Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-525/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləmiş, İİ qrup əlil, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 52-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(007)- 416/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmış, həmin hökmün icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan, hazırkı iş üzrə 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən 21 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilib bölmədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,238 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroini bədənində həmin maddədən asıllıq olduğu üçün qəbul etmişdir. 21 iyun 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsbəsi, K.Əfkari küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona xidməti vəsiqələrini göstərmiş, onu bir qədər sorğu sual edərək 23-cü polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə 23-cü PB-nə getmişlər, polis bölməsində inzibati otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah olunduqdan sonra dəvət olunmuş vəkilinin iştirakı üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Bu barədə ona elan olunduqdan sonra üzərində qanunla dövrüyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olubolmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümdə olan maddə heroindir və həmin heroini öz istifadəsi üçün 21 iyun 2023-cü il tarixdə “Tarqovu” adlanan ərazidə Əli adlı şəxsdən 25 manata almışdır. Daha sonra həmin narkotik vasitə içərisi boş zərfə qoyularaq üzəri möhürlənmiş, onun və prosesin digər iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə iş yoldaşı, Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə xidməti ərazidə gəzintidə olan zaman ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sohra həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxsin qeyri-adekvat cavablarından narkotik vasitənin istifadəçisi və daşınmasında şübhələr yarandığından həmin şəxsi 23-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxslə birlikdə PB-nə gəldikdən sonra onun Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirmişlər və bu barədə bölmə rəhbərliyinin adına raportla müraciət etmişlər. Sonra təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin narkotik vasitə heroin olmasını, 21 iyun 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Tarqovu adlanan ərazidə Əli adlı şəxsdən 25 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər maddə zərfə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 21 iyun 2023-cü il və 30 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli maddə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin narkotik vasitə heroin olmasını, heroini 21 iyun 2023-cü il tarixdə şəxsi istifadəsi üçün “Tarqovu” adlanan ərazidə Əli adlı şəxsdən 25 manata almasını bildirmişdir. Narkotik vasitəyə bənzər maddə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınaraq diskə köçürülmüş video görüntüyə 30 iyun 2023-cü il tarixdə keçirilən baxış zamanı yuxarıda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 27-28, 74) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli 6/3469 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza)... sözləri, soyad və imzalar olan 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,238 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,188 qram qalıq qalmışdır. (i.v. 35-38) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 07 iyul 2023-cü il tarixli 4236 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 88-89) - 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməməklə cinayət məsuliyyətindən azad edilməmiş, ********* nömrəli cinayət işinin materiallarından naməlum mənbəyə dair materiallar ayrılmış və Nizami RPİ-nə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,238 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 21 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,188 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 91-95) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 68-70) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 71-72) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1000 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən 27 iyul 2016-cı il tarixli hökmdən CM-nin 177.1 və 66.3-cü maddələri xaric edilmiş, üzərində CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 oktyabr 2016-cı il tarixli hökm üzrə CM-nin 66.5, 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(007)- 416/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 75-77) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki iş üzrə 13 sentyabr 2023-cü il tarixli 1(007)-416/2023 nömrəli hökmü qanuni qüvvəyə minmiş və 06 oktyabr 2023-cü il tarixdə icraya yönəldilmişdir. -Məhkəməyə təqdim edilmiş AZ-İİİ seriyalı, 521036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 fevral 2015-ci il tarixdə doğulmuşdur. -“X1”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil kimi 327,22 manat pensiya alır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023cü il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət hesab olunan cinayət əməlinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib 15 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, 21 iyun 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətmişdir, belə olan halda onun məhkumluğu ödənilməklə əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi yaranmamışdır, ona görə təqsirləndirilən şəxsin əməlində bu əlamətlə cəzanı ağırlaşdıran halın olması barədə müstəntiqin gəldiyi nəticə, bununla bağlı müddəa ittiham aktından xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 iyun 2023cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində saxlanılmaqla azadlığı faktiki həmin vaxtdan məhdudlaşdırılmış, 22 iyun 2023-cü il tarixdə saat 11:40-dan saat 12:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra, qətimkan tədbiri məsələsi həll olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə tutmadan azad edilmişdir. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddətin birinci gün gecə saat 12-də başlayıb, müddətin sonuncu gününün gecə saat 12də qurtarmasına dair Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinin tələbləri baxımından məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan tutma müddəti 01 gün kimi qəbul edilməlidir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün, cəmi 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar omuş şəxslərə məcburi müalicə qaydalarının tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ona görə o, yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(007)-416/2023 nömrəli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(007)-416/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,188 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-525/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-525/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver