Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-52/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 27, mənzil 24-də qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzalarına məhkum edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 18 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsi qismən, 4000 manat məbləğində cərimə tam birləşdirilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, həmin cəza müddəti başa çatdığı üçün 30 yanvar 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, cərimə cəzasını çəkməmiş, hazırkı iş üzrə 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 11 oktyabr 2024-cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25 noyabr 2024-cü il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,639 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq saxlamış, 17 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan bozumtul-qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 0,639 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, azadlıqda olarkən narkotik vasitə heroindən istifadə etmiş, heroini tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə edərək inyeksiya yolu ilə qəbul etmişdir. 17 iyun 2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində tanımadığı, şəxsiyyəti, yaşadığı ünvan və telefon nömrəsi barədə heç bir məlumatı olmadığı şəxsdən 01 bükümdə narkotik vasitə heroini 20 manata almış və həmin narkotik vasitə heroini əynində olan bozumtul-qara rəngi cins şalvarının sağ yan cibində gizlətmişdir. 17 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanının qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki formada polis əməkdaşı ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları onu saxlamış və özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, istifadəsində şübhəli olduğunu izah edərək barəsində araşdırma aparılması üçün onu Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə getmişdir. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə tutulmuşdur. Sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt üzərində olan əşyaları çıxarıb masanın üstünə qoymağı təklif ediləndə o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan bozumtul-qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümü çıxardıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd şəffaf sellefon büküm açılanda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı o, narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri Nizami rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, şəffaf sellofan kəsiyinə bükülmüş həmin 01 ədəd büküm narkotik vasitə ekspertizaya göndərilmək məqsədilə zərfə qoyaraq qablaşdırılmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzalarla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq hissləri keçirdiyini, anasının xəstə olmaqla onun himayəsində olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanının yaxınlığına gəlib-gedən, 30-35 yaşlı, orta boylu, arıq bədən quruluşlu, “Əsgər” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyal məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə etdikdən sonra “Əsgər” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması məqsədi ilə Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Əməliyyat qrupunun təşkil edilməsi barədə protokola əsasən Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmşdır. 25-ci PŞ-nin CA üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə 17 iyun 2024-cü il tarixdə “Əsgər” adlı şəxsin olması ehtimal edilən Nizami rayonu Q.Qarayev prospekti, 26 ünvanının yaxınlığına yollanmışlar və oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 12:30 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə “Əsgər” adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİnin 25-ci PŞ-nə aparılmışdır. 25-ci PŞ-nin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı, həmçinin videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bunban əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan bozumtul-qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs oğu bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, onu həmin gün Nizami rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 iyun 2024-cü il və 20 iyun 2024-cü il tarixli protokollardan görünür ki, təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, 17 iyun 2024-cü il tarixdə 25-ci polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təklif əsasında Təqsirləndirilən şəxs əynindəki bozumtul-qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, sorğu zamanı həmin bükümdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddəni 17 iyun 2024-cü il tarixdə Nizami rayonu ərazisində tanımadığı şəxsdən 20 manat ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Protokolun tərtibi zamanı iştirakçılar tərəfindən şikayət, təklif və prototokola qeydlər daxil olmamışdır. Qeydə alınmış videogörüntüyə 20 iyun 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı protokolda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 34-35, 87-88) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2024-cü il tarixli 6/3286 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,639 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,639 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,589 qram qalıq qalmışdır. (i.v. 47-50) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 15 iyul 2024-cü il tarixli 4809 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 104-105) - 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Əsgər” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 17 iyun 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 119) - 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 0,639 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0,589 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində 17 iyun 2024-cü il tarixdə şəxsi axtarış və götürülmə keçirilməsi barədə videoçəkiliş görüntü olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini könüllü surətdə təqdim etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi 0,639 qram narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-yə göndərilmişdir. (i.v. 120-126) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və onun tutmadan azad edilməsi qərara alınmışdır. (i.v. 81-83) - 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) - 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 26 noyabr 2024-cü il tarixli 3/2- 9738/24 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə tutularaq saxlanılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; 25 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyi ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 4000 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 4000 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzalarına məhkum edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 18 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2019cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsi qismən, 4000 manat məbləğində cərimə tam birləşdirilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, həmin cəza müddəti başa çatdığı üçün 30 yanvar 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 107-110, 112-118) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, icra məmurunun vəsatəti və Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı əsasında, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 4000 manat məbləğində cərimə cəzasının başqa cəza növü ilə əvəz edilməsi məsələsinin həlli məqsədi ilə Təqsirləndirilən şəxs tutulması qərara alınmış, tutulma müddəti 07 gün müəyyən edilmişdir. (bu qərar icra edilməmişdir) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 1859 nömrəli məktubundan görünür ki, “Elektron məhkəmə” informasiya sistemində 2018-2024cü illərdə baxılmış işlər üzrə axtarış zamanı məhkəmənin icraatında Təqsirləndirilən şəxs barəsində ********* nömrəli (tələbnamədə məhkəməyə göndərildiyi qeyd olunmuşdur) cinayət işi aşkar edilməmişdir. -Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 04 mart 2025-ci il tarixli 2-2-320-203x-25 nömrəli məktubundan və ona əlavə edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilməmişdir, 10 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin residivi və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Bununla da, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2020-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edildikdən sonra müstəqil qaydada icra olunan cərimə növündə cəzasını çəkmədən, eyni zamanda 13 oktyabr 2023-cü il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edildikdən qısa müddət sonra və müstəqil qaydada icra olunan cərimə növündə cəzasını çəkmədən, məhkumluğu ödənilmədən, 17 iyun 2024-cü il tarixdə hazırkı cinayət əməlini törətmişdir, ona görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, bu əsasla cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu zaman məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza, ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və həmçinin müstəqil qaydada icra olunan cərimə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə təqsirləndirilən şəxsə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına əvvəlki məhkəmə hökmləri üzrə təyin edilmiş və çəkilməmiş cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cərimə növündə cəza müstəqil icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 17 iyun 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, o cümlədən cəzaçəkmə müddətinin başlanğıcı onun axtarışda olan şəxs kimi tutulduğu 25 noyabr 2024-cü il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,589 qram narkotik vasitə heroin məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun, cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,589 qram olan narkotik vasitə heroin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-52/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-52/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver