Məhkəmə qərarları › İş №1(007)-540/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-540/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-540/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Salman oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1987-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Bolnisi rayonu, Saraçlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45 radələrində ünvan 2 ünvanda yerləşən “Kenquru” adlı uşaq geyimləri mağazası qarşısında əvvəllər ər-arvad münasibətində olduğu X2 bacısı qızı Şahid2 ilə təsadüfən rastlaşdıqda sonuncu ilə bir yerdə olan Zərərçəkmiş şəxs hazırda onun keçmiş münasibətdə olduğu X2 arvadı olduğunu öyrəndikdən sonra heç bir əsaslı səbəb olmadan ictimai yer olan mağazanın qarşısında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək müştərilərin narahatçılığına səbəb olmaqla zor tətbiq edib qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə ilə vuraraq dırnaqları ilə boyun və qol nahiyələrini cızaraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boynun, sağ körpücükaltı nahiyənin və sağ bazunun sıyrıqları, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi, sol qaşüstü nahiyənin qançırı xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2005ci ildə X4 ilə ailə həyatı qurmuşdur. Evliliklərindən iki övladları vardır. 2024-cü ilin noyabr ayında Rahiblə ayrılmışlar. Sonradan Rahibin ikinci dəfə Qumru adlı qadınla ailə həyatı qurmasını öyrənmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:45 radələrində tanışları ilə görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanının yaxınlığında yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman keçmiş ərinin bacısı qızı Tubanı görmüşdür. Onunla salamlaşdıqdan sonra yanında olan keçmiş ərinin arvadı Qumru kim olmasını soruşduqda onun üzərinə gedib nalayiq ifadələrlə təhqir etdikdən sonra sillə ilə bir neçə dəfə onun sifət nahiyəsinə vurmuş və dırnaqları ilə onun boğaz nahiyəsindən qəsdən tutaraq cızmışdır. Sonradan Qumru mağazaya daxil olduqdan sonra onun arxasınca mağazaya daxil olmuşdur. Mağazada səs küyə ətrafda olan tanımadığı şəxslər gələrək onları ayırmışdır. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı ətrafdan keçən tanımadığı şəxslər olduğu üçün hadisəyə şahid olmuşdurlar. Əsəblərinə sahib ola bilməmiş və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 ilə rəsmi şəkildə ailə həyatı qurmuşdur. xx.xx.2025-ci il tarixdə əri Rahibin bacısı qızı Tuba Arslan ilə geyim əşyası almaq üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanının yaxınlığında yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişlər. Tuba ilə mağazaları gəzdikdən bir qədər sonra saat 18:45 radələrində “Kenquru” adlı mağazanın qarşısında bir nəfər şəxs Tuba ilə salamlaşdıqdan sonra Tubaya həmin şəxsin kim olmasını soruşduqda həmin şəxs “ sən ailə dağıdansan” deyərək üzərinə gəlib sillə ilə sifət nahiyəsinə zərbələr endirmişdir. Sonradan onun boğaz nahiyəsindən tutaraq dırnaqları ilə xəsarət yetirib küçə söyüşləri ilə ünvanına nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra mağazanın içərisinə daxil olmuş, sonradan Tuba və ətrafda olan şəxslər səsküyə gələrək onları ayırmışdır. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı kənarda olan şəxslər hadisəyə şahid olmuşdurlar. Sonradan həmin şəxsin əri X1 arvadı Rəksanə Musayeva olmasını öyrənmişdir. Musayeva Rəksanə ilə barışmamışdır, şikayətçidir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 təhqiqatda verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanında yerləşən “Kenquru” uşaq geyimləri mağazasında anbardar işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:45 radələrində mağazada səs-küy gəldiyini eşitmiş, mağazaya qalxan zaman bir nəfər qadının digər qadını sillə ilə vuraraq əli ilə boğazından tutaraq xəsarət yetirməsini görmüşdür. Bundan sonra həmin qadına yaxınlaşıb ayırdıqdan sonra çölə çıxartmışdır. Mübahisə zamanı mağazada tanımadığı müştərilər olduğu üçün hadisəyə şahid olmuşdurlar. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 təhqiqatda verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə istirahət etmək məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Gəldikdən sonra dayısı Rahib Musayevin yaşadığı ünvanda qonaq qalır. xx.xx.2025-ci il tarixdə dayısı arvadı Qumru ilə geyim əşyası almaq üçün “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişlər. Bir qədər alış-veriş etdikdən sonra saat təxminən 18:45 radələrində “Kenquru” adlı mağazanın qarşısında olan zaman dayısının keçmiş arvadı Rəqsanə onu görmüşdür. Onunla salamlaşdıqdan sonra Qumru həmin şəxsin kim olmasını soruşduqda Rəqsanə onun üzərinə gedərək nalayiq ifadələrlə təhqir edib bir neçə dəfə sillə ilə onu vurmuş və dırnaqları ilə boğaz nahiyəsinə xəsarətlər yetirmişdir. Sonradan ətrafda olan tanımadığı şəxslərlə birlikdə onları ayırmışlar. Mübahisə zamanı yoldan keçən digər tanımadığı şəxslər olduğu üçün hadisəyə şahid olmuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş canlı şəxsin tibbi sənədlər üzrə ekspertizasının xx.xx.2025-ci il tarixli, 788 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs boynun, sağ körpücükaltı nahiyənin və sağ bazunun sıyrıqları, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi, sol qaşüstü nahiyənin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də yıxılması nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 19.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il il tarixli Qərarının 6-cı və 7-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs in müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 41 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11(on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 451 (dörd yüz əlli bir) manat (41x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 451 (dörd yüz əlli bir) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar