Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-519/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qulamhüseyn oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1975-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov 19/1 ünvanında kirayədə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-909/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 aprel 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin plastik pəncərəsinin şüşəsini sındırmaqla açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq mənzildə olan dəyəri 600 manat təşkil edən 1 ədəd “Samsung” markalı plazma televizoru, dəyəri 100 manat təşkil edən “Siqma” markalı qaz sobasını və dəyəri 40 manat təşkil edən adsız qaz sobasını, 02 may 2023-cü il tarixdə saat 00:28 radələrində həmin mənzilə eyni üsulla daxil olaraq bir ədəd dəyəri 500 manat təşkil edən “Dayson” markalı fen, bir ədəd dəyəri 100 manat təşkil edən “X1” markalı kofe maşını, bir ədəd dəyəri 70 manat təşkil edən “Wolf” markalı ətçəkən maşın, bir ədəd dəyəri 20 manat təşkil edən “Foton” markalı tozsoran, bir ədəd dəyəri 30 manat təşkil edən “Sunny” markalı tozsoran, bir ədəd dəyəri 20 manat təşkil edən “Hausberg” markalı toster, bir ədəd dəyəri 20 manat təşkil edən arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatı, bir ədəd dəyəri 10 manat təşkil edən “Sokany” markalı saç ütüsü, bir ədəd dəyəri 10 manat təşkil edən “Braun” markalı fen, bir ədəd dəyəri 40 manat təşkil edən şirə çəkən maşını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat 02:00 radələrində Keşlə qəsəbəsində yerləşən məscidin yanından keçən zaman yeni tikili olan, işıqları yanmayan və hasarı olmayan bir evi görüb həmin evə girərək oğurluq etmək qərarına gəlmişdir. Plastik pəncərəni yerdən götürdüyü dəmir parçası ilə açaraq evə daxil olmuşdur. Evin ikinci mərtəbəsində otaqların birində əşyalar yığıldığını görmüş, həmin əşyaların bir qismini həmin gün, qalan əşyaları isə bir neçə gün sonra oğurlamaq qərarına gəlmişdir. Həmin əşyalardan seçərək bir ədəd “Samsung” markalı televizor, iki ədəd qaz sobasını gizli olaraq oğurlayıb evi tərk edib kirayə yaşadığı evə aparmışdır. Sonra həmin əşyalardan bir ədəd televizoru 59 manata, qaz sobalarının hər birini isə 30 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra eyni üsulla həmin evə daxil olaraq ikinci mərtəbəyə qalxmış və otaqların birinə yığılmış saç qurudan fen, tozsoran, ət çəkən maşın, sok çəkən maşın, toster, bir ədəd arıqlamaq üçün aparatı, bir ədəd mikser və digər xırda elektrik və məişət avadanlıqlarını gizli olaraq oğurlayıb mənzildə olan ağ rəngli torbalara yığıb evi tərk edib kirayə yaşadığı evə aparmış və kirayə yaşadığı mənzildə olan paltar dolabına yığmışdır. Polis əməkdaşları onu tapıb bu hadisə barədə soruşduqda o, törətdiyi əməli səmimi etiraf etmiş və oğurladığı əşyaları yığdığı yeri bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 17 aprel 2023-cü il tarixdə ünvan 3-də yerləşən, təmir etdirdiyi mənzilə gələn zaman 2015-ci ildə nağd olaraq 2200 ABŞ dollarına aldığı 1 ədəd “Samsung” markalı plazma televizorun, təzə vəziyyətdə olan, təxminən bir ay əvvəl “Sədərək” Ticarət Mərkəzindən 400 manata aldığı 1 ədəd “Siqma” markalı və 100 manata aldığı 1 ədəd adsız qaz sobasının oğurlandığını aşkar etmişdir. Bu barədə Nizami RPİ-nin 23-cü PB-nə ərizə ilə müraciət etmişdir. Lakin sonradan şikayət etmək niyyəti olmadığı üçün oğurlanmış televizorun dəyərini 90 manat olmasını göstərmiş, digər əşyaları isə ümumiyyətlə göstərməmişdir. 02 may 2023-cü il tarixdə mənzilinə gələn zaman təkrarən mənzilin plastik pəncərəsinin şüşəsinin sındırıldığını görmüş, mənzilin ikinci mərtəbəsinə qalxdıqda otaqda olan, təzə vəziyyətdə 5-6 ay əvvəl Türkiyədə olarkən 1700 manata aldığı “Dayson” markalı 1 ədəd saç qurudan fen, 2019-cu ildə 30 manata aldığı 1 ədəd “Sokany” markalı saç ütüsünün, 2015-ci ildə 300 manata aldığı 01 ədəd “X1” markalı kofe maşınının, 2019-cu ildə 70 manata aldığı 01 ədəd “Sunny” markalı tozsoranın, 2005-ci ildə 160 manata aldığı 01 ədəd “Foton” markalı tozsoranın, 2019-cu ildə 60 manata aldığı 1 ədəd “Hausberg” markalı tosterin, 2015-ci ildə 110 manata aldığı 1 ədəd “Wolf” markalı ətçəkən maşının, 2022-ci ildə 40 manata aldığı 1 ədəd arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatının, təzə vəziyyətdə olan 40 manata aldığı blenderin və təzə vəziyyətdə olan, 30 manata aldığı təzyiq ölçən aparatın oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. 20 iyun 2023-cü il tarixli 9/3871 nömrəli ekspert rəyi ilə tanış olmuş, ekspertizanın rəyinə heç bir etirazı yoxdur, mənzildən oğurlanmış “Sokany” markalı saç ütüsünün 10,00 manat, “X1” markalı kofe maşının 100,00 manat, “Sunny” markalı tozsoranın 30 manat, “Hausberg” markalı tosterin 20,00 manat, “Wolf” markalı ətçəkən maşının 70,00 manat, “Braun” markalı fenin 10,00 manat, arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatının 20,00 manat qiymətləndirilməsi ilə razıdır. Mənzildən oğurlanmış 2015-ci ildə nağd olaraq 2200 ABŞ dollarına aldığı 1 ədəd “Samsung” markalı plazma televizorun hazırda dəyəri 600 manat, “Sədərək” Ticarət Mərkəzindən 400 manata aldığı 1 ədəd “Siqma” markalı qaz sobasının dəyəri 100 manat, 1 ədəd adsız qaz sobasının dəyəri 40 manat, 5-6 ay əvvəl Türkiyədə olarkən 1700 manata aldığı “Dayson” markalı 1 ədəd saç qurudan fenin dəyəri 500 manat, 2005-ci ildə 160 manata aldığı 01 ədəd “Foton” markalı tozsoranın dəyəri 20 manat, təzə vəziyyətdə olan blenderin dəyəri 40 manat təşkil edir. Baş vermiş oğurluq hadisələri nəticəsində ona ümumilikdə 1560 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları ünvana gələrək müvəqqəti yaşamaq üçün kirayə mənzil axtardığını demiş və yaşadıqları həyətdə kirayə ev olub-olmadığını soruşmuşdur. O, maddi çətinlikləri olduğundan həyətdə olan bir otaqlı evi kirayə verdiklərini, lakin həmin otaqda artıq bir nəfərin, yəni Şahid2 kirayə qaldığını, Rüfətlə birlikdə kirayə yaşaya biləcəyini bildirmişdir. Eldəniz onunla razılaşmış və həmin mənzildə aylıq 70 manata kirayə qalmağa razılaşmışdır. Bir neçə gün sonra Eldəniz özü ilə 1 ədəd televizor, bir ədəd qaz sobası və digər məişət əşyaları gətirmişdir. Təxminən 15 gün sonra Eldəniz yenə də özü ilə bəzi məişət əşyaları və elektrik avadanlıqlarını gətirib kirayə qaldığı evə qoymuşdur. Eldəniz yaxınlıqda qohumları yaşadığını, həmin əşyaların özünə məxsus olduğunu, bir neçə gün sonra rayona aparacağını bildirmişdir. 05 may 2023-cü il tarixdə polis əməkdaşları yaşadıqları həyətə gəldikdə Eldənizin kirayə yaşadığı evə gətirdiyi məişət əşyaları və elektrik avadanlıqlarını oğurladığı ona məlum olmuşdur. İş üzrə Şahid2 məhkəmənin elektron ünvanına ərizə göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən bir ay əvvəl tanış olmuşdur. Belə ki, Eldəniz onunla birlikdə eyni evdə kirayə yaşamışdır. Təxminən 15 gün əvvəl saat 21 radələrində kirayə qaldığı evə gələn zaman evin sahibi Eldənizi təqdim edərək onunla bir evdə kirayə yaşayacağını bildirmişdir. Eldəniz özü ilə 1 ədəd televizor, bir ədəd qaz sobası, saç qurudan fen, tozsoran, ət çəkən maşın, sok çəkən maşın, toster, 1 ədəd arıqlamaq üçün “Vibro” aparatı, 1 ədəd mikser və digər xırda elektrik və məişət avadanlıqları gətirmişdir. Həmin əşyaları evin bir kənarına və dolablara yığmışdır. Eldəniz yaxınlıqda qohumları yaşadığını, həmin əşyaların özünə məxsus olduğunu, bir neçə gün sonra rayona aparacağını bildirmişdir. Bundan təxminən 10 gün sonra Eldəniz özünə məxsus televizoru satmaq istədiyini bildirmişdir. O, Eldənizə kömək etmək üçün istifadəsində olan telefonla internet üzərindən alıcı tapmış və istifadəsində olan mobil telefonla həmin şəxsə zəng vurub evə dəvət etmişdir. Həmin alıcının telefon nömrəsini hazırda xatırlamır. Alıcı evə gəlib televizora baxış keçirdikdən sonra televizoru 59 manata Eldənizdən almışdır. Eldənizin evə gətirdiyi digər əşyalar barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs kirayə yaşadıqları evə gətirdiyi əşyaları oğurluq yolu ilə ələ keçirdiyini bilməmişdir. Təqsirləndirilən şəxs televizoru 59 manata satdıqdan sonra ona hər-hansı məbləğdə pul verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanından oğurladığı 1 ədəd “Sokany” markalı saç ütüsü, 1 ədəd “X1” markalı kofe maşını, 1 ədəd “Sunny” markalı tozsoran, 1 ədəd “Hausberg” markalı toster, 1 ədəd “Wolf” markalı ətçəkən maşın, 1 ədəd “Braun” markalı fen, 1 ədəd arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatı cinayət işi üçün mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsindən ötrü yığıldıqları 1 ədəd üzərində “Habil” sözü yazılmış, ağ rəngli kisə ilə birlikdə Təqsirləndirilən şəxs kirayə yaşıdığı Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov 19/1 ünvanından götürülmüş, baxış keçirilmiş, fotoşəkilləri çəkilmiş və qablaşdırılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-220/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3871 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, müxtəlif adda müxtəlif markalı malların istifadədə olmaması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 260 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanından oğurladığı 01 (bir) ədəd “Sokany” markalı saç ütüsü, 01 (bir) ədəd “X1” markalı kofe maşını, 01 (bir) ədəd “Sunny” markalı tozsoran, 01 (bir) ədəd “Hausberg” markalı toster, 01 (bir) ədəd “Wolf” markalı ətçəkən maşın, 01 (bir) ədəd “Braun” markalı fen, 01 (bir) ədəd arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən mənzilə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin 1560 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-909/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxlə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 (bir) ədəd “Sokany” markalı saç ütüsü, 01 (bir) ədəd “X1” markalı kofe maşını, 01 (bir) ədəd “Sunny” markalı tozsoran, 01 (bir) ədəd “Hausberg” markalı toster, 01 (bir) ədəd “Wolf” markalı ətçəkən maşın, 01 (bir) ədəd “Braun” markalı fen, 01 (bir) ədəd arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 31 (otuz bir) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 186 (bir yüz səksən altı) manat (31x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Sokany” markalı saç ütüsü, 1 ədəd “X1” markalı kofe maşını, 1 ədəd “Sunny” markalı tozsoran, 1 ədəd “Hausberg” markalı toster, 1 ədəd “Wolf” markalı ətçəkən maşın, 1 ədəd “Braun” markalı fen, 1 ədəd arıqlamaq üçün nəzərdə tutulmuş “Vibro Shafe” aparatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmədə 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 186 (bir yüz səksən altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-519/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-519/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver