Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-522/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi (qızı) X2, nümayəndəsi HGNS Kaunsilor vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X5 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Sunlab” laboratoriyasında korporativ satış mütəxəssisi vəzifəsində işləyən, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 240, mənzil 114-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 17 fevral 2025-ci il tarixdə, saat 21 radələrində “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi ilə adına verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı, “A170 minik” modelli, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ilə “Qara Qarayev” metrostansiyası istiqamətində soldan birinci zolaqda hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 4 ünvanında idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sonuncunun dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid oma sümüyünün sol hissəsinin qapalı, vertikal, az yerdəyişən sınığı, sol qasıq oturaq sümüklərinin qapalı, yerdəyişməyən sınıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ittihamın mahiyyətinə uyğun ifadə vermiş, Təqsirləndirilən şəxs onun sağlamlığına yetirdiyi xəsarətin aradan qaldırılması ilə bağlı ziyanın əvəzini ona ödəmədiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 aprel 2025-ci il tarixli, 8/765 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 23-25) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 19 iyun 2025-ci il tarixli, T 430/2025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs çanaq sümüklərinin qapalı sınığı, təpə nahiyəsində sağda əzilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillə piyadanın vurulması zaman yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 119- 122) - 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 80-81) - 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs səhhətinə dəyən ziyanla əlaqədar mülki iddia qaldıracağı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı X1 mülki iddiasının olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərin surəti olan A4 formatında kağız maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, “Mercedes Benz” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab olunmuş və Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 127-132) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 may 2025-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 42) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.12-ci bəndinə əsasən qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və o, qadındır. Qərarın, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; hazırkı halda cinayət işi üzrə mülki iddia yoxdur, eyni zamanda işin icraatına xitam verilməli olduğundan zərərçəkmiş şəxsin sağlamlığına bədən xəsarətinin yetirilməsi ilə bağlı dəymiş zərərin əvəzinin tutulması barədə mülki iddianın verilməsi məsələsi müzakirə və həll edilmir, zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia verməyə haqlıdır, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkilin təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış, üzərində qəbzlərin surəti olan A4 formatında kağız cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Mercedes Benz” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 44 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 484 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsin sağlamlığına bədən xəsarətinin yetirilməsi ilə bağlı dəymiş zərərin əvəzinin tutulması barədə mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-522/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-522/2025
06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver