Məhkəmə qərarları › İş №1(007)-538/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-538/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-538/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmuş və ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, H.Əliyev küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,412 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 10:15 dəqiqədə Nizami rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümündə, təmiz çəkisi 0,412 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərək ifadəsində bildirdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, təxminən 1 il yarım bundan əvvəl psixotrop maddə metamfetamin istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığından adını bilmədiyi şəxsdən 10 manata "patı" kimi bildiyi psixotrop maddə olan metamfetamin alıb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin tarixdə saat 10:15 radələrində ünvan 6 ünvanla piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış edib onu Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. O isə heç bir etiraz etməmiş və onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nə getmiş, lakin yolda üzərində olan ”patı" kimi bildiyi maddəni tullaya bilməmişdir. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər. Onun hüquqlarının müdafiəsinin təmini üçün dövlət hesabına vəkil təyin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən qızılı kağıza bükülmüş “patı" kimi bildiyi metamfetamini təqdim etmişdir. O, həmin bükümün metamfetamin olduğunu, Q.Qarayev metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində ağ rəngli, kristallik halda maddə aşkar edilmiş, həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə "Rəşid" adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Buna görə də "Rəşid" adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 “Rəşid” adlı şəxsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanının qarşısında saxlayaraq özlərini ona təqdim etmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla Rəşidi tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami RPİ-nə getməsini təklif etmişlər. Rəşid etiraz etməyərək onlarla Polis İdarəsinə getmişdir. Həmin gün saat 11:45 radələrində Nizami RPİ-nin İstintaq Şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 məxsus olan xidməti otaqda təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən qızılı kağıza bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu, haradan və kimdən əldə edildiyi soruşulduqda o həmin bükümün metamfetamin olduğunu, Q.Qarayev metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra təqdim edilən bükümə baxış keçirilmişdir. Baxış zamanı büküm baş təhqiqatçı tərəfindən açılmışdır. Onun içərisində ağ rəngli, kristallik halda maddə aşkar edilmişdir. Aşkar edilmiş həmin büküm isə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalan ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3970 saylı məhkəmə fizikikimyəvi ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 163 dairəvi möhür əksləri olan” “imza” Təhməzov Namiq...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Amblator X1 xx.xx.2024-cü il tarixli, 5934 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi işdə olan sübutlarla təsdiq edilərək sübuta yetirilmiş, törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar olması müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması kimi müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxsin barəsində hazırkı iş üzrə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, təqsirləndirilən şəxsin öncələr məhkumluğunun olması, məhkəmə hökmü ilə barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə baxmayaraq onun yenidən cinayət törətməsi təqsirləndirilən şəxsin islah olunmadığını sübut edir və məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin olunması ilə cəzanın qanunla müəyyən edilmiş məqsədinə nail olmaq mümkün olmayacaqdır. İş materiallarında olan olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Əzimzadə X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR-sı CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Həmçinin barəsində Sabunçu RPİ-də xx.xx.2023cü il tarixdə CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, CM-nin 73.2-ci maddəsinə əsasən işə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətindən çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan qalıq çəkisi 0,362 qram olan psixotrop maddə metamfetamin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,362 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 78 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar