Məhkəmə qərarları › İş №1(007)-529/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-529/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-529/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 iyun 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq üçün 03 iyun 2024-cü il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Park Fırın” adlı restoranın plastik materialdan olan arxa qapısını taxta parçası ilə əyib açaraq həmin restorana qanunsuz daxil olub orada kassadan sonuncuya məxsus 6 manat pul, içərisində şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində pul kisəsi, masanın üzərində olan 900 manat dəyərində “İpad iPhone” markalı planşet, 900 manat dəyərində “Lenovo” markalı planşet və 160 manat dəyərində “Techno” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1976 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq üçün 03 iyun 2024-cü il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 124 ünvanında yerləşən “Topaz” adlı mərc oyunları məntəqəsinin arxa qapısının üzərində olan dəmir jalüzin qıfılını sındırmaqla jalüzi qaldırdıqdan sonra plastik qapısını açıb məntəqəyə qanunsuz daxil olaraq orada kassadan 2978 manat, həmin kassada saxlanılan açarla isə məntəqə seyfinin qapısını açıb qanunsuz saxlanc yerinə daxil olmaqla seyfdən 1500 manat pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 4478 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, həbsdən azad olunduqdan sonra onu heç yerdə işə götürmədiklərinə və işləmədiyinə görə maddi çətinlikləri olmuş və buna görə də dolanmaq məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. 03 iyun 2024-cü il tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanında yerləşən “Park Fırın” adlı restoranın plastikdən olan arxa qapısının çərçivəsinə taxta parçası salaraq əymə yolu ilə açıb içəri daxil olmuş və orada kassadan 6 manat pul, 1 ədəd pul kisəsi, masanın üzərindən isə “İpad İphone” markalı planşet, “Lenovo” markalı planşet və “Techno” markalı mobil telefonu gizli olaraq oğurlamışdır. Oradan çıxdıqdan sonra pul kisəsinin içərisinə baxdıqda şəxsiyyət vəsiqəsindən başqa heç nə olmadığını görüb pul kisəsini həmin restoranın arxa tərəfinə atmışdır. Bundan sonra yaşadığı binanın qarşısına gedib qonşusu Şahid2 zəng edərək onu məhəlləyə çağırmışdır. O, Rüstəmlə məhəllədə görüşüb həmin planşetləri və mobil telefonu Rüstəmə verərək format edib ona qaytarmasını xahiş etmişdir. Bundan sonra Rüstəmin kassir işlədiyi Nizami rayonu Q.Qarayev 124 ünvanında yerləşən “Topaz” adlı mərc oyunları məntəqəsindən oğurluq etmək qərarına gəlmişdir. Saat təxminən 05:30 radələrində mərc oyunları məntəqəsinin arxa qapısının jalüzinin üzərində olan qıfılı sındırmış və plastik qapını əyərək içəri daxil olmuşdur. O, kassadan 2978 manat pulu və seyfin açarını dolabdan götürərək seyfi açıb 1500 manat pulu, həmçinin aldığı borcun müqabilində saxlamasından ötrü Rüstəmə verdiyi adına olan bir neçə sənədi götürmüşdür. Oradan çıxıb yaşadığı evə getmişdir. Oğurladığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən “Park Fırın” adlı restoranı icarə əsasında işlədir. 2024-cü ilin iyun ayında səhər saatlarında obyektə gələn zaman restoranın arxa qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Qapıya yaxınlaşan zaman qapının kilidinin qırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Restoranın içərisinə daxil olub ətraflı baxan zaman kassanın açıq vəziyyətdə olduğunu görüb kassaya yaxınlaşmışdır. Kassaya baxan zaman kassada olan 6 manat pulun yerində olmadığını aşkar etmişdir. Sonra restoranın içərisinə baxış keçirən zaman içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsinin, “İpad iPhone” markalı planşet, “Lenovo” markalı planşet, “Techno” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1976 manat məbləğində maddi ziyan dəymişdir. O, hadisədən sonra obyektin arxa hissəsində gəzən zaman içərisində şəxsiyyət vəsiqəsi olan pul kisəsini tapmış və pul kisəsinin içərisindən heç nə oğurlanmamışdır. Planşetlər və mobil telefonu ona geri qaytarılmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir və ifadəsinə heç bir əlavəsi yoxdur. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 124 ünvanında yerləşən “Topaz” adlı mərc oyunları məntəqəsini icarəyə götürmüş və Şahid2 təxminən 4-5 aydır ki, orada kassir işləyir. Hal-hazırda adı ona məlum olan Təqsirləndirilən şəxs işçisi Rüstəmin vasitəsi ilə tanımış və bildiyinə görə onlar qonşudurlar. Belə ki, Elvin tüfeyli həyat tərzi keçirir və tez-tez Rüstəmin yanına gedib çay içir, hətta Rüstəm ona bir neçə dəfə yemək almışdır. Çox vaxt Rüstəm məntəqəni bağlayana kimi Elvin orada olmuş və demək olar ki, gün ərzində təxminən 3-4 saat Elvin orada olmuşdur. 03 iyun 2024-cü il tarixdə saat 09:15 radələrində Rüstəm ona zəng edərək naməlum şəxs tərəfindən məntəqənin arxa jalüzinin açıq olan qıfılının yerindən çıxarılaraq içəri daxil olunduğunu, seyfin içərisinə qoyduqları 1500 manat və kassaya qoyduqları 2978 manat pulun oğurlandığını bildirmişdir. O bundan sonra işçisi Şahid2 oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verməsini söyləmişdir. Həmin gün o, Naxçıvan MR-də olduğuna görə ünvana gedə bilməmiş, lakin növbəti gün ünvana gedib baxmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən gün o Naxçıvan MR-da olan zaman işçisi Rüstəm ona zəng edərək qonşusu Elvinə 100 manat borca pul verdikdə sonuncunun pulu qaytaranadək ona müvafiq sənədləri saxlamasını bildirdiyini və oğurluq hadisəsindən sonra ətraflı baxan zaman Elvinin sənədini tapa bilmədiyinə görə ondan şübhələndiyini, həmçinin Elvinin əvvəllər oğurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrum edildiyini demişdir. Bundan başqa Rüstəm bunları ona deyən zaman Elvinin hadisə günü gecə saat 04 radələrində ona zəng edərək bayıra çağırıb iki ədəd planşet və bir ədəd mobil telefon verərək format etməsini və qarşılığında ona pul verəcəyini, hətta qeyd edilənlərin oğurluq olub-olmadığını Elvindən soruşduqda sonuncunun inkar edərək özünə məxsus olduğunu bildirmişdir. 06 iyun 2024-cü il tarixdə saat 13 radələrində polis əməkdaşları zəng edərək Elvini saxladıqlarını və hadisəni etiraf etdiyini demişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 4478 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 124 ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsində kassir işləmişdir. O, 03 iyun 2024-cü il tarixdə səhər saatlarında obyektə gəlmiş, obyektin arxa qapısını açmaq istədikdə qapının açıq vəziyyətdə olduğunu və jalüzin qıfılının yerdə olduğunu görmüşdür. O, seyfin içərisinə baxdıqda seyfə qoyduğu pulların oğurlandığını aşkar etmişdir. “Topaz” məntəqəsini işlədən Zərərçəkmiş şəxs1 zəng edərək obyektin qapısının kilidinin sındırıldığını, naməlum şəxs tərəfindən kassada və seyfdə olan cəmi 4478 manat pulun oğurlandığını demişdir. Zərərçəkmiş şəxs1 baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verməsini söyləmiş, o da DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Elvin mütəmadi olaraq onun işlədiyi topaz məntəqəsinə gəlmiş və qonşu olduğuna görə yanında vaxtını keçirmişdir. Elvin ondan 100 manat borca pul götürmüş və bir neçə sənəd verərək borcu qaytarana kimi saxlamasını xahiş etmişdir. Oğurluq hadisəsi baş verdikdən sonra o obyektə ətraflı baxan zaman Elvinin verdiyi sənədin yerində olmadığını görüb hadisənin Elvin tərəfindən törədildiyini ehtimal etdiyi üçün dərhal Zərərçəkmiş şəxs1 zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra oğurluq hadisəsinin Elvin tərəfindən törədildiyi məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, təxminən 10 günə yaxındır ki, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 05 iyun 2024-cü il tarixdə saat təxminən 16 radələrində Elvin ona zəng edərək qalmaq üçün ev lazım olduğunu söyləmiş və o, Elvinin sözündən sonra avtovağzal adlanan əraziyə gəlməsini söyləmişdir. Bir qədər keçdikdən sonra Elvinlə avtovağzal ətrafında görüşmüş və bundan sonra o, Elvini yaşadığı evə aparmışdır. Həmin gecəni Elvin onun yaşadığı evdə qalmış və növbəti gün, yəni 06 iyun 2024-cü il tarixdə saat 12 radələrində Elvinlə birlikdə yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. 24-cü Polis Şöbəsində olan zaman ona məlum olmuşdur ki, Elvin metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında “Topaz” məntəqəsindən pul, həmçinin restorandan mobil telefon və planşetlər oğurlamış, lakin onun bundan heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - diskə baxış keçirilməsi haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 03 iyun 2024-cü il tarixli elektron məlumatların əks olunduğu 01 ədəd “DVD” formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 müraciəti əsasında qeydə alınmış 01 ədəd “CD” diskdə 03 dəqiqə 24 saniyədən ibarət “WhatsApp Video 2024-08-21 saat 10.10.02_ae16cf57”, 02 dəqiqə 17 saniyədən ibarət “WhatsApp Video 2024-08-21 saat 10.10.02_b8d9a3aa” və 03 dəqiqə 29 saniyədən ibarət “WhatsApp Video 2024-08-21 saat 10.10.02_dde31e43” adlı videogörüntülər var. 03 dəqiqə 24 saniyədən ibarət “WhatsApp Video 2024-08-21 saat 10.10.02_ae16cf57” adlı videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntünün üzərində 03 iyun 2024-cü il saat 03:41 yazılıbdır. Həmin görüntüdə bir nəfər şəxsin obyektin arxa qapısından içəri daxil olaraq əyilib orada olan əşyalara baxdığı və sonda kassaya baxaraq oradan videogörüntüdə əks olunmayan əşya götürdüyü öz əksini tapmışdır. “WhatsApp Video 2024-08-21 saat 10.10.02_b8d9a3aa” adlı videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntünün üzərində xx.xx.2024-cü il saat 03:39 yazılıbdır. Həmin görüntüdə bir nəfər şəxs obyektin arxa tərəfində şübhəli halda gəzir, 03:40-da isə obyektin arxa qapısını yoxlayır. “WhatsApp Video 2024-08-21 saat 10.10.02_ae16cf57” adlı videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntünün üzərində xx.xx.2024-cü il saat 03:41 yazılıbdır. Həmin görüntüdə bir nəfər şəxs obyektin içərisində əyilərək sol tərəfdən kassaya tərəf gedir, orada dolabın siyirtməsini kənardan götürdüyü açarla açıb içərisinə baxır, sonra sağda yerləşən siyirtməyə baxan zaman mobil telefon və planşet götürərək əynində olan gödəkçənin sol yan cibinə qoyur və əyilərək gəldiyi istiqamətdə geri qayıdır, 5 saniyə sonra isə təkrar qayıdıb dolabın üstündə olan pul qabını götürərək eyni qaydada obyektdən çıxır. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hər 3 görüntüdə olan şəxsin özü olduğunu, dolabın siyirtməsindən telefon və 02 ədəd planşetləri götürdüyünü təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair 25 iyul 2024cü il tarixli 9/4961 nömrəli rəydən görünür ki, 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti istifadədə olmuş “İpad İphone” markalı, “MYMH2RK/A” model, **********88195 İMEİ kodlu, 32 GB daxili yaddaşlı, fotokameralı planşetin qiyməti 400 manat, istifadədə olmuş “Lenovo” markalı, “TB-X306X” model, **********41265 İMEİ kodlu, fotokameralı planşetin qiyməti 250 manat və istifadədə olmuş “Techno POP4” markalı mobil telefonun qiyməti 50 manat olmaqla, ümumi dəyəri 700 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 avqust 2024-cü il tarixli 2403 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məlum cinayəti törədən anda əqliintellektual imkanlarında gerilik əlamətləri yaranmamış, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, konfliktə meyillilik, tez özündən çıxmaq kimi xüsusiyyətlər müəyyən edilir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmur. Baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Cinayət əməllərini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məlum cinayət əməllərini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. - sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, “İpad iPhone” markalı planşet, “Lenovo” markalı planşet, “Techno” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyətini təsdiq edən sənəd və pul kisəsi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs “Park Fırın” restoranından oğurluq edən zaman müşahidə kameralarında qeydə alınmış görüntülər olan 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-186/2021 saylı hökmündən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 7(005)-183/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 69.4-cü maddələrinə əsasən 1500 manat məbləğində cərimə edilmiş, 04 may 2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarı ilə cəzadan azad edilərək qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə cəzası 29 sentyabr 2024-cü il tarixdə başa çatan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-186/2021 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini, Zərərçəkmiş şəxs2 şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-186/2021 saylı hökmü ilə təyin olunmuş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 06 iyun 2024cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “İpad iPhone” markalı planşet, “Lenovo” markalı planşet, “Techno” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyətini təsdiq edən sənəd və pul kisəsi Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan ödənilməsə də onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(007)-186/2021 saylı hökmü ilə təyin olunmuş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza- 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “İpad iPhone” markalı planşet, “Lenovo” markalı planşet, “Techno” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyətini təsdiq edən sənəd və pul kisəsi Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 216 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar