modelli mobil telefon, 05 manat 40 qəpik dəyərində şəxsiyyət vəsiqəsi, 02 manat dəyərində bir ədəd “Baku Bus” kart, dəyəri olmayan bir ədəd “Kapital Bank”a aid plastik kart, bir ədəd “Bolmart" kart, bir ədəd “Petek” kart, iki ədəd “Araz” kart olan 05 manat dəyərində bir ədəd pul qabını çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 317 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, may ayında dəqiq xatırlamadığı gündə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarına getmişdir. Bazarda bir qadının gödəkcəsinin sağ yan cibində bir ədəd pul qabının yarı çıxmış vəziyyətdə olduğunu görmüşdür. Həmin qadın bazarda adamların sıx olduğu yerdən keçən zaman o, həmin qadına yaxınlaşmış və kütlənin sıxlığından istifadə edib həmin qadının gödəkcəsinin sağ yan cibindən bir ədəd pul qabını götürüb oradan uzaqlaşmışdır. Pul qabını açdıqda içərisində üzərində çat olan bir ədəd “Samsung” markalı mobil telefon və 150 manat məbləğində pul olduğunu görmüşdür. Telefonu və pulu götürmüş və pul qabını zibilliyə atmışdır. Pul qabının içərisində kart və şəxsiyyət vəsiqəsi olmamışdır. Oğurladığı “Samsung” markalı mobil telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mağazaya özünə aid olduğunu bildirərək şəxsiyyət vəsiqəsi ilə 50 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Digər zərərçəkmiş şəxsə məxsus pul qabını o, oğurlamamışdır, həmin epizod üzrə özünü təqsirli bilmir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 may 2024-cü il tarixdə, saat 09 radələrində evdən çıxıb “8-ci kilometr” bazarına getmək üçün 105 nömrəli marşrut avtobusuna minmiş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında avtobusdan düşmüşdür. O, avtobusdan düşməmişdən qabaq əynində olan qolsuz gödəkcənin sağ yan cibindən pul qabını çıxarıb avtobusun gediş haqqını vermiş və yenə də pul qabını əynində olan qolsuz gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra o, “8-ci kilometr” bazarına getmiş və bazarda uşaqları üçün corab almışdır. Həmin vaxtı bazarda sıxlıq olmuşdur. Bundan sonra o, oğlu üçün idman ayaqqabısı almaq istəyərkən pul qabının cibində olmadığını görmüşdür. O, başa düşmüşdür ki, pul qabını kimsə cibindən çıxarmışdır. Bu barədə polisə şikayət etmişdir. Ona məxsus pul qabının içərisində 190 manat pul, 250 manat dəyərində bir ədəd “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefon, mobil telefonun üzərində olan 5 manat dəyərində ***-***-**-** nömrə, ona və oğluna məxsus şəxsiyyət vəsiqələri, “Azərbaycan Beynəlxalq Bankı”na aid bir ədəd debet kart olmuşdur. Ona 460 manat 80 qəpik məbləğində ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 may 2024-cü il tarixdə, saat 17 radələrində evdən çıxıb “8-ci kilometr" bazarına getmək üçün 214 nömrəli marşrut avtobusuna minmiş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında avtobusdan düşmüşdür. O, avtobusdan düşməmişdən qabaq əynində olan gödəkcənin sol yan cibindən pul qabını çıxarıb “Baku Bus" kartı ilə gediş haqqını ödəmiş və yenə də pul qabını əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur. Bundan sonra o, “8-ci kilometr” bazarına getmişdir. Bazarda olan zaman mobil telefonla danışmış və mobil telefonu pul qabına qoymuşdur. Pul qabında olan pulları isə əlinə götürmüş, pul qabını isə əynində olan gödəkcənin cibinə qoymuşdur. Həmin vaxtı bazarda sıxlıq olmuşdur. Bundan sonra o, xiyar satılan yerə yaxınlaşıb xiyar almış, əlini gödəkcənin sol yan cibinə salmış və görmüşdür ki, pul qabı yerində yoxdur. O, başa düşmüşdür ki, pul qabını oğurlamışlar. Bu barədə polisə şikayət etmişdir. Onun dəyəri 5 manat olan pul qabı, pul qabının içində 300 manat dəyərində bir ədəd “Samsung” markalı, “Galaxy A22” modelli mobil telefon, mobil telefonun üzərində olan 5 manat dəyərində ***-***-**-** nömrə, 5 manat 40 qəpik olan ona məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, 2 manat dəyərində bir ədəd “Baku Bus” kartı, “Kapital Bank”a aid bir ədəd debet kart, bir ədəd “Bolmart" kart, bir ədəd “Petek" kart, iki ədəd “Araz” kart oğurlanmışdır. Ona 317 manat 40 qəpik ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyinə söz verdiyinə görə hazırda ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə Şahid2 məhkəməyə ərizə göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən ünvan 2 ünvanında mobil telefonların alışı və satışı ilə məşğul olur. 09 may 2024-cü il tarixdə, saat 13-14 radələrində bir nəfər orta yaşlı kişi mağazaya yaxınlaşmış və demişdir ki, özünə məxsus “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonu satmaq istəyir. Həmin şəxs mobil telefonu ona vermiş və o, mobil telefona baxan zaman görmüşdür ki, “Samsung” markalı, “Galaxy A52” modelli telefonun ekranında çat, mobil telefonun arxa hissəsində qırıq var. Mobil telefonun kabrosu və ekran qoruyucusu, üzərində nömrə və kart olmamışdır. Həmin şəxs telefonu ehtiyacı olduğu üçün satdığını bildirmiş və onlar 80 manata razılaşmışlar. Həmin şəxs şəxsiyyət vəsiqəsini vermiş və o, görmüşdür ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, şəxsiyyət vəsiqəsinin surətində satdığı tarixi, mobil telefonun modelini, imei kodunu, mobil telefonun özünə məxsus olmasını, oğurluq və girovda olmamasını yazsın. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin alt hissəsində 09 may 2024-cü il tarixi, mobil telefonun A52 modelini, imei: **********80948 kodunu, mobil telefonun özünə məxsus olmasını, mobil telefonun oğurluq və girov olmadığını, mobil telefonun ekranının sınıq olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonu 80 manata almışdır. O, həmin mobil telefonun ekranını və arxa qoruyucusunu dəyişdirmiş və satmaq üçün mağazada vitrinə qoymuşdur. Təxminən 2-3 gündən sonra o, həmin mobil telefonu 120 manata satmış, satdığı şəxsin anket və mobil telefon nömrəsini bilmir. 18 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis işçiləri ilə mağazaya gəlmiş, Təqsirləndirilən şəxs demişdir ki, mobil telefonu bu mağazaya satmışdır. Polis işçiləri ondan mobil telefonu soruşmuşlar, o, da demişdir ki, Təqsirləndirilən şəxs aldığı mobil telefonu satmış və o, polis işçilərinə Təqsirləndirilən şəxs mobil telefonu satan zaman təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Həmin mobil telefonun oğurluq olması barədə onda şübhə yaranmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-151/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 2112 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 09 may 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən “8-ci kilometr" bazarında müştərilərin arasında gəzməsi və 13 may 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən “8-ci kilometr” bazarında sıxlıqdan istifadə edərək qadın müştərinin cibindən bir ədəd pul kisəsini götürüb çıxıb getməsinə dair videogörüntünün olduğu iki ədəd “DVD” disk, üzərində əlyazma olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılır. - məhkəmə iclasında tədqiq edilmiş disklərdə olan videogörüntülərdən görünür ki, 09 may 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “8-ci kilometr" bazarında müştərilərin arasında gəzir və 13 may 2024-cü il tarixdə, saat 17 radələrində “8-ci kilometr” bazarında xiyar satılan yerdə sıxlıqdan istifadə edən Təqsirləndirilən şəxs başı qara rəngli çarşabla bağlanmış qadından (Zərərçəkmiş şəxs1) pul qabını götürür və sağ əlində pul qabı geri dönüb hərəkət edir. Sonra gödəkcəsinin qabaq hissəsini qaldırır və sağ əlində olan pul qabını gödəkcənin alt hissəsinə qoyur və hərəkətini davam etdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əmlakını cibindən çıxarmaqla təkrarən gizli olaraq talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü bir epizod üzrə təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs etiraf etdiyi epizod üzrə oğurluq etdiyi günü dəqiq xatırlamasa da öz ifadəsi, Zərərçəkmiş şəxs2 və Şahid2 ifadəsinə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə “8-ci kilometr" bazarında Zərərçəkmiş şəxs2 pul qabını oğurlamış və pul qabında olan “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonu həmin tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mağazada Şahid2 satmışdır. Təqsirləndirilən şəxsin 13 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 pul qabını oğurlamamasına dair ifadəsində göstərdiyi xüsusat Zərərçəkmiş şəxs1 ifadəsi ilə, məhkəmə iclasında tədqiq edilmiş “8-ci kilometr" bazarında olan kameradan götürülmüş videogörüntü ilə tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçdiyinə görə məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-298/2024 saylı,xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, Zərərçəkmiş şəxs1 şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1- 66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 1(001)-298/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd disk və üzərində əlyazma olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 42 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 252 (iki yüz əlli iki) manat (42x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-298/2024 saylı hökmü ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza - 2(iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan iki ədəd “DVD” disk və üzərində əlyazma olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 42 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 252 (iki yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-511/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-511/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver