Məhkəmə qərarları › İş №1(007)-53/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-53/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-53/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1999-cu il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla yaşayan, 28 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə 20 may 2023-cü il tarixdə saat 17 radələrində yuyucu işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə yuyulması üçün Şahid tərəfindən ona təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində olan avtomobilə məxsus açarla mühərriki işə salaraq nəqliyyat vasitəsini idarə etməklə Bakı şəhəri, Keşlə qəsbəsində yerləşən tunelin içərisi istiqamətində hərəkət etdirərkən həmin tunelin içərisində idarəetməni itirərək yolnəqliyyat hadisəsi törətməsi nəticəsində “Mercedes Benz C220 CDİ minik” markalı **-RC- *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyib zərərçəkmiş Zərərçəkmiş şəxs 5970 manat, xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin şəxslər müvafiq olaraq mülki iddiaçı və mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət isinin materiallarına əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsi nəticəsində onun əmlakına xeyli miqdarda ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi nəticəsində ona məxsus **-RC-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C220 CDİ” markalı avtomobilini təmir və bərpa etdirib əvvəlki vəziyyətinə qaytarmaq üçün 7030 manat pul xərcləmişdir. Hesab edir ki, həmin cinayət nəticəsində ona 7030 manat dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Cinayət nəticəsində ona mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehin cinayət əməli nəticəsində normal yaşayış tərzi pozulmuş, məhz bu səbəbdən tez-tez əsəbi gərginlik keçirmişdir. Mənəvi zərərin dəyərinə görə təqsirləndirilən şəxsdən 2500 manat pul tələb edir. Göstərilənlərə əsasən, mülki iddiasının təmin edilməsini, cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 7030 manat maddi ziyanın, 2500 manat mənəvi zərərin və 115,30 manat məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun, cəmi 9645,30 manat pul məbləğinin cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin ilkin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 may 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində daimi müştərisi olan, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs onun tək işlədiyi avtomobil yuma məntəqəsinə yaxınlaşaraq öz idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili yumaq üçün avtomobil yuma məntəqəsinə vermişdir. Bu zaman həmin şəxs nəqliyyat vasitəsinin açarını ona təhvil verərək, bir müddət sonra yaxınlaşıb avtomobili götürəcəyini bildirmişdir. O, avtomobili yuduqdan sonra üzərində olan suyun axması üçün avtomobili idarə etmək qərarına gəlmişdir. Avtomobil yuma məntəqəsində olan “Mercedes Benz C220 CDİ” markalı **-RC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, təxminən 200 metr məsafə qət etdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Keşlə Tunelinin içərisində əks istiqamətdə olan avtomobil manevr edən zaman onun üzərinə gəlmiş və o, sürücülük təcrübəsi olmadığı üçün həyəcanlanaraq idarəetməni itirmiş, avtomobili tunelin içərisində olan piyadalar üçün nəzərdə tutulmuş səkininin betonuna vurmuşdur. Daha sonra avtomobili hadisə yerində qoyaraq, işlədiyi ünvana geri qayıtmışdır. Hadisə baş verdikdən təxminən 5 dəqiqə sonra həmin nəqliyyat vasitəsini ona təhvil vermiş şəxs işlədiyi ünvana gəlmiş, o, həmin şəxsə avtomobilin vuruq olduğunu bildirmişdir. Həmin şəxsin çox əsəbi olduğunu görmüş, ona zədə yetirəcəyindən qorxmuş, buna görə də işlədiyi avtomobil yuma məntəqəsini tərk etmişdir. Səhəri gün işə gəlməmiş və Bakı şəhəri, Yasamal rayonunda yerləşən, metronun “ünvan 2 ünvana gedərək, həmin ünvanda gündəlik 3 manat məbləğində pul qarşılığında müvəqqəti 4-5 gün kirayədə yaşamışdır. 4-5 gündən sonra özü Nizami RPİ-nin 23-cü polis bölməsinə gedərək hadisə barədə məlumat və təhqiqatçıya izahat vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq, avtomobili üzərində olan suyun axması məqsədi ilə idarə etmək qərarına gəldiyini, başqa məqsədinin olmadığını, əksər vaxtlarda avtomobili yuduqdan sonra qurutmaq üçün bu üsuldan istifadə etdiyini, sürücülük təcrübəsi olmadığı üçün nəqliyyat vasitəsinin idarəetməsini itirərək hadisə törətdiyini, zərərçəkmiş şəxsin ondan 12000 manat pul istədiyini, onun isə bu pulu verməyə maddi imkanı olmadığını, avtomobili ona verən şəxsin Şahid olduğunu, Seymurun maşını yumağı üçün ona verdiyini, qurutmağı üçün maşını sürməyinə icazə də verdiyini, hazırda törətdiyi əməli etiraf etdiyini, əməlindən peşman olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verildikdən sonra təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul edərək, zərərçəkmiş şəxsə məxsus avtomobilin təmiri üçün tələb olunan məbləğin maksimum dəyərinin 1500 manat təşkil etdiyini göstərmişdir. Əlavə olaraq isə o, iş üzrə məhkəmə baxışı zamanı alınmış ekspertiza rəyi ilə razı olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında əməlindən peşman olduğunu göstərsə də, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında istifadə etmək üçün 12 may 2023-cü il tarixdə övladı Şahid vermişdir. Oğlu qabaqcadan ona bildirərək 20 may 2023-cü il tarixdə saat 20:00 radələrində avtomobili yuyulması üçün ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinə vermişdir. Təxminən saat 20:30 radələrində Seymur ona zəng vuraraq avtoyuma məntəqəsində yuyucu işləyən şəxsin avtomobili icazəsiz idarə edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən tunelə getmişdir. Orada olarkən ona məlum olmuşdur ki, avtomobil yuma məntəqəsində işləyən adı sonradan mənə məlum olan Təqsirləndirilən şəxs onun və oğlunun icazəsi olmadan ona məxsus avtomobili idarə etmiş və idarəetməni itirərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən tunelin içərisindəki piyada keçidi üçün nəzərdə tutulmuş səkinin beton hissəsinə vurmuşdur. Orada Seymur telefonla DİN-in 102 mərkəzi zəng xidmətinə hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən avtomobil cərimə duracağına aparılmışdır. Avtomobil ona məxsus olduğundan hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Avtomobili avtoyuma məntəqəsinə təhvil verərkən nə o, nə də ki, oğlu Seymur yuyucu işləyən Təqsirləndirilən şəxs avtomobili idarə etməyə icazə verməmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli rəyi ilə razı deyil, belə ki, ona məxsus avtomobilə dəymiş zərər az qeyd olunmuşdur. Zədələnmiş bəzi detallar qeyd olunmamışdır. Ona görə də o, avtomobilini "xxxx"də təmir etdirmək üçün aparmış, avtomobilinə dəymiş ziyan hesablanmış və nöqsan aktı tərtib edilmişdir. Ona dəymiş maddi ziyanın nöqsan aktında göstərildiyi kimi olmaqla hadisə nəticəsində ona 7030 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl maşını heç yumamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs dəymiş ziyanın əvəzini ödəməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəymiş maddi ziyanın məbləğinin 5970 manat olması barədə rəyi ilə razılaşmayaraq ona dəymiş maddi ziyanın "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında düzgün əks olunduğunu, ziyanın məbləğinin 7030 manat olduğunu göstərmişdir. Məhkəmə çıxışında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmiş, mülki iddiasının təmin olunaraq mülki cavabdeh Təqsirləndirilən şəxs 7030 manat maddi ziyanın, 2500 manat mənəvi zərərin və 115,30 manat məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun, cəmi 9645,30 manat pul məbləğinin alınıb onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi üçün 12 may 2023-cü il tarixdə ona nəqliyyat vasitəsinin istifadə edilməsi ilə bağlı etibarnamə vermişdir. O, qabaqcadan atasına bildirərək 20 may 2023-cü il tarixdə saat 20:00 radələrində avtomobili ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsində olan tanımadığı şəxsə yumaq məqsədi ilə vermişdir. Avtomobili yuma məntəqəsinin qarşısında saxlayıb açarını üzərində qoymuş, bu barədə yuyucuya bildirmiş, təxminən 25-30 dəqiqə sonra geri gəlib avtomobili təhvil alacağını demişdir. Bundan təxminən 20 dəqiqə sonra dostu İntiqam ona zəng vuraraq avtomobilin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən tunelin içərisində yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal avtoyuma məntəqəsinə getmiş və İntiqama da oraya gəlməsini demişdir. Avtoyuma məntəqəsinə çatdıqda İntiqam da idarə etdiyi avtomobillə oraya gəlmişdir. Orada ona məlum olmuşdur ki, yuyucu, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun və atasının icazəsi olmadan avtomobili idarə etmiş və qeyd etdiyi tunelin içərisində idarəetməni itirərək avtomobili tunelin içərisində olan piyada keçidi üçün nəzərdə tutulmuş səkinin beton hissəsinə vurmuşdur. Bundan sonra o, İntiqamın avtomobilində yol-nəqliyyat hadisəsinin baş verdiyi tunelə getmişdir. Oradan telefonla DİN-in 102 mərkəzi zəng xidmətinə hadisə barədə məlumat vermiş və atasına zəng vurub hadisəni danışmışdır. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən avtomobil cərimə duracağına aparılmışdır. Avtomobil atasına məxsus olduğundan hadisə nəticəsində atasına maddi ziyan dəymişdir. O, avtomobili avtoyuma məntəqəsinin qapısının sağ tərəfində olan boş ərazidə saxlamış, avtomobili təhvil verərkən onu yuma ərazisinə sürmək lazım olduğundan açarını üzərində qoymuşdur. Avtomobili təhvil verərkən yuyucu Təqsirləndirilən şəxs avtomobili idarə etməyə icazə verməmişdir. Maşını qurutmaq üçün onu sürməyə ehtiyac yoxdur, həmçinin təqsirləndirilən şəxs hadisədən əvvəl maşını ümumiyyətlə yumamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - AD seriyalı, 673686 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı, Universal tipli, **-RC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220 CDİ minik” markalı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxsdur. (i.v. 11) - 20 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 13-18) -"xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 10 iyul 2023-cü il tarixli arayışın və qüsur aktının surətlərindən görünür ki, “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələrinə 3450 manat, işçilərin zəhmət haqqına görə 1850 manat olmaqla, cəmi 5300 manat vəsait tələb olunur. (i.v. 54-55) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5933 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə, yəni 2023cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 4265 manat müəyyən edilir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 2415 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. (i.v. 64-67) -Fiziki şəxs X1 məxsus "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 20 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələrinə 4780 manat, işçilərin zəhmət haqqına görə 2250 manat olmaqla, cəmi 7030 manat vəsait tələb olunur. (i.v. 101-103) - 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 104-108) -Məhkəmə baxışı zamanı iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 9/9275 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC-nin qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Mercedes Benz C220 CDİ” markalı **- RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə, yəni 2023-cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 4265 manat müəyyən edilir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 2415 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mercedes Benz C220 CDİ” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə, yəni 2023-cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 5970 manat müəyyən edilir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 4120 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, baş vermiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs əmlakına maddi ziyan yetirilmişdir, zərərçəkmiş şəxsin istintaq orqanına təqdim etdiyi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 10 iyul 2023-cü il tarixli qüsur aktına görə “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələrinə 3450 manat, işçilərin zəhmət haqqına görə 1850 manat olmaqla, cəmi 5300 manat vəsait tələb olunduğu göstərilmişdir. Müstəntiqin qərarı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın 09 avqust 2023-cü il tarixli 9/5933 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən avtomobilin 2023-cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 4265 manat müəyyən edilir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 2415 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. Bundan sonra zərərçəkmiş şəxs istintaq orqanına fiziki şəxs X1 məxsus "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 20 sentyabr 2023-cü il tarixli qüsur aktını təqdim etmişdir, hansı ki, həmin akta görə avtomobilin təmiri üçün ehtiyat hissələrinə 4780 manat, işçilərin zəhmət haqqına görə 2250 manat olmaqla, cəmi 7030 manat vəsait tələb olunur. Müstəntiq tərəfindən əlavə olaraq dindirilən zərərçəkmiş şəxs ekspertizanın rəyi ilə razılaşmamış, bunu, ilkin qüsur aktında dəymiş zərərin az qeyd olunması və bəzi detalların qeyd olunmaması ilə izah etmişdir. Lakin müstəntiq həmin hala hüquqi qiymət verməmiş, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin etməklə yeni verilmiş qüsur aktında qeyd olunan hansı detalların ekspertiza rəyində qeyd olunmamasını, həmin detalların zərərə uğramış və dəyişdirilməli, yenisi ilə əvəz olunmalı detal hesab olunubolunmaması məsələsinin ekspertiza tədqiqatının predmeti olub-olmamasını araşdırmamış, 09 avqust 2023-cü il tarixli 9/5933 nömrəli ekspertiza rəyini sübut kimi qəbul etmədiyi halda onu sübut kimi qiymətləndirməkdən imtina etməmiş, sübutlar siyahısından çıxarmamış, cinayət əməli nəticəsində dəymiş zərəri 7030 manat, xeyli miqdar kimi qəbul edərək təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif etmişdir. Məhkəmədə işə baxılarkən bununla əlaqədar iş üzrə əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 9/9275 nömrəli rəyə görə, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC-nin qüsur aktı məlumatlarına əsasən avtomobilin 2023-cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 4265 manat müəyyən edilmişdir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 2415 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla avtomobilin 2023cü ilin iyul ayına olan təmir-bərpa xərci təxminən 5970 manat müəyyən edilmişdir, o cümlədən: dəyişilməli olan hissələrin qiyməti 4120 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur (sübutlardan biridir); 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin zərərin qiymətləndirilməsi barədə 10 iyul 2023-cü il tarixli nöqsan (qüsur) aktında zədələnmiş ehtiyat hissələrinin dəqiq siyahısı qeyd olunmamışdır, sonradan "xxxx" MMC-nin zərərin qiymətləndirilməsi barədə 23 sentyabr 2023-cü il tarixli nöqsan (qüsur) aktı ilə bu hal aradan qaldırılmış, “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınmasına xərclənməli olan vəsait məbləği 10 yanvar 2024-cü il tarixli 9/9275 nömrəli ekspertiza rəyi ilə 4120 manat müəyyən edilmişdir. Hansı ki, "xxxx" MMC-nin zərərin qiymətləndirilməsi barədə 23 sentyabr 2023-cü il tarixli nöqsan (qüsur) aktında həmin rəqəm az fərqlə artıq, yəni 4780 manat kimi müəyyən edilmişdir. Məhkəmə maddi ziyanın məbləğini bu hissədə müəyyənləşdirərkən ekspertiza rəyini daha mötəbər sübut növündə qəbul edərək hesab edir ki, avtomobilin ehtiyat hissələrinin alınmasına xərclənməli olan vəsait məbləği 4120 manat kimi qəbul edilməlidir. Avtomobilin təmir-bərpa işlərinin dəyəri isə ekspertiza rəyinə əsasən 1850 manat məbləğində qiymətləndirilmişdir, bu məbləğin daha artıq, yəni sonuncu qüsur aktında göstərilən 2250 manat həcmində olması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə ekspertin rəyini yoxlayaraq və işin bütün halları ilə bağlı surətdə qiymətləndirərək belə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 5970 manat (dəyişilməli olan hissələrin qiyməti 4120 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat) məbləğində müəyyən edilməli, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləğinin 7030 manat olması barədə müddəa ittiham aktından xaric edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, məbləğin 5970 manat həcmində olması, verilmiş ittihamın dəyişdirilməsi, təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməsi ilə nəticələnmir, belə ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı olan məbləğ başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı olduğu kimi, məhkəmənin ilkin baxış iclasında da cinayət əməlini etiraf edərək işin faktiki hallarına uyğun ifadə versə də, Şahid nəqliyyat vasitəsini avto yuma məntəqəsində yumağı üçün ona verərkən qurutmağı məqsədi ilə avtomobili sürməyinə icazə verdiyini göstərmişdir. Cinayət qanunvericiliyinə görə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Həmin cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Əməl obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Qaçırılan avtomobil və ya nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Göstərilənlər baxımından cinayət əməlinə hüquqi qiymət verən məhkəmə belə qənaətə gəlir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, avtomobil onu etibarnamə əsasında idarə edən şəxs tərəfindən yalnız avto yuma məntəqəsində yuma məqsədi ilə Təqsirləndirilən şəxs verilmişdir. Həmin vaxt avtomobilin açarı üzərində olmuşdur və real haldır ki, avtomobili yumaya təqdim edən şəxsin özü olmadığı halda yuyucu və ya həmin yuma məntəqəsinin digər işçisi avtomobili məntəqənin daxilində yuyulma üçün nəzərdə tutulan hissəyə daxil edə, daha sonra isə oradan kənara çəkmək üçün idarə edə bilərlər, hansı ki, bu, yalnız məntəqənin daxilində və təhlükəsiz qaydada həyata keçirilməlidir. Baxılan cinayət işinə münasibətdə isə Təqsirləndirilən şəxs həmin avtomobili qaçırmaqla nəqliyyat vasitəsinin mülkiyyətçisinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətləri ilə müşayiət olunan əməli nəqliyyat vasitəsinin yuma məntəqəsinin ərazisindən kənara aparıldığı andan qaçırma başa çatmışdır, cinayət əməli yuma məntəqəsinin xaricində, həmin məntəqədən təxminən 200 metr kənarda, “Keşlə Tuneli”nin daxilində baş vermiş, bu zaman avtomobil üzərində mülkiyyət hüquqları pozulmaqla yanaşı həm də yol hərəkəti qaydaları təhlükə altına alınmış, avtomobilin əzilməsi zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan dəyməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi, müdafiəçinin mübahisənin mülki xarakterli olması barədə irəli sürdükləri fikirlərə münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 185.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-cü maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti hesab olunaraq 06 ay sınaq müddəti təyin edilmiş, Ağcabədi rayon polis şöbəsinin icraatında Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. (i.v. 48-49, 94-97) - 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 89) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəməyədək icraat və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulmadığı, həbsdə saxlanılmadığı üçün cəza müddətinin hesablanması zamanı CPM-nin 158.2-ci və CM-nin 69-cu maddələrinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur, onun cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı hazırkı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmişdir, buna ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin məhkəməyədək icraat zamanı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, qeyd edildiyi kimi, mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş 7030 manat maddi ziyanın, 2500 manat mənəvi zərərin və 115,30 manat məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun, cəmi 9645,30 manat pul məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb onun xeyrinə ödənilməsi ilə bağlı mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki halları və qanunvericiliyin istinad olunan tələbləri ilə müəyyən olundu ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyanın əvəzini, həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan mülki iddiaçı Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmişdir. Hansı ki, Təqsirləndirilən şəxs təqsirlilik məsələsi yuxarıda göstərilən qaydada müəyyən edilmiş və həllini tapmışdır. Mülki iddia üzrə tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd edir ki, talama məqsədi olmadan qanunsuz olaraq avtomobilin ələ keçirilməklə qaçırılması ilə müşayiət olunan əməlin törədilməsi nəticəsində, zərərçəkmiş şəxsə məxsus əmlakın zədələnməsi ilə ona 5970 manat maddi ziyan dəyməsi ekspertizanın rəyi ilə müəyyən edilmişdir, maddi zərərin daha yüksək, mülki iddiada qeyd olunan 7030 manat məbləğində qəbul edilməsi üçün hüquqi əsaslar yoxdur, mülki iddiaçı həmin məbləğdə xərc çəkdiyini qeyd etsə də, həmin məbləğə dair mötəbər sübut qismində qəbul ediləcək mühasibatlıq sənədləri (qaimə, kassa ödəniş qəbzi və s.) təqdim etməmişdir, ona görə mülki iddia həmin hissədə qismən təmin olunaraq zərərin məbləği ittiham daxilində qəbul edilməli, vurulmuş maddi ziyana görə 5970 manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, yəni məhz fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi zərər alması, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllə mənəvi zərər arasında səbəbli əlaqənin olması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Digər yandan nəzərə alınmalıdır ki, mülki cavabdeh mülki iddiaçıya maddi ziyan qismində 5970 manat pul ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, mülki cavabdehin təqsirli hərəkəti səbəbindən mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115,30 manat məbləğində pul mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 5970 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115,30 manat, cəmi 6085,30 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Maddi sübut qismində tanınmış “Mercedes Benz C220 CDİ minik” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar