Məhkəmə qərarları › İş №1(007)-522/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-522/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-522/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2000-ci il tarixdə Xaçmaz rayonunun Müzəffəroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Müzəffəroba kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)-408/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanı çəkməmiş, hazırkı iş üzrə 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyun 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Mar More” adlı çay evinə gəlib həmin çay evinin arxa hissəsində olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 40 litr tutumlu 1200 manat dəyərində samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 19 iyun 2023-cü il tarixdə saat 17 radələrində dəqiq ünvanı istintaqa məlum olmayan Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığından şəxsiyyəti istintaqa “İlqar” adı ilə məlum olan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə 0,933 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək üzərində saxlamaqla daşımış, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 20 iyun 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanının yaxınlığında rayon ərazisində oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25/37-ci məhəllədə yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellafona bükülmüş təmiz çəkisi 0,933 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası CMnin 177.1 və 234.1-ci maddələri ilə həbs olunmuş, 2022-ci ilin noyabr ayında isə məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunaraq həbsdən azad olunmuşdur. Lakin həmin cəzanı çəkmək üçün probasiya idarəsində qeydiyyata düşməmişdir. Daimi yaşayış yeri olmadığından Bakı şəhərində müxtəlif ərazilərdə yaşamış, maddi durumu zəif olduğundan dəmir və tullantılar toplayıb sataraq gəlir əldə etmişdir. 03 iyun 2023-cü il tarixdə saat 08 radələrində ünvan 1 ünvanında yerləşən “Mar More” adlı çay evinin yaxınlığında olmuşdur. Əvvəllər həmin çay evinin yaxınlığında yerləşən çay evlərində işləmişdir və yay aylarında həmin çay evlərinin özlərinə məxsus bəzi əşyaları obyektin arxa hissəsində olan açıq yerə qoyduqlarını əvvəlcədən bilmişdir. Ona görə də orada olan obyektlərin arxa hissəsinə baxdıqda “Mar More” adlı çay evinin arxa hissəsində dəmir samovar görmüşdür. O, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həmin samovarı götürüb oradan bir neçə metr uzaqlaşmışdır. Daha sonra yol kənarında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi saxladıb oğurladığı samovarı həmin taksiyə yerləşdirmiş, satmaq üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan adını bilmədiyi bazara aparmışdır. Bazarda həmin samovarı tanımadığı kişiyə 90 manata satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, samovarın sahibi olan Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, yalnız maddi ehtiyacı olduğundan samovarı oğurlamışdır ki, sataraq pul əldə etsin. Samovarı satdığı şəxsi də tanımamışdır, həmin şəxsə samovarın özlərinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdığını demişdir. Bundan başqa, o, uzun müddətdir ki, çəkmə yolu ilə narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 19 iyun 2023-cü il tarixdə saat 17 radələrində şəxsi istifadəsi üçün Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında adını “İlqar” kimi tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 20 manat verib 01 ədəd içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan sellofan bükümü alıb üzərində saxlamışdır. Narkotikin bir hissəsini çəkib istifadə etdikdən sonra qalan hissəsini başqa vaxt istifadə etməsi üçün özündə saxlamışdır. 20 iyun 2023-cü il tarixdə saat 12 radələrində Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və onun narkotik vasitə aludəçisi olduğundan şübhələndiklərinə görə onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında şəxsiyyəti tam dəqiqləşdirilmiş, hüquq və vəzifələri izah olunmuş, vəkil də dəvət olunmuş, video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuşdur. Şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkarlanmışdır. Sorğu zamanı o, bildirmişdir ki, bu maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və narkotiki hansı qaydada əldə etdiyini izah etmişdir. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən narkotik vasitədən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş həmin norkotik vasitə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, gəncliyini, zərərçəkmiş şəxsin onu bağışladığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Naxçıvan MR Babək rayonunda olduğundan onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır, o, ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından ünvan 1 ünvanında yerləşən “Mar More” adlı çay evini icarə əsasında işlətmişdir. Həmin çay evi Ələkbər adlı şəxsə məxsus olmuş, o, çay evini müqavilə əsasında icarəyə götürmüşdür. Obyektin biznesi ona məxsus olmuş, obyektdə olan bütün əşyaları öz vəsaiti hesabına almışdır. Havalar isti olduqdan sonra çay evinin arxa hissəsində açıq məkanda stol-stullar və bir neçə əşyanı həmişə açıqlıqda saxlamışdır. 2023-cü ilin əvvələrində Naxçıvan MR-dan obyekt üçün 1200 manat dəyərində 40 litr həcmli samovar almışdır. Həmin samovarı gətirib işlətdiyi obyektin arxa tərəfində müştərilərin oturduğu hissəyə qoymuşdur. 03 iyun 2023-cü il tarixdə təxminən saat 04 radələrində obyekti bağlayıb yaşadığı evə getmişdir. Həmin vaxt samovar obyektin həyətində olmuşdur. 03 iyun 2023cü il tarixdə saat 10 radələrində obyektə gəlib oranı səliqəyə salarkən həyətdə olan samovarın olmadığını aşkar etmişdir. Obyektdə olan kameralara baxış keçirərkən bir nəfər üzü saqqallı cavan oğlanın samovarı oğurladığını müəyyən etmişdir. Bundan sonra işçisi Riad Babayev onun mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək obyektdən samovarın oğurlandığını bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1200 manat dəyərində ziyan dəymişdir. Samovar obyektin arxa hissəsində olan həyətdən, yəni açıqlıqdan oğurlanmışdır. Həmişə obyekti bağlayıb getdikdə stol, stul, samovar və bir çox böyük əşyaları açıqlıqda saxlayırlar. Belə ki, obyektdə müşahidə kameraları olduğu üçün və obyekt səhərə yaxın bağlandığından obyektdən hər hansı əşyanın oğurlanacağını düşünməmişdir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ya ədəvəti yoxdur. Polis idarəsinə çağırıldıqdan sonra həmin şəxsin ona məxsus samovarı oğurlayan şəxs olduğunu bilmişdir. Oğurlanmış samovarı 2023-cü ilin əvvəlində 1200 manata aldığından ona həmin məbləğdə maddi ziyan dəymişdir. Ona görə ekspertiza rəyində samovarın qiymətinin 600 manat kimi göstərilməsi ilə razı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 12:00 radələrində 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olarkən ərazidə baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə aparılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs zahiri görünüşcə narkotik vasitə aludəçisi olması şübhəsi yaratdığından onun şöbəyə gətirilməsi barədə şöbə rəisinə raportla məruzə etdikdən sonra, rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs təhqiqatçı Taleh Cəfərovun iş otağına aparılmışdır. Xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarını müdafiə etməsindən ötrü müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs həmin müdafiəçiyə heç bir etirazı olmadığını bildirmişdir. Vəkilin iştirakı ilə şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü təqdim edərək, həmin bükümün içərisindəki maddə kütləsinin “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu, bu maddə kütləsini 19 iyun 2023-cü il tarixdə saat 17 radələrində Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında adını “İlqar” kimi tanıdığı şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq bir hissəsini istifadə etdikdən sonra qalanını sonra istifadə etmək məqsədilə üzərində saxlayıb gəzdirdiyini və uzun müddətdir ki, istifadəçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə olması aşkar edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra həmin narkotik vasitə Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Əməliyyat tədbirinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, o da özünü səmimi aparmaqla qeyd olunan əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin təhqiqatçısı Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, “Qaçqınlar bazarı” adlanan yerdə dəmirçi işində işləyir. İşi dəmir boruları, istilik sistemlərini düzəlməkdən ibarətdir. 03 iyun 2023-cü il tarixdə təxminən səhər saatlarında işdə olarkən tanımadığı cavan oğlan, polis şöbəsinə çağırıldıqdan sonra adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq samovarı olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, satdığı samovarın oğurluq olub-olmadığını soruşmuş, Samir də nənəsi ilə birlikdə Bakıxanov qəsəbəsində kirayədə yaşadığını, kirayə pulunu verə bilmədiyi üçün nənəsinə məxsus samovarı satmaq istədiyini bildirmişdir. O, samovara baxmaq istədiyini bildirmiş, Samir gəldiyi markası yadında qalmayan taksinin yük yerini açaraq samovarı göstərmişdir. O da samovarın böyük həcmli olduğunu görüb, samovarı alıb ehsan olaraq məscidə vermək qərarına gəlmişdir. Samovarı neçəyə satdığını soruşanda Samir samovarı 200 manata satmaq istədiyini bildirmişdir. Samirlə söhbətləşib razılaşaraq 120 manata həmin samovarı almışdır. O, Samirdən şəxsiyyət vəsiqəsini istəmişdir. Samir şəxsiyyət vəsiqəsinin evdə olduğunu və mütləq gətirib ona göstərəcəyini bildirmişdir. O da hər ehtimala görə Samirin icazəsi ilə onun üzünün şəklini çəkmişdir. 20 iyun 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları işlədiyi obyektə yaxınlaşaraq, Təqsirləndirilən şəxs samovar alıb-almadığını soruşmuşlar. O da 03 iyun 2023-cü il tarixdə səhər saatlarında adını bilmədiyi cavan oğlandan 120 manata samovar aldığını bildirmişdir. Həmin samovarı təmizlədib saxlamışdır ki, Qurban bayramında məsciddə ehsan olaraq versin. Həmin samovar özündə olduğu üçün könüllü olaraq polis işçilərinə təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 iyun 2023-cü il və 23 iyun 2023-cü il tarixli protokollardan görünür ki, 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, video çəkilişdən istifadə olunmaqla, aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan büküm çıxararaq təqdim etmişdir. 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün “Neftçilər” kimi tanıdığı yerdən “İlqar” kimi tanıdığı şəxsdən əldə edib öz istifadə üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada götürülmüş, protokol tərtib edilmiş və müvafiq sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə 23 iyun 2023-cü il tarixdə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 24-25, 178) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 iyun 2023-cü il tarixli 6/3447 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,933 qram olan qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,933 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,883 qram qalığı qalmışdır. (i.v. 32-33) - 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, HK/1-1444 nömrəli material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdirilmiş, cdinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 52) - 03 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 59-61) - 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısına təqdim etdiyi ünvan 1 ünvanında yerləşən “Mar More” adlı çay evinə quraşdırılan müşahidə kameraları vasitəsi ilə 03 iyun 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin video lentə alınmış görüntülərinin əks edildiyi 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı 03 iyun 2023-cü il tarixdə saat 05-06 radələrində naməlum şəxsin əlində çay samovarı ilə birlikdə həmin çay evinin həyətindən çıxaraq naməlum istiqamətə getdiyi müəyyən edilmişdir. (i.v. 63) - 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3, Təqsirləndirilən şəxs 120 manata satın aldığı, metal hissədən ibarət 01 ədəd 40 litr tutumlu samovarı 25-ci polis şöbəsinin təhqiqatçısına təhvil vermişdir. (i.v. 67) - 21 iyun 2023-cü il tarixli protokoldan və foto cədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə uyğun olaraq oğurluğu hansı qaydada törətdiyini əyani olaraq yerində göstərmiş və istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 79-81) - 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş Şahid3 təhqiqat araşdırması zamanı götürülmüş 40 litr tutumlu samovarı tanıyaraq həmin samovarın 03 iyun 2023-cü il tarixdə təxminən saat 08 radələrində icarə işlətdiyi ünvan 1 ünvanında yerləşən “Mar More” adlı çay evinin arxasından oğurlanmış samovar olduğunu, samovarı üzərində olan cızıq və dəlikdən, eyni zamanda alt hissəsindən tanıdığını bildirmişdir. (i.v. 92-93) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 23 iyun 2023-cü il tarixli 4025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 163-164) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli 9/5048 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, qərarda və foto şəkildə göstərilən 01 ədəd 40 litr tutumlu samovarın 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600 manat müəyyən olunur. (i.v. 165-167) - 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olması müəyyən edilmədiyindən həmin maddənin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,883 qram heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışının keçirilməsi və götürmə aparılması istintaq hərəkəti zamanı qeydə alınmış video çəkiliş əks etdirilmiş 01 ədəd DVD-R diski və 03 iyun 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin video lentə alınmış görüntülərinin əks edildiyi 01 ədəd DVD-R diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiklərindən maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmiş, iş üzrə 01 ədəd 40 litr tutumlu samovar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə geri qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroini əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci PŞnə göndərilmişdir. (i.v. 180-191) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 113-115) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 iyun 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)-408/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 135-143) -Bakı şəhər probasiya idarəsinin 04 sentyabr 2023-cü il tarixli 21-1/170058/17 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)-408/2022 nömrəli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)-408/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 il 01 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməklə barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddənin qalığı məhv olunmalı, maddi sübut olan 01 ədəd samovarın məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)- 408/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 (bir) il 01 (bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,883 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd 40 litr tutumlu samovarın məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 115 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 162 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar