Məhkəmə qərarları › İş №1(007)-517/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-517/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-517/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 13 fevral 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,383 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 31 iyul 2024-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanının qarşısında Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 iyul 2024-cü il tarixdə tanışı Hüseynov Vaqiflə birlikdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsinə “truba” almağa getmişlər. Həmin vaxt polis əməkdaşı yaxınlaşaraq onları bölməyə aparmışlar. Lakin bölməyə nə səbəblə aparıldıqlarını bilməmişlər. Bölməyə getdikdən sonra onlara narkotik istifadəsində şübhəli olduqlarını bildirmişlər. Onu Niyaməddin adlı polis əməkdaşı saxlamış, yanında da 1 nəfər polis əməkdaşı olmuşdur. Üzdən görsə həmin polis əməkdaşını tanıya bilər. Onu “BMW” markalı avtomobillə polis bölməsinə aparmışlar. Saxlanıldığı vaxt Tahir və Tərlan adlı polis əməkdaşları orada olmamışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Ona demişlər ki, narkotik vasitəni götür, yoxsa satışla cinayət işi aça bilərlər. O da məcbur qalıb verilən narkotiki götürmüşdür. Qorxmuşdur ki, onu satıcı kimi verə bilərlər. Niyaməddin adlı polis əməkdaşı ona hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 02 avqust 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Keşlə qəsəbəsində yerləşən mebel fabirikində fəhlə işləmişdir. Əvvəllər bir necə dəfə Azərbaycan Respublikası CM-nin 177 və 234-cü maddələri məhkum olunmuşdur. 2022-ci ilin oktyabr ayında Keşlə qəsəbəsində üzərində narkotik vasitə saxladığı üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2023-cü ilin dekabr ayında cəzadan şərti azad olunmuşdur. 2024-cü ilin iyul ayından yenə narkotik vasitə heroini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. Narkotik vasitə heroini Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən bir bükümü 10 manata alıb qəbul etmişdir. 31 iyul 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata narkotik vasitə heroin alıb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş və bundan sonra yaşadığı Nizami rayonu Keşlə qəsəbəsinə qayıtmışdır. Abdulla Mirzəyev küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşı kimi təqdim etmiş, ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu 23-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına təyinatla vəkil dəvət edilmiş, polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə narkotik vasitə heroindir. 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Bir ədəd büküm polis əməkdaşları tərəfindən açılmış və həmin bükümün içəndə qəhvəyi rəngli maddə aşkarlanmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, o, narkotik vasitə heroin aldığı şəxsi tanımır və anket məlumatlarımda bilmir. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitə heroini öz istifadəsi üçün alıb özündə saxlamış, narkotik vasitə heroinin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroini əldə etdiyi şəxsin anket məlumatlarını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, narkotik vasitə onun üzərində olmamış, bölmədə cibinə qoyulmuşdur. Polis əməkdaşı Niyaməddin ona təzyiq göstərərək döymüşdür. Amma bununla bağlı şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında anasının xəstə olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə ünvan 5 ünvanda xidmət apararkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla söhbət edən zamanı o, özünü narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli apardığı üçün onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində 23-cü polis bölməsinin təhqiqatçısı Ömər Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra onların və vəkilin iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, vəkil və iştirakçıların yanında bir ədəd büküm açılmış və bir ədəd bükümün içindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, özünə məxsusdur, şəxsi istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Bundan sonra bir ədəd büküm təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, vəkil və iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə kiçik inspektoru vəzifəsində xidmət edir. 31 iyul 2024-cü il tarixdə o, Bakı şəhəri Nizami rayonu Abdulla Mirzəyev küçəsində ərazi üzrə xidmətdə olmuşdur. Həmin vaxt əməliyyat müvəkkillərinin bir nəfər şəxsi polis bölməsinə apardıqlarını görmüşdür. O, yaxınlaşaraq iş yoldaşlarına kömək lazım olub-olmamasını soruşmuşdur. Amma Muxtar adlı şəxsin saxlanılmasında və polis bölməsinə aparılmasında iştirak etməmişdir. Həmin vaxt yanında adam olub-olmamasını xatırlamır. Muxtar adlı şəxsi tanımır, onu döyməmiş və psixi zorakılığa məruz qoymamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 iyul 2024-cü il tarixli və 12 avqust 2024-cü il tarixli protokollardan görünür ki, 31 yul 2024-ci il tarixdə saat 12:30 radələrində Nizamı RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 12:40 radələrində şübhəli şəxs qismində 23-cü PB-nə gətirilmişdir. 23-cü PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkli Şahid1, əməliyyat müvəkkili Şahid2, 6 saylı vəkil bürosundan dəvət olunmuş vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən qızılı rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd bükümü, 6 manat nağd pulu və qara rəngli şalvarının sol cibindən cib dəsmalını könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 31 iyul 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 10 manata almışdır. Həmin narkotik vasitəni əynindəki qara rəngli şalvarının sağ cibində öz istifadəsi üçün saxlamışdır. 31 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxsZakır oğlunun iştirakı ilə qablaşdırılmış, 163 nömrəli möhürlə möhürlənmişdir. Bununla da şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 12 avqust 2024-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 28-29, 86) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 01 avqust 2024-cü il tarixli 6/3920 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N163”-li dairəvi möhür əksi,” şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,383 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,383 qram olmuş, tədqiqata cəmi 0,05 qram sərf edilmiş, 0,333 qram qalıq qalmışdır. (i.v. 40-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 01 avqust 2024-cü il tarixli 5248 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təstiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100) - 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən bir ədəd bükümdə narkotik vasitə heroinin təqdim etməsi zamanı videoçəkiliş aparılmış və həmin videogörüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilərək saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşının təklifi ilə narkotik vasitəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafıq hesab edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istintaq yolu ilə mümkün olmamış, həmin heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirləri keçirilməsi üçün cinayət işindən material ayrılmış və yoxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 101- 108) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşı tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutmadan 02 avqust 2024-cü il tarixdə azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19-20) - 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 71-72) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 02 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutmadan azad edilmişdir. (i.v. 73-74) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 09 avqust 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsinə əsasən 01 il müddətinə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 22 oktyabr 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83cü maddəsinin 3-ci hissəsi, 143-cü maddənin 3-cü hissəsi, 220-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 aprel 1995-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 24 aprel 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəinə əsasən 03 il 03 ay 13 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş; Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 15 sentyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, CM-nin 39-cu maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2001-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 iyul 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 aprel 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 13 fevral 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 79-82, 92-98) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə, həmin cəzadan 16 dkeabr 2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan sonra, məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,333 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 22 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 132 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar