Məhkəmə qərarları › İş №1(007)-52/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-52/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-52/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş 10 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A/B yaşayış massivi, 123 saylı evin 31 saylı mənzilində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talamaq məqsədi ilə, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində özünü müştəri qismində göstərməklə, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan yerə gələrək avtomobilə ehtiyyat hissəsi almaq üçün bazara getmək adı ilə gediş haqqını ödəmədən avtomobildən enib getmiş, bir neçə dəqiqədən sonra geri qayıdaraq sürücü Zərərçəkmiş şəxs ona 20 manat pul verməsini tələb etmiş, sonuncu pul verməkdən imtina etdikdə sürücü tərəfdən avtomaşına yaxınlaşaraq avtomaşının içərisində yerləşən havalandırma borusuna taxılmış 20 manat pulu açıq talayaraq hadisə yerindən uzaqlaşaraq, soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətməmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Qaraçuxur qəsəbəsindən telefon vasitəsi ilə taksi sifariş etmişdir. 5-10 dəqiqədən sonra taksi onu Qaraçuxur qəsəbəsindən götürüb “Maşın bazarı” istiqamətində aparmışdır. Taksi sifarişinin qiyməti 3.80 manat hesablanmışdır. Onlar maşın bazarına çatdıqda o, taksi sürücüsünə bildirmişdir ki, onu orada gözləsin, bazara girib tez çıxacaq. Sürücü buna etiraz etməmişdir. O, bazara girib “VAZ-2106” markalı avtomobil üçün radiator almaq istəmişdir. Bu zaman satıcıya radiator üçün ödəməli olduğu puldan 18 manatı çatışmamışdır. Bu zaman fikirləşmişdir ki, taksi sürücüsündən borc pul istəsin. Buna görə də taksi sürücüsünün yanına qayıtmış və 20 manat borc pul istəmişdir. Taksi sürücüsü etiraz etmədən ona 20 manat borc pul vermişdir. O, maşın bazarına gedib 60 manata radiator alıb, təxminən 30 dəqiqədən sonra geri qayıtmışdır. Geri qayıtdıqda görmüşdür ki, taksi sürücüsü oradan çıxıb getmişdir. Sonda Təqsirləndirilən şəxs təqsirinin olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində sonradan adının Nadir olduğunu bildiyi şəxs istifadəsində olan xatırlamadığı “Azercell” mobil operator nömrəsi ilə 87-77 nömrəsinə zəng vurub taksi sifariş vermişdir. Nadir, “Laçın” Ticarət Mərkəzinin qarşısından onun idarə etdiyi avtomobilə sərnişin kimi minmişdir. Nadir onun idarə etdiyi avtomobilə minərkən yanında boyca balaca və arıq bədən quruluşlu 19-20 yaşlı oğlan olmuşdur. Nadir onun idarə etdiyi avtomobilin ön oturacağına, sərnişin isə arxa oturacağa əyləşərək öncə “Maşın bazarı”na, oradan isə Nərimanov rayonu ərazisinə gedəcəklərini bildirmişlər. Nadirin gediş haqqı 5 manat 50 qəpik təşkil etmişdir. Maşın bazarına çatdıqda Nadir gediş haqqını ödəmədən avtomobildən düşüb qaçmışdır. Bir qədər sonra avtomobildə əyləşmiş adını bilmədiyi sərnişin avtomobili tərk edərək çıxıb getmişdir. Onun idarə etdiyi avtomobildə əyləşmiş adını sonradan bildiyi Nadir adlı şəxs avtomobildən “Maşın bazarı”nın yanında yerə düşərkən ona gediş haqqını vermədən ondan 20 manat pul istəmişdir. O, Nadirə bildirmişdir ki, “səni tanımadığım üçün sənə borc pul verə bilmərəm.” Bu vaxt Nadir onun tərəfində dayandığı üçün avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib avtomobilin içərisinə boylanaraq havalandırma yerinə taxdığı 20 manat pulu götürərək yanından qaçaraq uzaqlaşmışdır. Bundan sonra avtomobildə olan digər adını bilmədiyi sərnişinin mobil telefonuna zəng gəldikdən sonra avtomobildən düşərək qaçıb getmişdir. Sonuncu sərnişinin ona qarşı törədilmiş soyğunçuluq cinayətində iştirakının olmadığını, sadəcə olaraq sərnişin kimi əyləşmiş olduğunu hesab edir. Çünki, yol boyu arxada əyləşmiş sərnişin onunla kəlmə belə kəsməmişdir. Nadir adlı şəxslə arxada oturmuş sərnişinin yaxın münasibətinin olmadığını zənn edir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuranda həyacanlı olduğundan fikirlərini düz ifadə edə bilməmişdir. Ondan 20 manat pul istəyən Nadir adlı şəxs olub. Digər sərnişin ondan heç bir məbləğdə pul istəməmişdir. Ümumiyyətlə həmin sərnişinlə danışmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ilə Bəkir Çobanzadə küçəsinin kəsişməsində “Mercedes Benz” markalı AZ**-ND-*** markalı avtomobilin salonuna və hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, dairəvi yolda ona qarşı törədilmiş soyğunçuluq cinayətinin baş verdiyi yeri göstərərək, ifadəsini bir daha əyani qaydada təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, dairəvi yolda, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, törətdiyi soyğunçuluq cinayətinin baş verdiyi yeri əyani qaydada göstərmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.2.1 və 180.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və.s qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs 20 manat pulu borc qismində alması və soyğunçuluq etməməsinə dair Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbinin olmamasını və onu bağışlamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş 10 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə baxışınadək təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar