Məhkəmə qərarları › İş №1(007)-538/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-538/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-538/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli Y/M, “V” massivi, ev 12, mənzil 147-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, sevgilisi Şahid əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun başqa şaxslərlə danışıb görüşməsi barədə yalan malumat verməsini bəhanə edərək sonuncunu görüşə cağırıb 23 iyul 2025-ci il tarixdə, saat 20 radələrində ictimai yer olan ünvan 1 ünvanının qarşısında, səkinin üzərində dayanib onu gözləyən Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, ətrafda olan insanların narahatlığına səbəb olmaqla zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs üinvanına nalayiq ifadələr işlədərək, qəflətən yumruğu ilə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlıga yüngül zərar vurmaya aid sifətin sol yarısının gözaltı və sol almacıq sümüyü proeksiyasını əhatə edən şişkinlik halında əzilməsi ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayının təxminən ortalarında tanışı Cəmalə ilə aralarında telefon vasitəsilə sözlü mübahisə yaşanmışdır. Mübahisəyə səbəb Cəmalənin onun sevgilisi olan Gündüzə onun haqqında, başqa bir şəxslə görüşməsi barədə yalan məlumat verməsi olmuşdur. O, Cəmalə ilə bir neçə dəfə görüşüb onunla bu haqda söhbət etmək istəsə də Cəmalə onunla görüşməmişdir. O, Gündüzə demişdir ki, Cəmalə ilə əlaqə saxlayıb onu görüşə çağırsın və onunla söhbət etmək istədiyini bildirsin. Gündüz Cəmalə ilə telefon vasitəsilə əlaqə saxlayıb onunla görüş təyin etmiş və 23 iyul 2025-ci il tarixdə saat təxminən 20 radələrində Cəmalə işdən çıxan zaman o, Gündüzlə birlikdə onun iş yerinin yaxınlığına, Nizami rayonu Ə. Hacıyev küçəsi ev 46C saylı binanın qarşısına getmişdir. Bu zaman Cəmalə yol kənarında səkinin üzərində dayanıb onları gözləmişdir. O, Cəmaləyə yaxınlaşmış və onu görən zaman əsəbləşmiş və ona yaxınlaşaraq yumruq ilə onun sifətindən zərbə vurmuş, daha sonra Gündüz onları ayırmış, onun əsəbi sakitləşmədiyi üçün Cəmalənin üzərinə təkrar gedən zaman Gündüz onu saxlamış, onu öz avtomobilinə əyləşdirmiş və onlar oradan uzaqlaşmışlar. Hadisə binanın qarşısında yol kənarında baş vermiş, Cəmaləni yumruğu ilə sifət nahiyəsindən vurmuşdur. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayının təxminən ortalarında tanışı Təqsirləndirilən şəxs ilə aralarında telefon vasitəsilə sözlü mübahisə yaşanmışdır. Mübahisəyə səbəb ikisinin də tanışı olan Gündüzə Fatmanın başqa bir oğlanla tanış olması və onunla gəzməyə getməsi barədə onun danışması olmuşdur və bu səbəbdən onunla mübahisə yaşamışdır. Fatma onunla bir neçə dəfə görüşüb söhbət etmək istədiyini bildirsə də, o, Fatma ilə görüşməmişdir. 23 iyul 2025-ci il tarixdə Gündüz ona zəng edərək onunla görüşmək istədiyini, özünün tək olmayacağını, onunla birlikdə Fatmanın da gələcəyini demişdir. O, Fatma ilə görüşmək istəmədiyini desə də, Gündüz ona aralarında olan məsələni aydınlaşdırmaq istədiyini, Fatmanın onunla sadəcə söhbət etmək istədiyini demiş, buna görə razılaşmışdır. 23 iyul 2025-ci il tarixdə saat 20 radələrində işdən çıxan zaman Fatma ilə Gündüz ünvan 2 ünvanında yerləşən “Book Shop” adlı mağazanın yaxınlığında ona yaxınlaşmışlar, bu zaman Fatma onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlmiş və yumruğu ilə onun sifətinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Gündüz onları ayırmış və Fatmanı birgə gəldikləri avtomobilə tərəf aparmışdır. O, dərhal oradan uzaqlaşaraq bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə 23 iyul 2025-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən “Book Shop” adlı mağazanın qarşısında baş vermiş, aralarında baş vermiş mübahisəyə səbəb Fatmanın başqa oğlanla tanış olması barədə onun sevgilisi Gündüzə danışması olmuşdur. Hadisə zamanı orada tanımadığı şəxslər olmuşlar, həmçinin Gündüz orada olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanıyır. Cəmalə ilə dostluq, Fatma ilə sevgi münasibətləri vardır. Təxminən bir neçə ay bundan öncə Fatma ilə arasında olan münasibətlər soyuduğu zaman onunla bir müddət danışıb görüşməmişdir. Bu aralarda Cəmalə ilə danışan zaman Cəmalə ona Fatmanın başqa bir oğlanla görüşdüyünü bildirmişdir. Onun Fatma ilə münasibətləri düzələndən sonra o, Fatmadan bu haqda soruşmuş, Fatma Cəmalənin yalan söylədiyini bildirib onunla görüşüb danışaraq bu məsələni həll etmək istədiyini bildirmiş, lakin Cəmalə ilə görüşü alınmamışdır. 23 iyul 2025-ci il tarixdə Fatma ilə birlikdə olan zaman ona Cəmalə ilə əlaqə saxlamasını və onu görüşə çağırmasını deyib onunla bu söhbət barəsində danışmaq istədiyini demiş, o da Cəmalə ilə əlaqə saxlayıb onunla görüşmək istədiklərini bildirmiş və ona Fatmanın da yanında olduğunu demişdir. Cəmalə etiraz etməmiş və işdən çıxdığını ona bildirmişdir. O və Fatma 23 iyul 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünavnında qarşısına yaxınlaşmışlar, həmin vaxt Cəmalə yol kənarında durmuşdur. Fatma onun idarə etdiyi avtomobildən düşmüş və o da Fatmanın arxası ilə düşərək yolu keçib Cəmaləyə tərəf getmişdir. Bu zaman Fatma anidən heç bir söhbət etmədən Cəmalənin ünvanına nalayiq ifadələr işlədərək sifətindən əli ilə zərbə vurmuşdur. O, dərhal Fatmanı ayırmış və sakitləşməsini bildirmiş, daha sonra Fatma yenidən Cəmalənin üzərinə gedən zaman onu saxlayaraq avtomobilə əyləşdirib oradan uzaqlaşdırmışdır. Hadisə 23 iyul 2025-ci il tarixdə ünvan 4 ünvanının qarşısında baş vermiş, hadisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə vurmasının şahidi olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 2) - 23 iyul 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin ünvan 1 ünvanının qarşsında baş verməsi müəyyən edilmişdir. (i.v. 6-8) - 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxsin iştirakı ilə ünvan 1 ünvanında yerləşən “Book Shop” adlı mağazanın kamerasından götürülmüş 1 ədəd diskə baxış keçirilmiş, baxış zamanı müşahidə olunmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs həmin ünvanda səkinin üzərində dayanıb, yolu əks istiqamətindən Təqsirləndirilən şəxs və Şahid ilə birlikdə yolu keçərək Zərərçəkmiş şəxs yaxınlaşırlar, ətrafda səki ilə hərəkət edən vətəndaşlar vardır. Fatma səkinin üzərində duran Cəmaləyə yaxınlaşaraq əli ilə onun sifət nahiyəsindən vurur və Gündüz onu ayırır, daha sonra Fatma yenidən Cəmalənin üzərinə gedir və Gündüz onu ayıraraq oradan uzaqlaşdırır. (i.v. 9-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 25 iyul 2025-ci il tarixli, 801 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş - sifətin sol yarısının gözaltı və sol almacıq sümüyü proeksiyasını əhatə edən şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstəriən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən vurulması zamanı alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətləriniə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin şəxsin özü tərəfindən özünə, həmçinin yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 24-26) - 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 64-67) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 61) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 28 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 308 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar