Məhkəmə qərarları › İş №1(007)-531/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-531/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-531/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, O.Vəliyev küçəsi, ev 23/60-da yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 19 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 17 may 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 197B ünvanında yerləşən “LC Waikiki” mağazasından ünvan 2 ünvanda yerləşən “Neftçilər ticarət mərkəzi” istiqamətində qalxan pilləkənin üzərində tanışı Zərərçəkmiş şəxs ona pul verməsini tələb etmiş, sonuncu ona pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əl və ayaqla Zərərçəkmiş şəxs bədəninin üz və baş nahiyələrindən bir neçə dəfə vurub yerə yıxaraq sonuncuya sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd 50 manatlıq, 2 ədəd 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 70 manat məbləğində pul və həmin şalvarın sağ yan cibindən isə üzərində 3 manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 1 manat danışıq dəqiqələri olan, qara rəngli, 64 giqabayt yaddaşa malik 1 ədəd 80 manat dəyərində “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən getməklə ümumilikdə Zərərçəkmiş şəxs 154 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs cibindən təxminən 32-33 manat pul götürmüş, Pərvizin cibindən götürdüyü mobil telefonu isə Şahid satmaq üçün deyil, saxlamaq üçün vermişdir, Şahid da telefona görə ona pul verməmişdir. Təqsirləndirilən şəxs daha sonra qeyd olunan ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs cibindən mobil telefon və ya pul götürməmişdir. Təqsirləndirilən şəxs həmin qaydada ziddiyyətli ifadələr verdiyindən, habelə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 31 iyul 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilir, 17 may 2023-cü il tarixdə saat 01 radələrində tanışı Bakirlə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Kəpəz” kafesinə getmişdir. Kafedə oturarkən kənardan təxminən 40-45 yaşlarlında bir qadın onların əyləşdiyi masaya gələrək onlarla birlikdə əyləşmişdir. O və Bakir pivə içmişlər, qadın isə kofe içmişdir. Təxminən 1 saat sonra Bakir kafedən çıxaraq yaşadığı evə getmişdir. O, ayağa qalxıb pivə sirafiş etmək üçün ofisiantı axtardıqda kənardakı masaların birində Pərviz adlı tanışını görmüşdür. Pərviz təkbaşına əyləşib pivə içmişdir. Pərvizə yaxınlaşıb sonuncuyla görüşmüş, tək əyləşdiyini görüb ondan əyləşdiyi masaya yaxınlaşıb onlarla birlikdə əyləşməsini xahiş etmişdir. Pərviz razılaşmış və onun əyləşdiyi masanın arxasında əyləşmişdir. Onlar birlikdə pivə içmişlər və toyuq boğazı yemişlər. Bir az sonra kafedə mübahisə olduğunu görüb həmin mübahisə edən tərəflərə yaxınlaşmış və onlarla birlikdə kafedən kənara çıxmışdır. Lakin mübahisənin uzandığını görüb bir neçə dəqiqə sonra geri qayıtmış və sonradan orada nə baş verdiyini bilməmişdir. O, kafeyə daxil olmuş və Pərvizi görüb onunla birlikdə kafedən çıxmağa qərar vermişlər. O, 23 manat məbləğində hesabı verib Pərvizlə birlikdə küçəyə çıxmışdır. Küçədə tanımadığı bir taksi sürücüsü onları “Neftçilər” metrostansiyasının yaxınlığına gətirmiş və onlar orada taksidən enmişlər. “Kəpəz” kafesinin qarşısında avtomobilə əyləşərkən kafedən bir nəfər çıxmış və Pərvizin mobil telefonunu ona verərək həmin mobil telefonun ikisindən birinə aid olduğunu demiş və o da telefonu götürüb əlində saxlamışdır. Həmin şəxs onların sərxoş olduqlarını, həmçinin orada baş vermiş mübahisədən uzaq olmaları üçün onları oradan istədiyi yerə, yəni “Neftçilər” metrostansiyasının yaxınlığına aparmışdır. Metrostansiyanın yaxınlığında əvvəldən tanıdığı bir diskoteka tipli kafeyə getməyə qərar almışlar, lakin həmin yerə daxil olduqda ora xoşlarına gəlmədiyi üçün onlar oradan çıxmışlar. Daha sonra Pərviz başqa bir diskoteka tipli kafe tanıdığını ona demiş və həmin yerə getdikdə oranın bağlı olduğunu görmüşlər. O, “8-ci kilometr bazarı” tərəfə gedərək əvvəllər olduğu bir bara getməyi Pərvizə təklif etmişdir. Pərviz razılaşmış və onlar “Neftçilər” metrostansiyasından “Neftçilər ticarət mərkəzi” istiqamətində pilləkən ilə qalxmağa başlamışlar. Həmin vaxt Pərviz bara getməkdən imtina etmiş və evə gədəcəyini demişdir. O, Pərvizə “yaxşı, onda mənim pulumu ver, gedim taksi ilə evimə” demişdir. Pərviz ona “sənə nə pul verməliyəm ki, mən” deyərək sual ilə müraciət etmiş, o da Pərvizə “yekə kişisən, bəs kafedə demədin başqa bir yerdə qonaqlığı mən verəcəm? Demisən, indi də qonaqlıq vermirsən. Onda mənə verəcəyin qonaqlığın pulunu ver, gedim evimə” demişdir. Həmin vaxt Pərviz ünvanına nalayiq ifadələr işlədərək ona pul verməyəcəyini demiş, o da buna görə Pərvizin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Daha sonra Pərvizin şalvarının sol yan cibindən təxminən 32-33 manat pulu götürmüşdür. Oradan Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan dayısı Eldəniz Cəfərovun yaşadığı evə getmişdir. Təxminən saat 06 radələrində o, dayısıgilin evinə çatmışdır. Saat təxminən 11 radələrində ayağa qalxmışdır. Həmin vaxtlarda Pərvizin mobil telefonuna zəng gəlmişdir. O, telefonu açmış və özünü Pərvizin ustası kimi təqdim edən şəxs “Pərviz hardasan, niyə gəlməmisən işə?” deyərək sual vermişdir. O da həmin şəxsə “Pərvizlə gecə yeyib-içmişik, telefon məndə qalıb. İndi bilmirəm telefonu necə qaytarım” demişdir. Həmin şəxs ona Pərvizin mobil telefonunda olan nömrələrə zəng etməyi məsləhət görmüşdür. Bundan sonra o, “Ata” kimi qeyd edilən kontakta zəng etmiş, lakin həmin mobil telefonun sahibi zəngə cavab verməmişdir. Daha sonra o, Pərvizin mobil telefonunda “qonşu” kimi qeyd olunan kontaktın mobil nömrəsini götürüb öz mobil telefonundan həmin mobil nömrəyə zəng etmişdir. Mobil telefona cavab verən şəxslə danışdıqda həmin şəxsin Pərvizin qonşusu olduğunu dəqiqləşdirmiş və Pərvizə mobil telefonunun onda olduğunu deməyi xahiş etmişdir. 18 may 2023-cü il tarixdə axşam saatlarında həmin mobil telefonu müvəqqəti saxlamaq üçün dayısıgilin qonşuluğunda yaşayan Ağasifə vermişdir. Pərvizdən götürdüyü pulu taksi xidmətinə, saçının kəsilməsinə və siqaret almaq üçün xərcləmişdir. 18 may 2023-cü il tarixdə polis əməkdaşları onu Sulutəpə qəsəbəsində saxlayıb onu Nizami RPİ-nə gətirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs bütün ifadələrində ziddiyyətli məlumatlar vermişdir, hansı ki, bu ifadələr məhkəmə tədqiqi zamanı toplanmış sübutlarla təkzib olunmuşdur, xüsusən nəzərə alınmalıdır ki, məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Kəpəz” otelə getmişdir. “Kəpəz” otelin restoranında təkbaşına əyləşib təxminən 3 bardaq, yəni 1 litr miqdarında spirtli içki olan pivə içmişdir. Həmin vaxt yaxınlıqda yerləşən masada Elsevər adlı bir şəxs və 1 qız əyləşmişlər. O Elsevəri yaşadığı Binə qəsəbəsində yerləşən “Borçalı” kafesində bir dəfə görmüşdür. Elsevər onun əyləşdiyi masaya yaxınlaşaraq onu öz əyləşdiyi masaya dəvət etmiş, o da Elsevərin və yanındakı qızın əyləşdiyi masanın ətrafında əyləşmişdir. Elsevər pivə içmiş, yanındakı qız isə kofe içmişdir. O da həmin şəxslərlə birlikdə pivə içmişdir. Yeməyə isə yalnız toyuq boğazı istifadə etmişdir. Kafedə kim nə sifariş edirsə həmin sifarişi masaya gələndə onun pulunu ödəyir. Onlar da etdikləri sifariş masaya gələndə onun pulunu özləri ödəmişlər. Yəni, o, öz sifarişlərinin, Elsevər isə öz sifarişlərinin pulunu ödəmişdir. Bir az sonra Elsevər restorandan çıxmış və kiminləsə küçədə mübahisə etməyə başlamışdır. O, Elsevərin yaxınlığına getmək istədikdə orada işləyən qızlardan biri onu kənara çəkib mübahisədən uzaq olmağı ona bildirmişdir. Bir az sonra Elsevər restorana daxil olaraq onu çağırmış, o da Elsevərin yanına getmişdir. Küçədə Elsevərin sifarişi ilə taksinin gözlədiyini görmüşdür. Elsevər ona “8-ci kilometr bazarı” tərəfində bir yer tanıdığını demiş, gedib orada pivə içmələrini təklif etmişdir. O da Elsevərdən pulunun olub-olmadığını soruşmuşdur. Elsevər ona 6 manat pulu olduğunu, adama bir bakal pivə içəcəklərini demişdir. O, etiraz etməmiş və boz rəngli, “Toyota Prius” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Elsevər isə həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Onlar “Neftçilər” metrostansiyasının yaxınlığında avtomobildən enmişlər, Elsevər onu adını xatırlamadığı diskotekaya aparmışdır. Lakin həmin yer xoşlarına gəlmədiyi üçün onlar əyləşmədən oradan çıxmışlar. Bundan sonra həmin yerin yaxınlığında yerləşən “X life” adlı diskotekaya getmişlər, lakin diskoteka bağlı olduğu üçün geri qayıtmışlar. Təxminən saat 04 radələrində “Neftçilər” metrostansiyasından “Neftçilər ticarət mərkəzi” istiqamətində yuxarı doğru pilləkənlə yeriyərkən Elsevər ona “8-ci kilometr” tərəfə getmələrini, onun orada bir yer tanıdığını demişdir. O, Elsevərə yorğun, gec olduğunu, evə getmələrini demişdir. Həmin vaxt Elsevər ondan pul istəmiş, lakin o, Elsevərə pul verməli olmadığını deyərək ona pul verməkdən imtina etmişdir. Elsevər onun üzərində pul olduğunu, kafedə cibindən pul çıxararkən gördüyünü demişdir. Bundan dərhal sonra Elsevər pilləkənin üzərində ilk öncə onun üz nahiyəsindən bir dəfə yumruqla vurmuş və o, yerə yıxılmışdır. Daha sonra Elsevər təpik və yumruqla onun baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, Elsevərin onun ciblərini yoxladığını görüb ona heç olmasa telefonuna dəyməməsini demişdir. Elsevər isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elsevər onun üzərində olan qara cins şalvarın sol yan cibindən 1 ədəd 50 manatlıq, 2 ədəd 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 70 manat məbləğində pulunu və sağ yan cibindən 80 manat dəyərində “Huawei Y5” markalı mobil telefonunu götürmüşdür. Elsevər getdikdən bir az sonra o, ayağa qalxmış, üzərini təmizləmiş və “Neftçilər” metrostansiyası tərəfə piyada irəliləmişdir. Təxminən 100-150 metr irəlilədikdən sonra Elsevər qarşısına çıxmış və “işverənlik edib məni polisə vermək istəyirsən” deyərək ona sual vermişdir. O, Elsevərə cavab verməmiş və yoluna davam etmişdir. Elsevər isə oradan uzaqlaşmışdır. Elsevərin soyğunçuluq yolu ilə ələ keçirdiyi “Huawei Y5” markalı mobil telefonu qara rəngli olmaqla 64 gb yaddaşlı, arxa hissəsi isə açıq qəhvəyi rəngdə olmuşdur. Mobil telefonun üzərində qoruyucu olmamış, üzərində olan mobil nömrənin qiyməti 3 manat, balansında da 1 manat olmuşdur. Telefonun qiymətinin 50 manat olması barədə ekspertiza rəyi ilə razı deyil, o, telefonunu 80 manata almış, yaxşı vəziyyətdə olmuşdur. İstintaq zamanı mobil telefonu götürülərək ona qaytarılmışdır, dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində dayandığı zaman tanışı Təqsirləndirilən şəxs ona tərəf gəldiyini görmüşdür. Elsevər Sulutəpə qəsəbəsində deyil, başqa bir yerdə yaşayır, lakin Sulutəpə qəsəbəsində dayısıgil yaşadığı üçün bəzən onların evində qalmışdır. Elsevərin dayısı Eldənizlə o, qonşudur, Elsevəri də dayısıgilə gəlib-getdiyi üçün tanımışdır. Elsevər onun yanına gəldikdən sonra onlar görüşmüşlər və söhbət etmişlər. Söhbət əsnasında Elsevər ona özünə aid mobil telefonu satmaq istədiyini demişdir. O, nəyə görə mobil telefonu satmaq istədiyini soruşduqda Elsevər ona pula ehtiyacı olduğunu demişdir. O, Elsevərdən həmin mobil telefonun oğurluq olub-olmadığını soruşduqda Elsevər ona mobil telefonun özünə aid olduğunu demişdir. O, mobil telefonun “Huawei Y5” markalı, arxa hissəsinin açıq qəhvəyi rəngli olduğunu görüb həmin mobil telefonu anası üçün almağı düşündüyünü Elsevərə demişdir. Elsevərə mobil telefonu hansı qiymətə satmaq istədiyi barədə sual verdikdə Elsevər ona mobil telefonu 30 manata satmaq istədiyini demişdir. O, həmin vaxt pulunun olmadığını demiş, həmçinin telefonun qiymətini aşağı salmağı Elsevərdən xahiş etmişdir. Elsevər bundan sonra mobil telefonu ona 20-25 manata sata biləcəyini demişdir. O, razılaşmış və mobil telefonu bir az işlətdikdən sonra anasının xoşuna gəldiyi təqdirdə telefonu alacağını Elsevərə demişdir. Bir az söhbət etdikdən sonra o, yaşadığı evə getmişdir. 19 may 2023-cü il tarixdə polislər onu dəvət etmişlər, ifadəsi alınarkən ona məlum olmuşdur ki, Elsevər ona satdığı mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirmişdir. Onun bu məsələdən xəbəri olmamış, Elsevərin telefonun özünə aid olmasını dediyinə inanmışdır. Bundan sonra o, həmin mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 18 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətdiyi yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 197B ünvanında yerləşən “LC Waikiki” mağazasından ünvan 2 ünvanda yerləşən “Neftçilər ticarət mərkəzi” istiqamətində qalxan pilləkəndir. (i.v. 15-18) - 19 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edərək ona verdiyi “Huawei Y5” markalı, “AMN- LX9” modelli mobil telefonu istintaqa təqdim etmişdir. (i.v. 64-66) - 20 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilən mobil telefonları diqqətlə nəzərdən keçirdikdən sonra soyğunçuluq nəticəsində ələ keçirilmiş özünə məxsus “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefonu tanımış, telefonu arxa hissəsinin açıq qəhvəyi rəngli olmasından tanıdığını bildirmişdir. (i.v. 67-69) - 20 may 2023-cü il tarixli protokoldan görünür ki, 25-ci polis şöbəsindən daxil olmuş 01 ədəd DVD diskdə olan video görüntüyə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 17 may 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 197B ünvanında yerləşən “LC Waikiki” mağazasından ünvan 2 ünvanda yerləşən “Neftçilər ticarət mərkəzi” istiqamətində qalxan pilləkənin üzərində iki nəfər mübahisə edirlər, həmin iki nəfərdən biri digər şəxsin üz nahiyəsindən yumruqla vurur və bundan sonra xəsarət yetirən şəxs pilləkənlə yuxarı doğru qalxaraq hadisə yerindən uzaqlaşır. Baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə olan şəxslərdən biri o, digəri isə Zərərçəkmiş şəxsdur. O, pilləkəndə Pərvizlə söz mübahisəsi etdikdən sonra Pərvizin üz nahiyəsindən yumruqla vurmuş, daha sonra Pərvizin şalvarının sol yan cibindən təxminən 32-33 manat pulu götürmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, video görüntüdə olan şəxslərdən biri o, digəri isə Təqsirləndirilən şəxsdur. Qeyd olunan pilləkənin üzərində Təqsirləndirilən şəxs ilk öncə onun üz nahiyəsindən bir dəfə yumruqla vurmuş və o, yerə yıxılmışdır. Daha sonra Elsevər təpik və yumruqla onun baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, Elsevərin onun ciblərini yoxladığını görüb ona “heç olmasa telefonuma dəymə” demişdir. Elsevər isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elsevər onun üzərində olan qara cins şalvarın sol yan cibindən ümumilikdə 70 manat məbləğində pulunu və sağ yan cibimdən 80 manat dəyərində “Huawei Y5” markalı mobil telefonunu götürmüşdür. (i.v. 84) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 18 may 2023-cü il tarixli 461 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. (i.v. 125-126) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyun 2023-cü il tarixli 9/3872 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Çin istehsalı, “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 50,00 manat müəyyən edilir. (i.v. 127-130) - 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs soyğunçuluq nəticəsində əldə etdiyi 01 ədəd “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefonun modelli mobil telefonun dəyəri Zərərçəkmiş şəxs qeyd etdiyi kimi, yəni 80 manat kimi götürülmüş, Təqsirləndirilən şəxs soyğunçuluq əməli nəticəsində Zərərçəkmiş şəxs əldə etdiyi 01 ədəd “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefon və Nizami RPİ-nin 25-ci PŞ-dən daxil olmuş içərisində video görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, DVD disk iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ona verilən ittihamla qismən razı olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilən özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. (i.v. 143-152) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ziddiyyətli ifadələr versə də, onun irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, bu dəlillər toplanmış sübutlarla tam təkzib olunur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə törətdiyi cinayət əməlinə görə səmimi peşmançılığını bəyan etmiş və ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 46-47) - 20 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 may 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 99-103) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli tələbnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 108-109, 115-123) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin (07 il) yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefonun məhkəməyədək icraat zamanı sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd “Huawei Y5” markalı, “AMN-LX9” modelli mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar