Məhkəmə qərarları › İş №1(007)-517/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-517/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-517/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi ev 13, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, 25 avqust 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2023-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının yaxınlığına gəlib həmin yerdə saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Lada Niva” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfdən sərnişin qapısını özü ilə gətirdiyi xətkeşlə açaraq avtomobilin salonunda quraşdırılmış 01 ədəd 800 manat qiymətində “Pioneer” markalı maqnitafonu, avtomobilin aptekçəsində olan 01 ədəd 150 manat qiymətində ov təyinatlı “Boker” markalı bıçağı və avtomobilin yük yerini açaraq oradan 01 ədəd 350 manat qiymətində “Pioneer” markalı səs gücləndiricini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 04 radələrində ünvan 2 ünvanının yaxınlığından keçərkən orada saxlanılmış “bej” rəngli “Lada Niva” markalı **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun diqqətini çəkmişdir. Avtomobilə bir neçə dəfə yaxınlaşıb daha sonra uzaqlaşaraq ətrafda onu görən kiminsə olmadığını dəqiqləşdirdikdən sonra üzərində olan xətkeş vasitəsi ilə ön sərnişin oturacağı tərəfdəki, yəni qabaq sağ qapını açmışdır. Bu zaman avtomobilin işıqları yanıb sönməyə başlamış, lakin səs gəlməmişdir. Buna görə öz işinə davam edərək avtomobilin salon hissəsində quraşdırılmış 01 ədəd “Pioneer” markalı maqnitafonu, aptekçədə olan “Boker” markalı ov bıçağını, daha sonra isə avtomobilin baqaj qapısını açıb orada quraşdırılmış 01 ədəd “Pioneer” markalı səsgücləndiricini götürmüş və aparıb yaşadığı evdə gizlətmişdir. Bu əşyaları evdə heç kim görməmişdir. Daha sonra həmin əşyaları “tap.az” saytında yerləşdirib tanımadığı ayrı-ayrı iki şəxsə müxtəlif qiymətlərə satmışdır. Oğurluğu özü tək etmişdir, oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, atasının ağır xəstə olduğunu, evdə yalnız işləmək qabiliyyətində olduğunu göstərərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə teleqram və ərizə göndərərək, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini, onunla barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus olan, idarə etdiyi “Lada Niva” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı, “bej” rəngli avtomobilini yaşadığı ünvan 3 ünvanının qarşısında saxlamış, qapı və pəncərələri bağlayıb, kilidləyib yaşadığı evə getmişdir. 03 fevral 2023-cü il tarixdə saat 07:15 radələrində işə getmək üçün evdən çıxıb avtomobilə yaxınlaşdıqda avtombilin ön sərnişin qapısının açıq olduğunu görmüşdür. Avtomobilin salonuna baxış keçirən zaman salonda quraşdırılmış 01 ədəd 800 manat qiymətində “Pioneer” markalı maqnitafonun, aptekçədə olan 01 ədəd 150 manat qiymətində “boker” markalı ov təyinatlı bıçağın, avtomobilin “baqaj”, yəni yük hissəsində isə 01 ədəd 350 manat qiymətində “Pioneer” markalı səsgücləndirici cihazın yerində olmadığını görmüşdür. O, avtomobilindən oğurluq edildiyini anlayıb bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Onun yaşadığı binada avtomobili saxladığı yerin yaxınlığını çəkən, yaddaş bloku onun evində olan müşahidə kamerası vardır. Avtomobilindən qeyd etdiklərindən başqa heç nə oğurlanmamışdır, ona ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında quraşdırılmış müşahidə kamerasının yaddaşına baxış keçirilmiş, oğurluğu törətməkdə şübhəli olan şəxsin görüntüləri qeydə alınaraq götürülmüş və diskə yazılmışdır. Həmin görüntülərdən görünür ki, 03 fevral 2023-cü il tarixdə saat 04 radələrində, qara-ağ rəngli ayaqqabı, qara rəngli gödəkçə, boz rəngli şalvar geyinən, qara rəngli “çeçenka” papaq taxan şəxs ərazidə şübhəli davranışlar sərgiləyir, bir neçə dəfə avtomobilə yaxınlaşıb geri qaydır, daha sonra avtomobilə yaxınlaşdıqda avtomobilin təhlükəsizlik işıqları sayrışmağa başlayır. (i.v. 23) - 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dəqiqə 20 saniyədən ibarət həmin video görüntülərə baxış zamanı bildirmişdir ki, həmin görüntülərdə olan şəxs onun özüdür və bu görüntülər onun Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində olan “bej” rəngli “Niva” markalı avtombildən oğruluq etməyə hazırlaşarkən çəkilmiş video görüntülərdir. Həmin görüntülərdə olan qara-ağ rəngli ayaqqabı, qara rəngli gödəkçə, boz rəngli şalvar geyinən, qara rəngli “çeçenka” papaq taxan şəxs odur. (i.v. 41) - 25 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (i.v. 45-46) - 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları satdığı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, hadisə yerinin görüntülərinin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. (i.v. 49-52) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndində əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzasını çəkmiş hesab olunaraq cəzadan azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)- 49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixə, 12 iyun 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixə kimi həbsdə olduğu 02 ay 07 gün müddət, 04 ay 14 gün hesablanmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icra müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə digər vəzifələrlə yanaşı gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmuşdur. (i.v. 47-48) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü 07 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzadan, yuxarıda istinad olunan Amnistiya Qərarına əsasən cəzasını çəkmiş hesab olunaraq, 23 dekabr 2021-ci il tarixdə azad edildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, həmin maddəyə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlığın məhdudlaşdırılması ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq onun həmin iş üzrə 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixə və 12 iyun 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək həbsdə olduğu cəmi 02 ay 07 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 ay 14 günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və ona CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq cəza təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü ilə müəyyən edilmiş vəzifələr nəzərə alınmaqla, müvafiq məhkəmə qərarı olmadan hər gün gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, onun həmin iş üzrə 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixə və 12 iyun 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) ay 14 (on dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(008)-49/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar