Məhkəmə qərarları › İş №1(007)-54/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-54/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-54/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 may 2023-cü il tarixdə, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1991-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə sonuncunun qohumu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə, bu adla 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə ona göndərdiyi 33000 (otuz üç min) manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 33000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə arasında normal münasibətlər olmuş, uzaq qohumluq əlaqələri olmuş, aralarında qərəzli və ya düşmənçilik münasibətləri olmamışdır. Sevinc, Tərtər rayonuna gəldikdə arabir onunla görüşmüşdür. O, 2015-2019-cu illərdə Tərtər Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində müqavilə əsasında çalışmış və 2019-cu ilin dekabr ayının 12-də isə öz ərizəsi əsasında vəzifəsindən azad olmuşdur. O, Zərərçəkmiş şəxs1 aralarında olan şifahi razılıq əsasında borc kimi 33.000 (otuz üç min) manat məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitini Sevincdən 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosunun yaxınlığında Bakı şəhərində sifariş etdiyi xatırlamadığı taksi sürücüsü ilə gəldiyi, taksi sürücüsünün idarə etdiyi avtomobildə almışdır. Həmin vaxt Sevinc tək gəlmişdir. O, Sevincdən pulu aldıqda avtomobildə aralarında pulu almaq məqsədilə əlaqədar hər hansı danışıq olmamışdır. Belə ki, pulu Sevincdən borc olaraq almışdır. Hazırda həmin pul vəsaitinin 20.200 manatını qaytarmışdır. Zərərçəkmiş şəxs1 12.800 manat məbləğində verməli olduğu borc öhdəliyi qalmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 iş qurmaq üçün, yəni biznes qurmaq məqsədilə 33000 (otuz üç min) manat pul almışdır. Pulu aldığı vaxt avtomobildə əyləşən taksi sürücüsünü təsadüfən saxlayıb minmişdir. Avtomobilin sürücüsü ilə şəxsi münasibəti yoxdur və anket məlumatlarını bilməmişdir. Həmin avtomobilin markasının "Mercedes" olduğunu bilmişdir. O, Sevincdən pulu 2020-ci ilin yanvar ayında almış, həmçinin onların yanında taksi sürücüsü olmuşdur. Pul verilərkən sellofanda olmuşdur. Taksi sürücüsü sellofanın içərisində nə olduğunu bilməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzaq qohumluq münasibəti vardır, Şəhriyarı uzun müddətdir tanıyır və Şəhriyarla aralarında münasibətlər normal olmuş, düşmənçilik və ya qərəzli münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır. Şəhriyar bir neçə dəfə ona müxtəlif qurumlarda yaxın qohumları və tanışları olduğunu bildirmiş və lazım olsa, hər hansı bir pul müqabilində işə düzəldəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində qohumluq əlaqəsi olan, Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Universtetini bitirdiyini və burada işə düzəlmək istədiyini bildirmişdir. O, Alimə tanışı Şəhriyar ilə danışıb məlumat verəcəyini bildirmişdir. O, Tərtər rayonuna səfəri zamanı Tərtər rayon məhkəməsinin həyətində Şəhriyarla görüşərək Şəhriyarla bu barədə danışmışdır. Şəhriyar həmin vaxt bir qədər kənara çəkilərək kimləsə mobil telefonla danışmışdır. Təxminən 10 dəqiqə sonra onun yanına gələrək ondan Alimin diplomunun, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Şəhriyar ona Alimi ya FHN-ə, ya da Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini demişdir. Onlar ayrılmış və 2-3 gün sonra telefonla ona mesaj yazaraq Bakıya gəldiyini, Alimin işini danışdığını, 33000 (otuz üç min) manat pul lazım olduğunu bildirmişdir. O, Şəhriyardan hara işə düzəldəcəyini soruşduqda X4 Komitəsinə işə düzəldəcəyini bildirmişdir. O, Şəhriyarın sözlərini Alimə çatdırmışdır. Alim onunla razılaşaraq, iki gün sonra 33000 manat pulu və qeyd olunan sənədlərin surətini yaşadığı mənzildə ona vermişdir. Bundan sonra Şəhriyar, 26 dekabr 2019-cu il tarixdə tanımadığı tanışı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığına gələrək onunla görüşmüş, həmin gün hava tutqun və yağışlı olduğundan “Mercedes" markalı avtomobilə əyləşmişdir. O, oraya bacısının həyat yoldaşı X3 ilə birlikdə getmişdir. Şahin Abbasov yolun kənarında dayanaraq onları müşahidə etmişdir. Şəhriyar ona yanında olan şəxsin öz adamı olduğunu, pulu həmin şəxsə verməyini bildirmişdir. O, pulu həmin tanımadığı şəxsə vermişdir. Həmin vaxt Şəhriyar ondan 33000 (otuz üç min) manatın tam olduğunu soruşduqda, o, 33000 (otuz üç min) manatın tam olduğunu bildirmişdir. Şəhriyar isə yanında olan şəxsə "Sevinc öz adamımızdır, problem yoxdur" deyə bildirmişdir. Həmin vaxt Şəhriyar Alimi 33000 manat pul qarşılığında Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, ayrılaraq bu barədə Alimə məlumat vermişdir. Bundan təxminən 20 gün sonra o, Şəhriyardan işin düzəlib-düzəlməməsi barədə soruşmuşdur. Şəhriyar ona narahat olmamağı və işi düzəldəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Alim ondan işin düzəlib düzəlməməyini soruşmuşdur. O, Şəhriyardan bu barədə soruşduqda Şəhriyar yenə ona işin düzələcəyini bildirmişdir. Bir neçə dəfə bu hal təkrar olduqdan sonra Alim ondan işə düzəlmək istəmədiyini və ona vermiş olduğu pulu geri tələb etmişdir. Bundan sonra o, Şəhriyardan pulları geri tələb etmişdir. Şəhriyar ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Şəhriyarın pulu qaytarmaqdan boyun qaçırdığını görüb heç bir problem yaşamasın deyə Alimdən almış olduğu pulu Alimə qaytarmış və Şəhriyardan pulu tələb etmişdir. Dəfələrlə ailəsinə zənglər olunduqdan sonra pulun bir hissəsini 13000 manatını hissə-hissə qaytarmışdır. 2020-ci ilin sentyabr ayının 21-də Şəhriyar sonuncu dəfə ona pul vermiş, sonralar isə müxtəlif yalanlar uyduraraq pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 20.200 manat hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir və iş materiallarında mövcuddur. Sonda Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilmədiyini, buna görə də sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Rusiya Federasiyasının DİN-nin Sankt- Peterburq Dövlət Universitetinə daxil olmuş və 2014-cü ildə həmin universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra Bakı şəhərinə gələrək iş axtarmağa başlamışdır. 2019-cu ilə qədər müxtəlif özəl firmalarda çalışaraq ailəsini dolandırmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində qohumluq əlaqələri olan, Zərərçəkmiş şəxs1 ilə danışdıqları zaman Sevincə dövlət işinə daxil olmaq istədiyini bildirmişdir. Sevinc Tərtər Rayon Məhkəməsində Şəhriyar adlı tanışı olduğunu, onu işə düzəldə biləcəyini bildirmişdir. Bundan təxminən ikiüç gün sonra Sevinc onunla əlaqə saxlayaraq onu yaşadığı mənzilə çağırmış və orada ona tanışı Şəhriyar ilə bu barədə danışdığını və Şəhriyarın onu işə düzəldəcəyini bildirmişdir. Bununla bağlı ondan diplomu, hərbi bileti və şəxsiyyət vəsiqəsinin surətini istəyərək Şəhriyarın onu ya FHN-ə, ya da Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini bildirmişdir. Bunun müqabilində isə 33000 manat pul lazım olduğunu bildirmişdir. O, Sevinclə razılaşmışdır. Təxminən iki gün sonra o, Zərərçəkmiş şəxs1 ilə görüşərək qeyd olunan sənədləri və 33000 manat pulu vermişdir. 26 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 günorta saatlarında onunla əlaqə saxlayaraq sənədləri və pulu Şəhriyar adlı şəxsə verdiyini, tez bir müddət ərzində onun işinin alınacağını bildirmişdir. Bundan təxminən 20 gün sonra o, Zərərçəkmiş şəxs1 işin düzəlib-düzəlməməsi barədə soruşmuşdur. Sevinc ona narahat olmamağı və işin düzələcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, yenidən Zərərçəkmiş şəxs1 işin düzəlib-düzəlməməyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 yenə ona işin düzələcəyini bildirmişdir. Bir neçə dəfə bu hal təkrar olduqdan sonra o, Zərərçəkmiş şəxs1 işə düzəlmək istəmədiyini və ona vermiş olduğu pulu geri tələb etmişdir. Təxminən 15 gün sonra Zərərçəkmiş şəxs1 ondan almış olduğu 33000 manat pulu ona qaytarmışdır. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, 1 ədəd DVD disk Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin içərisində bir ədəd “Whatsapp Audio 2021-09-21 at 11.55.14 (mp3cut.net) adlı fayl və faylda iki nəfər kişi və bir nəfər qadın arasında dialoqu əks etdirən səs yazısı olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs1 qıznın təqdim etdiyi bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakı səs yazıları müəyyən edilmişdir: Qadın: Söz deyirəm, kimdiki bu? Kişi: Narahat olma, həqiqətən. Qadın: Mən burdan ayrılacama atam, burdan ayrılacam, ala bu sənədləri verim sənə, mən burdan düşüb gedəcəm. Kişi: diplomun özü hanı? Qadın: İndi bi dənə mənə bax, düzdü sənədlər? Kişi: diplomun özü? Qadın: özü lazımdı? Kişi: dedim də lazımdı. Qadın: aydaa. Kişi: şəhadətnamə, surəti budu heç olmasa? Qadın: həə, sən neynirsəne özünü, özünü kimdi bu dəyqə. Kişi: xəbər edərəm. Qadın: sən, yəni həll edərək, otuz üçdü, sən dedin də xəbər eliyərsən, hə indi sənnən gedirəm? Kişi: xəbər edim sənə? Qadın: yo yəni demək istəyirəm ki, getməyimə ehtiyac var? Kişi: gedək dana. Qadın: gedək, hardadı bank, bank işləmir haa sizə deyim. Digər kişi: bank işləmir, makler var, yoxlamağa ehtiyac var? Qadın: yox, nə ehtiyac var? Digər kişi: ola bilər kimsə verir sizə, nəsə. Qadın: nə, saxtaya görə? Yoxe qətiyyən bankdan çıxarıb verirəm. Digər kişi: hə vəssalam. Qadın səsinin Zərərçəkmiş şəxs1, kişi səslərindən birinin Təqsirləndirilən şəxs, digərinin taksi sürücüsünə aid olduğu və dialoqun taksidə olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan 28 iyul 2022-ci il və 10 avqust 2022-ci il tarixli pulun ödənilməsi barədə protokoldan və 20 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə 3200 (üç min iki yüz) manat, 10 avqust 2022-ci il tarixdə 2000 (iki min) manat və 20 dekabr 2022-ci il tarixdə 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs1 təqdim etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsdən pulu borc kimi alması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla X1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli protokoldan və 27 iyul 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş və 27 iyul 2022-ci il tarixdə o, X2 azad edilmiş, bundan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək tutulduğu 01 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar