Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-54/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, A.Mirzəyev küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 7(103)-1917/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə və 1546 manat məbləğində cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cəzaların müstəqil icra olunması qərara alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 oktyabr 2014-cü il tarixdən hesablanmış, 16 oktyabr 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, 1546 manat cərimə cəzası icra olunmamış, məhkumluğu ödənilməmiş, 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 15 aprel 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş, 26 aprel 2022-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məsqədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,763 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 04 avqust 2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 13 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü polis bölməsinə gətirilmiş və bölmədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sol cibindən şəffaf sellofana bükülmüş bir bükümdə həmin 0,763 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə həbsdən azad olunmuş, həmin vaxtdan heç bir yerdə işləmədiyindən evdə olmuşdur. Cəza çəkdiyi müddətdə və cəzaçəkmə yerindən azad olunduqdan sonra, maddi imkanı olmadığından 1546 manat cərimə cəzası üzrə ödəniş edə bilməmişdir. Evdə olduğu müddətdə arabir narkotik vasitədən istifadə etdiyindən 04 avqust 2021-ci il tarixdə tanımadığı şəxsdən, internet vasitəsi ilə 20 manata bir büküm heroin almış, sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 13 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, 16 ünvanında yerləşən 227 saylı orta məktəbin yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində hər hansı bir sənədinin olubolmadığını soruşmuşlar. O, üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları əlavə olaraq onun məhkumluğu barədə də soruşandan sonra onu polis bölməsinə dəvət etmişlər. 23-cü polis bölməsində olanda üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşyanın olubolmaması soruşulduqa o, əynində olan tünd boz rəngli şalvarın sol cibindən bir bükümdə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddənin heroin olduğunu, həmin gün internet vasitəsi ilə 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddə ondan götürülmüş, protokol tərtib edilmişdir. O, protokolu və digər sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, səhhətində problemlər olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə 23-cü polis bölməsinə “Tahir” adlı şəxsin narkotik vasitələri əldə etmə, daşıma, istifadə etməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat 23-cü polis bölməsinin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra, bölmə rəisinin əməliyyat qrupunun yaradılmasına dair müvafiq əmri əsasında, əməliyyat qrupu üzvlərinin tərkibi müəyyən edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, 16 ünvanında yerləşən 227 saylı orta məktəbin qarşısında xarici əlamətləri “Tahir” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əməliyyat məlumatı daxil olması barədə məlumatlandıraraq onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs təkliflə razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmənin təhqiqatçısının xidməti iş otağında Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmamasını bildirdikdən sonra, sonuncuya üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda, o, təkliflə razılaşaraq əynində olan tünd boz rəngli şalvarın sol cibindən bir bükümdə şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisində şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, 04 avqust 2021-ci il tarixdə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, onun Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 04 avqust 2021-ci il və 10 avqust 2021-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə 23-cü polis bölməsinin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı təklif əsasında Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol cibindən bir bükümdə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Videogörüntüyə baxış zamanı qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-33, 84) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 6/3302 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,763 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,763 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,713 qram qalıq qalmışdır. (i.v. 44-47) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 01 oktyabr 2021-ci il tarixli 3704 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 119-120) - 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,763 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış və götürməni özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,713 qram heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. (i.v. 122-125) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 80-81) - 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən, qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, CMnin 69.4-cü maddəsinə əsasən qəti olaraq 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2, 177.2.1, 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CMnin 66.5, 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 1546 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən barəsindəki hökmdə CM-nin 66.3-cü maddəsi 66.2-ci maddə ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 7(103)-1917/2018 nömrəli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmündən cinayətin residivi məhkumun cəzasını ağırlaşdıran halı kimi müəyyən edilməsinə dair müddəalar, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmündə olan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X2 705 manat dəyərində əmlakını gizli talamaqla oğurluq etməsi epizodundan “təkrarən” tövsifedici əlaməti xaric edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2013cü il tarixli hökmü ilə təyin olunmuş 3000 manat cərimə cəzasının çəkilməmiş 1546 manat hissəsi ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 1546 manat miqdarında cərimə cəzaları təyin edilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə münasibətdə tətbiq edilməsi nəticəsində Təqsirləndirilən şəxs təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə və 1546 manat cərimə cəzaları və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə və 1546 manat cərimə cəzaları saxlanılmış, Azərbaycan Respublikası CMnin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların müstəqil icra edilməsi qərara alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 oktyabr 2014-cü il tarixindən hesablanmış, 16 oktyabr 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 90-92, 101-105, 107-112) - 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; - 3 saylı istintaq təcridxanasının 02 may 2022-ci il tarixli xx/xx-1988 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə tutulmuş və saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Tədqiq olunmuş sənədlərlə müəyyən olunduğu kimi, sonuncu dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, o cümlədən hökmlə əsas cəza kimi təyin edilmiş cərimə cəzasını icra edib müəyyən edilmiş cərimə məbləğini ödəmədən, məhkumluğu götürülmədən və ya ödənilmədən 04 avqust 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Məhkəmə qeyd edir ki, iş üzrə ittiham aktına əsasən müstəntiq cinayətlərin təhlküəli residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alsa da, cinayət qanunvericiliyinin tələbləri baxımından işdə belə hal müəyyən edilməmişdir, ona görə həmin hal ittiham aktından xaric edilməklə nəzərə alınmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası ilə bağlı sübutlar işdə olmadığından müvafiq qaydada araşdırma aparılmış, hökmü icraya yönəldən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə, cəzasını çəkdiyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə və İxtisaslaşdırılmış müalicə müəssisəsinə, ərazi üzrə Bakı şəhər probasiya idarəsinə sorğular verilmiş, əlaqə saxlanılmış, müəyyən edilmişdir ki, cəza çəkdiyi bütün müddət ərzində Təqsirləndirilən şəxs 1546 manat cərimə cəzası üzrə hər hansı məbləğdə ödəniş etməmiş, icra vərəqəsi icra olunmamışdır. Həmin faktı Təqsirləndirilən şəxs özü də etiraf edərək cərimə məbləğindən ödəniş etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından azad olunmasından sonra isə icra vərəqəsi icra olunması üçün Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmamışdır. Belə olan halda, 1546 manat cərimə cəzasının icra olunmadığı öz təsdiqini tapmışdır. Məhkəmə o cümlədən müəyyən etmişdir ki, müəyyən məhdudiyyətlər səbəbindən həmin cərimə cəzası Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il və 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarlarının təsiri altına da düşmür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən, müstəqil qaydada icra olunan cərimə növündə cəzasını çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə təqsirləndirilən şəxsə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına əvvəlki məhkəmə qərarı üzrə təyin edilmiş və çəkilməmiş cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cərimə növündə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, o cümlədən cəzaçəkmə müddətinin başlanğıcı onun axtarışda olan şəxs kimi 26 aprel 2022-ci il tarixdə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,713 qram narkotik vasitə heroin məhv olunmalı, maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 64 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 7(103)-1917/2018 nömrəli qərarı ilə təyin edilmiş və ödənilməmiş 1546 manat məbləğində cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 1546 (bir min beş yüz qırz altı) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun, cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,713 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 64 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 384 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-54/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-54/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver